Azərbaycan milli mətbuatı –
135
Hər kəsi
çağırıram - gəlmir, göstərirəm
görmür, deyirəm - qanmır. Axırda gördüm
ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən
başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim
sözlərimi eşidənlərdən heç bir qanan olmasın.
Necə ki, bir bulağın suyunun altına nə
qədər bərk daş qoysan, bir neçə ildən
sonra su tökülməkdən o bərk daş mürur ilə
əriyib deşilir. Habelə söz də.
Ələlxüsus doğru söz…
Belədə qəzet
çıxarmaqdan savayı bir qeyri əlac yoxdur.
…Heç olmaz ki, doğru
söz yerdə qalsın. Hər ildə on qəzet
oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil
artar.
…Sonra düşmənin
düşmənliyi, dostun doğruluğu və dost göstərən
doğru yolun doğru olması aşkar olar.
…Qəzet çap edən gərək
bəistilahi-türk cümləqayğı olsun, yəni xalqın
dərdini və onun əlaclarını yazıb məlum eləsin
ki, anlayan əşxaslar əlacnəzir olsunlar. Çünki
bu sözlər xalqın avamlığından nəfbərdar
olanlara xoş gəlməz, ona binaən bir tayfa ziyadə avam
olduqcan onun üçün qəzet çıxarmaq ziyadətər
çətin olur. Ol səbəbə ki,
belədə qəzet oxuyanın çoxu xalqın
avamlığından nəf görən olduğuna xalqın
gözünü açan və milləti irəli salan
sözü danışmaq olmaz. Bu halda biz
bu dərdə mübtəlayıq.
Həsənbəy ZƏRDABİ
Müxtəlif əsrlər, eyni mövqe
Heç olmaz ki, doğru söz yerdə qalsın...
H.B.Zərdabi
Milli mətbuatımızın
əsasını qoymuş, cəmisi 56 sayı çıxa
bilmiş, lakin əbədiyyət haqqı qazanmış “Əkinçi”
qəzeti bu yüksək mövqeyə şübhəsiz ki,
şüurlara həqiqət toxumu əkməsi səbəbindən
nail olmuşdur. Həqiqəti ifadə edən mətbu
sözə daimi ehtiyac üzündən əhəmiyyətini
heç vaxt itirməyən bu həyat və mənəviyyat
salnaməmiz müasir dövrün özünə xas mürəkkəb
ictimai-siyasi şəraitdə bizə də layiqli sələfimiz
olaraq ruhi-elmi dəstək verə bilir. “Əkinçi”nin bir əsrdən artıq əvvəl əkdiyi
maarifçilik, dünya xalqlarının ən yaxşı
elmi-mədəni nailiyyətlərindən ardıcıl
öyrənmək, eyni zamanda milli mənliyi ləyaqətlə
qoruya bilmək kimi vacib insani keyfiyyətlər toxumu həmişə
öz əvəzsiz bəhrəsini vermiş və verəcəkdir.
Həsənbəy Zərdabinin
ömrünü nəyə və niyə həsr etdiyini
sonralar yazdığı “Rusiyada əvvəlinci Azərbaycan qəzeti”
məqaləsindəki bu sətirlərdə də aşkar
görmək mümkündür: “Hər kəsi
çağırıram — gəlmir, göstərirəm —
görmür, deyirəm — qanmır. Axırda
gördüm ki, onları haraylayıb çağırmaqdan,
onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən
heç bir qanan olmasın. Necə ki, bir
bulağın suyunun altında nə qədər bərk
daş qoysan, bir neçə ildən sonra su tökülməkdən
o bərk daş mürur ilə əriyib deşilir. Habelə söz də. Ələlxüsus
doğru söz... Belədə qəzet çıxarmaqdan
savayı bir qeyri əlac yoxdur... Heç olmaz
ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet
oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil
artar... Sonra düşmənin düşmənliyi, dostun
doğruluğu və dost göstərən doğru yolun
doğru olması aşkar olar”.
İkinci əsrini yaşayan
“Əkinçi”nin açıq-aydın
duyulan bir ürək ağrısıyla dediyi bu həqiqəti
birinci əsrinin dörddə üçünü başa
vuran “Ədəbiyyat qəzeti” bütün ömrü boyu
özü üçün məramnamə bilib və bilir.
