Nakam ömrün nəğməsi

 

Naxçıvan teatrı 2010-cu ilin əvvələrində şair-dramaturq Müzəffər Nəsirlinin "Qönçəbəyim nəğməsi" adlı əsərinə müraciət etmişdir. "Qönçəbəyim nəğməsi" faciəsini müəllif təxminən 60-cı illərin ikinci yarısında yazmış və 70-ci illərin sonunda Naxçıvan Dövlət Musiqili Dram Teatrının bədii şurasına təqdim etmişdir. Lakin o zaman əsər teatra qəbul edilməmiş, dövrün və quruluşun diqtəsilə müəllifə tövsiyə olunmuşdu ki, günün tələbinə uyğun qeyd olunan əlavə və ixtisarları aparmaqla pyes üzərində yenidən işləsin. Lakin M. Nəsirlinin qəflətən dünyasını dəyişməsi (31 dekabr 1979-cu il) səbəbindən pyes bir daha teatra təqdim edilməmişdir.

Nəhayət, 30 ildən sonra, xoş bir təsadüf nəticəsində "Qönçəbəyim nəğməsi" yenidən Naxçıvan Dövlət Musiqili Dram Teatrına təqdim olundu və əsərin tamaşaya qoyulması məqbul sayıldı. İki hissədən ibarət olan bu faciəni teatrın quruluşçu rejissoru, xalq artisti Rövşən Hüseynov səhnəyə çıxarmışdır.

Son illərdə Rövşəni tarixi pyeslər daha çox cəlb edir. İlyas Əfəndiyevin "Hökmdar və qızı", Kəmalənin "Məhsəti" faciələrini Rövşən Hüseynovun monumental tamaşaları saymaq olar.

Bu silsiləyə "Qönçəbəyim nəğməsi" tamaşasını da əlavə etmək olar. Bu tamaşa ümumilikdə quruluşçu rejissorun növbəti uğuru sayıla bilər. Rol bölgüsündə bir qayda olaraq risk etməyi sevən Rövşən Hüseynov yeni quruluşunda da bu ənənəsinə sadiq qalmışdır. O, hər bir tamaşasında əsasən gənc aktyorlara daha çox üstünlük verir.

"Qönçəbəyim nəğməsi" tamaşasında baş rolu gənc aktrisa Zəminə Baxşəliyeva oynayır. Əvvəllər Naxçıvan Dövlət Kukla Teatrında, sonralar isə bu qocaman sənət ocağında çalışdığı bir neçə il müddətində böyük-kiçik rollar ifa edən Zəminə ilk dəfə səhnədə əsərin qəhrəmanını, özü də tarixi bir şəxsiyyəti canlandırır. Quruluşçu rejissorun səyi, düzgün istiqaməti və tövsiyələri nəticəsində bu məsuliyyətli obrazın öhdəsindən ciddi zəhmət nəticəsində layiqincə gəlməsi Zəminənin böyük nailiyyətidir. Böyük ilhamla yaradan şairə, dərin məhəbbətlə sevən aşiq, səmimi rəfiqə, itaətkar övlad və nifrət bəslədiyi bir adamın arvadı olan Qönçəbəyimin yaşantılarını, iztirablarını aktrisa təbii surətdə tamaşaçıya çatdırmağa müvəffəq olur.

Tamaşada əsas obrazlardan biri Naxçıvan xanlığının sonuncu başçısı, Kəngərlilər, sonradan isə Naxçıvanskilər adlanan sülalənin nümayəndəsi Ehsan xandır. "Türkmənçay müqaviləsi"ndən sonra Rusiyanın işğal etdiyi Naxçıvan xanlığı vilayət adlandırılmışdır ki, onun da ilk naibi Ehsan xan Naxçıvancki olmuşdur.

"Qönçəbəyim nəğməsi"ndə Ehsan xan mürəkkəb və ziddiyyyətli bir xarakterdə təqdim olunur. Xalq artisti Kamran Quluyev yaratdığı obrazın səhnədən-səhnəyə müxtəlif şəraitlərdə düşdüyü vəziyyəti, sevincini, qəzəbini, daxili sarsıntılarını, ilk baxışdan nəzərə çarpmayan, lakin içində alışan vətənpərvərliyini, humanistliyini rəngarəng çalarlarla ifadə etməyə nail olur.

