Əcəli də təbəssümlə qarşıladı

  

 Hörmətli redaksiya!

Hər anın öz hökmü var, deyib aqillər. Doğru da deyiblər. Amma adam çox zaman böyük itkilərə səbəb olan o hökmlərlə razılaşa bilmir. Keçən həftə yaşadığımız anların qəddar bir hökmü ilə Azərbaycan jurnalistikasına, xüsusilə də Azərbaycan radio məktəbinə ağır itki üz verdi. Azərbaycan radiojurnalistikasının inkişafında böyük xidmətləri olan Mailə Muradxanlının qəfil ölümü hamını sarsıtdı. Bu gün çoxlarına asan gəlsə də, radio-televiziya jurnalistikası əslində ən çətin sahələrdən biridir. Mailə xanım əlli ilə yaxın bir müddət ərzində bu çətinin öhdəsindən gələ bilmişdi. Bir qayda olaraq radio jurnalistlərini ictimaiyyət çox az tanıyır və tezunudur. Xüsusilə də yaşlı nəslin nümayəndələrini. Elə Mailə xanım da onlardan biri idi. Bu yazını ona görə məhz sizin qəzetə göndərirəm ki, ədəbi ictimaiyyətin nümayəndələri onu yaxşı tanıyırdı. Çünki sənət ömrünün böyük bir qismini məhz Azərbaycan və dünya ədəbiyyatının tanınmasına və Azərbaycan dilinin saflığının qorunmasına həsr etmişdi.

 

Hörmətlə: Zərxanım

 

 

Ötən günlər dönəydi durna qatarları tək...

 

Bu mahnını Zeynəb xanım oxuyardı. Özü də elə oxuyardı ki, o anda adam itirdiyi hər gününün nisgilinə yanardı. Mahnının sözləri bu an da qulaqlarımda səslənir.

 

Yarpaqlara, otlara,

Sarı-sarı dən düşür,

Ömürdən günlər düşür.

Ötür durna qatarı,

O baharda dönəcək -

Ötən günlər dönəydi durna qatarları tək.

 

İyirmi il bundan əvvəl Mailə xanımın 50 illik yubileyi münasibəti ilə bu mahnının müşayiəti ilə bir radio süjet hazırlamışdım. Adətən yubilyarı şux mahnılarla təbrik edərlər. Niyə mən büsbütün kədər üstə köklənən bir mahnını seçmişdim? Niyə? Bəlkə onun ad günü oktyabrın 22-nə - bir payız gününə təsadüf etmişdi, ona görə, bəlkə illərin sürəti heyrətləndirmişdi məni, ona görə? Bəlkə üzündən heç zaman təbəssüm əskik olmayan bu insanın gözlərinin dərinliyində gizlənən kədəri görə bilmişdim, ona görə? Bilmirəm. İnanın ki, bu sualın qarşısında o zaman da aciz qalmışdım, bu gün də acizəm. Bir onu bilirəm ki, Mailə xanım mənim və onu tanıyanların çoxunun yaddaşına bax, elə beləcə - bu şəkildə olduğu kimi, - dodaqlarında təbəssüm həkk olundu. Amma bu təbəssüm qeyri-adi bir təbəssüm idi. Bu təbəssümlə çox zaman o sözlə deyə bilmədiklərini də ifadə edə bilirdi. Ötən həftə - iyunun 11- dən 12-nə keçən gecə dondu o təbəssüm. Özü də yayın bu qızmar çağında.

Bir zərif çərşənbədə tamaşaçıların görüşünə gələn Mailə xanım elə o həftənin şənbəsində əcəli ilə görüşdü. O görüşə də yəqin elə üzündəki bu təbəssümlə getdi...

Yetmişinci illərin əvvəllərində mən Azərbaycan radiosuna gələndə Mailə xanımın yaradıcılığının ən çağlayan dövrü idi. Ədəbiyyat və incəsənət baş redaksiyasında çalışırdı. Ən maraqlı, ən populyar verilişlərin müəllifi və redaktoru idi. Çox keçmədi ki, elə həmin redaksiyanın baş redaktoru təyin edildi. Onun inzibati tabeçiliyində gənclər də vardı, orta nəslin nümayəndələri də. Gənclərə daha böyük qayğı ilə yanaşardı. Onların kiçik, lap kiçik bir uğuru da Mailə xanımın gözündə böyük, çox böyük görünərdi. Bu uğuru letuçkalarda, iclaslarda, hətta kimlərləsə adi söhbətdə belə ifadə eləməkdən həzz alardı. Çox zaman o redaksiyanın gənc işçilərinə Mailənin "uşaqları" deyərdilər. Bu "uşaqlar" lap nağıllarda olduğu kimi aynan, günnən deyil, saatbasaat böyüyərdilər. Özləri də böyüyərdi, uğurları da. Kimisini televiziyaya göndərərdi, kimisini komitə daxilində hansısa bir rəhbər vəzifəyə təyinatına təkan verərdi. Sonra da baxıb fərəhlənərdi. O redaksiyada hər kəsin hər bir problemini özününkü hesab edərdi. Dərhal onun həllinə çalışardı. Çünki yaxşı bilirdi ki, yaradıcı insan üçün rahat, yaradıcı bir mühit gərəkdir. Sonra onu televiziyaya dəvət etdilər. "Uşaqlarından" bir neçəsini də özü ilə apardı. Onun radiodan gedişi ilə Azərbaycan radiosu çox şey itirdi.