Arxivimizdən
götürüb hörmətli oxucularımıza dəryadan
damla timsalında təqdim etdiyimiz material müxtəlif şəraitdə
və müxtəlif təsirlər nəticəsi olaraq yaranan
vəziyyətlərdə “Ədəbiyyat qəzeti”nin, nəticə etibarilə onun mövqeyini
müəyyənləşdirən mötəbər ədəbi
şəxsiyyətlərin xalqın ictimai-mədəni həyatında
taleyüklü problemlərin həllində necə prinsipial,
eyni zamanda necə də təmkinli, əsaslı və ibrətamiz
fikirlər söylədiklərini bir daha təsdiqləyir. Bu həm də bizə ağır
sıxıntılardan, məhrumiyyətlərdən sonra əldə
etdiyimiz müstəqilliyimizin qədrini kifayət qədər
bilməyimizin vacibliyini xatırladır.
Ümummilli
liderimiz Heydər Əliyevin məşhur təbrincə “Bir
millət — iki dövlət” deyə xarakterizə etdiyimiz
Türkiyə-Azərbaycan münasibətlərinin bu
günkü mərhələsinə gələn uzun və
mürəkkəb yolda ədəbiyyatımızın, elm-sənət
adamlarımızın, xalqın mənafeyini qüvvəsi
çatdığı qədər qorumağı özünə
mənəvi borc bilən mətbuatımızın səssiz-küysüz,
lakin ardıcıl və sədaqətli xidmətini azacıq
da olsa əks etdirir.
Nəhayət, təqdim
olunan materialın tarixçəsi ilə əlaqədar onu
deyim ki, türk ədəbiyyatına dair bir sıra tədqiqatlar
müəllifi, tanınmış yazıçı, pedaqoq
Yusif Şirvanın “Ədəbiyyat qəzeti”nə (o zaman “Ədəbiyyat
və incəsənət”ə) göndərdiyi “Həqiqətə
göz yumanlara açıq məktub” məqaləsi
özünün ümumi ruhu, qeyri-elmi mövqeyi ilə
redaksiyada narazılıq doğurdu. Bu qənaətin
nə dərəcədə obyektiv olduğunu müəyyənləşdirmək
üçün məqaləni həmin mövzunu daha mükəmməl
araşdırmış iki görkəmli ədəbiyyatşünas
alimimizə — akademik Həmid Araslıya və professor
Mirzağa Quluzadəyə rəylərini bildirmək
xahişi ilə göndərdik. Mümkünsə
üç günə zəhmət çəkib
redaksiyamıza cavab yazmasını xahiş etdiyimiz Həmid
müəllim mötəbər rəyini gecikdirmədi: “Məqaləni
oxudum. Çap olunmasını məsləhət
görmürəm”. Elə həmin vaxt
Mirzağa müəllimin nisbətən təfərrüatlı
rəyini aldıq. Uzun illərin tədqiqat məhsulu
olan “Füzulinin lirikası”
monumental monoqrafiyasının müəllifi, “füzuli və
türk şeri” mövzusuna ayrıca fəsil həsr etmiş
Mirzağa Quluzadə “Həqiqətə göz yumanlara
açıq məktub” başlıqlı məqalənin əlyazmasını
oxuduğunu bildirərək yazırdı: “Əlbəttə,
xarici alimlərin Azərbaycan klassikləri haqqında bir
çox doğru fikirləri ilə yanaşı səhv
mülahizələri də var, biz bu fikirləri
marksizm-leninizm metodologiyası cəbhəsindən (ancaq rəyçinin
iki qardaş xalqın — Türkiyə türklərinin və
Azərbaycan türklərinin məşhur ədəbi şəxsiyyətləri
ilə əlaqədar qeyri-real mülahizələr söylənməsinə
qəti etirazı əslində “marksizm-leninizm metodologiyası
cəbhəsindən” sözlərini bir növ elə həmin
“cəbhənin” xətasından qorunmaq üçün deməyə
məcbur olduğunu aydın göstərir. — A.V.) həmişə tənqid etməliyik. Yusif Şirvan yoldaş tamamilə haqlıdır ki,
bəzi türk tədqiqatçıları Nəsimi, Xətai,
