Hər kitabın öz taleyi

     

"Borcumuzdur bu ehtiram" kitabı professor Qəzənfər Paşayevin unikal düşüncə və istedadının məhsuludur. Toplu Azərbaycan ziyalılarının böyük bir hissəsinin, görkəmli şəxsiyyətlərimizin həyat və fəaliyyətlərinin, gördüyü işlərin ən önəmli məqamlarını ehtiramla əhatə edir, göz önünə gətirir. Bu zənginliyin içində ustad şairlərimizdən Səməd Vurğunun, Rəsul Rzanın, Nigar xanım Rəfibəylinin, Bəxtiyar Vahabzadənin də sayılıb-seçilən yeri var, görkəmli ədəbiyyatşünas alimlərimizdən Abbas Zamanovun, Yaşar Qarayevin, türkologiya elmimizin patriarxı Məmmədağa Şirəliyevin və başqalarının da… Sovetlər dönəmində bir çox mütəxəssislərimiz xarici ölkələrdə çalışmalı oldular. Onların əksəriyyəti vətənə iqtisadi imkanlarla döndülər. Qəzənfər müəllimsə özüylə bərabər kitab gətirdi, Kərkük bayatılarını gətirdi, məşhur "Altı il Dəclə-Fərat sahillərində" kitabını gətirdi. Bu, elə bir ziyalılıq göstəricisidir ki, onu heç nəylə müqayisə etmək olmaz. Bu gün İraq-türkman ədəbiyyatından, Kərkük mədəniyyətindən söhbət açan hər kəs etibarlı mənbə kimi Qəzənfər müəllimə müraciət edir. Bu, artıq mükəmməllik, məxəz olmaq faktıdır…"

Sözügedən kitabın Atatürk Mərkəzində keçirilən təqdimat mərasimini AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov bu sözlərlə açdı. Topluya maraqlı ön söz yazan professor Nizaməddin Şəmsizadə yeni nəşri unudulmazlar haqqında uvertüra kimi dəyrələndirdi: "Xatirəni şəxsiyyətlər yaradır və yaşadır. Dəqiq desək, xatirəni yaratmaq üçün də, yaşatmaq üçün də şəxsiyyət olmaq lazımdır. Professor Qəzənfər Paşayev ədəbi-ictimai mühitdə sayılıb-seçilən, nüfuzuyeri olan, həm müasirlərinə, həm də dünyasını dəyişmiş unudulmazlara yüksək qədirşünaslıq bildirən belə şəxsiyyətlərdən biridir".

Bu dəyər, obyektiv münasibət sonrakı çıxışlardan da dönə-dönə keçdi. Yazıçı-publisist Nahid Hacızadə kitabın sadə, səmimi bir dillə qələmə alındığından söz açdı. Vurğuladı ki, Q.Paşayevin fəaliyyətində, düşüncəsində XIX əsrdə yaşayıb-yaratmış, Qori seminariyasını bitirmiş ziyalılarımızın ruhu yaşayır.

Millət vəkili, yazıçı Aqil Abbas alimin zəhmətkeşliyini qədirbilənliyini önə çəkdi, tanınmış jurnalist Flora Xəlilzadə onun Kərkük-Azərbaycan ədəbi əlaqələri sahəsində gördüyü işi böyük bir institutun fəaliyyəti kimi qiyaslandırdı.

"Bu gün bizə çox maraqlı olardı ki, Nizaminin öz müasirlərinin onun xarakteri, onun gündəlik həyatı ilə bağlı bir-iki cümləlik xatirələrini oxuyaq… Təqdim olunan kitab məhz bu sahədəki boşluqları doldurmaq missiyasını yerinə yetirir. Qəzənfər müəllim faktlarla, sənədlərlə işləməyi bacarır və bu, onun uğurunu təmin edir" - dedi professor Qəzənfər Kazımov.

Millət vəkilləri Gülər Əhmədova, Həvva Məmmədova, Qənirə Paşayeva da səmimiyyəti, sevgi və sayğını təqdim olunan kitabın ən başlıca məziyyəti kimi qeyd etdilər.

Vurğulandı ki, "bu kitab qədirbilən olmağımız üçün ibrət dərsi verir" (professor Muxtar İmanov). Bu kitabda "haqqında söhbət açılan insanlardan başqa bir adamın da obrazı gözlərimiz qarşısında canlanır - bu da bizdən ayrı düşənlərə, eləcə də müasirlərinə son dərəcə qayğı və ehtiramla yanaşan, uudulmayanların obrazını yaradan müəllifin öz obrazıdır" (professor Bədirxan Əhmədov). "Canlı, ruhlu yazmaq Qəzənfər müəllimin üslubudur. Bu məqalələrin hər biri milli-mənəvi dəyərlərimizə giriş, açar kimidi" (şair-publisist Əli Rza Xələfli).

Sonda çıxış edən professor Qəzənfər Paşayev vurğuladı ki, mən bu kitabı bir növ qəlbimin qanıyla yazmışam və burada mənim vicdanım, ürəyimin bir parçası var

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.- 2010.- 18 iyun.- S.2.