Siquldada payız

 

Vaqonun pilləsindən

Sallanmışam mən

Payızdı dünyada

Əlvida

Bu yay da ötdü

Vaxtdı, gedirəm

Göylərdə üzürlər qara buludlar

Necə tutulubdu indi havalar

Evin qapısını mismarlayırlar

Ağaclardan qopub düşür yarpaqlar

Elə bil musiqi uçandan sonra

Akkardeonun

Kənara atılmış boş qutusudur.

Bir vaxt çimdiyimiz ilıq dəniz

İndi tənha qalmış sopsoyuq sudur.

Gedəri insanıq, bir gün gedirik

Atıb tərk edirik

Divarları, evləri,

Anaları, qızları.

Həyatın qanunudur

İnsan hamısın unudur.

Payızdır,

Əlvida, əlvida, ey yay

Əlvida ey dostlar, düşmənlər,

Qud bay

Əlvida həyatım, sən bir yoldun

Sağ ol ki, baş tutdun, sağ ol ki, oldun.

Səni meşədə gördüyüm o gün

Məndən nəyi isə sorduğun üçün

İtinin ipini çəkdiyin üçün

Rastlaşdığımızçün o gün dünyada

Çox sağ ol, çox sağ ol

Həm əlvida

Dirçəldim payızda, bununçün sağ ol

Məni öz-özümə izah etdin sən

Evin sahibəsi saat səkkizdən

Bizi oyadırdı, hər gün, hər səhər

Bayram günlərində səslənirdilər

Çox köhnə vallardan köhnə nəğmələr.

Evdən ayrı-ayrı gedirik axır

İndi həm yaxınsan, həm çox uzaq

Bilirəm hər bir şey təkrar olacaq

İnsan hər bir şeyi bir gün unudur

Birinin yerini başqası tutur

Təbiət boşluğu xoşlamır axı

Amma o da buna oxşamır axı

Təpələr üstündən bir qadın qaçar

Xəzəli ardınca aparır qatar

Son bahar - payızdır bax Siquldada

Bizi xilas edin, bizi.     

Əlvida.

 

 

Andrey Voznesenski  

 

Çevirəni: ANAR

 

Ədəbiyyat qəzeti.- 2010.- 4 iyun.- S.5.