İsa Həbibbəyli – 60

 

Zirvəyə aparan yollarda

     

Ustad ədəbiyyatşünas və tanınmış ictimai xadim olan millət vəkili, akademik İsa Həbibbəylinin səsi dünyanın bir çox ölkələrində keçirilən simpozium, konqres və başqa elmi toplantılardan, Azəraycan həqiqətlərini dünyaya car edən beynəlxalq tədbirlərdən gəlir. Akademik İsa Həbibbəyli bütün bu nüfuzlu tribunalarda öz xalqının zəngin mədəniyyəti, ədəbiyyatı, tarixi, mədəni və maddi irsindən, Qarabağda tapdalanmış hüquqlarımızdan böyük cəsarət və təmkinlə söz açır, Azərbaycan xalqını ləyaqətlə təmsil edir.

Naxçıvan torpağında boya-başa yetən, Oğlanqala məktəbinin yetirməsi olan akademik İsa Həbibbəyli ömrün zirvəyə aparan çətin və şərəfli yollarında uzun illər cəsarətlə addımlamış, ali təhsilini başa vurduqdan sonra Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuş, burada akademik Məmməd Cəfər Cəfərovun rəhbərliyi altında XX yüzillikdə yazıb-yaratmış H.Cavid, M.Hadi, A.Səhhət və A.Şaiq kimi sənətkarların milli romantizm sahəsindəki yaradıcılıq ənənələri barədə öz ilkin dəyərli tədqiqatı ilə ədəbiyyatşünaslığa ciddi bir tədqiqatçının gəlişindən, bu gənc araşdırıcının geniş elmi-nəzəri imkanlara malik olmasından soraq verirdi. İsa Həbibbəyli çox keçmədən bu sorağı "Romantik lirikanın imkanları" (1984) monoqrafiyası ilə təsdiqlədi.

Geniş erudisiyaya, zəngin dünyagörüşə və elmi-nəzəri biliyə malik olan İsa Həbibbəyli sonrakı illərdəki tədqiqatlarında müasirlik ənənələrini əsas tutaraq bir-birinin ardınca yazdığı əsərlərlə ədəbiyyatşünaslığa gətirdiyi yeni nəzəri mülahizələr, baxışlar və fərqli yanaşmaları ilə özünə böyük nüfuz qazandı. Əziz Mirəhmədovun təbirincə desək, "ağsaqqal nəsillərin davamçısı" kimi şöhrətləndi. Son illərdə Cəlil Məmmədquluzadənin yaradıcılığı ilə bağlı yazdığı iri həcmli tədqiqatı onun daha geniş nəzəri imkanlara malik olduğunu bir daha təsdiqlədi.

Elmi axtarışlarını ara vermədən davam etdirən İsa Həbibbəyli bir müddət sonra Naxçıvana, ali təhsil aldığı doğma ali məktəbə qayıtdı. Burada vəzifə pillələrində ilbəil ucaldı, bütün varlığı ilə sevdiyi və həmişə ona borclu olduğunu söyləyən İsa Həbibbəyli təhsil ocağına universitet statusu verildikdən sonra onun rektoru təyin edildi. Qısa müddətdə görkəmli təhsil işçisi kimi tanınan ədəbiyyatşünas universitetin ölkənin qabaqcıl təhsil müəssisəsinə çevrilməsinə çalışmaqla yanaşı, eyni zamanda, geniş ictimai-siyasi fəaliyyətlə məşğul olmağa başladı. Naxçıvan Ali Məclisi və Azərbaycanın Milli Məclisində xalqımızın ləyaqətli elçilərindən biri kimi fəaliyyət göstərdi. 1998-ci ildə daha ciddi bir tədqiqat əsərini - "Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövründə Naxçıvan Dövlət Universiteti" əsərini nəşr etdirdi. Burada milli öndər Heydər Əliyevin nəsillərə nümunə ola biləcək həyatının bir sıra solmayan səhifələrini varaqladı.

Bir-birindən zəngin tədqiqatları ilə elmi zənginləşdirən İsa Həbibbəyli geniş ictimai fəaliyyəti ilə yanaşı, yeni elmi uğurları ilə də ədəbi ictimaiyyəti sevindirdi. Azərbaycan Milli Elmlər Akademiyasına əvvəlcə müxbir üzv, az sonra isə həqiqi üzvü seçildi.

