Meyxana,
yoxsa bədyə?
Mübahisələr, mülahizələr
Azərbaycan ədəbiyyatşünaslığında bədii-struktur xüsusiyyətləri çox az öyrənilən janrlar içərisində meyxana və bədyə də vardır. Mövcud lüğətlərdə bu anlayışların mahiyyəti, janr xüsusiyyətləri dərindən və ətraflı təhlil - şərh edilmədən onlar haqqında səhv mülahizələr söylənilir: 1. Guya meyxana və bədyə "Azərbaycan xalq şeri növü"dür; 2. Meyxana ilə bədyə eyniləşdirilərək sinonim anlayışlar kimi təqdim olunur.
Əvvələn, meyxana "xalq şeri növü" deyil, təriqətlərlə bağlı yaranan poeziyanın janrıdır. Meyxanalar əruzda, xalq şeri hecada olur. Meyxanaları konkret yaradıcı şəxslər - meyxanaçı şairlər söyləyir, onu həmin şairlərin özləri, tərəfdarları, yaxud yetirmələri (tələbələri) yazıya alıb saxlayırlar. Meyxanalar həcmcə geniş olduğundan (ən azı 15-25 bənd) onları şifahi olaraq, məsələn, bayatı, layla, yaxud holavar, sayaçı sözləri kimi asanlıqla əzbərləyib yaddaşa həkk etmək mümkün deyil. "Şairlərin el şənliklərində, bəzən musiqinin müşayiəti ilə, çox vaxt da musiqisiz söylədikləri meyxanalarda canlı həyat hadisələri, ayrı-ayrı adamların xasiyyət və rəftarı, nöqsan və eyibləri təsvir olunur. Meyxanada satira, xalq yumoru və hazırcavablığı, oynaq və şux əhval-ruhiyyə üstünlük təşkil edir".
Ədəbiyyatşünas-alim Əziz Mirəhmədovun 1970-ci illərdə söylədiyi bu yığcam və sanballı fikir sonralar xalq yazıçısı Elçinin ədəbiyyatşünas Vilayət Quliyevlə yazdığı "Özümüz və sözümüz" kitabında da yer alır. Onlar doğru deyir ki, meyxanalar bədahətən söylənilir. Satirik və yumoristik pafosda olur. Bu cür şeirləri ya bir nəfər, ya da bir neçə nəfər şair söyləyir. Həcmcə 15-20 bənddən, hər bəndi 4, 5, 6 misradan ibarət olur. Meyxananın əvvəlində, adətən, bir-birinə həmqafiyə olan iki misra verilir (sabit beyt). Həmin misraları dinləyicilər nəqərat kimi bütün bəndlərdən sonra təkrar edirlər. Buna vagirə deyirlər.
Bəndləri 4 misradan ibarət olan meyxanaların əvvəlinci üç misrası öz aralarında qafiyələnir, 4-cü misra meyxananın başlanğıc misraları ilə, sabit beytlə həmqafiyə olur və bundan sonra başlanğıc misralar nəqərat kimi təkrar edilir: a a ; b b b a; a a; v v v a ; a a ; q q q a; a a ; və bu kimi.
Ə.Mirəhmədov meyxananın "müəyyən mənada xalq teatrı janrından biri" olduğunu qeyd edir. Doğurdan da, 2-3 nəfərin birlikdə qabaq-qənşər dayanıb, söylədiyi meyxanalarda tamaşa əlamətləri vardır. Tərəflərin nitqi ilə bərabər jestləri, mimikaları da müəyyən funksiya daşıyır: razılıq, narazılıq, məmnunluq, təəssüf, sevinc, kədər və s. ifadə edir. Xüsusilə tərəflər bir-birinə "dov gəlmək" istədikdə jestlərin və mimikanın funksiyası artır, onların nitqlərində və hərəkətlərində aktyorluq güclənir. Səsin tembri, poetik intonasiyası tez-tez dəyişir, sürətlə qalxıb-enir ki, bunları ifaçılıq üslubu elementləri saymaq olar.
Bədyələrdə də bu xüsusiyyətlər var. Lakin meyxanadan fərqli olaraq bədyədə gülüşün təbiəti başqadır. Meyxanada incə yumor, zarafat, bədyəyə isə acı gülüş, sərt satira xasdır. Ə.Mirəhmədov yazır ki, meyxana el arasında bəzən bədyə adlanır. Bəlkə, hansı bir kənddə, yaxud məhəllədə "meyxana" və "bədyə" eyni anlamda başa düşülüb. Ancaq onlar eyni anlayış deyillər; meyxananı söyləmək, yaxud yazmaq üçün əruz qaydalarına, klassik poetikanın tələblərinə riayət etmək lazım gəlir. Bədyələr isə adi mənzumələrdir. Meyxanada tərəflər bir-birinin nöqsanını, adətən, çox incəliklə, təhqirə yol vermədən söyləyirlər. Bədyənin leksikasında isə kobud sözlərə, hətta tabulara, parnoqrafik ifadələrə yer verilir.
Bədyələrdə həcv elementləri qüvvətlidir. Bəlkə də, bədyə həcvgu şairin şifahi surətdə, bədahətən söylədiyi mənzumədir. Belə şeri bir və ya bir neçə nəfər söyləyir. Adətən onu sancır, toxunan söz deyirlər. Bu zaman bədyəçi qəzəblənərək cuşa gəlir, həmin adamı kobud sözlərlə yanıyır.
Əvvəllər meyxana deyəni dinləyicilər çırtma ilə müşayiət edirdilər. Çırtmanın səsi, ahəngi gücləndikcə ifaçı vəcdə gəlirdi. Sonralar çırtma və dəflə müşayiət etməyə başladılar. İndi meyxanalar ritmik musiqinin müşayiəti ilə bəzən oynaq, şux bir mahnı kimi oxunur. Bu hal janrın təbiətini, özünəməxsusluğunu dəyişdirir. Əslində meyxanalarda, bədyələrdə belə əlamətlər olmayıb. İndi bədyəçilər demək olar, yoxdur.
Son vaxtlar meyxana nisbətən geniş yayılıb. İlk dəfə 1991 və 1997-ci illərdə tanınmış şoumen Qorxmaz Əlilicanzadə meyxanaçıların respublika üzrə müsabiqəsini təşkil etmişdir. Bakı Dövlət Sirkində üç gün meyxana məclisi qurulmuşdur. Sonra isə televiziyanın ANS və digər kanallarında belə çıxışlara mümkün qədər yer verilir. Beləliklə, yuxarıda deyilənlər göstərir ki, meyxana və bədyə müxtəlif janrlardır. Onları eyniləşdirməyin elmi əsası və praktik faydası yoxdur.
Zaman ƏSGƏRLİ
Ədəbiyyat qəzeti.- 2010.- 18 iyun.- S.6.