Mahmud Kaşğari Xətib Təbrizi ilə görüşə bilərdimi...

 

Şərq alimləri XI əsri dirçəliş əsri kimi səciyyələndirirlər. Ərəb alimlərindən əs-Subai əl-Buyumi bu dövrü "ensiklopediyalar və mədrəsələr", XX əsrin tanınmış Misir yazıçısı, tənqidçi və ədəbiyyatşünas Taha Hüseyn isə onu "yüksəliş və intibah" əsri kimi xarakterizə etmişdir. Azərbaycanlı alim mərhum professor Malik Mahmudov isə bu dövrü belə dəyərləndirir: "Doğrudan da XI əsrdə Səlcuq dövlətində elm və ədəbiyyata nəzər salınarsa, aydın görmək olar ki, islam dünyasının bir çox görkəmli alim, şair və yazıçıları bu dövrdə yaşamış, zəngin və çoxcəhətli mədəniyyət abidələri yaratmışlar".

Tarixi mənbələr sübut edir ki, XI əsrin əvvəllərində Orta Asiyada siyasi meydana çıxan Səlcuq türkləri Toğrul bəyin başçılığı altında 1040-cı ildə, əvvəlcə Mahmud Qəznəvini, sonra isə Buveyhilərin o dövrkü hökmdarı Əbu Nəsr əl-Məlik ər-Rəhimi hakimiyyətdən salaraq Bağdad xilafətinə son qoydular və xəlifə əl-Qaim Biəmrillahi formal olaraq xilafət taxtında saxladılar. Xəlifə əl-Qaim isə hətta 1056-cı ildə Toğrul bəyin qardaşı qızı Xədicə ilə evlənməklə səlcuqlarla qohumluq əlaqəsinə girir və tamamilə səlcuqların təsiri altına düşür.

Tədqiqatçılar XI əsrin "ensiklopediyalar və mədrəsələr" dövrü adlanmasında səlcuqların çox müdrik və tədbirli vəziri Nizam əl-Mülkün (1018-1092) müstəsna rolu olduğunu qeyd edirlər. O, 1067-ci ildə Bağdadda "Nizamiyyə" kimi bir mədrəsəni təsis edib, burada dərs demək üçün o dövrün tanınmış alimlərinin elmindən, biliyindən istifadə etməklə Bağdadda səlcuqların nüfuzunu qat-qat yüksəklərə qaldırır. "Nizamiyyə" mədrəsəsində tələbələrə Quran, fiqh, təfsir və hədis kimi dini elmlərlə yanaşı tarix, məntiq, dilçilik, ədəbiyyatşünaslıq, ədəbiyyat tarixi, riyaziyyat, astronomiya (nücum) və s. kimi dünyəvi elmlər də tədris olunurdu. Bu fənləri tədris etmək üçün isə hərtərəfli bilik və dünyagörüşünə malik savadlı müəllimlərə çox ehtiyac var idi. Təsadüfi deyildir ki, belə müəllimləri rus-sovet akademiki İ.Y.Kraçkovski professorlar adlandırırdı.

Mərhum professor Malik Mahmudov "Nizamiyyə" mədrəsəsindəki tədrisin keyfiyyəti, onun daxili nizam-intizam qaydaları barədə danışarkən belə bir fikir irəli sürür ki, "Nizamiyyə" mədrəsəsini o dövrdə Şərqdə mövcud olan digər mədrəsələrlə qarışdırmaq olmaz. Çünki bu mədrəsə o dövrdə ilk yeni tipli elmi müəssisə idi. O, yazırdı: "Bu mədrəsəni sözün əsl mənasında Şərqdə təşkil edilən ilk mükəmməl universitetlərdən birincisi hesab etmək lazımdır".

