Gəncə
Azərbaycan
Yazıçılar Birliyi Gəncə bölməsi Azərbaycanın
böyük xalq şairi Rəsul Rzanın anadan
olmasının 100 illiyinə həsr etdiyi növbəti tədbir
Nigar Rəfibəyli adına 43 nömrəli orta məktəbdə
keçirildi. Ədəbi-bədii yubiley məclisini məktəbin
direktoru, şair Xəzangül açaraq R.Rzanın
poeziyası haqqında fikirlərini söylədi. AYB Gəncə
bölməsinin sədri, Beynəlxalq Rəsul Rza
mükafatı laureatı Məmməd Alim görkəmli sənətkarın
çoxşaxəli yaradıcılıq yolundan, novator
söz ustası kimi milli şerimizi zənginləşdirməsindən,
ömür-gün yoldaşı, xalq şairi Nigar Rəfibəyli
ilə ədəbiyyatımızın inkişafı
üçün göstərdikləri xidmətlərdən
danışdı.
Tədbirdə əməkdar
müəllim Əsli Süleymanova, təşkilatçı Fazil
Kazımov, şairlərdən Aləmzər Əlizadə və
Zaur Quliyev Rəsul Rza poeziyasının gənc nəslin tərbiyəsində
mühüm rolundan, uşaqlar üçün
yazdığı əsərlərin əhəmiyyətindən
söhbət açdılar. Məktəblilər xalq
şairinin şeirlərindən nümunələr oxudular.
***
AYB Gəncə bölməsinin 23 nömrəli orta məktəbin kollektivi ilə birgə hazırladığı ədəbi tədbir də xalq şairi Rəsul Rzanın 100 illik yubileyinə həsr olundu. Məktəbdə keçirilən yubiley məclisini açan direktor Mətanət Qarayeva R.Rza kimi böyük sənətkarların yubileylərinin qeyd olunmasını çox əlamətdar hadisə hesab etdi, şairin şeirlərinin nəsildən-nəslə keçərək əbədi yaşamaq hüququ qazandığını vurğuladı.
Əməkdar incəsənət xadimi Məmməd Alim, şairlərdən Aləmzər Əlizadə, Mahir Rəfizadə və Zaur Quliyev xalq şairi Rəsul Rzanın uşaqlar və böyüklər üçün yazdığı əsərlərin daim sevilə-sevilə oxunmasından, orijinal sənətkarlıq xüsusiyyətlərindən bəhs etdilər, yubilyara ünvanladıqları şeirlərini söylədilər.
Məktəblilərin ifasında R.Rza yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiya böyük maraqla qarşılandı. Xalq şairi haqqında "İnsanlığın ömür yolu" sənədli filmindən parçlar nümayiş etdirildi, şagirdlər böyük sənətkarın şeirlərini, poemalarından, "Vəfa" pyesindən səhnələşdirmələri, sözlərinə bəstələnmiş mahnıları təqdim etdilər.
Axırda Gəncə şəhər
Təhsil idarəsi metodiki mərkəzinin metodisti Nigar Əmirova Gəncədə
xalq şairi R.Rzanın 100 illik yubileyinin layiqincə qeyd olunmasına görə AYB Gəncə
bölməsinin rəhbərliyinə
və məktəb kollektivinə minnətdarlığını
bildirdi.
İlhamə Yusifova
Ədəbiyyat qəzeti.- 2010.- 11 iyun.- S.3.