"Nəşrlərdə kənara qoyulmuş mətbu əsərlər"

       

  Azərbaycan mətbuatının 135 illik yubileyi ərəfəsində bu mətbuatın təkmilləşdirilməsində böyük xidmətləri olan Üzeyir bəyin vaxtı ilə təhrif olunan, ixtisar edilən, ümumiyyətlə heç nəşrlərə salınmayan əsərlərinin toplanıb ictimaiyyətə təqdim olunması əlbəttə ki, olduqca təqdirəlayiq bir haldır. Bu həm də mənəvi bir borcdur.

Ötən əsrin əvvəllərində dərc olunan mətbu orqanlardan bu məqalələrin sanki zərrəbinlə seçilməsi, onların ərəb əlifbasından latın qrafikasına çevrilməsi, ərəb-fars tərkibli sözlərin tərcüməsi məlumdur ki, böyük zəhmət bahasına başa gəlir. Amma bu zəhmətin sonunda sözlə ifadəsi çətin olan bir sevinc payı var. O payı bizimlə bölüşən ikicildliyin tərtibçisi professor Şirməmməd Hüseynov oldu.

Sual olunur, bu əsərlər niyə kənarda qalmışdı? Niyə onların bir qismi Üzeyir bəyin seçilmiş əsərlərində ixtisarla verilmiş, niyə təhrif olunmuşdu? Bu "niyə"lərə cavab vermək üçün gərək həmin mətbu əsərlərə yenidən nəzər salaq.

"İrşad" qəzetinin 1906-cı il 7 mart tarixli nömrəsindəki "Bir neçə söz" adlı məqaləsində Üzeyir bəy yazır: "Avropalıların nəzərində "Qafqaz" ilə "Ermənistan" ləfzləri Avropada ümumiyyət etibarı ilə bir müsənnidə kibi zənn olunurdu. Bu isə Qafqazın doğma balalarından ədd olunan gürcü müsəlman milləti ürəfa pişrovlarının qəlbini kədərlə məşhum etmişdi. Bunlar vətənlərində özlərinə məxsus olub zəbt edilmiş nam, heysiyyat, hüquq ixtiyaratın iadəsini arzu ediyordular. Daha doğrusu Qafqazı iskan edən bu üç millətin həyat məişətinin "requlyasiyası" əməlində idilər."

Etiraf etmək gərəkdir ki, bu bir neçə söz əslində çox böyük mətləblərdən soraq verirdi. Çox qaranlıqlara aydınlıq gətirirdi. Bu onlarla bu qəbil məqalə Üzeyir bəyin ötən əsrin 60-cı illərində dərc olunan 4 cildlik seçilmiş əsərlərinə daxil edilməmişdi. Edilə bilməzdi. Çünki saat kimi işləyən sovet ideologiya maşını buna heç vəchlə yol verməzdi. Məhz həmin "ideologiya maşının" gücü ilə "Qardaş olub Hayıstan Azərbaycan" mahnısı o zaman dillər əzbəri idi.

Nəşrlərdən kənarda qalan bu məqalələri oxuduqca bir daha düşünürsən ki, 125 illik yubileyi qeyd olunacaq Üzeyir bəy diridir. Dirilərdən daha diridir. Müasirimizdir.

Buna bir daha əmin olmaq üçün "İrşad" qəzetinin 1906-cı il 15 mart tarixli nömrəsində dərc olunan başqa bir məqaləyə diqqət yetirək: "Qafqaz adı çəkəndə" Novoye vremyaçıların ovqatı təlx olub ürəkləri bulanır. Diyorlar Qafqaz əldən getdi. Bu gün-sabah Qafqazda bir nəfər rus qalmaz. Altmış ilin zərfində Qafqazda tökülən rus qanı bihudə axıbmış.Qafqazı dövlət əlindən buraxdı..."

Üzeyir bəy daha sonra yazır: "Məgər Qafqaza olubdur?

- Necə olubdur? Gürcülər istiqlal tələb ediyorlar, ermənilər padşahlıq istiyorlar, müsəlmanların da içində "panislamizmə" artmaqdadır. Bundan artıq Qafqaza olacaqdır?"

Bu yazıları oxuduqca bir daha aydın olur ki, Üzeyir bəyə niyə müasirimiz deyirik.

O zaman, yəni keçən əsrin 60-cı illərində belə bir məqalə Azərbaycan ictimaiyyətinə təqdim oluna bilərdimi? Əlbəttə ki, yox.