Akademik İ.Y.Kraçkovskinin təbirincə desək, bu universitetdə dərs deyən professorlardan biri XI əsrin tanınmış Azərbaycan alimi, dilçi və ədəbiyyatşünas Xətib Təbrizi (1030-1109) idi. Əsərlərini ərəb dilində yazmasına baxmayaraq, Xətib Təbrizinin Azərbaycan türkü olmasını sübut etməyə ehtiyac yoxdur. Yeri gəlmişkən, burada Xətib Təbrizini hansısa bir ərəb qəbiləsinə "bağlayaraq" onun ərəb əsilli olduğunu iddia edən bəzi ərəb "təəssübkeşlərinə" demək istəyirik ki, bu barədə onlar Xətib Təbrizinin Məərrət ən-Nöman məscidində Əbul Əla əl-Məərridən dərs alarkən məscidə namaz qılmağa gələn bir təbrizli qonşusu ilə azəricə - Azərbaycan dilində danışmasını yaddan çıxarmasınlar. Axı həmin danışığı sonra olduğu kimi Xətibə danışan Əbul Əlanın zehni istedadının fitriliyi barədəki bu epizod ərəb mənbələrində - ərəb dilində yazılı şəkildə saxlanılmaqdadır.

Xətib Təbrizinin həyatı və elmi-ədəbi yaradıcılığı ilə yaxından tanış olanlar bilirlər ki, o, "Nizamiyyə" mədrəsəsinin açılışından (29 sentyabr 1067-ci ildən) ta həyatının sonuna qədər (3 yanvar 1109-cu ilədək) bu mədrəsədə fasiləsiz dərs demiş və 40 il müddətində bu mədrəsənin zəngin kitabxanasının müdiri vəzifəsində çalışmışdır. Tanınmış İraq alimi, ötən əsrin 50-60-cı illərində Bakıda M.Füzuli və M.P.Vaqifin yubileylərinin iştirakçısı olmuş, doktor Hüseyn Əli Mənfuz Xətib Təbrizinin adını bu mədrəsədə dərs deyən otuz iki məşhur müəllimin sırasında yeddinci yerdə çəkir. Onu da qeyd edək ki, Hüseyn Əli Məhfuz Füzuli ilə bağlı məqalələr və "Füzuli əl-Bağdadi" adlı tədqiqat əsəri də yazmışdır. O, həmin illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin redaksiyasının qonağı da olmuşdur.

Xatırlatmaq lazımdır ki, "ensiklopediyalar və mədrəsələr" əsrinin yetirdiyi dühalardan biri də məşhur türkoloq, dilçi, tarixçi və ədəbiyyatşünas Mahmud Kaşğari olmuşdur. Bu da məlumdur ki, onun XI əsrdə qələmə aldığı "Divani lüğat-it-türk" adlı unikal əsəri elm aləminə cəmi bir əsr bundan öncə məlum olmuşdur. Lakin deməliyik ki, bu əsər tapılmasından sonrakı bu bir əsr ərzində dünya türkologiyasının böyük marağına səbəb olmuş və ərəb dilində yazılmış bu əsər az qala bütün dünya dillərinə tərcümə olunmuşdur. Onunla bağlı yüzlər-minlərlə məqalə yazılmış, haqqında neçə-neçə tədqiqat işləri aparılmışdır.

İki il bundan öncə, türk xalqlarının bu əvəzsiz şəxsiyyətinin anadan olmasının 1000 illik yubileyi dünya miqyasında təntənə ilə qeyd olundu. Deməliyik ki, ötən əsrdə bu şəxsiyyətin Azərbaycanda da tanıdılmasına müəyyən cəhdlər olsa da, onu elm aləminə əsaslı şəkildə tanıdan filologiya elmləri doktoru, türkoloq alim Ramiz Əsgər olmuşdur.