Şamil xan əsərin mərkəzi personajlarından biridir. Burada sabiq İrəvan xanının bacısı oğlu kimi göstərilən bu adam, qızının narazılığı və acı göz yaşlarına baxmayan Ehsan xanın təklifilə onun kürəkəni olur. Üzdə müsəlmanlıqdan, ədəb-ərkandan, düzlükdən dəm vuran Şamil xan əslində olduqca hiyləgər, nadan, qəddar, pozğun, kobud və əhlikef bir şəxsdir. Şamil xan onun iç üzünə yaxşı bələd olan İbrahim bəyi Qönçəbəyimi sevməsi bəhanəsilə göz qırpmadan xəncərlə vurub aradan götürməsi bu obrazın daxilən açılmasına yardım edir. Şamil xan qonaq gəldiyi qayınatası evində, mötəbər şəxslərin yanında da özünü apara bilmir, yersiz davranışı və təhqiredici sözlərilə hamını təngə gətirir. Öz evində Qönçəbəyimin gününü qara edən, onu söyməkdən, döyməkdən belə çəkinməyən Şamil qayınatasını da təhqir edir. Tamaşada ən mənfi obraz olan Şamil xanın bütün eybəcərliklərini məharətlə təqdim edən Muxtar Respublikanın əməkdar artisti Əbülfəz İmanov özünün orijinal oyun tərzilə istər-istəməz rəğbətlə qarşılanır. Aktyorun öz rolu üzərində məsuliyyətlə işlədiyi aydın hiss olunur.

Tamaşanın digər əsas obrazlarından biri də Nikoloz Barataşvilidir. O, imperiya məmuru olsa da, poetik qəlbli, humanist bir insandır. Əsərdə N. Barataşvili zəmanəsinin və Qafqazın tanınan şairlərindəndir, Ehsan xanla ailəvi dostluq münasibəti vardır, bacısı Maiko ilə tez-tez onların qonağı olur, Qönşəbəyimin şeirlərinə böyük maraq göstərir, musiqi vurğunudur, muğamatı çox sevir, məşhur xanəndə Səttara xüsusi ehtiram bəsləyir. Barataşvilinin bütün bu xüsusiyyətləri obraza görkəmcə uyğun gəlməsə də, xalq artisti Rza Xudiyevin ifasında təbii boyalarla əks etdirilir.

Tarixən N. Barataşvi ilə Qönçəbəyimin səmimi dostluq münasibətində olmaları, yeni şeirlərilə bir-birini tanış etmələri faktları məlumdur. Əsərdən irəli gələrək tamaşada bu məqamların verilməməsinə baxmayaraq Barataşvilinin Qönçəbəyimin acı taleyinə biganə qalmaması açıq-aydın hiss olunur və bu onun Ehsan xanla öz kabinetindəki söhbətində daha qabarıq nəzərə çarpır.

Qönçəbəyimin taleyi anası Şövkət xanımı, yaxın rəfiqələri Əfşanı və Pərini, sevgilisi İbrahim bəyi, onun dostları Şiraslanı və Camalı, Maiko Barataşvilini də narahat edir. Lakin Ehsan xanın qəti qərarından sonra Qönçəbəyimin Şamil xanla izdivacının qarşısını kimsə ala bilmir.

Aktrisa Nazlı Hüseynquliyevanın ifasında Şövkət xanımın biçarəliyi, köməksizliyi, keçirdiyi daxili təlatümlər aydın əks olunur. Lakin final səhnəsində anasını haraylayaraq hövlnak, başıaçıq içəri girən Qönçəbəyimin bir neçə dəfə "Ana!" deməsindən sonra içəri otaqdan Şövkət xanımın çox sakit, təbəssümlə gəlməsi, qızının bu halına heç bir münasibət göstərməməsi, həyəcanlanmaması, yalnız onun atası evinə gələrkən zəhər içdiyini eşidəndən sonra haray-qışqırıq salması təəccüb doğurur. Bizcə, bu səhnə rejissor diktəsindən irəli gəlsə də, aktyor səhnədə yaranmış vəziyyətə özünün fərdi münasibətini bildirməli idi.

Əfşan və Pəri rollarının ifaçıları Zəlihə Hüseynquliyeva və Xanım Şirəliyeva Qönçəbəyimlə söhbətlərində, ona qarşı qayğıkeşlikdə təbii və yaddaqalan oyun nümayiş etdirirlər.

Muxtar Respublikanın əməkdar artistləri Bəhruz Haqverdiyevin (İbrahim bəy) və Kəklik Novruzovanın (Maiko), aktyorlardan Zakir Fətəliyevin (Knyaz Melikov), Cəbrayıl Nəbiyevin (Şiraslan), Teyyub Zeynalzadənin (Camal), Yunis Cəfərovun (Xanlıq Kərim) xarakterik oyun tərzləri ifa etdikləri obrazın əsas xüsusiyyətlərinin çatdırılmasına kömək edir və xoş təsir bağışlayır.

