Şair nəğmə kimi gəlir cahana

  

Və nəğmə ölümünə inanmadan yaşayıb-yaradır. Təlqin edir ki:

 

İnsantək yaşasaq dünyada əgər

Bir ömür insanın gen-bol bəsidir.

Böyüklər dünyaya "gözəlsən" deyər,

Kədər acizliyin bəhanəsidir.

 

İyulun 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocanın 75 illiyinə həsr edilmiş ədəbi-bədii gecə əslində həyatını "insantək yaşamaq" haqqına, şərəfinə həsr etmiş ustad sənətkarın ömür hesabatı kimi maraqlı idi.

Tədbir xalq şairinin ömür yoluna ayna tutan, bələdçilik edən slaydın yayınlanması ilə başladı. Bu fraqmentlər boyunca "Ayağım yerin dibində, başım kosmosdadı" - deyirdi şair. Bəyan edirdi ki, ey insan oğlu, sən əməlilə, fəaliyyətilə mələyə kömək edirsənsə, mələk güclənir, sən özün mələkləşirsən. Yox, əgər sən şeytana kömək edirsənsə, şeytan güclənir sən özün şeytanlaşırsan…"

"Həyat bir səhnədi" qənaətilə olmuşlara, dünyanın gedişatına özünəməxsus baxışlarını sərgiləyən şairin yaradıcılıq gecəsinin səhnəsindən ilk söz deyən onun öz şeirləri oldu, bir xalq artisti, tədbirin aparıcısı Ruhəngiz Qasımova: "Hesab etmirəm bu zalda elə bir adam tapılsın ki, o, poeziyadan, o cümlədən xalq şairi Fikrət Qocanın yaradıcılığından xəbərsiz olsun. Onun yaradıcılığı həmişəcavandı. İnsanın gənclik eşqi, ruhu yaşayırsa, yaşın fərqli yoxdu…"

Gecədə xalq yazıçısı, AYB-nin sədri Anar yubilyarın mənalı ömür yolundan, zəngin ədəbi-bədii yaradıcılığından söz açdı: "Bu gün çağdaş Azərbaycan ədəbiyyatının ən böyük simalarından biri olan Fikrət Qocanın işığına toplaşmışıq. O, bizim poeziyamızı öz üslubu ilə zənginləşdirib həmişə poetik "mən"inə sadiq qalıb. Zaman onun qarşısına çox sınaqlar çıxarıb. Ancaq Fikrət Qoca həmişə böyük istedadının gücü ilə bu sınaqlardan qalib çıxıb. Fikrət bir şerində "babalarımız qoçaq olub, mərd olub, bəs bu namərdlər hardandı, bax, bu mənə dərd olub" - deyir. Bu gün onun yubiley tədbirinə yüzlərlə mərd insan qatılıb Fikrət Qoca da o mərd insanlardan biridir..."

Mədəniyyət Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli nazir Əbülfəs Qarayevin yubilyara ünvanladığı təbrik məktubunu oxudu.

Şair Əjdər Ol çıxışında vurğuladı ki, Fikrət Qoca zarafatı sevən bir şairdi: "Zarafat-zarafat, gəlib yetmiş beşə çatdı. Onun ciddi şeirlərində bir zarafat var.Fikrət müəllim çox maraqlı bir adamdı. Tarixin hər bir zamanında, ömrün hər bir yaşında onun şeirləri işıq, nur mənbəyi kimi cəlbedicidir. O, azadlıq, müstəqillik aşiqi, eyni zamanda, sərbəst şairdi. Fikrət müəllim, bir çox görkəmli insanlarla bərabər, azadlıq hissini Azərbaycana dən-dən, qismət-qismət gətirənlərdəndir".

Sonda çıxış edən yubilyar gecənin təşkilatçıları - Azərbaycan Mədəniyyət Turizm Nazirliyininin rəhbərliyinə, Yazıçılar Birliyinin sədri Anara dərin təşəkkürünü bildirdi: "Səkkiz may mənim ad günümdü, lakin həmin gün musiqimizin paytaxtı olan Şuşa ermənilər tərəfindən zəbt edilib, təbii ki, ad günümü qeyd etmirəmƏn vacibi odur ki, bu gün bir yerdəyik. Bayaqdan göz yetirib fikirləşirəm ki, bu gözəl üzləri görüb necə ölmək olar?.. Mən şerimizin səssiz səsi, qara fəhləsiyəm. Sizlərə qurban gətirdiyim bir ürəyim vardı. O ürək indi qabar-qabardı. Onu sellər döydü, illər ellər apardı…"

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.- 2010.- 23 iyul.- S.6.