Unudulmazların unudulmayan obrazları

 

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin yaradıcılığını artıq otuz ildən çoxdur izləmişəm, mənim kimi ondan sonra gələn bir neçə nəsil onun saysız-hesabsız maraqlı məqalələri, fundamental araşdırmaları və əsərlərindən qidalanıb. Mən, əlbəttə, burada bu zəngin yaradıcılığı təhlil etmək, onun çoxşaxəli fəaliyyətinə qiymət vermək fikrindən uzağam, lakin bir məsələni xüsusi qeyd etmək yerinə düşər ki, artıq bizim elmi, ədəbi, bir qədər də ictimai-siyasi cameələrimizdə Qəzənfər Paşayev şəxsiyyəti özünün formalaşmış stereotiplərilə tanınıb və bu stereotiplərin ona məxsusluğu haqqında sabit qənaətlər mövcuddur. Onun bu qənaətləri bir qədər də artıran, bizdən ayrı düşənlərə sonsuz ehtiramını ifadə edən "Borcumuzdur bu ehtiram" adlı yeni kitabına "Unudulmazlar haqqında uvertüra" adlı ön söz yazan filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin mülahizələri fikirlərimizi bir daha təsdiq edir: "...xatirəni yaratmaq üçün də, yaşatmaq üçün də şəxsiyyət olmaq lazımdır. filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev ədəbi-ictimai mühitdə sayılıb-seçilən, nüfuzu və yeri olan, həm müasirlərinə, həm də dünyasını dəyişmiş unudulmazlara yüksək qədirşünaslıq bildirən belə şəxsiyyətlərdən biridir."

Əlbəttə, sənətkar, alim, eləcə də insan haqqında qənaətlər öz-özünə formalaşmır, onu formalaşdıran faktorlar isə insanın özündən, onun gördüyü işlərdən asılı olur. Bu mənada Qəzənfər Paşayevin obrazı, mənim fikrimcə, hələ sovet siyasi sisteminin tüğyan etdiyi bir zamanda qələmə aldığı "Altı il Dəclə-Fərat sahillərində" kitabının bədii əsər qədər məşhurlaşması və müəllifinə sonsuz şöhrət gətirməsi zamanından formalaşıb. Bundan sonrakı çoxşaxəli və məqsədyönlü fəaliyyəti Azərbaycanla İraqda yaşayan İraq türkmanları (azərbaycanlıları) arasında olan mənəvi sərhədlərin götürülməsinə yönəlmişdi. Bu, həqiqətən də belədir: onun "Kərkük bayatıları" (Rəsul Rza ilə birgə), "Kərkük mahnıları", "İraq-Kərkük atalar sözləri", "Kərkük tapmacaları", "İraq-Kərkük bayatıları", "Kərkük folkloru antologiyası" və s. onlarla kitabları və bu istiqamətdə apardığı işlər İraq türkmanlarını Azərbaycana tanıtdırdı və yaxınlaşdırdı. Əbdüllətif Bəndəroğlu ilə əlaqələri yalnız iki şəxsiyyətin deyil, bütövlükdə iki xalqın heç zaman kəsilməyən əlaqələrinin başlanğıcını qoydu.

Ədəbiyyatşünas alim Qəzənfər Paşayevin elmi, ədəbi-ictimai fəaliyyət dairəsi geniş, hərtərəfli və Azərbaycan sərhədlərini aşan bir çalışma və həyat örnəyidir. Onun məqalələri, fundamental araşdırmaları Bağdadda, İstanbulda, Tehranda, ABŞ-da ingilis, fars, türk, ərəb və s. dillərdə nəşr olunmuşdur. Bunu deməkdə əsas məqsəd müəllifin çoxşaxəli fəaliyyət sferasını göz önünə gətirmək və ömürlüyünün, tərcümeyi-halının zənginliyini diqqətə çatdırmaqdır. Çünki bütün bunlar, hər şeydən əvvəl, gecə-gündüz çalışmaq, əlaqələr və münasibətlər qurmaq, yaradıcı insanlarla ünsiyyətdə olmağı şərtləndirir.

