Dostum Yaşar Nuri üçün yumoristik hekayələr

    

  Tıxac

 

Mən bu fikirdəyəm ki, şəhərimizdə hərə özünə bir yox, iki maşın alsa, daha yaxşı olar, küçələrdə yaranmış tıxaclar bir az da uzanar. Heyif deyil tıxaclı şəhərdə yaşamaq! Bəziləri tıxaca düşəndə əsəbiləşib saqqız çeynəyir, amma mən sevinirəm. Tələssən də, tələsməsən də son mənzil eynidi. Ataların bir sözü də var: tələsən təndirə düşər. Aqillər də deyir ki, xəstə istəməknən deyil ki, armud vaxtında yetişər. Nə isə, ucundan tutub, ucuzluğuna qaçmayaq, mətləbdən uzaqlaşmayaq: səhər işə düz iki saat gecikmişdim. Başqa vaxt olsaydı, baş mühəndis başıma oyun açardı, amma dedi ki, bilirəm, can-ciyər, "probkaya" düşmüsən, fikir eləmə.

Məlum oldu ki, işıqlar yanmır. İşıqlar yanmır, özü də ona görə yanmır ki, baş montyor işə gəlib çıxmayıb, tıxaca düşüb. Nahar fasiləsində hamı özünü işə yetirmişdi, axı nahar fasiləsində bizə pulsuz sup verirlər. Amma məlum oldu ki, baş aşpaz Dərnəgül yolunda tıxaca düşüb. O arada məlum oldu ki, rəis də işə gəlməyəcək, Şamaxı-Bakı yolundadır, tıxaca düşüb. "Rəis gəlməyəcəksə, işdə acqarına oturmağın nə mənası?". Bu sualı öz-özümə verdim və qənaətə gəldim ki, hara istəsəm, gedə bilərəm... Getdiyim dilbər guşədə məlum oldu ki, mənə lazım olan nazlı ceyran tıxacdadır və məlum deyil ki, o bu tıxacdan haçan çıxa biləcək? Evə gecə yarı, özü də kefli halda gəlib çıxsam da, arvadım üzümə gülümsündü, - yəqin tıxaca düşmüşdün, - dedi, - get yat! Amma mən atayam axı, gedib yatmadım, aynadan qızımın otağına boylandım ki, görüm nə işlə məşğuldu: dərs oxuyur, ya kompyuterdə ər axtarır? Məlum oldu ki, qız hələ dərsdən gəlib şıxmayıb, amma tıxaca düşməsi barədə anasına mesaj göndərib.

 

Həqqi

 

Məşğulluq idarəsində gənc məmur üzümə baxan kimi gülümsədi və dedi: - Siz də iş axtarırsınız? Cavab verdim: "Bəli!" Amma o yenə soruşdu: "Həqqi?" Dinmədim. İsmimlə maraqlandı və mən adımı söyləyəndən sonra xəbər aldı. Əlbəttə, onun bu sorğusunu da cavabsız qoymadım, amma o, yenə heyrətlə soruşdu: "Həqqi?"

"Neçə dəfə rəsmi şəkildə evlənmisiniz?" Məmurun bu sualı nə qədər gözlənilməz olsa da, özümü itirmədim, dedim ki, bir dəfə. Amma bu dəfə də o qaşlarını düyünləyəndən sonra soruşdu: - "həqqi?" "Hansı rəngi xoşlayırsınız?" Düzü, bu sualdan sonra mənə elə gəldi ki, ünvanı çaş salmışam, hansısa bir telekanala gəlib çıxmışam. Amma yenə də nəzakət xatirinə sualı cavablandırdım: "Qırmızı rəngi". O bu dəfə məni təlaş içində süzdü və soruşdu: "Həqqi?" "Neçə yaşında sevmisiniz". Məsələyə qətiyyən dəxlı olmasa da, bu sualın da cavabını verdim: "15 yaşında" - dedim. O, yenə altdan yuxarı məni süzüb gülümsəyəndən sonra soruşdu: "Həqqi?" "De görüm, toyuq əvvəl yaranıb, ya yumurta?" Bu sualın da cavabını verdim. "Darvinizm təliminə görə yumurta əvvəl yaranıb" - dedim. O, qəh-qəh çəkib gülə-gülə soruşdu: "Həqqi?" Və nə fikirləşdisə, suallarını yeni bir məcraya yönəltdi: "Neçə ildi iş axtarırsan?" "Üç ildir" - dedim. Nədənsə gözləri doldu və soruşdu: Həqqi? Bəs iş tapmasan neynəyəcəksən?" Bu sualdan sonra bir qədər fikirləşdim və dedim: "Yenə iş axtaracağam..." Gülümsədi və dedi: "Həqqi? Əslin haralıdı?" Bu sualdan heç xoşum gəlməsə də, cavabını verdim və o bu dəfə də məni heyrətlə süzdü və soruşdu: "Həqqi?" Mən əsəbiləşdim və onun sualındakı fonetik səhvi düzəltmək qərarına gəldim: "Həqqi yox, həqiqi dedim". Amma o yenə soruşdu: "Həqqi?"