Xanəndə Səttar rolunda çıxış edən aktyor Hünər Əliyev öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirir. Ehsan xanın evindəki ziyafət səhnələrindən birində Səttar - Hünər Əliyev Qönçəbəyimin qəzəllərindən də muğamatla ifa edir. Arzu edərdik ki, tamaşaya Arazla bağlı, o taylı-bu taylı nisgilli xalq mahnıları da salına idi. Çünki tamaşada hadisələr 1843-cü ili əhatə edir. "Türkmənçay müqaviləsi"ndən cəmi 15 il keçib və Azərbaycan xalqınin yarası hələ təzədir. Bu hadisə ilə bağlı xalq mahnıları da məhz həmin illərdə yaranmışdır. Belə xalq mahnılarından bəzilərinin müəllifi bəlkə də elə xanəndə Səttarın özü olmuşdur.

Tamaşada aktyorların demək olar ki, hamısının təbii və qənaətbəxş oyunu ilə yanaşı, əksəriyyətinin danışığında bir tələskənlik movcuddur ki, bəzi sözlər aydın tələffüz olunmadığından tamaşaçıya çatmır. Bir sıra aktyorlar səhnə danışığına düzgün əməl etmədiklərinə görə tamaşada orfoepiya qaydaları tez -tez pozulur. Bəzi gənc iştirakçıların tələffüzündə isə ləhcə hiss olunur.

Bu gün Naxçıvan Dövlət Musiqili Dram Teatrında studiya fəaliyyət göstərir. Studiyanın təşkil olunmasında məqsəd gənc həvəskarlara səhnə qanunlarını, aktyor sənətinin sirlərini, səhnə danışığı qaydalarını və səhnə hərəkətinin vacib elementlərini aşılamaqdır. Çox təəssüf ki, son yeni tamaşalarda teatrda belə bir studiyanın varlığı qətiyyən hiss olunmur.

Bir qədər də "Qönçəbəyim nəğməsi"nin bədii tərtibatı barədə. Tamaşanın rəssamı Səyyad Bayramovdur. Muxtar Respublikanın əməkdar rəssamı olan S.Bayramov son on ildə Naxçıvan Teatrında 10-dan artıq tamaşanın quruluşçu rəssamı olub və demək olar ki, əksəriyyətində də işi uğurlu alınıb, rəğbətlə qarşılanıb. Yeri gəlmişkən qeyd edim ki, S.Bayramov eyni zamanda Naxçıvan Dövlət Uşaq Teatrının quruluşçu rəssamı kimi buradakı bütün tamaşalarda yüksək yaradıcılıq nailiyyətləri əldə edib.

"Qönçəbəyim nəğməsi" tarixi bir tamaşa olduğuna görə quruluşçu rəssamın işində o dövrün ab-havası duyulmalıdır. "Qönçəbəyim nəğməsi" tamaşasında bu məsələ həll olunub. Lakin tamaşada rəssamın yol verdiyi xətalar da mövcuddur. Əsərdən məlumdur ki, Qönçəbəyimin 16 yaşı vardır və onun 1827-ci ildə doğulduğunu nəzərə alsaq, deməli tamaşada hadisələr 1843-cü ildə cərəyan edir. Tamaşada istifadə edilən milli geyimlər qismən qəbul edilsə də, Ehsan xanın, Barataşvilinin və knyaz Melikovun hərbi mundirləri qətiyyən dövrə uyğun deyil. Belə hərbi formalar Rusiya imperiyasında 1870-ci illərdən sonra tətbiq olunmağa başlamışdır. Nədənsə Barataşvilinin kabinetində müasir stullardan istifadə olunur. Arxa pərdədə təsvir olunan şəhər mənzərəsində də rəssam qüsurlara yol vermişdir. Belə ki, "Möminə xatun" türbəsinin ətrafı düzgün işlənməmiş və burada şəhərin Cümə məscidi, "Yusif Küseyiroğlu" türbəsi lüzumsuz təsvir edilmişdir. Bir cəhət də təəccüb doğurur ki, 1980-ci illərdə Naxçıvan kəndlərindəki qəbirüstü abidələrdən qopardılaraq "Əcəmi seyrəngahı"nda quraşdırılmış qoç heykəlləri də zadnikdə əks olunub. Burada biz hərəkət etməkdə olan, lakin uzun müddət yerindən tərpənməyən insan və heyvan rəsmlərini görürük. Səhnədə belə təsvirlər adətən uşaqlar üçün hazırlanmış tamaşalarda nəzərdə tutulur.

Tamaşada rejissor və rəssamın birgə traktovkasından irəli gələn daha bir nöqsan isə Ehsan xanın evindəki ziyafətlərdə ev sahibi başda olmaqla kişilərin papaqda oturmalarıdır. Burada musiqiçilər (Məhəmməd Xəlilov və Elçin Axundov) istisna təşkil edə bilərlər. Lakin Ehsan xanın, Barataşvilinin və Melikovun süfrə arxasında papaqlı oturmaları düzgün deyil.

Bu məclislərin birində Süleyman xan da iştirak edir.