Ötən həftə bir zərif çərşənbədən o ağrılı şənbəyə gedən yolda isə Azərbaycan jurnalistikası son əlli ilin ən istedadlı jurnalistlərindən birini itirdi.

Yetmiş-səksəninci illərdən fərqli olaraq bu gün qəzet- jurnal da çoxdur, radio-televiziya da. Təbiidir ki, bu kütləvi informasiya vasitələrində işləyən jurnalistlər də çoxdur. Amma bu an siz də yəqin ki, mənimlə razı olarsız ki, jurnalist işləməklə xilqətən jurnalist olmağın arasında ən azından elə yerlə göy qədər bir fərq var. Kiçik bir zaman kəsiyində itirdiyimiz Mailə Muradxanlı elə xilqətən jurnalist idi. Onun yaradıcılığı büsbütün bir məktəb idi desək, yəqin ki, yanılmarıq. Bu məktəbin müdavimi olmaq üçünsə xüsusi mühazirələr dinləməyə ehtiyac yox idi. Onun hazırladığı verilişlərin dramaturgiyasına, rejissurasına, zəngin söz xəzinəmizlə işləmə metoduna diqqət yetirmək kifayət idi. Hər bir gənc jurnalist üçün Mailə xanımın fərdi sənət məziyyətləri bir nümunə ola bilərdi. Məsələn onun müəllifi olduğu "Sabahınız xeyir", redaktoru olduğu "Lətifəsi bizdən uzaq" verilişləri ən çox dinlənilən verilişlərdən sayılardı. Çünki bu verilişlərdə cəmiyyətdəki neqativ hallar satirik dillə ifşa olunardı. Deməli bu verilişlər dinləyicini həm düşündürür həm də tərbiyə edirdi. Yalnız əyləndirmirdi.

Uzun illər mikrofonla ünsiyyətdə olan bir insan üçün ondan uzaq düşmək əlbəttə ki, çox ağrılıdır. Mailə xanım bu ağrını son televiziya verilişində çətinliklə də olsa yaşaya bildi. Amma onun potensial yaradıcı imkanları daha çox idi. Bu imkanlardan daha səmərəli istifadə edilməsi arzulanırdı. Amma təəssüf, min təəssüf ki, çoxlarının arzusu ilə reallıq tərs mütənasib idi. Onun sənətkar ruhu isə reallığı digərlərindən daha aydın görürdü. Bu ruhun yalnız bir istəyi var idi: sənətlə yaşamaq, həm də sənətdə yaşamaq. Elə bununla da kifayətlənmək istəyirdi. Ona görə də bir zərif çərşənbədən bir şənbəyə uzanan yolla addımladı.Qarşısına çıxa biləcəklərdən xəbərsiz addımladı. Qəlbində sənət eşqi, üzündə təbəssüm addımladı.Əlli ilə yaxın bir vaxtda tamaşaçı və dinləyicisini hər zaman gülərüzlə qarşıladığı kimi, əcəlini də bax, elə beləcə - bu şəkildə olduğu kimi, - gülərüzlə qarşıladı. Bu dünyanı özünəməxsus bir təbəssümlə tərk etdi. Düzdür, kimsəylə vidalaşmadan getdi, amma Azərbaycan radio jurnalistika tarixində əbədi olaraq qalacağına əminliklə getdi.

Taleyin yazısına bir bax, gör mənə nə yazdırdı. Mən onun yetmiş illik yubileyinə yazı hazırlamaq istəyirdim. Onu tanıdığım qırx ilə yaxın bir müddət ərzində ona deyə bilmədiklərimi demək istəyirdim. Bir zamanlar onun verilişlərini nəfəs çəkmədən dinlədiyimi demək istəyirdim. Mən başqa redaksiyada çalışdığımdan o zaman onun "uşaqlarına" həmişə qibtə etdiyimi demək istəyirdim. Onun çoxuna bəlli olmayan insani məziyyətlərindən söhbət açmaq istəyirdim. Zərif bir məxluqun çiyinlərinə düşən yükün ağırlığından danışmaq istəyirdim. Yaradıcı bir insanın tükənmək bilməyən sənət sevgisindən söz açmaq istəyirdim. Amma bunların heç birini eləyə bilmədim. Günah kimdə oldu? Məndəmi, yoxsa zamandamı? Hər ikimizdə. Zaman tələsdi, mən də həmişə olduğu kimi, gecikdim. Burda deyirlər ki, sən saydığını say, gör fələk nə sayır. fələyin saydığından kimin xəbəri var ki, mənimki olsun. Birki, yazıya pozu yoxdur - deyib aqillər. Yüzlərlə yazılar müəllifi olan əməkdar jurnalist Mailə Muradxanlıya da belə bir ömür yazılıbmış. Ruhu şad olsun!

 

 

Zərxanım ƏHMƏDLİ

 

Ədəbiyyat qəzeti.- 2010.- 18 iyun.- S.3.