 

Zəmanə uşaqları

 

Son zamanlar məni tez-tez görüşə çağırırlar. Əsasən də bağça uşaqları və məktəblilər. Gəlməyəndə deyirlər ki, özünü çəkir. Gedəndə də elə suallarla qarşılaşıram ki... Dünən üçüncü sinif şagirdı - özü də qız uşağı - soruşdu ki, ilk dəfə neçə yaşında öpüşmüsünüz? Mən çiynimi çəkəndə dördüncü sinif uşaqlarından biri qızın sualına aydınlıq gətirdi: "Qız soruşmaq istəyir ki, neçə yaşında ilk busənin ləzzətini dadmısınız?" Sözün açığı, məni tər basdı. Bir-iki dəfə udqunandan sonra dedim ki, unutmuşam. Beşinci sinif şagirdlərindən biri - o da qız uşağı - qayıdıb nə söyləsə yaxşıdır? "Elə şey ola bilməz, ilk öpüş unudulmur". Dedim - əziz balalarım, mən aktyoram, səhnədəki, ekrandakı yaradıcılığım da sizə bəllidır, yaxşı olar ki, bu barədə soruşasınız. Bu dəfə ikincilərin sinif rəhbəri yerindən qalxmadan soruşdu: "Siz anonimi cavanlıqda sağ əllə yazırdınız, yoxsa sol əllə?" Təbii ki, bu sualdan sonra mən bərk əsəbiləşdim və dərman içdim. Növbəti sual onunculardan gəldi: - Sizcə, "Mersedes" yaxşı maşındır, ya "Toyota?" Doqquzuncuların qızları bir-birinə göz-qaş eləyəndən sonra soruşdular: - Mövcud qanunçuluq qızların 18 yaşından tez ərə getməsinə yol vermirsə, nə etməli?" Təbii ki, mən bu sualın da önündə aciz qalmadım və məni bu məktəbə dəvət edənləri bir daha başa saldım ki, nəçiyəm və təxminən hansı sualları cavablandıra bilərəm. Amma yenə də teatr sənətinə, səhnəyə, ekrana dəxli olmayan suallarla qarşılaşdım. Beşincilərdən - yenə də qız uşağı - soruşdu ki, mənim şəklimi hardan ala bilər? Yeddincilərin sinifkomu isə soruşdu ki, oğlumun gəzdiyi qız kimlərdəndi? Səkkizincilər ənənəvi suallar verdilər: "Dünyaya gəlməyinizə peşiman deyilsiniz ki?" "Pullu atalıq pulsuz atanın yerini verə bilərmi?" Dördüncüləri maraqlandıran "Bacanaqlar" teleserialı olsa da, amma dərhal bəlli oldu ki, onları daha çox düşündərən mənim həyatdakı bacanağımdır. Sonuncu sualı məktəbin direktoru verdi: "Sizi növbəti görüşə haçan dəvət edək?" Və mən bu sualın cavabını verməmiş alqışlar qopdu.

 

Donos

Təbdil

 

Ağlım kəsəndən, dostu-düşməni tanıyandan elə bir gün olmayıb ki, donos yazmayım. Qələmə aldığım donosların ümumi sayını bılmırəm, amma dəqiq bilirəm ki, yazdığım donoslara görə 15 il azadlıqdan məhrum edilənlərin də sayı 15 nəfərdir. O ki qaldı mənim qələmimdən çıxan donoslara görə işdən qovulanlara, ailəsi dağılanlara, onların ümumi sayı 15 mindən artıq olmalıdır. Amma... Yenidənqurma başlayanda, gördüm ki, ara çox qarışıb, yazmadım, nəticəsi isə... ürəkaçan olmadı. Gördüm ki, məni görəndə ikiqat əyilib salam verənlər heç üzümə də baxmırlar. Gördüm ki, icra başçısı da məni unudub. Gördüm ki, polis rəisi də ümumrayon miqyaslı ümdə məsələlərin həllində mənimlə məsləhətləşmir. Məlum oldu ki, rayon qəzeti redaksiya heyəti üzvləri siyahısından da adımı siliblər. Hələ harasıdır, bir gün də eşitdim ki, rayon prokurorluğu keçmişimdə ləkə axtarır. Və elə o gündən də yenidən sarıldım qələmə.

