Möhtərəm cənab Prezident!

 

Əziz Mehriban xanım!

 

Mən və həmkarlarım çox sevinirik ki, hər bir azərbaycanlı üçün əziz milli bayram olan Respublika günündə zati-alilərinizlə bir yerdəyik. Bu yüksək məclisə lütfən bizi də dəvət etdiyiniz üçün minnətdarlığımızı qəbul etmənizi rica edirəm.

Bizim üçün xüsusi fərəh mənbəyidir ki, yüksək dövlət mükafatına layiq görülmüş kitabımız ulu öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatı və mənəviyyatı qarşısındakı misilsiz xidmətlərinin şərhinə, təhlilinə və dəyərləndirilməsinə həsr olunmuşdur. Ümummilli liderin dərya xidmətləri qarşısında damcı mənziləsində olan əməyimizə verilən yüksək qiymət, şübhəsiz ki, bizi yeni yaradıcılıq uğurlarına ruhlandıracaqdır.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu təmsil edən biz müəlliflər həmişə özümüzü Heydər Əliyev qvardiyasının azərbaycançılıq alayında sıra nəfəri saymış və bununla fəxr etmişik. Onun arzu və əməllərinin bu gün hər sahədə gül-çiçək açıb təzə bar verməsi, indiki çox mürəkkəb şəraitdə müstəqil dövlətimizin yeni, daha sanballı uğurlara qovuşması şəxsən Sizin həmişə xüsusi təmkinlə yeritdiyiniz müdrik daxili və xarici siyasətin nəticəsi kimi, haqlı olaraq, bütün dünyada etiraf edilir və təqdir olunur.

Möhtərəm cənab Prezident!

Ölkəmiz və dünyamız üçün gərgin olan bir zamanda, onlarla, yüzlərlə çox vacib, təxirəsalınmaz işlərin arasında vaxt ayırıb elm, ədəbiyyat və incəsənətimizə diqqət və qayğı göstərdiyiniz üçün, o cümlədən məni və istedadlı qələm yoldaşlarımı, məsləkdaşlarımı müstəqil Azərbaycan Respublikasının yüksək Dövlət mükafatları ilə təltif etdiyiniz üçün, Sizə hamımızın adından dərin minnətdarlığımı bildirirəm!

Fevral ayının 12-də Ağdaş şəhərində səsləndirdiyim və tərəfinizdən rəğbətlə qarşılanan böyük arzumu bu gün bir daha təkrar edirəm: mən bütün varlığımla inanıram ki, Sizin uzaqgörən diplomatiyanız və parlaq əməlləriniz nəticəsində Qarabağ erməni işğalından tamamilə azad ediləcək və 65 il bundan əvvəl olduğu kimi, yenə də mən - indi artıq 80 yaşlı qocaman bir diktor bu xoş xəbəri efir və ekran vasitəsi ilə doğma elimə-obama çatdıracağam, inşallah!

Bir daha çox sağ olun, möhtərəm cənab Prezident!

 

 

Bəkir Nəbiyev

 

Ədəbiyyat qəzeti.- 2010.- 4 iyun.- S.2.