"Borcumuzdur bu ehtiram" kitabını oxuyarkən bir daha Qəzənfər Paşayevin əlli illik bir zaman çərçivəsində yaşadığı Azərbaycan siyasi, ədəbi-mədəni, ictimai elitasının təkrarolunmaz simaları ilə yanaşı addımladığı və onlardan böyük bir mənəvi irs qəbul etdiyini aydın görmək olur. Kitabda haqqında söhbət açılan insanların hər biri Azərbaycanın yaxın ictimai-siyasi, ədəbi-mədəni, kulturoloji həyatında önəmli rolu olan şəxsiyyətlərdir. Müəllifin uzun illər boyu dostluq etdiyi, yaxud yaradıcılıq əlaqəsi saxladığı insanlar haqqında düşüncələrinə, fikirlərinə geniş yer verməsi onların xatirəsini yaşatmaq üçün ən yaxşı vasitələrdən biri kimi diqqəti çəkir. Bu insanlar içərisində Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni həyatında böyük xidmətlər göstərmiş, eləcə də, ümumən cəmiyyətimizdə özünəməxsus yer tutan şəxsiyyətlərin həyatı və fəaliyyətilə bağlı çox maraqlı, maraqlı olduğu qədər də əhəmiyyətli məqamlar qələmə alınır. Müəllif ümummilli lider Heydər Əliyevlə bağlı ən səmimi duyğularını təqdim edir. Eyni zamanda görkəmli elm və sənət xadimlərindən Səməd Vurğun, Rəsul Rza, İhsan Doğramacı, Bəxtiyar Vahabzadə, Məmmədağa Şirəliyev, Abbas Zamanov, Yaşar Qarayev, Əzizə Cəfərzadə, Qasım Qasımzadə, Nigar Rəfibəyli, Tofiq Bayram, Tofiq Bağırov, Mikayıl Azaflı, Vilayət Rüstəmzadə və başqa onlarla insanların ömürlüyünün Qəzənfər Paşayev yaddaşında tarixləşən anları son dərəcə maraq doğurur. Tədqiqatçı alim bu yazıları ilə tanıdığımız şəxsiyyətlərin tanımadığımız, yaxud cəmiyyət üçün görünməyən tərəflərini işıqlandırır. Orijinal oçerkləri birləşdirən əsas xüsusiyyətlərdən biri də onların son dərəcə səmimiyyətlə yazılması və haqqında danışılan insanları uzun illər yaxından tanıması, münasibətlərin isti-isti qələmə alınmasıdır. Müəllifin özünün bu münasibətlərdən aldığı təəssüratı və səmimiyyəti, xeyirxahlığı, yaxşılıq etməyi, əslində sələflərindən və müasirlərindən aldığı aydın olur. Onun vətənə, xalqa xidmət etmək xoşbəxtliyini B.Vahabzadə kimi vətənsevər şairdən eşitmək özü də bir xoşbəxtlikdir. Müəllif bu böyük şairlə olan görüşlərini necə də xoş duyğularla xatırlayır: "Aradan illər keçsə də, Bəxtiyar müəllimin səmimiyyətlə dediyi sözləri xatırlayır və indi daha yaxşı başa düşürəm. Onu da yaxşı dərk edirəm ki, mənə qismət olan bu xoşbəxtliyi Bəxtiyar Vahabzadə, Rəsul Rza, Abbas Zamanov kimi örnək adamlardan, xalıqımıza üzağlığı gətirən şəxsiyyətlərdən əxz etmişəm".

Qəzənfər Paşayevin "Borcumuzdur bu ehtiram" kitabı XX əsr Azərbaycanının siyasi və mədəni həyatında ölçüyəgəlməz rol oynamış Heydər Əliyevə həsr etdiyi, sevgi və məhəbbətlə qələmə aldığı "Xilaskar" oçerkilə açılır. Müəllif bu kiçik oçerkdə böyük şəxsiyyətin xalqımızın siyasi həyatında və taleyində oynadığı rolu son dərəcə dəqiqliklə ifadə edir: "Heydər Əliyev Azərbaycan reallığında böyük hadisə, bir epoxadır. Heydər Əliyev bir fenomen idi. Onu sahilsiz bir ümmana bənzətmək olar. Azərbaycan xalqı qarşısında Heydər Əliyevin xidmətləri ölçüyəgəlməzdir."