Füzuli kimi
şairlərin ədəbi-tarixi prosesdəki mövqelərini,
onların böyük tərəqqipərvər rolunu
açıb göstərə bilməmişlər. Ancaq, məqalənin sərlövhəsi də, məzmunu
da göstərir ki, Yusif Şirvan yoldaş burada əsasən
türk alimlərinin bizim şairləri “mənimsəmələrindən”
şikayətlənir. Mən Yusif
Şirvan yoldaşın bu məsələ ilə əlaqədar,
bu məqalədəki şəkildə mətbuatda
çıxış etməsini məsləhət
görmürəm. Əvvələn, ona
görə ki, yusif Şirvan yoldaş irəli
sürdüyü bu ittihamda haqlı deyil. İndi
türk ədəbiyyatşünaslığında Nəsiminin,
Xətainin, Füzulinin
Azərbaycan şairi olduğunu danan alim yoxdur. Nəsiminin Bağdadda və ya onun Nəsim nahiyəsində
doğulduğunu iddia edənlər də onu Azərbaycan
şairi kimi tanıyırlar, çünki Azərbaycan dilində
yazdığını təsdiq edirlər. Füzuli də Bağdad
yaxınlığında, Kərbəlada anadan olmuşdur. Amma onun da Azərbaycan şairi olduğuna
dünyanın heç bir yerində indi şübhə edən
yoxdur.
Hamıya
çoxdan məlumdur ki, türk alimləri Azərbaycan “ləhcəsində”
yazanlara Azərbaycan şairi deyirlər. Yusif Şirvan
yoldaş türk alimlərindən gətirdiyi cümlələrlə
öz hökmünü təkzib edir, aydın
görünür ki, onların heç biri Nəsiminin, Xətainin,
Füzulinin Azərbaycan
şairi olduğunu inkar etmir.
Onlar çox doğru
başa düşürlər ki, Nəsimi də, Füzuli də türk ədəbiyyatının
inkişafında heç bir Türkiyə şairindən az iş görməmişdir. Bu
isə bizim fəxrimizdir. Türk ədəbiyyatını
doğrudan da Nəsimisiz, Nəvaisiz, füzulisiz təsəvvür
etmək olmaz.
Digər tərəfdən,
türk alimləri adları çəkilən şairləri
öyrənmək, əsərlərini nəşr etmək
işində, bir sıra prinsipyal metodoloji səhvlərinə
baxmayaraq, çox faydalı və nəcib iş
görmüşlər. Həmin Abdulbaqi
Gölpinarlı Nəsimini, Füzulini təbliğ etməkdə xeyli
faydalı işlər görmüşdür; bu sahədə
səhvləri ilə yanaşı doğru fikirləri də
var. Onların əməyini birtərəfli qiymətləndirmək
olmaz.”
“Türk alimlərinin bizim
şairləri mənimsədiklərini” güman edən qələm
yoldaşlarına yanlış mövqeyini təmkinli, obyektiv,
elmi mülahizələrlə izaha səy göstərən,
opponentini səmimiyyətlə inandırmağa
çalışan və mənim bildiyimə görə buna
nail olan görkəmli alimlərimizin, müəllimlərimizin
o zaman belə əsl milli mövqedən çıxış
etmələri hər kəsin elmi-mənəvi imkanı
daxilində deyildi. Ancaq həmin illərdə
bütün ölkəyə xas ümumi sərt mənəvi
ab-havanın respublikamızda mümkün qədər
yumşalması və onun səbəbi hadisələri
obyektiv qiymətləndirə bilən hər kəsə
yaxşı məlumdur.
“Əkinçi”: “Heç
olmaz ki, doğru söz yerdə qalsın” — deyir; “Ədəbiyyat
qəzeti”: “Onların (Türkiyə alimlərinin - red.) əməyini birtərəfli qiymətləndirmək
olmaz” — deyir. Müxtəlif əsrlərdə,
lakin eyni mövqedən — milli mənafe mövqeyindən
deyilmiş həqiqət. Bu həqiqət
yolunda neçə-neçə gərgin zəhmət dolu illər
sərf olunmasına dəyər.
Ayaz VƏFALI
Ədəbiyyat qəzeti.- 2010.- 18 iyun.- S.1.