Günün sözü

 

Yəhudi səsi

     

 Neçə gündü mən öz ürəyimin içində bir yəhudi səsi eşidirəm. Gündüz rahatlığım, gecə yuxum ərşə çəkilib. O, hıçqıra-hıçqıra ey mənim əzabkeş, qədim xalqım, - deyir, - mən faşizmin konslagerlərində, Osvensiumda yanan bir yəhudi ruhuyam. Faşizmdən bizim çəkdiyimizi heç bir millət çəkməyib. Heç bir ölkənin xalqı bizim qədər əzab görməyib. Dünyanın ən ağıllı milləti deyiblər bizə. Özümüz buna inanmışıq. Bəs tez unutdunuz o günləriAxı ağıllı adamın yaddaşı möhkəm olmalıdıSiz illərdən bəri faşizmin qəddarlığını qoruyub-saxlamısınız? Utanıram, xəcalət çəkirəm. Siz dünyaya gücünüzü göstərmək istəyirsiniz? Bu görməmişlikdir. Bir zaman sizə işgəncə verən faşizmdən canınızda qalan qəddarlığı indi köməyə ehtiyacı olanlara qarşı nümayiş etdirirsiniz. Qaz peçində mənim o zaman cismim yanmışdı, indi siz mənim ruhumu həmin peçə yenidən atdınız, məni özümünkülər yenidən yandırdı.

Biz əzabkeş xalqıq əzabın olduğunu yaxşı bilirik. Sizin bu hərəkətiniz bizim bu millətə yaraşan deyil - əzab çəkən, köməyə ehtiyacı olan bir xalq üçün neytral sularda üzən, humanitar yardım daşıyan gəmi karvanlarına, əli yalın insanlara hücum etmək, insan öldürmək, yardıma gedən insanları öldürməkAxı bizi dünyadakı yaxşı insanların mərhəməti millət kimi qoruyub saxladı, bizi dövlət etdi. Yardıma ehtiyacı olan sənin qatı düşmənin olsa, sən belə etməməliydin. Sənə yanaşan həmin gəmi karvanına sənin bir yardım gəmisiylə qoşulmağın olardı.

Ey mənim qədim, əzabkeş, ağıllı xalqımın bu əmri verən səlahiyyətliləri! Siz bu hərəkətlərinizlə soyqırım qurbanlarınızı yenidən yandırdınız, güllələdiniz, diri-diri torpağa basdırdınız. Cəhənnəm odundan da ağır dünyada bir od var - vicdan odu. Biz bu günlər həmin od içində yanırıq. Qəlbinizdə faşizmin qoyduğu qəddarlıq izini ən duzlu dənizin suyu ilə yuyun. Üzr istəməyi bacarın. Üzr istəməyi bacarmaq güclülük əlamətidir. Allahın insanların qarşısında üzr istəyin. İnsanlar özü bilər, amma Allah böyükdür, rəhmlidir, bəlkə bu dəfə keçər.

 

 

Fikrət Qoca

 

Ədəbiyyat qəzeti.- 2010.- 4 iyun.- S.3.