Ötən əsrdə Azərbaycanda müəyyən çıxışlarda və ya yazılarda adı ötəri şəkildə xatırladılan Mahmud Kaşğarini oxuculara, türkoloqlara XX əsrin əvvəllərində əhatəli şəkildə tanıtmaqda Ramiz Əsgərin xidmətləri danılmazdır. O, Mahmud Kaşğarinin Azərbaycanda, necə deyərlər, "bir növ unudulmuş", "üstünü kül basmış, altında isə daima sönməyən alovlu söz külcələri cəmlənmiş" "Divani lüğat-it-türk"ünü tərcümə edərək elmi ictimaiyyətimizin xidmətinə verdi və bu əsər barəsində möhtəşəm bir tədqiqat əsəri də yazdı. Onun bu tədqiqatını Azərbaycanda XXI əsrin əvvəllərində humanitar elmin ən böyük uğuru hesab etmək olar.

Mən bu yazını yazmaqla sadəcə olaraq onun əsərində Mahmud Kaşğarinin Bağdad həyatı ilə bağlı söylənilən fikirlərə prof.M.Mahmudovun "Xətib Təbrizinin həyat və yaradıcılığı" kitabından və İraq alimi Hüseyn Əli Məhfuzun "Nizamiyyə" mədrəsəsi barədə verdiyi bəzi şərhlərdən aldığım qənaətlər əsasında bəzi mülahizələrimi bildirmək istəyirəm.

Əvvəla, onu deyim ki, Mahmud Kaşğari də, Xətib Təbrizi də hər ikisi XI əsrin - "ensiklopediyalar və mədrəsələr" əsrinin yetirmələridir və hətta Mahmud Kaşğarinin 1030-1038-ci illərdə doğulduğunu iddia edənlərin fikirləri ilə razılaşacaq olsaq, onda hər iki dahinin təxminən yaşıd olduqlarını da söyləmək olar. Məqaləyə sual dolu bir başlıq seçməyimin səbəbi isə hər iki türk aliminin Bağdadda XI əsrin 70-ci illərində görüşə bilmələri ehtimalı ilə bağlıdır. Çünki tədqiqatçıların bir qismi Mahmud Kaşğarinin "Divani lüğat-it-türk"ün 1071-1074-cü illərdə, digər bir qismi isə 1071-1079-cu illərdə Bağdadda yazdığını qeyd edirlər. Xətib Təbrizi isə artıq həmin illərdə Bağdadda "Nizamiyyə" universitetinin ən nüfuzlu müəllimlərindən birinə çevrilmişdi, - desək, heç də səhv etmərik.

Hüseyn Əli Məhfuz "Nizamiyyə" universiteti barədə məlumat verərkən yazır ki, bu universitetdə eyni vaxtda 6000 tələbə təhsil alırdı və orada o dövrün ən böyük müəllimləri, kafedra müdirləri, onların köməkçiləri, vaizlər, kitabxana işçiləri və s. çalışırdılar. Təkcə onu demək kifayətdir ki, məhz 1070-1079-cu illərdə "Nizamiyyə"də ərəb dilçiliyi sahəsində dövrün bir neçə tanınmış qrammatikləri dərs deyirdilər. Belə olan halda ola bilməzdi ki, 1056-cı ildəki saray çevrilişindən sonra 15-10 il türk qəbilələri arasında material toplamaqla məşğul olan Mahmud Kaşğari birdən-birə Bağdada gəlib ərəb dilində heç bir mənbəyə istinad etmədən türk dilinin qrammatikası, ədəbiyyatı, etnoqrafiyası və s. barədə mükəmməl bir əsər yazsın və özü də bu əsər vasitəsilə ərəblərə türk dilini öyrətməyə cəhd eləsin. Əlbəttə, ərəb dilinin olduqca mürəkkəb qrammatik quruluşa malik olduğunu bilən hər bir kəs gözəl başa düşür ki, qısa bir zaman kəsiyində - onun ərəb dilində lap necə danışmasından asılı olmayaraq, kimsə belə mükəmməl bir əsər yaza bilməz. Bu mənada Mahmud Kaşğarinin "Nizamiyyə" mədrəsəsinin qrammatikləri, eləcə də Xətib Təbrizi ilə təmasının mümkünlüyünü iddia etmək olar. Elə müəllifin XI əsrin 70-ci illərində əsərin üzünü dörd dəfə köçürməsini etiraf etməsi də bizə əsas verir deyək ki, o kimlərləsə məsləhətləşəndən sonra bütövlüyə, kamilliyə tam nail olmaq üçün tədqiqat işinə yeni-yeni bölmələr və ya fəsillər əlavə etməli olmuşdur.

