"Dünya duracaq yer deyil…"

     

  Sabir Əhmədli Kəlbəcər-Aran arası əriş-arğac dağ yollarının elat köç-düşləri haqqında danışmağı çox xoşlayardı. Bu söhbət onun uşaqlıq, gənclik xatirələrindən keçərdi və bu söhbətin kökündə daha çox köç-düş, elat həyatının sərbəstliyinə, azadlıq aurasına vurğunluq, əbədi bağlılıq dayanırdı. Onun ən sevincli anları köçlə bağlı yaşantılarında idi. Köç daha çox onun üçün azadlıq, sərbəstlik dünyasıydı.

Sabir Əhmədlinin ən böyük dərdi, ağrısı da köçlə bağlı oldu. Ağır ellərinin öz dədə-baba yurdlarından köç etdiyini, didərgin salındığını gördü. Bu köçün ağrısı onun dünyadan köçüşünə qapı açdı, yol eylədi.

O, mənim ədəbi nəslim üçün gözəl hekayə, povestromanlar müəllifi olmaqla yanaşı, həm də unudulmaz Əli Kərimin "Heykəl və heykəlin qardaşı" poemasının sevimli obrazlarından biri idi. Sonda vətən yolunda şəhid gedən əziz oğlu onun özünü də heykələ döndərdi, əbədiyyətə çəkdi.

Tələbəlik illərimdə indi onun özü kimi haqq dünyasına qovuşmuş yazıçı-dramaturq Altay Məmmədovdan Sabir müəllimin "Qanköçürmə stansiyası" əsəri haqqında fikrini soruşdum. Altay müəllim dəmir əsasına söykənib dikəldi, qalın şüşəli eynəyinin altından auditoriyanı süzüb nəzərlərini üstümdə saxladı: "Oğlum, yadında saxla, - dedi - o problemi ki, Sabir Əhmədli öz əsərində qoyubonu ustalıqla həll edib, ömrüm boyu o problem gözümün qabağında olub. Mənim özümə dəfələrlə yuxarıdan tələbələrimi qanköçürmə stansiyasına aparmağı tapşırıblar, bu kampaniyanın nədənliyini bilmişəm, ancaq heç vaxt ağlıma da gəlməyib ki, bu, belə gözəl bir əsər mövzusu ola bilər. Bu problemin ədəbi məkanda ustalıqla qabardılması Sabir Əhmədlinin yazıçı xoşbəxtliyidi…"

Əsərlərini sevə-sevə oxusam da, ilk dəfə mən onu televiziya ekranında görmüşəm. "Torpaq" verilişində arxayınlıqla danışması çəkdi məni. Diqqət yetirdim. Danışdıqca sağ gözünü qəribə şəkildə qıyır, elə bil ki, deyəcəyi mətləbin dünyasına nüfuz edirdi. İlk dəfə idi ki, dövlət televiziyasından sovet həyat tərzinin eybəcərliyini açıqlayan çıxışçı görürdüm. Hələ onda 1982-ci il idi. Çıxışçı əkin sahəsində rastlaşdığı mənzərədən danışırdı: "Göz yetirib gördüm traktorçu şumu başdansovdu aparıb. Kotan gah burda, gah orada yerə dəyib. Yaxınlaşıb soruşdum ki, ay oğul, bəs belə də şum edərlərmi? Başdan-ayağa yağ-pas, toz-torpaq içində olan traktorçucavab versə yaxşıdı: "Bəs neyləyim, üç-dörd aydı əmək haqqımı ala bilmirəm, evdə ailəm yolumu gözləyir ki, indi gəlib qənd-çay alacam. Belə vəziyyətdə necə yaxşı şum etmək olar?" Donub qaldım. Belə vəziyyətdə necə qınamaq olardı onu?"

Zamanında bu gerçəkliyi respublikanın yeganə televiziya kanalından qabartmaq zor idi. Ona görə də maraq və heyrətlə gözlərimi ekrandan çəkmədim. Az keçməmiş titrdə "Sabir Əhmədov - yazıçı" sözlərini oxuyanda dərk etdim ki, yalnız "Aran", "Toğana", "Yasamal gölündə qayıqlar üzürdü", "Yamacda nişanə", "Qanköçürmə stansiyası" əsərlərinin müəllifi belə mərdanəliklə danışa bilər.

Sonralar mən o mərd sifəti, o azacıq qıyılmış gözləri, yuxarı dartılmış qaşları heç vaxt unutmadım.

Elə o duyğularla da şeirlərimi poçtla "Ədəbiyyat və incəsənət" qəzetinin nə qədər qəribə olsa, da nəsr şöbəsinə - Sabir Əhmədliyə göndərdim. Həmin şeirlər rəhmətlik Nadir Cabbarovun "Uğurlu yol"uyla çap edildi.

Az keçməmiş Sabir müəllimlə otağında görüşdüm. Adımı biləndə gözlərini azacıq qıyıb, sağ qaşını yuxarı dartdı: "Mən səni yaşlı bir adam bilirdim…"

Sonra o mənə Cəbrayıldan keçib Kəlbəcərə, Laçına doğru yön alan Aran ellərindən, tərəkəmə köçlərindən söhbət açdı. Kəhər atlardan danışdı. Maaşımı, yaşadığım kəndin durumunu soruşdu. Tapşırdı ki, mütləq nəşriyyatın mühasibatlığına gedib qonorarımı alım. Tapşırdı ki, çalışın rayonunuzda mikro ədəbi mühiti qoruyun. "O balaca, mikro ədəbi mühiti öləziməyə qoymayın. Ədəbi mühiti qoruya bilməsəniz tezliklə sənətdən uzaq düşəcəksiniz, ədəbi inkişafdan qalacaqsınız… İtib-batacaqsınız". Əlavə də etdi ki, mütləq yeni şeirlərini göndər.

"Ədəbiyyat qəzeti"nin baş redaktoru işlədiyi müddətdə də o, kənddən poçtla göndərdiyim şeirləri mi böyük xeyirxahlıqla çap etdi.

Yazdıqca gözlərimin qabağına yazın əvvəlindən yönü Laçına, Kəlbəcərə daban alan tərəkəmə köçü gəlir - şahbaz atlarıyla bir yerdə.

Sabir müəllim köçdən danışmağı çox sevirdi. O, köçdən daxili azadlığın, sərbəstliyin simvolu kimi söz açırdı. Kəhər atlardan danışırdı - at murad idi.

Sabir müəllimi köç dərdi apardı. Yurd-yuvası yağmalanmış elinin hələ geri dönməyən köç ağrısı. Köçü "Yanvar hekayələri", "Kütlə", "Şəhid ruhu" əvəzlədi. Köç ona "Yazılmayan yazı"nı, "Ömür urası"nı yazdırdı.

Yaşasaydı, ömrünün səksənində bəlkə yeni bir "Köç" hekayəti başlayacaqdı. Yönü Qarabağa, Laçına, Kəlbəcərə daban alası bir köç hekayəti.

Bu köç həsrətiylə, bu köç sevgisiylə bir köç özü başladı Sabir Əhmədli.

...O, köç haqqında danışmağı çox sevirdi. Çünki "Dünya duracaq yer deyil, ey can, səfər eylə" fəlsəfəsinə aşina olanlardan idi.

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.- 2010.- 16 iyul.- S.5.