Üzeyir bəyin ən dəyərli publisistik yazıları "Ordan burdan" sərlövhəsi ilə dərc olunub. O zaman bizə elə gəlirdi ki, onların hamısını oxumuşuq. Amma bu gün məlum olur ki, xeyr, onların da bir çoxundan xəbərimiz olmayıb. Tədqiqatçı alim Şirməmməd Hüseynovun araşdırmaları nəticəsində bu silsilədən olan bir çox yazılar da ilk dəfə olaraq oxuculara təqdim olunur. Onlardakı dərin məntiqi dərk etdikcə Üzeyir bəyə, necə deyərlər, canı-dildən müasirimiz deyə bilirik. Bu qəbil yazılardan kiçik bir nümunəyə diqqət yetirək: "Bir-birinizi seviniz sülh ediniz." İştə bu iki sözü "Baku" qəzetəsi erməni müsəlman cəmaətinə təklif ediyor. Biz bunu çoxdan demişdik. Deyib yorulmuşduq. Yenə deməyə başlamışdıq. İmdi qoy," Baku" desin. Lakin "Baku"dan bircə təvəqqemiz var. Təklifindən bir hüsn nəticə gözliyorsa , yazdığının içinə bir az duz qoysun. Duzlu yaxşıdır. Duzdan muradımız "səmimiyyətdir". Lakin duzun pisi-yaxşısı olan kibi, "səmimiyyətin" xalisi qəlpi olur ha, amma " Baku" özü arifdir."

"Bir-birinizi seviniz sülh ediniz" - bu fikir bu gün lap ATƏT- in Minsk qrupu həmsədrlərinin tövsiyələrini bir para avropalı ideoloqların "xalq diplomatiyası" nəzəriyyəsini xatırladır. Həm bizə əsas verir daha ürəklə deyək ki, Üzeyir bəy dərəcədə müasirimizdir.

"Ordan-burdan" silsiləsindən dərc olunan yazılarda Üzeyir bəy öz oxucularını çox incə mətləblərdən agah etməyə çalışıb. Sadəcə olaraq bu mətləblərin yarpaq-yarpaq açılması, şüurlara yeridilməsi gərək idi. Nəinki nəşrlərdən kənara qoyulması. Lakin heç nahaq deməyiblər ki, haqq nazilər, amma üzülməz. Üzeyir bəyin haqqı da üzülmədi. Bir vaxt bilərəkdən laqeydlik ucbatından gizlənilən bu yazılar Şirməmməd Hüseynov kimi bir təəssübkeşin səyi zəhməti hesabına aşkar olundu. Professor Şirməmməd Hüseynovun Üzeyir bəy irsindən oxuculara təqdim etdiyi bu yazıların hər biri sübut etdi ki, bu məktəbin geniş şəkildə öyrənilməsinə təbliğinə böyük ehtiyac var. Bu işdə mətbuatın elektron KİV-lərin üzərinə böyük məsuliyyət düşür. Əvvəllər teleradioda "Sənət haqqında söhbətlər" adlı xüsusi rubrika var idi. Birmənalı şəkildə demək olar ki, bu gün tamaşaçı dinləyici auditoriyasının Üzeyir sənətinin məziyyətləri haqqında silsilə söhbətlərə daha böyük ehtiyacı var, nəinki yemək bişirməyə həsr olunan uzun-uzadı söhbətlərə. Çünki insan özü ilk növbədə mənəvi bir varlıq olduğu kimi, onun orqanizmi üçün ən faydalı qida ilk növbədə mənəvi qidadır. O qidanı mağazadan, bazardan almaq olar. O qida beyinlərdə yetişər, şüurlara təlqin olunar. Onun insana faydası heç bir maddiyyatla ölçülməz. Şükürlər olsun ki, Azərbaycanımız maddi sərvətləri ilə olduğu kimi, mənəvi sərvətləri ilə fəxr edə bilər. Elə 135 illik Azərbaycan mətbuatı da bu mənəvi sərvətlərin inikasıdır. Onun necə varsa eləcə xalqa çatdırılması gərəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi sərəncamı ilə bu günlər 135 illik yubiley çərçivəsində silsilə tədbirlər keçirilir. Bu tədbirlərin əməli nəticəsi kimi Azərbaycan mətbuat tarixinə dair ensiklopedik bir nəşrin hazırlanması da çox məqsədəuyğun olardı. Çünki mətbuat tariximizə dair müxtəlif tədqiqatçıların ayrı-ayrı əsərləri var. Lakin Azərbaycan mətbuat tarixini tam şəkildə özündə ehtiva edən bir dərslik yoxdur. Bu gün dünyanın müxtəlif ölkələrində mətbuat tarixini öyrənən xüsusi elmi-tədqiqat institutları var. 135 illik Azərbaycan mətbuatının öyrənilməsinə məhz bu kontekstdən yanaşmaq məqsədəuyğun olardı. Çünki bu 135 illik salnamədə Azərbaycanın bütün tarixi yaşantıları öz əksini tapıb. Özü o tarixi yaşantılar ki, uzun illər ictimaiyyətdən gizlədilib təhrif olunub. Necə ki, Üzeyir bəy irsindən ən gözəl nümunələr nəşrlərdən kənarda qalmışdı.

 

 

Zərxanım ƏHMƏDLİ

 

Ədəbiyyat qəzeti.- 2010.- 16 iyul.- S.1.