Bu günlərdə anadan olmasının 60 illik yubileyi qeyd olunan ədəbiyyatşünas alim elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinin coşqun çağlarını yaşayır, onun barəsində hər yerdə xoş sözlər, ürəkaçan söhbətlər söylənilir.

Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Yusif Seyidovun yaxınlarda AMEA-nın müxbir üzvü Nizami Cəfərovun redaktorluğu ilə işıq üzü görən "Akademik İsa Həbibbəyli" ("Elm-Təhsil" nəşriyyatı, Bakı, 2009, 188 s.) monoqrafiyası akademikin mənalı həyat yolu barədə daha ətraflı məlumat verən dəyərli soraq kitabı kimi diqqəti cəlb edir. Burada akademikin həyatı, ictimai-siyasi fəaliyyəti, yaradıcılığı, eləcə də həyatının müxtəlif dövrləri və mərhələləri ilə bağlı ibrətamiz həyat həqiqətləri və onlara müəllifin maraqlı şərhi və yanaşmaları özünü əks etdirir.

Kitabda giriş sözündən sonra müəllif akademik İsa Həbibbəylinin həyat və yaradıcılıq yolu ilə bağlı oxucusuna müxtəsər avtobioqrafik məlumat verir: İndi İsa Həbibbəyli elmi yaradıcılığının bir mərhələsinə yekun vurmaq üçün əsərlərinin çoxcildliyini çapa hazırlayır. Bu yerdə onun öz zəkası ilə, gecə-gündüz, isti-soyuqda, bəzən işıqlı, bəzən yarıqaranlıq arxivlərdə ağır zəhməti ilə vətəninə xidmətiylə qazandığı adları qələmə almamaq mümkün olmur.

Elə buradaca sual qarşında qalırıq: İsa Həbibbəyli kimdir? Formal surətdə cavab versək, belədir: İsa Həbibbəyli filologyia elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü - akademik. Bu adlar çox şey desə də, hər şey demir. Demir ki, İsa Həbibbəyli Azərbaycan elminə, Azərbaycan filologiyasına yeni nəfəs gətirən böyük alimdir, bugünkü elmimizə istiqamət verən tədqiqatçıdır.

Bu görkəmli alimin elmi yaradıcılığı o qədər geniş və sanballıdır ki, onu açmaq, onu əhatə etmək, ona layiq söz demək mənim üçün çox çətindir…

İsa Həbibbəyli ictimai xadimdir; Naxçıvan Ali Məclisinin deputatı, sonra da Azərbaycan Respublikası Milli Məclisinin üzvü olmaqla ümumən respublikanın, xüsusən Naxçıvanın ictimai-siyasi həyatında fəal iştirak edir, o dövlətin qarşıya qoyduğu vəzifələrin həyat təcəssümü üçün bütün gücü ilə ürəkdən çalışan ziyalıdır. Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev İsa Həbibbəyliyə böyük etimad göstərirdi. İsa Həbibbəyli də bu etimada layiq hərəkət edir, o böyük insanın tövsiyələrini yerinə yetirməkdə davam edir. Heydər Əliyev siyasi xəttini uğurla yerinə yetirən hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də onun bir hissəsi olan Naxçıvanda böyük quruculuq, yüksək mənəvi həyat ab-havasında yaşayıb-yaradanlar arasında İsa Həbibbəylinin öz yeri vardır…

… İsa Həbibbəyli Naxçıvan Dövlət Universitetinin rektorudur. İsa Həbibbəylinin xidməti nəticəsində bu universitet Azərbaycanın, hətta xarici ölkələrin bir sıra universitetləri ilə müqayisə edilə bilər…"

