Ruhdan-ruha  

     

Mahmud Kaşğari adına Beynəlxalq fondun icraçı direktoru, "Qurdlar ulaşan gecə", "Savaş ayələri" adlı kitabları ilə, Oljas Süleymenovun "Gil kitabı" poemasını, eləcə də dünyarus şairlərinin dəyərli əsərlərini ana dilimizə etdiyi poetik tərcümələri ilə çağdaş ədəbi prosesimizdə özünəməxsus yeri olan istedadlı şair Elxan Zal Qaraxanlı 2008-ci ildə iki yeni sənət uğuruyla oxucuların qarşısında növbəti yaradıcılıq hesabatına imza atıb.

Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr edilən "Türk əsrinin türküləri", eləcə də "Yaquar yerişli vaxt" adlı şeirlər və poemalardan ibarət poetik toplularda çağdaş ədəbiyyatımızın maraqlı nümunələri toplanmışdır.

"Türk əsrinin türküləri" kitabına "Qədim duyğular şairi" adlı ön söz yazan AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov Elxan Zal Qaraxanlının yaradıcılığının üstün cəhətlərini belə səciyyələndirir: "… O, poeziyaya təxminən Oljas Süleymenovun üsulu ilə, yolu ilə gəldi. Yəni mənsub olduğu etnosun, mənsub olduğu mədəniyyətin, mənsub olduğu ədəbi düşüncənin, təfəkkürün tarixi qədimliyinə enə bildi, uzun illər ədəbiyyatımızda unudulmuş qədim türk mədəniyyət xəzinəsinə yol tapdı, onu bu günə gətirdi. Bu onun ədəbiyyatımızda qazandığı üstün cəhətidir. Onun intonasiyasında, onun dilində, onun ifadə-üslub texnologiyalarında, çox-çox qədimlərdən gələn bir əhval-ruhiyyə ifadə olundu. O, türkçülüyü yalnız yaradıcılığının məzmunu ilə yox, həm də mənsub olduğu etnosun ruhundan gələn ifadə texnologiyası ilə verə bildi…"

Ədəbiyyatşünas-tənqidçinin bu qiymətli fikirlərini Elxan Zal Qaraxanlının hər iki yeni şeirlər toplusundakı əksər lirik əsərlərinə şamil etmək mümkündür. "Türk əsrinin türküləri" kitabı "Qızılbaş havalar", "Bakılı bozqır", "Xaqannamə", "Şaman ritmləri", "Türk əsrinin türküləri", "Qarayazı süitası", "Bakosı baxışlar", "Gəraylı sırası", "Savaş ayələri sırası", "Anıt məzar" dastanı, "Mənim sevdiklərim ilahiləşir" sırası", "Polonez" (poema), "Gəldik işıq yandıraq" və "Söz sonu" bölümlərinə ayrılıb.

 

Uçuşumuz yüpyüngüldür,

Ürəyimiz bərkqaçan,

Biz tanrılar məkanını

Eşq yollarında bulduq

 

Bu misralar qədim şamanların dualarından axıb gəlir və şairin şerinə, çağdaş düşüncəmizə qovuşur.

Kitabın "Söz sonu" bölümündə tənqidçi Arif Əmrahoğlu, yazıçı-dramaturq Elçin Hüseynbəyli və başqa imza sahibləri qələm dostları kimi şairin yaradıcılıq uğurlarını alqışlayırlar.

"Türk əsrinin türküləri" kitabı kimi Elxan Zal Qaraxanlının "Yaquar yerişli vaxt" toplusundakı poetik nümunələr də müxtəlif bölümlər altında cəmlənib: "Axta yaddaşın ropsodiyası", "Erato", "Könül dəhlizində təlaş", "Polonez", "Ayrı sevgilər", "Güney göyərçin", "Mənim sevdiklərim ilahiləşir", "Boğaziçindən türkülər", "Su pərili sonata", "Aranjimanlar".

Bu yeni kitabında da, əvvəlki yaradıcılıq nümunələrində olduğu kimi, şair sanki güneyli-quzeyli Azərbaycanımızın mərkəzində durduğu böyük Türk dünyasının ədəbi-poetik coğrafiyasını yaratmağa, onun bədii tarixini yazmağa çalışır. Şeirlərindəki müqəddəs, saf türk ruhu şamanlardan üzü bəri yol gəlir, hər birimizin qəlbinə bir nur dənəciyi səpir. Şair "Sevgi uçuşumuzdu" şerində necə də gözəl ifadə edir bunu:

 

…törətdilər törük deyə,

ilahi bir sevdadan doğulduq.

sevmək üçün törədik,

törətmək üçün sevdik.

ulduzumuz səkkiz qıraq,

sevgimiz səkkiz mərtəbə.

səkkiz savaşlı sevişimiz,

hər sevənə yar deyil

 

 

Aydın Xan

 

Ədəbiyyat qəzeti.- 2010.- 2 iyul.- S.4.