Yubiley görüşləri davam edir

 

 «Ədəbiyyat qəzeti» - 75

     

  Srağagün Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsində "Ədəbiyyat qəzeti"nin 75 illiyi və müxtəlif təşkilatlarda öz işinə böyük əmək sərf etmiş bir çox insanların təltif olunması ilə bağlı tədbir keçirildi.

Mərasimi sözügedən komitənin sədri Cəmilə Səttarova açaraq vurğuladı ki, təşkilatımız bütün fəaliyyəti müddətində həmişə çalışıb ki, insanların yanında olsun, imkanı daxilində onlara qayğı göstərsin: "Ölkə başçısının sərəncamı ilə AYB-nin və onun ədəbi orqanı "Ədəbiyyat qəzeti"nin 75 illiyinin qeyd edilməsi, bütün sənətsevərlər kimi, bizi də çox sevindirir. Yaxşı bilirik ki, "Ədəbiyyat qəzeti" fəaliyyəti boyu Azərbaycan ədəbiyyatına, mədəniyyətinə ləyaqətlə xidmət edib. "Ədəbiyyat qəzeti" çox böyük bir məkandır.

Biz qəzetin təkcə yubiley illərini gözləmə-yək, hər il onun ilk nömrəsinin nəşri gününü yığışıb qeyd edək. Mən qəzetin yaradıcı kollektivinə uğurlar arzulayıram. Arzu edirəm ki, məşğul olduqları sahə qəzetin əməkdaşlarına uğur və sevinc gətirsin".

Sonra o, qəzetin məsul katibi Atababa İsmayıloğlu, şöbə müdirləri Adil Cəmil, Sərvaz Hüseynoğlu, Aydın Xan, korrektoru Xeyransa Məcidova, mətn oxucusu Elmira Rzayeva və operatoru Südabə Məmmədovaya AMİMHİRK-nin fəxri fərman və pul mükafatını təqdim etdi.

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Ayaz Vəfalıya söz verildi. O dedi: "Respublikamızda mədəniyyət sahəsində illər boyu zəhmət sərf etmiş sənət yoldaşlarımızın əməyinin dəyərləndirilməsi mərasiminə şahid olmaq hamımız üçün xoşdur. Mükafata layiq görülənlər arasında "Ədəbiyyat qəzeti"nin əməkdaşlarından da bir qrup olduğu və buna görə tədbirə dəvət edildiyim üçün təşəkkürümü bildirirəm. Eyni zamanda bu mərasimin Azərbaycan Prezidenti cənab İlham Əliyevin məlum sərəncamı əsasında "Ədəbiyyat qəzeti"nin 75 illiyinin ölkə miqyasında qeyd olunduğu günlərə təsadüf etməsi xüsusi əhəmiyyətə malikdir.

Hörmətli mərasim iştirakçılarına onu da xatırlatmaq istəyirəm ki, ədəbiyyatımızın mötəbər salnaməsi olan "Ədəbiyyat qəzeti" 75 illik tarixində dövlət səviyyəsində iki dəfə yubiley görmüş olur: 1984-cü ildə 50, indi isə 75 illik.

Birinci yubiley ümummilli liderimiz Heydər Əliyev Moskvada işlərkən, onun xüsusi qayğısı ilə keçirildi və filarmoniyada təntənəli mərasimə göndərdiyi təbrik teleqramı sürəkli alqışlarla qarşılandı.

İkinci yubiley ulu öndərin işlərini layiqincə davam etdirəcəyinə söz verən və dünyanın gözü qarşısında sözünü əməli ilə doğruldan möhtərəm İlham Heydər oğlu Əliyevin sərəncamı ilə qeyd olunmaqdadır.

Bu əlamətdar günlərdə qəzetimizin bir qrup əməkdaşını mükafata layiq bildiyiniz üçün sizə bir daha təşəkkür edirəm".

Həmin gün sözügedən təşkilat çalışdıqları sahədəki uğurları və yubileyləri münasibətilə tanınmış rejissor-aktyor Elxan Qasımov, mədəniyyət işçisi Yaşar İbrahimov, "Göyərçin" jurnalının məsul katibi İlqar Mehdiyev, Yazıçılar Birliyi Həmkarlar Təşkilatının sədri, şair-ədəbiyyatşünas Firuzə Məmmədli, gənc nəslin idman sahəsindəki inkişafında yüksək əməyi olduğuna və 70 illik yubileyinə görə professor Xanlar Qurbanov, professor Qəhrəman Məmmədyarov, tanınmış idmançı Mahmud Məmmədov, Quba Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatının sədri Əbil Cəfərov, Şuşa rayon Mədəniyyət işçiləri Həmkarlar Təşkilatının sədri Yaşar İbrahimov və başqalarına da fəxri fərman və pul mükafatları təqdim etdi.

Sonda C.Səttarova yubilyarları bir daha təbrik etdi, onlara işlərində uğurlar arzuladı .

 

 

S.Əsgərli

 

Ədəbiyyat qəzeti.- 2010.- 4 iyun.- S.6.