Bu dəfə yazılarımı mətbuat səhifələrinə də çıxartdım və çox keçmədi ki "Qızıl qələm" mükafatı aldım. Sən demə, mükafatı da alma-armud kimi almaq olarmış! İndi qələmimin dalı da kəsir, qabağı da. Axı laureatam!

 

Qeybdən gələn mesaj

 

Baş idarədən internetlə göndərilən mesaj bir sualdan ibarətdi: "Sizin teatrda korrupsiyaya qarşı mübarizə aparılırmı"? Sualın cavabını dərhal, özü də telefonla verdim: "Bizim teatrda korrupsiya yoxdur!" Amma çox keçmədi ki, baş idarədən yeni mesaj gəldi, yenə də cəmi bircə sualdan ibarət mesaj: "Əgər sizin teatrda korrupsiya yoxdursa, bəs necə dolanırsınız?" Sorğu məni kövrəltsə də, cavabını verdim; bu dəfə qəti şəkildə dedim ki, bizim teatrda korrupsiya yoxdur! Amma heç beş dəqiqə keçməmiş baş idarədən yeni mesaj gəldi, yenə bir sualdan ibarət mesaj: "Cavabınız sağlam məntiqə uyğun deyil, korrupsiya hər yerdə var, amma sizdə yox, bu necə olur?" Mən göz altda qalaram, söz altda yox, bu sualın da cavabını verdim, telefonla dedim ki, aktyorların və eləcə də aktrisaların bir-birinə verməyə pulu yoxdursa, hansı korrupsiyadan söhbət gedə bilər? baş idarənin növbəti mesajını çox gözləməli olmadım: "Bəyəm şəxsi əmlakın puldan başqa vahidi yoxdur?" Bu sualın alt qatı xoşuma gəlməsə də, dərinə getmədim, dedim ki, korrupsiya bir balinadır, balinanın da yeri okeandır, amma siz gölməçədə balina axtarmaq istəyirsiniz. Bu dafə internetə mesaj qeybdən gəldi: "Bu izi azdırmaq üçündür".

 

"Papa canı"

 

Avtobusdan düşəndə qolundan tutdum ki, yıxılmasın. - İlk dəfədir mənə kişi əli toxunur, - dedi. Dedim: - Elə şey olmaz!" Dedi: "Papa canı". Təklifimi qəbul elədi, amma "Papa və mama" kafesində langet sifariş verəndə "Mən anadangəlmə vegeteriyanam, ömrümdə ət yeməmişəm" - dedi. Dedim: "Nə danışırsan?" Dedi: "Papa canı". Soruşdum: "Nə içəcəyik?" "Mən hələ içki içməmişəm" - dedi, - papa canı! Kafedə qələbəlikdi. Dedim: "Bəlkə biz də rəqs eləyək." Üzünü turşutdu: "Mən hələ kişilərlə oynamamışam" - dedi, - papa canı! Kafedən çıxandan sonra soruşdum: "Kinoya gedək, ya teatra?" Papa eşidər, başımı kəsər, - dedi, - papa canı. Dedim: "İstəyirəm elə günü sabah sizə elçi göndərəm." Bizim evimiz yoxdur, - dedi. Dedim: "Elə şey olmaz, inanmıram!" Dedi: "Papa canı". Soruşdum: "Bəs mən sənin papanı harda görə bilərəm?" Bu çox qəliz sualdı, - dedi, - papa canı. Soruşdum:"Niyə qəlizdi ki?" Mən hələ onun üzünü də görməmişəm, - dedi, - papa canı!

 

Xalqın arasında

 

Sonuncu dəfə qatarla qastrola gedəndə "ESBE"yə də bilet tapa bilərdim, amma kupeyə aldım ki, xalqın arasında olum, görüm millətin tərəqqisi hansı səviyyədədir? Nə danışırlar? Mövcud anarxiya xoşlarına gəlirmi? Ən çox kimin qiybətini eləyirlər? Yenədəmi tifağı dağılmış Sovet İttifaqının xiffətini şəkirlər? Nə isə...