Əsərdə qeyd olunur ki, o, Şəki xanıdır və Ehsan xanın qaynıdır. Əvvəla burada müəllifdən gələn tarixi təhrifə yol verilmişdir. Çünki Şimali Azərbaycanın bütün xanlıqları 1828-ci ildən - "Turkmənçay müqaviləsi"ndən sonra ləğv edilmişdir. Bu baxımdan həmin obraz rejissor tərəfindən artıq bir personaj kimi ixtisar oluna bilərdi. Əgər tamaşada Suleyman xan obrazı olmasaydı, bu heç də hiss olunmayacaqdı və həmin rolun ifaçısı, respublikanın əməkdar artisti Xəlil Hüseynov da səhnədə gərgin və çıxılmaz bir vəziyyətə düşməyəcəkdi. Belə vəziyyət diqqətli tamaşaçı tərəfindən anında sezilir. Çünki bu obraz əsərin əsas ideyasına və ana xəttinə bağlanmayıb, o, bir dayı kimi Qönçəbəyimin taleyinə də müdaxilə edə bilmir və sanki ona laqeyd qalır.

Bədii quruluşdakı nöqsanlardan daha biri. Ehsan xanın evində, daha dəqiqi - qonaq otağında Naxçıvan xanlığının rəmzləri, atributları nəzərə çarpmır. Axı bu ev Kəngərlilərin - Naxçıvanskilərin iqamətgahı, Xan sarayıdır. Xanlığın məxsusi bayrağı və gerbi olmuşdur. Doğrudur, xanlığın ləğvindən sonra gerb ruslar tərəfindən müsadirə olunmuş və bir daha Ehsan xana qaytarılmamışdır. Lakin əvvəldə qeyd etdiyim kimi, Ehsan xan burada artıq neçə illərdir ki, Naxçıvan vilayətinin ilk naibi vəzifəsini icra edir. Heç olmasa, bunu əks etdirən simvol qonaq otağında görünməli idi.

Tamaşanın musiqisinə gəlincə, qeyd etmək lazımdır ki, çox dolğun, əsərin ruhuna uyğun musiqi parçaları seçilmişdir ki, bu da tamaşanın temporitminə və bədii səviyyəsinə müsbət təsir edir. Bu baxımdan tamaşanın musiqi tərtibçisi, Muxtar Respublikanın əməkdar artisti Əbülfət Babayevin səmərəli axtarışları və gərgin əməyi danılmazdır.

Teatrda hər bir tamaşanın hazırlığı ağır zəhmət, gərgin yaradıcılıq axtarışları və ciddi məsuliyyət tələb edir. Tarixi əsərə müraciət isə bu tələbləri ikiqat artırır. "Qönçəbəyim nəğməsi"ndə sadalanan nöqsanlar niyə mövcud olub, səbəbi nədir? Hər bir tamaşanın uğur və nöqsanlarına yaradıcı heyətlə bərabər teatrın bədii şurası da ciddi məsuliyyət daşıyır. Naxçıvan Teatrında on ildən artıq bir müddətdir ki, bədii şuranın formal adı və yalnız ictimai baxışlarda (daxili baxış olmadan) toplaşan üzvləri vardır.

Bundan əlavə tamaşaların mövzusuna görə hazırlıq prosesində ixtisaslı məsləhətçi sözünə ciddi ehtiyac duyulur, xüsusən tarixi əsərlərə müraciət zamanı. Bu baxımdan "Qönçəbəyim nəğməsi"nin hazırlığında da mütləq ixtisaslı məsləhətçi dəvət olunmalı, tarixi faktlar və digər detallar dəqiqləşdirilməli idi. Bütün bunlara baxmayaraq Qönçəbəyim kimi şairəmizi, Ehsan xan kimi tarixi simamızı dramaturgiyamıza və səhnəmizə gətirən müəllifə, həmçinin tamaşanın yaradıcı heyətinə minnətdar olmalıyıq. "Qönçəbəyim nəğməsi" Müzəffər Nəsirlinin 2011-ci ildə tamam olacaq 100 illik yubileyinə Naxçıvan Teatrının bir töhfəsi olaraq da dəyərləndirilməlidir.

Sonda bir cəhəti də qeyd etməliyəm ki, Muxtar Respublika rəhbərliyinin xüsusi diqqət və qayğısı sayəsində Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında aparılan əsaslı təmir və yenidənqurma səbəbindən hazırda tamaşalar texniki imkanları məhdud olan bir səhnədə göstərilir. Ümidvarıq ki, yeni mövsümdə, doğma səhnədə yeni imkanlardan istifadə olunaraq qüsurları aradan qaldırılmış "Qönçəbəyim nəğməsi"nin şahidi olacağıq.

 

 

Ələkbər QASIMOV

 

Ədəbiyyat qəzeti.- 2010.- 11 iyun.- S.2, 6.