Ölüm qorxurdu...
İstərəm ölməyi
mən, leyk qaçır
məndən əcəl.
M.Ə.Sabir
Könlü həyata vurğun, -
O, ölmək istəyirdi;
Yorğun düşmüşdü, yorğun, -
Dincəlmək istəyirdi.
Nə dincəldi, nə yatdı, -
O gündüzlü, gecəli;
Çox yatanı oyatdı -
Çağıranda əcəli.
Dillərə düşdü adı, -
Asıldı dilindən o;
Əcəli harayladı -
Həyatın əlindən o.
Deyirəm, işə baxın:
O, ölüm deyib durdu;
Ölüm gəlmədi yaxın, -
Ölüm sanki
qorxurdu!..
Dəydikcə köksünə tənələr seli
Muğan… Cəlilabad…
isti bir diyar;
Hər gələn bir ürək hərarət duyar.
Onun sinəsinin
sol tərəfində
Mənim doğma kəndim Sabirabad var.
Sabirdən, Cəlildən
söz düşüb
burda;
Duyan könüllərə köz
düşüb burda.
Özlərini ölüm
ayrı salanın
Ölməyən adları görüşüb
burda.
Nəsillər sidqini bağlar Sabirə, -
"Güləyən"
Sabirə, "ağlar"
Sabirə;
"Bir qocaman dağa bənzərəm" - dedi,
İndi bənzədilir dağlar Sabirə.
O yandı,
yandırdı şimşək
sözüylə,
Odlu bir diyarın ürək közüylə;
Hayıf ki, bu günü özü görmədi,
-
Baxır arzusuna heykəl gözüylə.
Siz ey kəndimizin gəlini, qızı! -
Hər gün
o güllərə çiləyəndə
su
Ucadan oxuyun şeirlərini, -
Qoy özü eşitsin qulaq dolusu.
Şirvandı, Muğandı,
Gəncədi Sabir,
Daşdan sərt,
ipəkdən incədi
Sabir;
Dəydikcə köksünə
tənələr seli,
-
Özünə daha çox bənzədi Sabir!..
M.Ə.Sabir
Ədəbiyyat qəzeti.- 2010.-
11 iyun.- S.2.