Müəllif elə buradaca ədəbiyyatşünas alimin çoxcəhətli fəaliyyətini ətraflı xarakterizə etməyə çalışır və onun fəaliyyət sahəsinin iki mühüm istiqaməti üzərində daha geniş dayanır. Əgər bunlardan biri İsa Həbibbəylinin Naxçıvanda aparılan quruculuq işlərində iştirakıdırsa, ikincisi onun Naxçıvanda təhsil sahəsində gördüyü böyük yenidənqurma, respublika ali təhsilinin inkişafı sahəsində əldə etdiyi uğurlarıdır. Hər iki sahədə onun əldə etdiyi nailiyyətləri qabaqcıl təcrübə kimi təbliğ edilib yaymağı vacib hesab edən müəllif, bu fəaliyyəti yüksək dəyərləndirərək yazır: "Bunlar universitetin nüfuzunu, daxili və xarici əlaqələrini göstərir. Naxçıvan Dövlət Universite-tinin Azərbaycan təhsil qurumları tərəfindən "Minilliyin Universiteti" mükafatına (2009), rektor İsa Həbibbəylinin isə "Sokrat" nomina-siyalı mükafata layiq görülməsi illərlə aparılan işin, yorulmaz və ardıcıl fəaliyyətin məntiqi nəticəsidir.

Monoqrafiyanın ayrıca bir bölməsində akademikin elmi yaradıcılığı müxtəsər xülasə edilir. Müəllif yazır ki, "Tarixin çox maraqlı və gəribə həqiqətləri var. Onlarla nümunə göstərir ki, istedadın ilk cücərtiləri lap kiçik yaşlardan özünü büruzə verir, ilk istedad görüntüləri sonradan inkişaf edir, böyüyür. İsa Həbibbəylinin yaradıcılıq yolu da öz başlanğıcını həyatının ilk çağlarından almışdır". Y.Seyidov bu başlanğıc addımların inkişaf yolunun bir az çətin, bir az da gərgin, şərəfli səhifələrini vərəqləyir. Bu istedadlı insanın ali məktəb həyatının, ilk tədqiqatlara başladığı zamanın xatirələrindən söz açır. Onun sələflərinin mənalı həyat yollarını, necə böyük həvəs və inadla öyrəndiyini xatırlayır, ilk məqalələri, onlarda qoyulan nəzəri problemlər və gənc tədqiqtaçının onlara aydın elmi-nəzəri baxışları, bir sıra hallarda isə siyasi mövqeyi barədə bəhs edir. Kamal Atatürk və Heydər Əliyev, Azərbaycan elminin fədailəri - Yusif Məmmədəliyev, Zərifə Əliyeva, Cəfər Cəfərov, Məmməd Cəfər Cəfərov və başqaları barədə yazdığı dəyərli əsərlərdən söz açır, İsa Həbibbəyli yaradıcılığında xüsusi yer tutan filoloji araşdırmaları - xüsusilə M.T.Sidqinin, Ə.Mirəhmədovun, Məmməd Cəfərin və b. əsərləri barədə tədqiqat işlərini xatırladır. Müəllif haqlı olaraq yazır ki, "Ədəbiyyatşünaslıq, ədəbiyyat nəzəriyyəsi bu gün ədəbiyyat aləminə açılan qapılardır. Bunlarsız nə ədəbi proseslərin istiqamətlərini müəyyənləşdirmək olar, nə də bu sahəyə ümumən ayaq basmaq olar". İsa Həbibbəylinin hər bir əsərində dərin elmi baxışı görmək mümkündür. Monoqrafiyada məhz bu istqamətdə müəllifin "Ədəbiyyatın təsiri", "Ədəbiyyatşünaslıq elminin sahələrinə yenidən baxaq", "Sabir ədəbi kök kimi", "XX əsrin əvvəllərində Azərbaycan şerində sonet", "Azərbaycan şerində himn və marş", "Kiçik hekayə janrı - novella", "Dialoq haqqında monoloq" və s. əsərləri yüksək dəyərləndirilir. Burada eyni zamanda müəllifin folklorşünaslıq sahəsindəki fəaliyyəti barədə bəhs olunur, "Sara əfsanəsi", onun variantları, əfsanənin söykəndiyi tarixi həqiqətlər barədə maraqlı məlumatlar xatırlanır, əfsanə əsasında xalqın dilində yaranıb Arpaçay sahili kəndlərdə, o cümlədən "Muğan" kəndində dillər əzbəri olan "Sarı gəlin" xalq mahnısının xalqımıza məxsusluğu barədə günümüz üçün çox dəyərli olan bir fakta elmi münasibət bildirilir. Bizə belə gəlir ki, ədəbiyyatşünas alimin xalq mahnısının yaranması ilə bağlı açıqlaması həm ölkə daxilində, həm də onun hüdudlarından uzaqlarda "Sarı gəlin"in tarixinin saxtalaşdırılmasına, onun tarixi həqiqətlərə söykənən məzmununu təhrif edib özününküləşdirmək istəyənlərə ən dolğun cavabdır.

