Dilə ibadət
Sənsən ucalığım,
sənsən qürurum
Mənim ayrılığım,
görüşüm də sən.
Gecədən süzülən
ağappaq nurum,
Gündüzdən boylanan
günəşim də sən,
Ay ana dilim!
Göylər layla desin,
dağa baş qoyum.
Mənim intizarım,
nigaranımsan.
Həsrət səhrasında
bir içim
suyum.
Sevgi qitəsində
gur ümmanımsan,
Ay ana dilim!
Səndən uzaqlarda
biz qaldıq
yetim,
Ancaq səslənirdin
yuxularda sən.
Bəlkə müvəqqəti
məğlubiyyətim, -
Amma ki, əbədi bir təntənəmsən,
Ay ana dilim!
Yaralar təzədir,
yaralar dərin,
Can qoyduq,
tər tökdük
elimiz üçün.
Dilini kəsdilər
dil deyənlərin.
Dil deyib ağladıq
dilimiz üçün,
Ay ana dilim!
Xoşdur hər çəmənin,
çölün öz gülü,
Çəmənlər gül açsın
baharla, yazla.
Gəlin yaxşı
bilək
biz iki dili,
Ancaq ikidilli
olmayaq əsla,
Ay ana dilim!
Durur arzularım
hələ gözümdə,
Neçə deyilməmiş
söz də qalıbdır.
Uca bayrağımsan,
dünya üzündə,
Səndə güllələrdən
iz də qalıbdır.
Sənə nankorluqdan
min qəlpə
dəyib,
Dilə dəyən
yara
hər qəlbə
dəyib, -
Ay ana dilim!
Dil özü
-
ən böyük
möcüzədirsə,
O alıb
gücünü
doğma xalqından.
Dostlar öz dilinə biganədirsə,
nə umaq yadların
soyuqluğundan,
Ay ana dilim?!
Əzizdir öz yurdum,
torpağım mənim,
Mən ki, vətən deyən təriqətdəyəm.
Ucal, ey müqəddəs
bayrağım mənim,
Önündə əbədi
ibadətdəyəm,
Məni bu səcdədən ölüm
ayırar,
Sonra diz çökəcək
övladlarım var,
Ay ana dilim!
Nəvələrimə
Bir övlad
muradsa,
Biri qanaddır,
Uludur eşqiylə, etibarıyla.
Məncə, hər
ailə bir kainatdır -
Öz Ayı,
Günəşi, ulduzlarıyla.
Dünyada sizsiniz
Dövlətim-varım,
Şirin bir nəğmədir doğma səsiniz.
Bağıran Elgünüm,
susan Yanarım,
Siz mənə Tanrıdan hədiyyəsiniz.
Vüsalım - ürəkdən
o yana-yana
Çatdırdı hamını haqqın yoluna.
Sonalar gölündən
Su içib
Sona,
Nigar - əsrlərdən bizə
yadigar.
Ən kiçik
Gülarə - hamıya
ana,
Onun gözlərində nəslin
nuru var.
Bir oğul
nəvəmsə
Məndən uzaqdır,
Adın dəyişiblər,
canı sağ olsun!
Adını o özü
qazanacaqdır,
Onda deyəcəyəm,
üzün ağ
oslun!
Mənim çinar
boylu nəvələrim,
siz
Mənim arxamsınız, dirəyimsiniz.
Mənim arzu dolu ürəyimsiniz.
Bir gün yatmaq üçün
Haqq dünyasında
Sizin çiyninizdə gedəcəyəm
mən.
Gedəcəyəm… fəqət
əsrin yazında
Bir yaşıl
çinar tək bitəcəyəm mən!
Nəbi Xəzri
Ədəbiyyat
qəzeti.- 2010.- 4 iyun.- S.3.