Kupeyə girəndə gözlərimə inanmadım. Mənə məxsus olan yerdə elə təxminən mən yaşda bir kişi soyunub uzanmışdı, hələ üstünə mələfə də salmışdı.

- Bu yer mənimdir, vətəndaş, - dedim və biletimi göstərdim. O, cavab verməsə də, sakitcə biletini qoydu ortalığa.

Nə başınızı ağrıdım, məlum oldu ki, bizim ikimizə də eyni vaqona, eyni kupeyə, eyni yerə bilet veriblər. Kupedə bizdən başqa da üç nəfər var idi, onlar da bizim biletlərə diqqətlə baxandan sonra başlarını bulayıb çiyinlərini çəkdilər.

Yerimdə uzanmış kişi gülümsəyəndə özümü saxlaya bilmədim.

-Niyə gülürsünüz?

O da məni sualla dindirdi:

-Bəs siz niyə gülürsünüz? - Səs-küyə gələn bələdçi biletlərimizə baxandan sonra:

-Dil tapın, bir-birinizə qarşı kompromisə gedin, - dedi, - bizim qatarda belə hadisələr tez-tez olur... Hətta bir yerə üç, dörd, beş bilet də satırlar.

Bir qədər sonra mənim rəsmi tələbimlə gələn qatar rəisi bələdçidən fərqli olaraq biletlərimizə lupa ilə baxdı və axırda da:

- Biz günahkarı cəzalandıracayıq, - dedi, amma siz dil tapın, dialoqa girin, bu vəziyyətdə yeganə çıxış yolu dialoqdur, çağdaş dünyanı da dialoq xilas edəcək.

Və bizim dialoqumuz qatar mənzil başına çatanacan davam elədi...

 

Əlvida, satira

 

Əziz həmkarlarım, iştəkli qələm dostlarım, bizim redaksiyanın səksən il qabaq hansı tarixi şəraitdə meydana gəldiyi sizə məlumdur. Bolşevik inqilabı yenicə qələbə çalmışdı. Başlıca məqsəd inqilabı, inqilabi ideyaları qorumaq idi. Bu məqsədlə də redaksiyada satira şöbəsi yaradılmışdı. Bu şöbə uzun bir zaman kəsiyində antipodlara qarşı mübarizə apardı. Öz aramızdı, amma çox vaxt qurunun oduna yaş da yandı. Hər halda nəticə göz qabağındadır: bu gün aramızda antipod qalmayıb. Sosializm quruluşunun bu mənfur meyvələri olan antipodları indi yalnız sosializm tarixinin mənfur bataqlığından tapmaq olar. Bəs belə olan təqdirdə satira bizim nəyimizə lazımdır? Kimləri satira atəşinə tutacayıq? Əgər cəmiyyətin xərçəngi sayılan rüşvətin kökü tamam kəsilibsə, bizim ana yurdumuzda bir nəfər də olsun rüşvətxor yoxdursa, bu satira şöbəsinin əməkdaşı kimdən yazacaq? Və nə deyib yazacaq? Ona görə təklif var ki, satira şöbəsini bağlayaq. Gəlin əyri oturaq, düz danışaq, axı daha bizim satiralıq işimiz qalmayıb! Xalqımıza, millətimizə bütün dünya həsəd aparır. Dünyanın hər yerində, hər gün ay-ulduzlu bayrağımız dalğalanır! Deputatlarımız öz seçicilərinə can deyib, can eşidirlər. Hətta hərdən bir deyirlər ki, bizim maaşımız çoxdur, yarısını kəsib verək seçicilərə! Daha soydaşlarımız da bir-birinin ayağından yox, əlindən tuturlar! Nə haram yeyən var, nə haramzada! Belə ideal şəraitdə özünüz deyin, satiraya nə ehtiyac? Qaşınmayan yerdən niyə qan çıxardaq? Nədir, bəlkə mən düz demirəm? Satira o yerdə lazımdır ki, orda insanın haqqını tapdalayır. Şükürlər olsun ki, bu gün bizdə bir nəfər də olsun haqqı tapdanan insana rast gəlmək mümkün deyil. Nədi? Yoxsa bu deyilənlərə şübhəsi olanlar var? Böyük satirikimiz belələrinə bilirsiz nə deyirdi? Deyirdi, niyə bəs bərəldirsən o qare gözünü? Yoxsa, bu ayinədə əyri görürsən özünü?

