Mingəçevir Dram Teatrı İlyas Əfəndiyevin pyesi əsasında tamaşa təqdim etmişdir
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan teatrı 2009-2019-cu illər" Dövlət Proqramı haqqında" cərəncamına müvafiq olaraq 2010-cu ilin fevral ayından ölkədə Milli teatr festivalı keçirilir. İyunun 7-də festival çərçivəsində S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində İlyas Əfəndyievin eyniadlı pyesi əsasında Mingəçevir Dram Teatrının "Sevgililərin cəhənnəmdə vüsalı" əsərinin tamaşası nümayiş olunmuşdur.
Tamaşanın quruluşçu rejissoru Zülfüqar Abbasov teatrın festivala hazırlanmasından danışaraq demişdir ki, teatrımızın binası artıq ikinci ildir əsaslı təmirdədir. Buna baxmayaraq, işimizi dayandırmamışıq və hətta festivala hazırlaşmışıq. Biz tamaşaçıların mühakiməsinə iki tamaşa təqdim edəcəyik. "Sevgililərin cəhənnəmdə vüsalı" tamaşasında "cəhənnəm" qanlı 37-ci ildir. Səhnə əsərində o dövrün repressiyalarından söz açılır. Bu, ölkəmizin tarixinin ən ağır dövrlərindən biri idi. Repressiya ağrısı bütün sahələrə və hər bir ailəyə toxunmuşdur.
Əsas rolları Şıxı Yaqubov (Ayaz Tural), Afər Əliyeva (Xumar), İsa Qasımov (Mircəfər Bağırov), Nisə Rzayeva (Mədinə xanım) ifa etmişlər. Tamaşanın musiqi tərtibatçısı Nadir Əliyev, rəssamı Rafael Həşimovdur.
Xatırladaq ki, "Sevgililərin cəhənnəmdə vüsalı" əsəri vaxtilə Dövlət Milli Dram Teatrında böyük uğurla tamaşaya qoyulmuş, sovet dönəmində Türkiyədə nümayiş olunan Azərbaycanın ilk səhnə əsəridir. 1990-cı ildə Akademik Milli Dram Teatrı İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" və "Bizim qəribə taleyimiz" əsərlərinin tamaşası ilə Türkiyəyə qastrol səfərinə dəvət olunmuş, qardaş ölkənin mütəxəssisləri və mətbuatı İlyas Əfəndiyev dramaturgiyasını yüksək dəyərləndirmişlər.
Tamaşadakı müəyyən qüsurlara baxmayaraq Mingəçevir teatrının tamaşası da maraqla qarşılanmış, xüsusən də quruluşçu rejissorun rəssamla işi diqqəti daha çox çəkmişdir.
İyunun 8-də isə Mingəçevir teatrı rejissor İsa Alimovun quruluşunda firuz Mustafanın eyniadlı pyesi əsasında "Vida marşı" tamaşasını təqdim etmişdir.
Bu tamaşada əsas rolları Akif Mirabov (Şadman), Ella Yaqubova (Bikə), Ruhəngiz Ağayeva (Ninel), Asim Məmmədov (Qəmli) və b. ifa etmişlər. Tamaşanın rəssamı Yusif İmamverdiyev, musiqi tərtibatçısı Nadir Əliyevdir.
Əsər nankor övladların valideynə münasibətindən bəhs edir.
A.Hacıbabayev
Ədəbiyyat qəzeti.- 2010.- 11 iyun.- S.2.