Qiyamçı Gülrux Əlibəyli
bizim ziddiyyətli zəmanəmizdə özü haqqında
Azərbaycanlı yazıçı və tanınmış sənət xadimi, filologiya elmləri doktoru və fəlsəfə professoru Gülrux Əlibəyli ədəbi tənqiddən nə səbəbə imtina etdiyini son dərəcə açıq-aydın demişdir: "Müəllifi danladıqda özünə bir düşmən, tərif etdikdə isə bir dost və çoxsaylı düşmən qazanırsan". Beləliklə, mənim Gülrux xanımın yaradıcılığı haqqında mülahizələrim mənə dost qazandırmayacaq, lakin düşmən qazanmaycağım da sual altındadır...
Gülrux Əlibəyli yaradıcılığının başlıca məziyyətləri nədədir? Onun əsərləri düşünməyə, mübahisə etməyə, razılaşmamağa vadar edir. Onlar başqasının halına acımağa sövq edir. Onun mülahizələrindən əxz edilmiş fikirlərlə bölüşmək, onları müzakirə etmək istəyirsən. Məşhur animasiya filmindəki ifadə yadınızdadır: "Mənim bir fikrim var və mən onu düşünürəm". Bax belə düşünüləsi fikirlər Gülrux xanımın kitabında çoxdur. Mən bir-bir bunları söyləməyəcəyəm. Mən onları düşünəcəyəm. Dərk etdiyim kimi düşünəcəyəm. Çünki yaradıcılığın gözəlliyi də ondadır ki, hər kəs onu özünəməxsus şəkildə görür və dərk edir.
Hal-hazırda söhbət müəllifin rus dilində çapdan çıxmış "Mənəvi çırpıntılar sorağında" kitabı haqqında gedir. Müəllif bu əsərə öz keçmiş xatirə və mülahizələrini, esse, hekayələr və əvvəllər çap olunmuş kitablarına verilmiş bəzi rəyləri daxil etmişdir. Ümumiyyətlə, yazıçının öz seçilmiş əsərlərinin toplusunu nəşr etdirdikdə rastlaşdığı hal adi hala çevrilib... Bir qayda olaraq, belə topluların o qədər də çox oxucusu olmur və onlar nadir hallarda bestsellerə çevrilirlər.
Hər halda mən bu kitabı vərəqləməyə başlarkən dərhal aludə oldum və əlimə qələm alıb kitabın kənarlarında qeydlər etməyə başladım. Nə iləsə razılaşır, nə iləsə daxilən mübahisə edirdim.
Məqamında az bir qismi ilə tanış olduğum bu əsərlərin nə dərəcədə mürəkkəb və ziddiyyətli bir insan tərəfindən yazılması anlayışının artmasını hiss edirdim.
Ümumiyyətlə, "ziddiyyətli natura" anlayışına çox vaxt neqativ məna verilir və qarşıya "bütöv natura" qoyulur.
Gəlin araşdıraq. Sosial həyat mahiyyətcə mürəkkəb və çoxnövlüdür, müvafiq olaraq, hər cür fəaliyyət növünə də müxtəlif naturalar gərəkdir. Əgər rəhbər vəzifələrdə məhz bütöv naturalar yerinə düşürsə, yaradıcılıq aləmində də məhz ziddiyyətli şəxsiyyətlərə üstünlük verilir. Çünki belə naturalarda ən müxtəlif hiss və əqidələr yanaşı yaşamağa məcburdur. Daxili aləmin bu zənginliyi müvəffəqiyyətin rəhni olmasa da, onun mühüm tərkib hissəsini təşkil edir.
Belə bir bolqar yeməyi var - azərbaycanlılar çoban salatı deyir. Müasir, incə zövqlü pəhriz və ayrı-ayrılıqda, bölünmüş qidalanma tərəfdarları onu görcək dəhşətə gəlirlər. Son dərəcə sadə üsulla hazırlanır. Qoyun pendiri, xiyar, pomidor, kahı yarpaqları, soğan, zeytun, dünənki nahardan qalmış ət parçası, kolbasa, təsadüfən əlinə keçsə, badımcan, giləmeyvə və göy noxud götürülür, qısası, soyuducuda nə varsa. Butün bunlar xırda-xırda doğranıb kasaya tökülür, üstünə bolluca mayonez gəzdirilərək süfrəyə verilir.Yəni başlıca şərt budur ki, salat əvvəlcədən hazırlanmış inqrediyentlərdən (ərzaqlar) deyil, məhz nə varsa, ondan hazırlanır. Bu salatda bir araya sığışmayanlar sığışdırılır, qatışılmayanlar qatışdırılır...
