Lənkəran

 

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalq şairi R.Rzanın anadan olmasının 100 illiyinin keçirilməsi ilə bağlı verdiyi sərəncam çoxsaylı tədbirlərlə yadda qalmışdır. Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin təşəbbüsü və təşkilatçılığı ilə Lənkəran mərkəzləşdirilmiş kitabxana sistemində keçirilən tədbiri mədəniyyət şöbəsinin əməkdaşı Cəfər fətullayev açdı. Sonra mərkəzi kitabxananın direktoru Sidiqə Rzayeva Prezident fərmanı ilə bağlı mərkəzləşdirilmiş kitabxana sistemində keçiriləcək tədbirlər planı haqqında məlumat verərək bildirdi ki, yubileylə bağlı rayonun əksər kitabxanalarında tədbirlər keçirilmiş, R.Rzanın kitab və fotolarından sərgilər təşkil etmişdir.

Lənkəran Dövlət Universitetinin dil və ədəbiyyat kafedrasının dosenti filologiya elmləri namizədi Yədulla Ağazadə Rəsul Rzanın həyat və yaradıcılığı haqqında ətraflı çıxış etdi. Onun novator bir şair kimi Azərbaycan ədəbiyyatında önəmli bir yeri olduğunu göstərdi. Sonra AYB Lənkəran bölməsinin sədri, şair İltifat Saleh R.Rza ədəbi məktəbindən söz açdı, şair haqqında xatirələrini söylədi. R.Rza məğrurluğundan, mərdliyindən və gənc yazarlara qayğısından danışdı. Yazıçı-publisist Hafiz Mirzə və şair Ağamir Cavad öz çıxışlarında R.Rza yaradıcılığının müxtəlif məqamlarına toxundular, onun mövzu genişliyindən, sənətkarlıq xüsusiyyətlərindən danışdılar. Ağamir Cavad şairə həsr etdiyi essesini oxudu. Sonra söz bədii qiraətçilərə verildi. Mədəniyyət şöbəsinin əməkdaşı Habil Axundov və məktəblilər şairin şeirlərindən hazırlanmış ədəbi-bədii kompazisiya ilə çıxış etdilər.

 

***

 

R.Rzanın 100 illiyi ilə bağlı növbəti tədbir Lənkəran Dövlət Universitetində oldu. AYB Lənkəran bölməsi, AMEA Lənkəran regional elmi mərkəzi və LDU-nun birgə təşəbbüsü ilə keçirilən tədbiri LDU-nun rektoru professor Asəf İsgəndərov açaraq R.Rza yaradıcılığının milli və bəşəri xüsusiyyətlərindən danışdı. Ədəbiyyat kafedrasının dosenti, f.e.n. Mirhüseyn Abbas şairin həyat və yaradıcılığı haqqında ətraflı məruzə ilə çıxış etdi. Onun bütün ölçü və janrlarda qələmini sınadığını xüsusilə vurğuladı. Şeir və poemalarının təhlilinə yer ayırdı. Sonra dil və ədəbiyyat kafedrasının dosenti, f.e.n. şair Mirhaşım Talışlı, AYB Lənkəran bölməsinin sədri şair İltifat Saleh, dil və ədəbiyyat kafedrasının dosenti, f.e.n. Yədulla Ağazadə, xarici dillər kafedrasının müəllimi, f.e.n. Səfər Şirinov və başqaları çıxış edərək R.Rzanın yaradıcılığının müxtəlif məqamlarına toxundular, onun yaradıcılıq yoluna işıq salıb, ictimai-siyasi lirikasından, tərcüməçilik fəaliyyətindən söz açdılar. Yeni bir ədəbi məktəb yaratmasından, istedadlı gənclərə qayğısından, cəmiyyəti çirkablayan mikroblara qarşı kəskin mövqeyindən danışdılar. Tədbir tələbələrin hazırladığı ədəbi-bədii kompazisiya ilə başa çatdı.

 

***

 

R.Rzanın anadan olmasının 100 illiyi ilə bağlı Lənkəran Təhsil şöbəsi ilə birgə Lənkəran şəhər uşaq yaradıcılıq mərkəzində, şəhər 1 saylı, Liman şəhər 1 saylı, Tükəvilə, Veravul Digah və s. kənd orta məktəblərində də tədbirlər keçirdilər. Lənkəran Cənub televiziya şirkəti AYB Lənkəran bölməsi ilə birgə şairin yubileyi ilə əlaqədar veriliş hazırlamışdı. Yubileylə bağlı çoxsaylı tədbirlər davam etdirilir.

 

 

Şəhla Xəlilova

 

Ədəbiyyat qəzeti.- 2010.- 11 iyun.- S.3.