 

Xoşbaxtlıq

Təbdil

 

Mən çox xoşbaxtam! Allah mənə nağıllarda olduğu kimi yeddi oğul, bir qız verib. Böyük oğlum Rəvayət Türkmənistanda nazirdi. Düzdür mən onu axırıncı dəfə üç il qabaq televizorda görmüşəm, amma bunun nə dəxli, o özü də bilir ki, mən onun atasıyam. İkinci oğlum Əbdülnasir diplomatdı, Afrika ölkələrində irqi ayrı-seçkiliyə qarşı mübarizə aparır. Afrikadan Nobel ödülünə təqdim olunanların arasında onun da adı hallanır. Üçüncü oğlum Luis Argentinanın yığma futbol komandasında oynayır. Bu xəbəri eşidəndən Argentina yığma komandasının bütün oyunlarını izləyirəm. Dördüncü oğlum İrəvanda yaşayır. Onun adını çəksəm həm onun ağrımayan başına dəsmal bağlamış olaram, həm özümün. Beşinci oğlum Vanya Rusiyada qaz vurub, qazan doldurur. Özü də sözün həqiqi mənasında: ovçudu. Altıncı oğlum Nədamət hələ bir sənət yiyəsi olmasa da, arvadı oralıdır, kölgələri mənim də üstümə düşür. Yeddinci oğlum Balaş mənə çəkib, balıqçıdır. Milli parka "Sadko"nun yan-yörəsinə balıq ovuna gələnlər onu barmaqla göstərirlər. Yeganə qızım Yeganə Yeni Zelandiyada yeddinci dəfə ərə gedib. Keçən il Asiya gözəli seçilib. O ki, qaldı mənə, can deyib, can eşidən arvadıma, heç bilmirəm o mənim övladlarımın varlığından xəbər tutsa, neyləyər? Hər halda mən çox xoşbaxtam!

 

Boş yer

Təbdil

 

Deyirlər ki, baxtın yatınca, taxtın yatsın. Amma bilmirəm bu söz nə dərəcədə mənə aiddir. Çünki mənimki əvvəlcədən gətirməyib. Belə ki..

...Mən doğum evinin həyətində dünyaya gəlmişəm. Çünki buraya qarnı burnunda gələn anama deyiblər ki, boş yer yoxdur. Mən bağça görməmişəm. Çünki bu məkanda da məni kürəyinə sarıyıb gətirən anama deyiblər ki, boş yerimiz yoxdur. Uşaq bağçasının qapısında müdirənin anama dediyi söz hələ də qulaqlarımda cingildəyir: Boş yer yoxdur! Beləliklə də mən küçəmizdə böyüməli oldum. Anam məni də böyük qardaşlarım kimi rus məktəbində oxutdurmaq istəyirdi, amma rus məktəbində anama dedilər: Net svabadnoqo mesta. Ustünüzə sağlıq, 15 yaşında eşqə düşdüm, amma qız dedi ki, incimə, qəlbimdə boş yer yoxdur. Dərdimi dağıtmaq üçün gəldim "Leyli Məcnun" operasına baxım. Amma bilet növbəm yaxınlaşanda bilet satan özü mənə yaxınlaşdı: Boş yer yoxdur. Qəmli-qəmli geri qayıdanda gördüm "Min bir gecə" restoranının qapıları taybatay açıqdır, amma içəri keçmək istəyəndə dedilər: Boş yer yoxdur! Nə isə, eşqin havası məni elə bir hala saldı ki, məni gətirdilər dəlixanaya. Amma burda da dedilər ki, boş yer yoxdur. Valideynlərim eşqin fənalığından danışıb məni dilə tutanda, mən dəlixananın qarşısında Məcnun kimi zilə çəkdim: Yarəb, bəlayi eşq içrə qıl aşina məni! Lakin burda da qaibdən səs gəldi: Boş yer yoxdur. Orta məktəbi qızıl medalla bitirəndə və anam qolumdan tutub məni Tibb institutuna gətirəndə, pıçıltıyla anama dedilər: uşağı avara eləməyin boş yer yoxdur. Yoxdur, yoxdur da... Amma bilmirəm mənim baxtıma yazılan boş yerləri məndən qabaq kimlər tutur?

 

 

Məmməd ORUC 

 

Ədəbiyyat qəzeti.- 2010.- 18 iyun.- S.4.