Beləliklə, bəzən mənə elə gəlir ki, mənim gerçəklik haqqındakı şəxsi təsəvvürümün bir-birinə qarışmayan belə bir qarışığa oxşarı var. Bu, qanunauyğundur. Mənim üçün vətən SSRİ idi, indi isə bu qüdrətli dövlətin ərazisində ölkələr konqlomeratı yaranmışdır. Gənclikdə mən öz dövlətimin tarixinə və onun qonşularla münasibətlərinə aid dövrə uyğun dünyagörüşü və əqidəyə yiyələndim. Sonralar bu əqidəmə yenidən nəzər saldım və burada kifayət qədər düzəlişlər etməli oldum. Bizim keçmişimizin bəzi əsas dövrlərinə aid nə vaxtsa aydın, bütöv təsəvvürlər yeni-yeni üzə çıxan faktların zərbəsindən tədricən dağılıb parçalanır və qəlblərə təlaş salır. Çox maraqlıdır, eyni təfəkkür çırpıntıları və hisləri Gülrux xanımın əsərlərində də görünür.
Hətta fiziki olaraq hiss edirsən ki, onun müasirliyi qavramasında (qəbul etməsində), keçmişə münasibətində və gələcək haqqında düşüncələrində vahidlik yoxdur. Ehtimal edirəm ki, bu, kimlər üçünsə qüsurdur, nöqsandır. Mənim nəzərimdə isə insan üçün müsbət haldır.Çünki o, bununla öz səmimiliyini göstərir.
Gülrux xanımın özü bu haqda belə yazır: "İnsan ən mürəkkəb məxluqdur.O, rəngdən-rəngə çalır, bərq vurur, titrəyir, lərzəyə gəlir, düşdüyü şəraitə uyğun başqalaşır. Bu, başdan-başa bir sirdir və o, aktivləşdikcə, daha çox hərəkət etdikcə, daha çox dəyişilir və onda daha çox çalarlar üzə çıxır. İnsan hər cəhətdən qabil, mürəkkəb, polifonikdir, hər bir fərd gözlənilməzdir, o, hər yeni bir vəziyyətdə, hər dəyişən situasiyada yenidir". Mən də bu sözlərin altından imza atmağa hazıram. Gözəl və dəqiq deyilmişdir. Bu sözləri müəllif şəxsən özünə aid edir.
Əlibəyli vətənpərvərdir. Bu, göz qabağındadır.
O, Azərbaycanın müasir dövrünü intibah dövrü adlandırır. Eyni zamanda o, böyük dərdlə müasir həyatda tamahkarlıq, xudbinlik və mənəviyyatsızlığın artdığını da qeyd edir. Haradasa qeyzlə kommunist ideologiyasının mənən ölü olduğunu söyləyir. Ardınca, sovet dövründə respublikanın ali təhsil müəssisələrində estetikanın necə yüksək səviyyədə tədris edildiyindən bəhs edir... Gülrux xanım iftixarla millilikdən danışır və dərhal böyük məhəbbətlə uzun ömrün müxtəlif vaxtlarında ona kömək etmiş insanlardan, başqa xalqların nümayəndələrindən söz açır. DTK-nı şiddətli hücuma məruz qoyur. Elə oradaca da bu təşkilatın şəxsən ona anlayış və iltifatla yanaşdığını etiraf edir...Və ilaxır. Gülrux xanımın fikirləri ilə ən yaxşısı, bilvasitə deyil, orijinaldan tanış olmaqdır. Amma onun əqidə və məslək haqqındakı baxışlarına dair öz fikirlərimi bölüşərəm. Yazdığı sətirlərin arxasında Gülrux xanımin tənhalığı o qədər də gözdən yayınmır. Bu, Robinzon Kruzonun tənhalığı deyil, qətiyyən, bu, başqalarının əhatəsində olan insanın tənhalığıdır. Belə də olur, elə deyilmi?
Qadın köhnə ənənələrə sadiq bir diyarda öz yerini tapmağa nail olur. O, ağıllı və təhsil görmüş qadındır. O, müstəqildir. Onun kişilərə meydan oxuması hiss olunur (Mən müvəffəq olmağı bacardım, bəs siz?). O, Qadına şəfqətli münasibət bəsləyir, ona heyifsilənir, dərdinə şərik olur, halına acıyır. Ev işləri ilə məşğul olmaq zərurəti onda özündə dərk etdiyi güclü zehni qabiliyyəti ilə kəskin qarşıdurma yaradır. Məhz o səbəbdən də, hətta analıq hissi belə onda öz parlaq təzahürünü tapmamışdır.
Gülrux
xanım hamı kimi deyil. Ailə, məişət, təsərrüfat
- bunların hamısı onun üçün ikinci dərəcəlidir.
