Təvazökar və qürurlu
Akademik Məmmədağa
Şirəliyevin Azərbaycan
dialektologiyası sahəsindəki
geniş miqyaslı fəaliyyəti 40- cı illərdən etibarən ona elə bir
şöhrət qazandırdı
ki, sonra yetişən dialektoloqların
heç biri elmi- ictimai nüfuz
etibarilə həmin səviyyəyə qalxa bilmədi. Bu, akademikdən
cəmisi bir il sonra
dünyaya gəlmiş
Abdulla Vəliyevə də
aid idi.
Abdulla Vəliyev keçən əsrin 30- cu illərinin əvvəllərində universitetin
Şərq fakültəsini
bitirmiş, müəyyən
müddətdən sonra
- 1943- cü ildə yenidən doğma universitetə qayıtmışdı.
O zaman artıq yalnız Azərbaycanda deyil, bütün sovetlər birliyində böyük dialektoloq kimi tanınan professor Məmmədağa
Şirəliyev universitetdə
Ümumi dilçilik kafedrasına başçılıq
edirdi. Və təbii ki, Abdulla müəllimin dil nəzəriyyəsi yox, məhz dialektologiya üzrə ixtisaslaşmasında
kafedra müdirinin təsiri az
olmamışdı. Hələ tələbəlik
illərindən tərcüməçiliklə
məşğul olan,
xarici dillərlə maraqlanan (və bir müddət Xarici Dillər İnstitutunda müəllim,
dekan müavini, kafedra müdiri işləyən) Abdulla Vəliyevin
40-cı illərin sonu,
50-ci illərin əvvəllərində
dialektologiyaya keçməsi
kafedra müdirinin təsiri ilə yanaşı, həmin dövrdə bu sahəyə kütləvi
maraqdan da irəli gəlirdi.
Abdulla Vəliyevin kifayət qədər dərin ümumi (nəzəri) dilçilik səviyyəsi,
tərcüməçilik istedadı sonralar imkan vermişdi ki, o, R.A.Budaqovun məşhur "Dilçiliyə
dair oçerklər"inin
böyük bir hissəsini Azərbaycan dilinə tərcümə
etsin.
Ümumiyyətlə, dialektoloqların
çoxundan fərqli
olaraq, Abdulla müəllim
müasir dilçilik
metodlarını yaxşı
bildiyinə görə
həm əsərlərində,
həm də mühazirələrində Azərbaycan
dialektologiyası üçün
səciyyəvi olan
"patriarxal" mühakimələrdən,
təsvirçilikdən kənara
çıxa bilirdi. Onun 50-ci illərin əvvəllərində
müdafiə etdiyi, Qərbi Abşeron şivələrinə həsr
olunmuş namizədlik,
uzun müddət üzərində işləyib
yetmişinci illərdə
bitirdiyi, keçid şivələrindən bəhs
edən fundamental doktorluq
dissertasiyalarında həmin
elmi-nəzəri ümumiləşdirmə
mədəniyyəti özünü
aydın göstərir.
Abdulla Vəliyev
bizim kursa əvvəl Azərbaycan dialektologiyasından mühazirə
oxudu, sonra bizim qrupa həmin
fəndən seminar apardı,
sonra da dilçi tələbələrə
ixtisas kursundan dərs dedi… Olduqca təmkinli, ağır- səngin, dediyi hər sözü ölçüb- biçən
bu insanda Bakı ziyalılarına məxsus mütəvazö
bir sanbal vardı. Əvvəl mənə elə
gəlirdi ki, Abdulla müəllimin astagəlliyi
ahıllıqdandır (bizə
dərs deyəndə
yetmişi artıq keçmişdi), ancaq sonralar öyrəndim ki, elə cavanlığı
da belə olub.
Səsini ancaq o həddə qədər qaldırardı
ki, sonuncu partada oturan tələbələr də
onu eşidə bilsinlər. Onun həmin tövrü, təbii manerası təsirsiz qalmırdı…
Tələbələrin ən şuluqları
belə özlərini
intizamlı aparırdılar
ki, bu mötəbər
şəxsin xatirinə
dəyməsinlər.
Deyə bilmərəm
ki, Abdulla müəllim
bir dilçi olaraq Muxtar Hüseynzadə,
Ağamusa Axundov, yaxud Tofiq Hacıyev
qədər sözün
geniş mənasında
cazibədar idi, bununla belə öz sahəsini gözəl bilməsi, dil duyumu, müəllim
səmimiliyi ilə
ilk mühazirələrdən məni cəlb etmişdi. Və mühazirənin sonunda verdiyim suallara bütün təfsilatı ilə qaneedici cavablar ala bilirdim.
