Mühacirət ədəbiyyatımızın bir budağı
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan mühacirət ədəbiyyatının əsaslı şəkildə araşdırılması ədəbiyyatşünaslıq elmimizin ən ümdə vəzifələrindən birinə çevrilmişdir. Buna baxmayaraq, keçən əsrin sonlarına qədər mühacirət ədəbiyyatımızın, ümumiyyətlə, Azərbaycan mühacirətinin öyrənilməsi sahəsində işlər sistemli şəkildə aparılmamış, ciddi elmi əsərlər demək olar ki, yazılmamışdır. Cəsarətlə söyləmək olar ki, son on ildə bu boşlugün aradan qaldırılması yönündə nəzərə çarpacaq fəallıq müşahidə olunur.
Filologiya elmləri namizədi, dosent Nikpur Cabbarlının sanballı elmi monoqrafiya və məqalələri bu mənada diqqəti daha çox cəlb edir. Onun bu yaxınlarda "Elm" nəşriyyatında işıq üzü görmüş "Abay Dağlının mühacirət dövrü yaradıcılığı" monoqrafiyası da mühacirətşünaslığımıza qiymətli bir töhfədir.
Mühacirət ədəbiyyatının tanınmış nümayəndələrindən olan A.Dağlının ədəbi irsini zaman və məkan kontekstində araşdıran tədqiqatçı bu irsin aktual ictimai-siyasi, mənəvi-əxlaqi problemlərini ön plana çəkir, dövrün mütərəqqi meyllərini, fəlsəfi-estetik baxışlarını saf-çürük edir. Müəllif qeyd edir ki, Azərbaycan mühacirət ədəbiyyatında sənətkar və zaman problemi daha çox A.Dağlının yaradıcılığında öz bədii əksini tapmışdır. N.Cabbarlı öz mülahizələrini sübuta yetirmək üçün dramaturqun 3 pərdə 9 şəkildən ibarət olan "Füzuli" pyesinin genış təhlilini vermişdir. Əsərin ruhunu, dramatik konfliktin xarakterini düzgün müəyyənləşdirən tədqiqatçı pyesin konfliktinin Füzuli ilə ona qarşı duran şəxslər arasında deyil, "şəxsiyyətlə mühitin, insanla zamanın qarşıdurması"nda olduğunu nəzərə çatdırır. O haqlı olaraq yazır: "Bu əsərdə dramatik konfliktin əsasını, bir tərəfdən, Füzulinin dünyagörüşü, ideya və arzuları ilə yaşadığı mühitin idraksızlığından yaranan ziddiyyətlər, digər tərəfdən isə onun bir şəxsiyyət kimi özünün daxili ziddiyyətləri təşkil edir".
Azərbaycan mühacirət ədəbiyyatının bir sıra tədqiqatçıları (prof. Ə.N.Tərlan, prof. V.Sultanlı və b.) A.Dağlının "Füzuli" pyesindən bəhs etmişlər. Onların əsər haqqında söylədikləri bəzi fikirləri məqbul hesab etməyən N.Cabbarlı yazır: "Zənnimizcə, səhnədə şəxsiyyətin böyüklüyü, sənətkarın daxili ailəminin zənginliyi, məqsədlərinin aliliyi və ülviliyi - onu əhatə edən, yaxud ona qarşı duran obrazların epizodik fonda təsviri yolu ilə deyil, güclü xarakterlərlə toqquşmasında, gərgin dramatik vəziyyətlərdə müdrik, inamlı və inadlı davranışlarda əksini tapmalıdır".
Pyesdə dramatik süjetin əsasını məhəbbət xəttinin təşkil etdiyini vurğulayan N.Cabbarlı müəllifin vətən həsrətini, qürbət ağrılarını məharətlə təsvir etdiyini "azərbaycanlıların qürbət eldə milli adət-ənənələrini, məişət tərzini qoruyub saxlamalarını" real lövhələrlə əks etdirdiyini də söyləyir. N.Cabbarlı belə qənaətə gəlir ki, A.Dağlı Füzulini bitkin bir obraz kimi verə bilmişdir. O yazır: "A.Dağlı pyesdə Füzulini yalnız saf məhəbbətlə sevən bir aşiq kimi deyil, eyni zamanda, öz yaradıcılığı ilə mühüm ictimai-siyasi problemlərə toxunan mütəfəkkir-şair kimi səciyyələndirməklə onun bitkin obrazını yaratmağa müvəffəq olur".
