"Atılan toplara
diksinməyiriz"
Ölməz poeziyası
ilə bədii təfəkkür tariximizin
yeni mərhələsini
yaradan görkəmli şair, mütəfəkkir
söz ustası Mirzə Ələkbər
Sabirin adı və ruhu ilə
bağlı hər il keçirilən
ənənəvi söz
bayramı bu il də may ayının 30-da sənətkarın
Bakıdakı heykəli
önündən başladı.
AYB-nin sədri Anar müəllim başda olmaqla bir qrup yazıçı
- Fikrət Qoca, Sabir Rüstəmxanlı,
Azər Mustafazadə,
Əjdər Ol, Vaqif Bəhmənli, Nazim İbrahimov, Yusif Həsənbəy, Ədalət Əsgəroğlu,
Ağacəfər Həsənli,
Bahadur Fərmanoğlu,
Sabir Sarvan, Əsəd Cahangir, gənc yazarlardan Qismət, Rəbiqə, tədqiqatçı İlham
Abbasov və b. böyük şairin heykəli önünə
tər güllər qoymaqla onun xatirəsini
yad etdi. Sonra heyət Şamaxıya - Sabirin yurduna yol aldı. Öncə onun məzarı ziyarət olundu. Yenə də tər çiçəklərlə görkəmli
şairin xatirəsi yazıçılar tərəfindən
yad edildi. Orada şeirlər oxundu, Sabir haqqında fikirlər səsləndi.
Şair, son beş
ildə bu tədbirin təşkilatçılığına
rəhbərlik edən
Əjdər Ol M.Ə.Sabirin abidəsi önündə çıxış
edərək onun yaradıcılığına çağdaş
prizmadan təhlili münasibətini bildirdi, Sabir şeirlərinin bütün zamanlar üçün aktuallığını
vurğuladı.
Ziyarətdən sonra Sabir Poeziya
günlərinin iştirakçıları
tədbirin davamını
keçirmək üçün
Ağsu şəhərinə
yollandı. Son illərdə
daha da gözəlləşən
Ağsu şəhərində
Sabirin ruhu ilə bağlı söz bayramının keçirilməsinə rayon İcra
Hakimiyyəti və ictimaiyyətin nümayəndələri
tərəfindən böyük
hazırlıq işləri
görülmüşdü. İştirakçılar öncə Şəhidlər
xiyabanını, ümummilli
lider Heydər Əliyevin abidəsini və adını daşıyan muzeyi ziyarət etdikdən sonra söz bayramının keçirildiyi
yerə toplaşaraq M.Ə.Sabir haqqında fikirlərini, şeirlərini
tamaşaçıların diqqətinə çatdırdılar.
Öncə Ağsu rayon İcra
Hakimiyyətinin başçısı
Ənvər Seyidəliyev
yığcam çıxışı
ilə tədbiri açıb qonaqları salamladı. Sonra söz
AYB-nin sədri, xalq yazıçısı
Anara verildi. Ənənəvi olaraq hər il
keçirilən bu tədbirin milli-mənəvi
və əxlaqi tərəfindən danışan
xalq yazıçısı
bunu ölməz Sabirin ruhuna kiçik də olsa, bir ehtiram
kimi dəyərləndirdi.
Sabir Poeziya günlərinin yaradıcıları, xalq
şairləri - Rəsul
Rza, Cabir Novruz, Qabil və
professor Abbas Zamanov xatırlandı. Son illərdə bu tədbirin təşkilati
işlərinə rəhbərlik
edən şair Fikrət Sadıq və Əjdər Olun da əməyi
xüsusi vurğulandı.
AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca çıxış edərək
Sabir irsinin əbədiyyətə qovuşan
dəyərindən danışdı,
onu da xatırlatdı
ki, gələn ildən başlayaraq Rəsul Rza poeziya günlərinin keçirilməsini də
qərara almışıq.
Belə söz bayramları ulu ustadlarımızın
ruhuna ehtiramın bir nümunəsidir.
Tədbirdə iştirak edən yazarlar M.Ə.Sabirlə bərabər S.Ə.Şirvani,
R.Rza kimi şairlərimizin də şeirlərindən nümunələr
söylədilər, özlərinin
yeni şeirlərini oxudular. Ağsu məktəblilərinin Sabir şeirləri əsasında hazırladıqları
kompozisiya və əməkdar artist, qiraət
ustası Ağalar Bayramovun böyük şairdən əzbər
söylədiyi nümunələr
söz bayramı iştirakçılarının hərarətli alqışları
ilə qarşılandı.
Ağsudan qayıdan
heyət Şamaxıda
M.Ə.Sabirin ev muzeyində də olub ictimaiyyətin
və muzeyin nümayəndələri ilə
də görüş
keçirdi.
Tədbirin davamı
növbəti gün
- mayın 31-də M.F.Axundov
adına Milli Kitabxanada keçirildi. Q.Nəcəfzadə,
O.Rza, F.Hüseyn, E.Səmədoğlu, Y.Həsənbəy,
Qismət, S.Şəkərli,
R.Dağlı, Q.İmanlı,
S.Məmmədli, S.Talıblı,
C.Zeynallı yeni şeirlərini oxudular, Sabir haqqında düşüncələrini ictimaiyyətin
nümayəndələri ilə
paylaşdılar…
Bunu da vurğulamağa dəyər
ki, Sabir Poeziya günləri Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin Azərbaycan Yazıçılar
Birliyi ilə birgə təşkilatçılığının
nəticəsi olaraq yeni formatda, daha təkmil formada yadda qaldı.
M.Ə.Sabirin əksi həkk
olunmuş dəftər
və qələm, Sabir Poeziya günlərinə
həsr olunmuş tematik buklet də həmin günlərin unudulmazlığına
simvolik yardımçı
oldu.
İyunun 1-də, bu
tədbirdən cəmi
bir gün sonra Respublika Prezidenti cənab İlham Əliyevin "Mirzə Ələkbər
Sabirin 150 illik yubileyinin keçirilməsi
haqqında" verdiyi
sərəncam dahi şairin ruhuna ən böyük ehtiram kimi xalqımızı
sevindirdi. Çünki Sabir həqiqi
mənada xalqın və millətin şairidir. 2012-ci ildə
150 illik yubileyinin keçirilməsi nəzərdə
tutulan M.Ə.Sabir zaman keçdikcə bizdən uzaqlaşmır,
əksinə, bizə
daha da yaxınlaşır
- ölməz şeirləri
və gündəmdən
düşməyən mövzuları
ilə…
C.Adil
Ədəbiyyat qəzeti.- 2010.- 11 iyun.- S.1, 2.