İlk elmi işlərimdən birini onun rəhbərliyi
ilə yazıb tələbə elmi konfransında məruzə
etdim. "Azərbaycan
xalq dilində dərman bitkilərinin və müalicə üsullarının adları"
mövzusundakı məruzəm,
deyəsən, pis qarşılanmadı. Hətta elmi
rəhbərimi də
təriflədilər.
Dialektologiyadan mühazirələr
qurtardı, seminar dərslərində
Abdulla müəllimin üç
qrupdan hansını götürəcəyi məlum
deyildi… Adəti üzrə, asta addımlarla auditoriyaya girib qruplara bölünəcəyimizi dedi,
sonra üzünü mənə tutub bir qədər də ahəstə səslə hansı qrupda olduğumu soruşdu. "Doqquz yüz dörd" dedim… Gülümsündü,
başladığı söhbətə
qayıdıb elan etdi: "Doqquz yüz dördüncü qrup qalsın, o biri qruplar çıxsın.
Seminar müəllimləriniz
bayırda gözləyir".
Tələbə üçün
bundan böyük qiymət, yaxud mükafat təsəvvür
etmək mümkün
deyildi…
Abdulla müəllim Azərbaycan
dialektlərində "sağır
nun" səsinin işlənmə
areallarından danışırdı. Hiss elədim
ki, həmin səsi tələffüz
eləməkdən, misallar
gətirməkdən mümkün
qədər qaçır…
Mənim məsələdən
hali olduğumu görüb təbəssümlə
"başqa arealların
nümayəndələri həmin
səsi tələffüz
etməkdə çətinlik
çəkirlər" - dedi.
Və bununla da, əslində,
bizə elmi bir qanunauyğunluğu çatdırmış oldu.
Əvvəl elə bilirdim ki, Abdulla Vəliyev yalnız Azərbaycan dilinin dialektlərini yaxşı bilir. Sonra bizə
Türk dillərinin müqayisəli dialektologiyasından
ixtisas kursu aparanda gördüm ki, ən kiçik
türk dillərinin şivələri barədə
belə kifayət qədər geniş məlumata malikdir. Məhz onun dediyi dərsin təsiri ilə o zaman "Qazax dialekti: Azərbaycan dilindən Türkiyə türkcəsinə keçid"
mövzusunda məqalə
yazdım. Və bu barədə hörmətli müəllimimə
danışanda "vaxtında
qaldırılmış məsələdir"
- dedi, məsləhətlər
verdi. Lakin, təəssüf
ki, həmin mövzunu işləyib başa çatdıra bilmədim.
Abdulla Vəliyev uzun zaman dialektoloji ekspedisiyalarda olmuş, Azərbaycanın, demək
olar ki, hər guşəsini gəzmiş, dialekt materialları toplamışdı. "Azərbaycan
dilinin dialektoloji lüğəti"nin əsas tərtibçilərindən
biri idi… Ancaq mənə elə gəlir ki, onun dialektoloji yaddaşı həmin lüğətdən daha
zəngindi. Hansısa rayonun
hansısa kəndindən
olan tələbələri
ilə hansısa fonetik və ya qrammatik hadisənin,
yaxud sözün belə yox, başqa cür olduğu barədə xəfif bir mübahisədən heç
zaman çəkinmirdi.
Çünki həm konkret
faktları, həm də qanunauyğunluqları
gözəl bilirdi.
Görkəmli dialektoloq-müəllimin bir
xidməti də odur ki, onun
ailəsində başqa
bir müəllim-dialektoloq
yetişdi. Və Abdulla müəllimin Abşeron şivələri
mövzusundakı işini
tamamladı. Gülxanım Vəliyeva bu gün Azərbaycanın tanınmış dialektoloqlarından
biridir. Və çox şadam
ki, Abdulla Vəliyevin nəvəsi, istedadlı gənc türkoloq Ülviyyə xanımın
elmi rəhbəri kimi öz müəllimim
qarşısındakı mənəvi
borcumun bir hissəsini ödəmiş
oldum.
…Danışırlar
ki, bu təvazökar,
saf (eyni zamanda qürurlu) insan ömrünün son illərində özünü
yaxşı hiss etməyəndə
həkimə aparırlar
ki, müalicə olunsun. Həkimlər müayinə edəndən
sonra bildirirlər ki, onun konkret
olaraq heç bir xəstəliyi yoxdur. Sadəcə, bədəninin enerjisi qurtarıb… Ancaq həmin həkimlər bilə bilməzdilər ki, Abdulla müəllim bədəninin bütün
enerjisini son damlasına
qədər, mütəvazö
bir təmənnasızlıqla
öyrənməyə və
öyrətməyə sərf
etmişdi…
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2010.- 18 iyun.- S.3.