Kitabın "Anadolu istiqlal savaşının inikası" bölümündən öyrənirik ki, A.Dağlı 1965-1974-cü illər arasında "Sakarya", "Atatürk", "Sakarya çetəsi", "Malazgirtdən Sakaryaya", "Sakaryada 22-ci gün" və "Ata anıları" sərlövhəli altı pyes yazmışdır. Anadolu istiqlal savaşının bədii əksi olan bu əsərləri təhlil etməzdən əvvəl müəllif həmin dövrün tarixi hadisə və faktlarına nəzər salaraq haqlı olaraq yazır: "A.Dağlının müraciət etdiyi dövr Türkiyə tarixinin olduqca gərgin, ziddiyyətli, dramatik bir dövrüdür. Vətənin, milli dövlətçiliyin taleyi sınağa çəkildiyi bir zamanda türk xalqı Atatürkün öndərliyi ilə istiqlal savaşına qalxmışdır". Tədqiqata cəlb olunan pyeslərdə hadisələrin əsasən Sakarya bölgəsində cərəyan etdiyini vurğulayan alim əsərlərin əsas dramatik xəttini isə işğalçı qüvvələrlə hökumətin təslimçi mövqeyini müdafiə edən qüvvələrin qarşıdurması, Mustafa Kamal paşanın həyat və mübarizəsinin Anadolu istiqlal savaşı ilə bağlı dövrü, xalqın azadlıq arzusu, döyüş əzmi, qələbəyə olan sarsılmaz inamı təşkil etdiyini ön plana çəkir.
Anadolu istiqlal mücadiləsinə həsr edilmiş bu pyeslərdə A.Dağlı dövrün bir sıra ictimai-siyasi ziddiyyətlərinin bədii əksini verməklə yanaşı, xalqın, onun rəşadətli oğul və qızlarının azadlıq uğrunda öz canlarından keçməyi şərəf saydıqlarını da ön plana çəkmişdir. Pyesləri təhlil edərkən N.Cabbarlı bu amili duymuş, əsərlərdə təsvir olunan surətləri xarakterizə edərkən onların mənəvi-əxlaqi keyfiyyətlərini yüksək qiymətləndirmişdir. Onun "Sakarya" pyesində cərəyan edən hadisələrlə bağlı yazdığı fikirlər çox maraqlıdır. Kitabda oxuyuruq: "Türkün əsir, hüquqsuz, şanlı tarixi keçmişinə yaraşmayan durumu ilə barışa bilməyən mücahidlər Sakarya cəbhəsində rəşadətlə vuruşurlar. Sultan hakimiyyətini qoruyub saxlamaq üçün hətta vətəni belə yadlara satmağa hazır olan təslimçilər müxtəlif təxribatlarla mücahidləri sarsıtmağa çalışır, Solmazı girov götürərək onun azad edilməsi müqabilində əri Yıldırım Yamanın təslim olmasını tələb edirlər. Solmazın xain gülləsindən həlak olması nə qədər üzüntülü olsa da, nə Yıldırım Yamanın, nə də mücahidlərin iradəsi qırılmır. Kədərli anlarda Mustafa Kamaldan gələn məktub qələbənin yaxında olduğuna əminlik yaradır və mücahidləri yeni-yeni fədakarlıqlara ruhlandırır. Müəllif "Türkün zəfər gücü al qanındadır..." misrası ilə azadlıq və istiqlalın yalnız millətin qan bahasına əldə edildiyi həqiqətini bir daha türk gəncliyinə xatırladır.
Kitabdan bəlli olur ki, A. Dağlı Anadolu istiqlal savaşından bəhs edən bütün pyeslərində türk xalqının böyük oğlu, güclü xarakterə malik tarixi şəxsiyyət, görkəmli siyasi xadim və sərkərdə Mustafa Kamal paşadan söhbət açır. Onun doğma vətəninin azadlığı uğrunda apardığı şanlı mübarizəni bir daha oxucuların nəzərinə çatdırmağa çalışır. N.Cabbarlı vurğulayır ki, A.Dağlı bu amilə xüsusi diqqət yetirir və pyeslərində Mustafa Kamalı müxtəlif vəziyyətlərdə təsvir etməklə onun xarakterini səciyyələndirərkən bəzən öz istəyinə nail olur, bəzən isə reallıqdan uzaqlaşır. "Sakaryada 22-ci gün" pyesində yaradılan Mustafa Kamal paşa surətinin bitkin bir obraz olduğunu vurğulayan N.Cabbarlı yazır: "A.Dağlı pyesdə Mustafa Kamalı müxtəluf vəziyyətlərdə təsvir etməklə onun xarakterinin səciyyəsini tamamlayır. Belə ki, ərzurumlu aşıqla görüş səhnəsində paşa xalq müsiqisinin, şerin, sənətin vurğunu kimi göstərilirsə, zabit heyəti ilə mükalimələrində onun sərkərdəlik istedadı, hərbi təfəkkürü qabardılır. Əsir götürülmüş yunan döyüşçüləri ilə dialoqda isə müəllif Mustafa Kamalın alicənablığını ön plana çəkərək onun düşmənlə də nəzakətlə davrandığını təsvir edir. Paşa mətbuat nümayəndələrinə, İstanbuldan gəlmiş aydınlara münasibətdə də əsl ziyalılıq nümayiş etdirir, demokratik ruhlu bir şəxsiyyət kimi diqqəti cəlb edir".