Monoqrafiyada eyni zamanda akademikin XX əsr Azərbaycan ədəbiyyatına bir sıra yeniliklər gətirən fəaliyyəti də müsbət dəyərləndirilir. Müəllifin M.Ə.Sabirin, M.Şaxtaxtlının, Eynəlibəy Sultanovun, Əli bəy Hüseynzadənin, Abbas Səhhətin, H.Cavidin yaradıcılığına yeni yanaşamaları təqdir edilir.

Kitabda İsa Həbibbəylinin müasir dövr ədəbi prosesi və M.Araz, Anar, Elçin, Əkrəm Əylisli, Sabir Rüstəmxanlı, Hüseyn İbrahimov, Zəlimxan Yaqub, Cavad Cavadlı yaradıcılığı barədəki mülahizələrindən də söz açılır.

Geniş yaradıcılıq imkanlarına malik İsa Həbibbəylinin müasir dövr Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslığı, onun aparıcı si-maları barədə yazdığı məqalələr də monoqrafiyada yüksək dəyərləndirilir. Müəllifə görə bu baxımdan, professor Kamran Məmmədov, akademik Bəkir Nəbiyev, AMEA-nın müxbir üzvləri Y.Qarayev, N.Cəfərov, tanınmış tənqidçi Vaqif Yusiflinin yaradıcılığı barədəki yazılar öz elmi-nəzəri dolğunluğu ilə seçilir. Y.Seyidov akademik İsa Həbibbəylinin bu məqalələrini dəyərləndirərkən müəllifin akademik Bəkir Nəbiyevin yaradıcılığına verdiyi qiymət barədə yazır: "Biz Azərbaycan ziyalısı, ümumən xalqımız Bəkir Nəbiyevi yaxşı tanıyırıq, lakin İsa bir daha onu bizə tanıdır - görkəmli alim, tənqidçi kimi tanıdır. XX-XXI əsrlər ədəbiyyatımızın tədqiqi sahəsində xüsusi elmi məktəb yaratmış tədqiqtaçı kimi tanıdır; həm də yazır ki, "Bəkir müəllim folklor, dil və üslub, mədəniyyətşünaslıq, elm və mədəniyyət tarixi, teatr və sair sahələrə həsr olunmuş elmi əsərlərdə həqiqi professionallığa nümunə sayılmağa layiqdir". Müəllif "İsa Həbibbəylinin akademik Bəkir Nəbiyevin Azərbaycan ədəbiyyatı tarixinin ayrı-ayrı dövrlərinə, bu ədəbiyyatı yaradanlara aid silsilə məqalələrini nəzərə alaraq belə bir ümumiləşdirmə aparır: "Əgər Bəkir Nəbiyevin əsərlərini ədəbiyyat tarixi baxımından xronoloji ardıcıllıqla sıralasaq, bu silsilədə boş xanalar az qalar". İsa Həbibbəyli Bəkir Nəbiyevi həm də ölkəmizdə görkəmli elm təşkilatçısı kimi səciyyələndirir, "Nizami Gəncəvi adına Ədəbiyyat Müzeyində və humanitar elmlər üzrə akademik katib vəzifəsində səmərəli təşkilatçılıq fəaliyyəti respublikamızda onu fədakar alim təşkilatçılardan biri kimi tanıtmışdır" deyə onun fəaliyyətinə yüksək qiymət verir.

Y.Seyidovun dediyi kimi, İsa Həbibbəylinin yazılarının hamısını birləşdirən, bu yazıların hamısından qırmızı xətt kimi keçən bir keyfiyyət var; öyrəndiyi, dərs aldığı, təsirləndiyi, ədəbi irsdə adı olan, həyatda olmayan elm xadimlərinin xatirəsinə hörmət, bütün insanlara hörmət və ehtiram, hamıya ədalətli və qayğılı münasibət. İnsanları zirvəyə aparan bütün yollar məhz bu irizlərdən baş alıb keçir. İsa Həbibbəylini də zirvələrə ucaldan həmin yollarda ona yeni-yeni uğurlar diləyirik.

 

 

Azad NƏBİYEV

 

Ədəbiyyat qəzeti.- 2010.- 4 iyun.- S.4.