"Səməd Vurğunun dünya şöhrəti" oçerkində isə bu böyük şairin ölkəmizdən kənarda - uzaq Amerikada belə müşahidə etdiyi və şahidi olduğu şöhrətini qələmə alır; amerikalı professorun şairin "Zəncinin arzuları" poemasından dediyi misralar yalnız onu riqqətə gətirmir, şairin yaradıcılığı timsalında Azərbaycan varlığını tanıtmağa, təbliğ etməyə yönəldir.

Kitabda yer almış yazılar içərisində R.Rzaya və İhsan Doğramacıya həsr edilmiş "İki zirvədən biri" və "Sağlığında heykəlləri ucaldılan fenomen insan" oçerkləri faktların zənginliyi, təəssüratların bolluğuna görə xüsusi yer tutur. R.Rza ilə bağlı yazıda müəllif şairin yaradıcılığına, fəaliyyətinə yalnız Azərbaycan prizmasından baxmır, onu dünyanın gözü ilə dünya arenasında təhlil edir. Azərbaycan sovet poeziyasının iki zirvəsindən biri hesab etdiyi R.Rzanın Nəsimi və Füzulinin qəbirlərinin ziyarət və aşkar edilməsilə ilgili göstərdiyi vətəndaşlıq cəsarəti bu yazıda yüksək qiymətləndirilir. 1968-ci ilin noyabr ayında Hələbdə Nəsiminin qəbri üzərinə əklil qoyması sonralar şairin anadan olmasının 600 illik yubileyinin keçirilməsi və Bakıda heykəlinin ucaldılması ilə nəticələnir. R.Rzanın Füzuli yaradıcılığına məhəbbəti İraq türkmanlarının və onların yaratdığı xoyratların Azərbaycan ictimai-siyasi, ədəbi sferasına gəlişi kimi səciyyələnir. Müəllif Füzulini yetirən mühiti Azərbaycana tanıdan R.Rzanın bu xidmətini doğru dəyərləndirərək yazır:"Rəsul Rza Füzulinin görüşünə daha əvvəl, 1959-cu ildə getmişdi. Kərbəlada dahi Füzulini ziyarət etdukdən sonra anlaşılmaz sevinc və duyğularla Kərkükdə Füzulinin nəvə və nəticələri ilə görüşmüşdür. Həqiqət naminə deyək ki, əsasən Kərkük vilayətində toplu halda yaşayan, sayı üç milyona yaxın türkmanları - azərbaycanlıları bizə ilk tanıdan da Rəsul Rza olmuşdur."

Şübhəsiz, müəllifin münasibətdə olduğu insanlar içərisində İhsan Doğramacının xüsusi yeri vardır. Çünki onun şəxsiyyəti və gördüyü işlər yalnız doğulduğu və mənsub olduğu İraq türkmanları, yaşadığı və fəaliyyət göstərdiyi Türkiyədə deyil, bütün dünyada, eləcə də Azərbaycanda məşhurdur. Müəllif İhsan Doğramacını Azərbaycana yaxınlaşdıran və əbədi dostuna çevirən amillərə toxunur. Aydın məsələdir ki, Azərbaycan siyasi elitasının və ziyalısının bütün türk aləminin görkəmli simalarından olan İ.Doğramacıya münasibəti və onun ictimai-siyasi, ədəbi, mədəni, elmi cameəyə yaxından tanıdılması bu gün və gələcəyə hesablanmışdı. İ.Doğramacının həyatının, ömürlüyünün, gördüyü işlərin örnək olduğunu nəzərə alsaq, bu fenomen insanın gəlişi böyük bir gəlişmənin əsasını qoymuş olmalı idi və belə də oldu.Türkiyənin təhsil sistemini yeniləşdirmək və müasirləşdirmək işində misilsiz xidmətlər göstərmiş İ.Doğramacının təcrübəsinin öyrənilməsi baxımından da gəlişi maraq doğurduğundandır ki, müəllif onun Azərbaycanla ilişgilərinin ən yüksək səviyyədə həyata keçirilməsinə müasir Azərbaycanın baş memarı Heydər Əliyevlə dostluğuna diqqət çəkir. Müəllifin İ.Doğramacı haqqında yazdığı məqalə-oçerki oxuduqca onun qurub-yaratmaq əzmi, yenilikçi obrazı gözlərimiz önündə canlanır.