O zamankı türk cəmiyyətinin sosial-siyasi həyatını əks etdirən "Atatürk" mənzum dramında da Mustafa Kamal paşanın həyatı və mübarizəsinin Anadolu istiqlal savaşı ilə bağlı dövrünün əks olunduğunu vurğulayan tədqiqatçı əsərdəki bəzi nöqsanları da ön plana çəkir. Alimin qənaətinə görə, "Vətən tarixinin taleyüklü məqamında ictimai-siyasi səhnədə və hərb meydanında üz-üzə gələn qüvvələrin xarakterlərinin deyil, mövqelərinin qarşılaşdırılması, müəllif ideyasının dialoq və monoloqlar vasitəsilə birbaşa, müstəqim ifadəsi əsərin dramatizmini zəiflədir, ideya-estetik vəhdətini pozur. Atatürkün nitqində tez-tez müxtəlif şüarların, didaktik fikirlərin səslənməsi isə bu obrazın əsərdə daşımalı olduğu bədii funksiyaya uyğun səciyyələndirilməsinə, güclü xarakterə malik tarixi şəxsiyyət, görkəmli siyasi xadim və sərkərdə kimi qavranılmasına imkan vermir".
A.Dağlının Anadolu istiqlal savaşını əks etdirən bəzi əsərlərində müəyyən təkrarlara və sənətkarlıq baxımından qüsurlara yol verməsinin səbəblərini N.Cabbarlı belə izah edir: "Görünür, A.Dağlının Atatürk və Anadolu istiqlal savaşı mövzusuna dönə-dönə müraciət etməsi və müxtəlif vaxtlarda bu mövzuda xeyli dram əsəri yazması bir sıra hallarda belə təkrarlara səbəb olmuş, nəticədə bəzi pyeslərin bədiilik baxımından qüsurlu alınmasına, onların ümumiləşdirmə gücünün zəifləməsinə gətirib çıxarmışdır".
Məlumdur ki, Azərbaycan mühacirət ədəbiyyatının ən aparıcı qolunu azadlıq ruhu təşkil edir. Bu ruh Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və İkinci Dünya müharibəsindən sonra əsir düşən, vətənə qayıtdıqda onları gözləyən böyük zülmdən yaxa qurtara bilməyəcəklərini anlayan soydaşlarımızın mühacirətindən sonra daha da alovlanmışdı. Mühacirət ədəbiyyatının digər görkəmli nümayəndələri kimi A.Dağlının yaradıcılığında da totalitar sovet rejminin tənqidi həmişə aparıcı mövzu olmuşdur. Onun əsərlərində totalitar sovet rejminin, Stalin diktaturasının törətdiyi qanlı cinayətlər, ağlagəlməz vəhşiliklər geniş bədii əksini tapmışdır.