Burada ikinci bir məsələ də diqqətçəkəndir. Tədqiqatçıların yazmalarına görə Kaşğari əsəri xəlifəyə hədiyyə etmək istəmişdir. Ola bilsin ki, o əsəri xəlifəyə hədiyyə etməklə, onun bu əsərindən "Nizamiyyə" mədrəsəsində bir dərs vəsaiti kimi tədrisinə xəlifədən dəstək almaq istəmişdir. Lakin buna nail ola bilməmişdir. Səbəbi isə aydındır. Belə ki, bu mədrəsənin fars və ərəb tərkibli Elmi Şurası heç vaxt razı olmazdı ki, həmin mədrəsəyə türk dili ayaq açsın. Bir də ki, Səlcuq hökmdarlarının baş vəziri Nizam əl-Mülk özü də buna razılıq verməzdi. Çünki prof. M.Mahmudov yazır ki, mədrəsəyə müəllimləri baş vəzir Nizam əl-Mülk özü seçib götürürdü.

Bu bir inkaredilməz faktdır ki, IX əsrdən başlayaraq xilafətin idarəçilik sistemində, ordu quruculuğunda və islamın dünyada yayılmasında türklərin müstəsna rolu olmuşdur. Amma buna baxmayaraq nə ərəb, nə də fars şovinist dairələrinin türklərə münasibəti heç də həmişə müsbət olmamışdır.

Fikrimizi real faktlarla aşağıdakı nümunələrlə izah etmək istəyirik.

Hələ Abbasilər dövründə - Harun ər-Rəşidin türk qızından olan oğlu Mötəsim Billahın hakimiyyəti zamanı Mötəsim xilafət taxt-tacına yiyələndiyi zaman özünün mühafizəsini türklərə tapşırır. Onun mühafizə dəstəsi isə xəlifəni müəyyən hücumlardan qorumaq üçün Bağdad küçələrində əhali ilə bir qədər sərt rəftar edir. Bunu görən bir qoca bir gün xəlifənin atının cilovundan yapışaraq: "Sənin bu adamların bizi küçələrdə qırıb məhv edir. Onlara bir əncam çəksənə", - deyərək xəlifəyə açıqca etirazını bildirir. Xəlifə isə qocanın bu sözündən sonra şimalda türklər üçün Samərra şəhərini saldırır və öz iqamətgahını da şimala - Samərra şəhərinə köçürür.

Bu cür hadisələrə söykənən müasir İranın dini mütəfəkkiri Murtəza Mütəhərri Abbasilər dövrünü belə xarakterizə edir: "İslamın ilk iki - üç əsrlik tarixi ərəb, fars, türk və s. irqlər arasında gedən çarpışma və döyüşlərlə doludur. Öncə, Əməvilər dövründə ərəblər hakimiyyətə gəldilər. Abbasilər xilafətə keçdikdən sonra, ərəb olduqlarına baxmayaraq, əməvilər ilə zidd olduqları üçün iranlıları gücləndirərək fars dilini yaydılar, sonralar Abbasi xəlifəsi Mütəvəkkil isə iranlıların əlindən qurtulmaq üçün türkləri gücləndirərək ərəbləri və iranlıları onların nəzarəti altında qoydular".

