Xəlil Rza ölməzliyi

        

Cavid əfəndi sənət və ədəbiyyatın ucalığında "Mənim Tanrım gözəllikdir, sevgidir" amacıyla sakin idi. Və onun mənəvi varisi, azadlıq şairi Xəlil Rza Ulutürk bu gözəlliyin usanmaz pərvanələrindən biri kimi tutuşmuşdu sevgi oduna. Onun düşüncəsi Cavid əfəndi amalının həmrəngi, eyni idi. O səbəbdən ki, hər iki böyük şairin gözəllik, sevgi Tanrısı azadlıq, mübarizə mücadiləsinə hesablanmışdı və onların sevgi, gözəllik aşiqliyinin bir adı da azadlıq, bağımsızlıq idi. Müstəqilliyə, azadlığa yönəli hər bir mücadilə cəhdi gözəldi. Görkəmli şairimiz Xəlil Rza Ulutürkün "Mənim Tanrım gözəllikdir" kitabında Cavid əfəndinin mənalı ömür yolu da bu gözəllik məfhumunun sinonimi kimi qiyaslandırılır.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun fəxri doktoru Firəngiz xanım Ulutürkün tərtibçiliyi və filologiya elmləri doktoru Əlizadə Əsgərlinin (yeri gəlmişkən, Əlizadə müəllim bu günlərdə X.R.Ulutürkün yaradıcılığı əsasında "XX əsr Azərbaycan ədəbi-nəzəri fikrində milli ideal və xalq taleyi problemi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib) redaktorluğu və ön sözü ilə işıq üzü görən topluda X.Rzanın Cavid haqqında müxtəlif illərdə qələmə aldığı xatirələri və məqalələri xronoloji ardıcıllıqla yer alıb. "Elmi-tarixi memuarda Hüseyn Cavidin mühiti, xarakteri və sənəti, müasirlərinin sənətkar haqqında qiymətli xatirələri, fikirləri, şeir və dramaturgiyasının milli-bəşəri keyfiyyətləri, habelə, dövrün ədəbiyyatşünaslıq-tənqid məsələlərinə geniş yer verilmiş, sənət və sənətkar haqqında ədəbi düşüncələr ifadəsini tapmışdır".

Z.Əsgərli "Hüseyn Cavid və Xəlil Rza Ulutürk" adlı ön sözdə yazır: "Cavid düşüncəsinin 3 mərhələsini qeyd edirlər - teoloji, metafizik və pozitivist mərhələlərini. H.Cavid irfan düşüncəsi, təsəvvüf şeir qaynaqları, Qərb, xüsusən Nitsşe fəlsəfəsi ilə bağlı olan mütəfəkkirdir… Bu kitabda yazılanlar Cavidin şəxsiyyəti və irsinə olan yeni baxış təravətilə seçilir. Monoqrafiyada milli dəyərlərlə barəbər, Cavid irsinin bəşəri qaynaqları və bəşəri miqyası faktlar, dəlillər əsasında təhlil edilir".

"Çinar-Çap" nəşriyyatı isə bu günlərdə X.R.Ulutürkün "Dünyaya pəncərə" kitabını nəfis şəkildə çap edib. Tərtib edəni böyük sənətkarın vəfalı ömür-gün yoldaşı Firəngiz xanım Ulutürk, redaktoru filologiya elmləri doktoru Zaman Əsgərlidir. Professor Nizami Tağısoy və Z.Əsgərli yeni nəşrə maraqlı ön söz yazıblar. Toplu böyük şairin dünya ədəbiyyatından etdiyi tərcümələri qapsayır. İlya Selvinskinin "Babək" mənzum dramı, Musa Cəlilin "Moabit dəftəri" silsilə şeirləri, A.S.Puşkin, Ex Uigun Leonem, M.Lermontov, N.Nekrasov, A.Blok, V.Mayakovski, A.Axmatova, A.Tvardovski, İ.Aseyev, K.Simonov, İ.Selvinski, A.Surkov, A.Voznesenski, R.Rojdestvenski, Y.Yevtuşenko, V.Sokolov, A.Tunay, R.Həmzətov, Q.Quliyev, R.Asayev və başqalarından edilən seçmə poeziya nümunələri ustad şairin çevirməsində maraqla oxunur.

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.- 2010.- 4 iyun.- S.6.