Qəzənfər Paşayevin səmimiyyətlə xatırladığı insanlardan biri də görkəmli türkoloq, dilçi alim və elm təşkilatçısı Məmmədağa Şirəliyevdir. Müəllifin onun haqqında yazdığı məqaləni "Türkologiya elmimizin banisi" adlandırması bu böyük alimin elmi fəaliyyətini dəqiqliklə ifadə etmiş olur və yalnız keçdiyi yola, elmi fəaliyyətinə qiymət verməklə kifayətlənmir, həm də onu elmə gətirən alimi xoş sözlərlə xatırlayır. Tədqiqatçı ədəbiyyatşünaslıq elmimizin görkəmli simalarından olan Abbas Zamanov və Yaşar Qarayevi anarkən elmi tədqiqat mühitimizin maraqlı məqamlarına nəzər yetirir. Müəllifin görkəmli ədəbiyyatşünas A.Zamanovla münasibətlərini "ata-oğul" müstəvisində təqdim etməsinin müəyyən əsasları da vardı. Çünki qəlbi daim xeyirxahlıq duyğusu ilə döyünən A.Zamanovla gənc yaşlarından tanış olan Qəzənfər müəllimin ilişgiləri bu böyük alimin ömrünün sonuna qədər davam etmiş və bu münasibətlər əqidə dostluğuna çevrilmişdir. Q.Paşayev onun sayəsində Azərbaycanın öndə gedən simalarıyla yaxından tanış olmuşdur. 70-80-ci illər gəncliyinin A.Zamanovu görkəmli ədəbiyyatşünas olmaqdan başqa, həm də bir vətənpərvər, sovet cəmiyyətinin Azərbaycanı siyasi buxovda, məngənədə saxladığı bir zamanda ermənilərin Naxçıvan iddiasına qarşı çıxaraq həyatını təhlükə altında qoyan bir vətəndaş kimi tanıması təsəvvürləri bu yazıda bir daha öz təsdiqini tapmış olur. Uşaq evindən başlayan A.Zamanov şəxsiyyətinin əsas cəhətləri son dərəcə dəqiqliklə ifadə olunur: "Onlardan biri və mühümü onun prinsipiallığı və obyektivliyi idi. Sözü adamın üzünə şax deyərdi. Heç vaxt kiminsə qarasına danışmazdı. Adamın yaxşı işlərini isə üzünə deməzdi, başqalarının yanında tərifləyərdi. Hünərli, mərdanə, eyni zamanda humanist idi. İnadkarlıq, mübarizlik, əqidəsindən dönməzlik elə bil elm və vətən fədaisi olan Abbas müəllimin boyuna biçilmişdi".

Peşəkar siyasətçi olmayan A.Zamanovun sovet cəmiyyətində gördüyü işləri ( xarici tədqiqatçılarla yazışması, Cavad xanın, Atatürkün şəkillərini yayması, gəncliyə doğru-düzgün yol göstərməsi və s.) böyük bir siyasətin-siyasi düşüncənin formalaşmasının əsasını qoymuş olur. Onun Türkiyəyə gedərkən Novxanıda Azərbaycan Xalq Cümuriyyətinin banisi M.Ə.Rəsulzadənin qohumları ilə görüşməsi və bir torba torpaq aparması da məhz bu vətəndaşlığın qabarıq nümunəsidir: "Az sonra Azərbaycan televiziyası ilə göstərilən verilişdə Rəsulzadənin qəbri üstündə Abbas müəllimin diz çökərək hönkürtü ilə göz yaşı tökdüyünün və göz yaşlarının qəbrin üstünə səpələnən vətən torpağı və qərənfillərlə qarşılaşdığının çoxları şahidi oldu". İnsanlar üçün bu qədər xeyirxah olan A.Zamanovun oğlu firuzla bağlı narahatlıqları nəinki onu tanıyanıarı, çağdaş oxucuları belə təsirləndirən bir tərzdə yazılmışdır.