Keçmiş İraq prezidenti Səddam Hüseyn isə türklərə qarşı daha aqressiv mövqedən çıxış edirdi. O, 1980-ci ilin 4 noyabrında İraq Milli Məclisindəki çıxışında islamın, Qurani-Kərimin kimə məxsus olduğunu İranın dini liderlərinə "başa saldıqdan" sonra türklərə də hücum edərək deyirdi: "Əvvəllər Türkiyə də bizə gəlmişdi. Onlar da islam pərdəsi altında türkləşmə siyasəti yeridirdilər ki, ərəblər öz dillərini itirsinlər. Birinci Dünya müharibəsi zamanı ərəblər ayağa durdular və onlara dedilər: "Bəsdir, indi biz sizi istəmirik… Biz sizi müsəlman kimi istəyirik. Biz sizi qardaş kimi, yaxşı bir qonşu kimi istəyirik. Ancaq qardaşlar, biz istəmirik ki, siz bizə hökmranlıq edəsiniz". Yetər. İmperializmin hər gün bizə yeni pərdə altında gəlməsi yetər. Onlar İraqa növbə ilə gəldilər. Türkiyə gedir, İran gəlir, İran gedir, Türkiyə gəlir. Hər biri də islam pərdəsi altında".

Bəli, dövründən, zamanından asılı olmayaraq türklərə, Türkiyəyə belə münasibət ərəblərdə mütəmadi olaraq formalaşmışdır. Təbii ki, belə olan halda onlar xəlifə əl-Qaim Biəmrillahın zövcəsinin türk qızı olmasına və xilafəti Səlcuq türklərinin idarə etməsinə baxmayaraq, əgər Mahmud Kaşğari istəsəydi belə, ona "Nizamiyyə" mədrəsəsində türk dilindən, türk mədəniyyətindən dərs deməyə icazə verməzdilər.

İnsan yad bir məmləkətə, qürbət diyara ayaq basanda özünə məsləhətləşmək, dərdləşmək və s. üçün xalq şairi Zəlimxan Yaqub demişkən, "Əl əli isidib, qanı qan çəkən" bir munis, bir soydaş axtarır. Xətib Təbrizi Kaşğari üçün belə soydaş ola bilərdi. R.Əsgərin yazmasına görə M.Kaşğari Şamda da olmuşdur. Deməli, o, əsərini daha da təkmilləşdirmək üçün Şama dilçiliyə dair yalnız orada mövcud olan bir əlyazmasının sorağı ilə getmişdir.

Xətib Təbrizi də Bağdada gəlməzdən əvvəl Şamda (Dəməşqdə) olmuşdur və orada təhsil almışdır. Güman etmək olar ki, M.Kaşğariyə Şama səfərini, ya orada olan bir əlyazması ilə tanış olmaq, ya da kimlərdənsə konkret məsləhət almaq tövsiyəsini də X.Təbrizi məsləhət görə bilərdi.

Əlbəttə, bir daha qeyd etməliyik ki, bizim bu söylədiklərimiz konkret ərəb mənbələrinə söykənməyən mülahizələrdir. Məntiqilik baxımından orada sağlam rüşeymlər olsa da, onu reallaşdırmaq üçün axtarışlar aparmaq lazımdır. Bunun üçün türkçülüyü sevən, ərəb dilinə əla bələd olan mütəxəssislərə ehtiyac vardır. Ona görə də biz təklif edərdik ki, universitetlərin ərəb dili şöbələrində - onun aldığı təhsilin yönümündən, istiqamətindən asılı olmayaraq tələbələrə M.Kaşğarinin "Divani lüğat-it-türk" əsərinin orijinalı bir dərs vəsaiti kimi tədris olunsun. Özü də bu tədris ötəri maarifçilik, səthi təbliğat xarakterli tədris yox, Mahmud Kaşğarinin dahiliyini təsbit edən əhatəli bir tədris olmalıdır. Belə olarsa bu yönümdə yeni-yeni araşdırmalar aparıla bilər.

 

 

Vilayət CƏFƏR

 

Ədəbiyyat qəzeti.- 2010.-11 iyun.- S.3.