Mühacirət ədəbiyyatının dəyərli tədqiqatçılarından olan N.Cabbarlı A.Dağlının, eləcə də digər müəlliflərin bu mövzuda yazdıqları əsərlərin mahiyyətini düzgün müəyyənləşdirə bilmişdir. O, kitabın "Totalitar sovet rejminin ifşası" bölümündə bu barədə yazır: "Bu mövzuda yazılmış ən dəyərli əsərlərdə müəlliflər sovet totalitarizminin mənfurluğunu ifşa etməklə yanaşı, özlərinin demokratik, hüquqi, dünyəvi dövlət ideyalarını, insan haqlarına, vətəndaş azadlıqlarına hörmətə söykənən açıq cəmiyyətə dair baxışlarını bədii sözün gücü ilə ifadə etmişlər. Bununla da totalitarizmin, diktaturanın, müstəmləkəçiliyin ifşası və inkarı yolu ilə demokratik dəyərlərin, insan hüquqlarının, milli istiqlalın üstünlüyü təsdiq və təsbit edilmişdir". Elə bu meyarları əsas götürən alim, A.Dağlının "Onlar türklərdi" və "Əsir ruhlar" əsərlərinin kitabda geniş təhlilini vermişdir. "Onlar türklərdi" əsərinin nəşri tarixindən söhbət açan müəllif kitabın Rəna imzasıyla çap olunmasını yazıçının sovet xüsusi xidmət orqanlarının təxribatlarından qorunmaq üçün etdiyini əsaslandırmışdır. Tədqiqatçı yazır ki, A.Dağlı "Onlar türklərdi" əsərini cəbhədə həlak olmuş məchul bir soydaşının qanlı çantasından tapılmış yazılar əsasında işləmiş və həmin yazarın üslubunu saxlamağa çalışmışdı. Həm memuar, həm də roman janrının ünsürlərini özündə birləşdirən "Onlar türklərdi" əsəri bir neçə hissədən ibarətdir. "Uzaq mənfalarda" adlanan əsərin birinci hissəsində Sibirə sürgün edilən türklərin ağır həyatları, onların kölə həyatından azad olmaq üçün təşkil etdikləri qiyamlar bədii əksini tapır. Sovet əmək düşərgələrində min bir əzaba qatlaşan məhbusların dözülməz həyatını təsvir etməklə yanaşı, yazıçı onların azadlıq eşqini də sənətkarlıqla verə bilmişdir. Şərəfli ölümü üstün tutan məhbusların qaldırdıqları qiyamın sovet ordusunun əsgərləri tərəfindən necə amansızlıqla yatırıldığı səhnəsini təhlil edən N.Cabbarlı yazır: "Düşərgədəki qiyam vəhşicəsinə yatırılır. Məhbusların üç günlük azadlığı onların böyük əksəriyyəti üçün ölümlə sonuclanır. Müəllif düşərgədəki qiyamı və cəza dəstələrinin zorakı hücumunu bütün dramatizmi ilə təsvir etməklə, bir tərəfdən, məhkum insanların azadlıq eşqini, həyatları bahasına olsa belə, bir neçə gün azad yaşamaq təşnəsini əks etdirirsə, digər tərəfdən, bolşevik rejiminin amansızlığını, qəddarlığını real səhnələrdə canlandırmağa nail olur. Eyni zamanda rus əsgər və zabitlərinin qeyri - insani rəftarı müqabilində, Nadir və Kamranın əsir ruslarla alicənab davranışları da əsərdə türüklüyün insani duyğularının təcəssümü kimi mənalandırılır".
"Onlar türklərdi" əsərinin ikinci hissəsi "Qanlı cəbhələrdə" adlanır. Bu hissədə əsasən sovet hərb sistemi, Kremlin antitürk, antimüsəlman siyasəti tənqid olunur. N.Cabbarlı yazır ki, "Onlar türklərdi" əsərinin əsas ifşa hədəfi rus bolşevizmi, Stalin diktaturası olsa da, müəllif yeri gəldikcə, alman faşizminin də eybəcərliklərini, antihumanist mahiyyətini göstərmişdir. Əsirlərlə rəftarda, digər millətlərin nümayəndələrinə münasibətdə, məhkum xalqların haqlarını, o cümlədən milli istiqlal haqlarını tanımamaqda, türk birliyindən çəkinməkdə nasistlər heç də bolşeviklərdən fərqlənmirlər".
Alim gəldiyi bu məntiqi nəticələri əsərin "Elbrus ağlayır", "Berlində" fəsillərini təhlil edərkən bir daha vurğulayır. N.Cabbarlı tədqiqata cəlb etdiyi "Əsir ruhlar" pyesində A.Dağlının totalitar sovet rejminin ifşası amalını da düzgün müəyyənləşdirmiş, onu obyektiv dəlillərlə saf-çürük etmişdir.
Kitabda A.Dağlının milli-mənəvi dəyərlərə, gənc nəslin təlim-tərbiyəsinə, onların doğma vətənə layiq vətəndaş kimi böyümələrinə, onlara vətənpərvərlik, qəhrəmanlıq ruhunun aşılanmasına, ağsaqqala hörmət, qeyrət, namus təəssübünü çəkməyə böyük önəm verməsi ("Okullular", "Dədə Qorqud"), eləcə də Quzey Kıbrıs türklərinə qarşı törədilən ağlasığmaz vəhşiliklər, dəhşətli lövhələr, türklərin intiqam hissləri, rəşadətli vuruş səhnələri ("Albay") geniş təhlil olunmuşdur.
Gərgin
axtarışlar hesabına ərsəyə gəlmiş
monoqrafiyanın ədəbi-elmi ictimaiyyət tərəfindən
maraq və rəğbətlə
qarşılanacağına şübhə etmirik.
Razim MƏMMƏDOV
Ədəbiyyat qəzeti.- 2010.- 18 iyun.- S.6.