Səmərqənddə
"Nizami və Nəvai: tarixi
və mədəni əlaqələr" mövzusunda
Beynəlxalq elmi konfrans
keçirildi
Qədim Səmərqənddə yerləşən YUNESKO-nun Mərkəzi Asiya Araşdırmaları İnstitutu Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində "Nizami və Nəvai: tarixi və mədəni əlaqələr" mövzusunda Beynəlxalq elmi konfrans keçirmişdir.
Tədbirdə Azərbaycan, Türkiyə, İran, Tacikistan və Özbəkistanın Nizami və Nəvai yaradıcılığını tədqiq edən alimləri, tədqiqatçıları iştirak etmişlər.
İnstitutun direktoru, soydaşımız Şahin Mustafayev tədbiri açaraq demişdir ki, 2010-cu il YUNESKO tərəfindən "Mədəniyyətlərin yaxınlaşması ili" elan edilmişdir. Məhz buna görə də biz bu tədbiri Şərqin iki böyük şairi və mütəfəkkiri, əsərləri ilə insanları böyük mənəvi dəyərlər ətrafında birləşdirən Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığına həsr etməyi qərara almışıq. Bu şəxsiyyətlərin böyüklüyü həm də ondadır ki, onlar sadəcə iki xalqı və iki mədəniyyəti deyil, regionda yaşayan bütün xalqların mədəniyyətlərini bir-birinə bağlayır.
Tədbirdə Nizami və onun Nəvai yaradıcılığına təsiri, Nizami və Nəvai yaradıcılığında insan amili, Nizami Gəncəvi və Əlişir Nəvai sosial mütəfəkkir kimi, Nəvainin əlyazmaları və onun yaradıcılığının Türkiyədə öyrənilməsi, Nizami Gəncəvinin əsərlərinin özbək dilinə tərcüməsi və digər mövzularda məruzələr dinlənilmişdir.
Bakı Dövlət Universitetinin
müəllimi, filologiya elmləri doktoru Mehdi Kazımov "Nizaminin "Xəmsə"sinə yazılan
nəzirənin öyrənilməsinin müxtəlif tərəfləri",
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri
Şirindil Alışanov "Azərbaycan
filologiyasının ictimai fikir
tarixində Əlişir Nəvai irsinin
öyrənilməsi" və AMEA Şərqşünaslıq
İnstitunun böyük
elmi işçisi Səadət
Şıxıyeva "15-16-cı əsrlərdə Nəsiminin
timsalında Azərbaycan - özbək ədəbi əlaqələri"
mövzularındakı məruzələri maraqla
qarşılanmışdır.
Qulu Kəngərli
Ədəbiyyat qəzeti.- 2010.- 18 iyun.- S.1.