O, ilk növbədə, intellektualdır, ziyalıdır,
yazıçıdır. Bu, müasir həyatda yetərincə
yayılmış haldır. Lakin bununla yanaşı, yaddan
çıxarmaq olmaz ki, Gülrux xanım çoxəsrlik
islam ənənələri olan respublikada yaşayır ki,
qadın və kişi münasibətləri burada bizə
tanış olan Avropa adətlərindən köklü surətdə
fərqlənir. O,
Fridrix Nitsşe, Lev Qumilyov, Mişel Monteni oxuyur və onlara
ehtiram edir. Onun idrak və intellekti adilik və
bayağılıq çərçivəsinə
sığmır. O, bütün həyatını elmə,
onun təhlilinə, həyat haqqında, bu dünyada öz
yeri haqqında düşünməyə sərf etmişdir.
Yazmaq, öz əsərlərində və tələbələr
üçün hazırladığı mühazirələrində
insanlarda xeyirxahlıq tərbiyə etmək və eləcə
də onun özünü həyatı boyu müşayət
edən gözəlliyi dərketmə təşəbbüsünü
aşılamağa çalışmaq... Ən nəhayət,
müasir həyatdan mənəviyyatın necə getdiyini və
onun yerini, bu sözlərin ən pis mənasında,
maddiyyatın tutduğunun şahidi olmaq...
Bilmirəm, bu
məqamda "Faciə" sözü münasibdirmi, ancaq mən
bu qadına qarşı səmimi hüsn-rəğbət bəsləyirəm. Gülrux Əlibəylinin
inersiya kimi həyat təzahürləri haqqında mülahizələri
də çox maraqlıdır. Hər
günü eyni cür başlayıb, ömürlük
qurulmuş qaydaya riayət edərək itaətlə başa
vururuq və beləcə, gündən-günə bizim həyatımızın
hörümçək toru toxunulur ki, oradan da qurtulmaq
çox müşküldür. Heç kim
istədiyi kimi yaşamır. Gülrux
xanımın müşahidəsinə görə, hətta
pişik insandan daha çox azaddır.
Bəs azadlığı,
sərbəstliyi hədyanlıqdan, cəmiyyət
qarşısındakı öhdəlikləri yerinə yetirmək
zərurətini ictimai sürüdə mexaniki hərəkətdən
ayıran o sərhəd hanı? Ümumiyyətlə,
insan öz əxlaqında nə dərəcədə
azaddır? Ümumilikdə çoxu öz
həyatından narazıdır. Bəs bu
situasiyadan necə çıxış yolu tapmalı? Ətalətdən necə qurtulmalı? Əlibəyli bu sualı özü
üçün cavablandırarkən, o, özü bu müstəqilliyi
yalnız indi, artıq heç nəyə can
atmadığı, təşəbbüs göstərmədiyi,
həyat yolunun bitdiyi astanada dayanmağa hazır olduğu anda
nail olduğunu söyləyir. Bununla da elə bil
hamımıza bildirir: Siz isə hər biriniz
özünüz bu problemi həll edin. Ancaq
mütləq həll edin, yoxsa həyatınız mənasız
sürünməyə dönər.
Gülrux Əlibəylinin
qocalıq, ölümə hazırlıq, Nitsşe
haqqında və insan həyatı dərk etdikdə çata
biləcəyi o efemer (keçici) sərhəd
haqqındakı mülahizələri də böyük maraq
kəsb edir. Müəllif o gözəgörünməz sərhəddən
sonra günahın əfvolunmazlığını söyləyir.
...Kitabın bircəcik -
yeganə qüsurundan danışmaya bilmərəm. Əvvəllər, sovetlər dövründə redaktəsiz
bir kitab çap olunmazdı. Əfsuslar olsun ki, mənim
indi dünyasını dəyişmiş xeyirxah dostum,
Tanrı vergisilə bədii redaktor Nina Matveyevna Berkova İvan
Yefremov və yaxud Struqatski qardaşları kimi metrlərə
- şöhrətli yazarlara düzəliş verirdi və onlar
da o düzəlişləri qəbul edirdilər... İndi başqa zamandır. Vəsaitin
qənaəti məqsədilə kitablar daha çox müəllifin
özünün əlindən çıxır. Bu, düzgün deyil. Hətta ən
ağıllı, kamallı müəllif belə faktiki,
orfoqrafik, üslubi səhvlər buraxa bilər... Redaktor elə bu "birələr"i tutmaq
üçün gərəkdir.
Lakin buna
baxmayaraq, bu, həqiqətən də, Gülrux Əlibəylinin
"Mənəvi çırpıntılar
sorağında" kitabının yeganə qüsurudur.
Nikolay Starodımov
Tərcümə edəni: Səkinə Əliyeva
«Zerkalo», 28 may 2010
Ədəbiyyat qəzeti.- 2010.- 4
iyun.- S.5.