Qəzənfər müəllim eyni səmimiyyətlə ədəbiyyatşünaslıq elmimizin görkəmli simalarından biri və uzun illər AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutuna rəhbərlik etmiş Yaşar Qarayevlə dostluq və əməkdaşlıq münasibətlərinə aydınlıq gətirir. Məqalədə "ömürlərə bərabər mənalı bir ömür yaşayan" Yaşar Qarayevlə onu yaxınlaşdıran amillər (Y.Qarayevin görkəmli bir elm təşkilatçısı olması, ensiklopedik biliyi və təfəkkürü, özünü fəda etmək qüdrətinə malik olması, folklor yaradıcılığına diqqəti) üzərində geniş dayanılır. Ən maraqlı cəhət ondan ibarətdir ki, belə bir yazıda müəllif  Y.Qarayevin ədəbiyyatşünaslıq elmimiz və ədəbi tənqidimiz üçün kimliyini dəqiqliklə ifadə edir: "O, ədəbiyyatşünaslığımıza və ədəbi tənqidimizə yeni təfəkkür və orijinal üslub gətirən, elmi səviyyəsi ilə seçilən bənzərsiz alimlərimizdən idi. Yaşar Qarayev ədəbiyyatımızın hansı dövründən yazır-yazsın, söz açdığı yazarın yaradıcılığına yüksək peşəkarlıqla yeni elmi baxış gətirən, bədii-estetik fikir tarixində, ədəbi düşüncə və tənqidin inkişafında misilsiz xidmətlər göstərən alimlərimizdəndir".

Kitabda xalq şairi Nigar Rəfibəyli, yazıçı Əzizə Cəfərzadə, xalq şairi Hüseyn Arif, yazıçı Fərman Kərimzadə, Aşıq Əkbər, şair, tərcüməçi Vilayət Rüstəmzadə, yazıçı Əlfi Qasımov, şair, folklorşünas Ağalar Mirzə haqqında yazılan məqalələrdə onların gözəl insan, böyük sənətkar, əsl ziyalı və dost kimi ürəyində yaşatdığı fikirlərini ifadə edir, xatirəyə dönmüş hadisə və faktları qələmə alır.

Şübhəsiz, "Borcumuzdur bu ehtiram" kitabında toplanmış hər bir elegiya-oçerk (kitabdakı məqalələrin janrını bu cür də müəyyənləşdirmək olar) üzərində daha geniş dayanmaq, buradakı fikirlərin bu insanların özlərindən sonra qoyub getdikləri təəssüratların səmimiliyi haqında mülahizələr söyləmək olar. Bu insanlara həsr olunan yazılar o qədər səmimiliklə və dəqiqliklə yazılıb ki, onların hər birinin obrazı gözlərimiz önündə canlanır. Bütün bunlara rəğmən kitabda yer almış bir oçerk üzərində ətraflı dayanmaq istəyirəm. Belə ki, Qəzənfər müəllimin məqalə və əsərlərini oxuduğum zamandan onun yaxın dostu, iki ölkə, xalq arasında yaxın münasibətlər yaradan və bu əlaqələri ömrünün sonuna qədər sürdürən Əbdüllətif Bəndəroğlunu qiyabi olaraq mənə tanıdan da Qəzənfər müəllim olmuşdur. Həm Qəzənfər müəllim, həm də Əbdüllətif Bəndəroğlunun birgə gördüyü işlərin miqyasını burada qısaca olaraq təsvir etmək çətin olsa da, deməliyəm ki, bu əlaqələr ayrıca bir tədqiqatın mövzusudur. Bizə onu demək qalır ki, qırx ildən artıq zaman kəsiyində davam edən bu əlaqələr gələcək nəsillər üçün böyük bir ədəbi, mədəni irs olaraq bu kimi şəxsiyyətlərin səyi, çalışmaları nəticəsində yəqin ki, bundan sonra da davam edəcək.

"Borcumuzdur bu ehtiram" kitabında haqqında söhbət açılan insanlardan başqa bir adamın da obrazı gözlərimiz qarşısında canlanır; bu da bizdən ayrı düşənlərə, eləcə də müasirlərinə son dərəcə qayğı və ehtiramla yanaşan, unudulmayanların obrazını yaradan müəllifin öz obrazıdır.

 

 

Bədirxan ƏHMƏDOV

 

Ədəbiyyat qəzeti.- 2010.- 11 iyun.- S.5.