Şərəflə yaşanan ömür
Azərbaycan
dilçiliyinin aktual problemlərinin tədqiqində və tədrisində
mühüm xidmətləri olan filologiya elmləri doktoru,
professor Sayalı Sadıqova "Azərbaycan dilində
fizika-riyaziyyat terminologiyasının formalaşması və
inkişafı" (B., "Elm", 1997), "Azərbaycan
dilində izahlı fizika-riyaziyyat terminləri lüğəti"
(B., "Elm", 1998), "Azərbaycan dili
terminologiyasının nəzəri problemləri" (B.,
"Elm", 2002), "Azərbayacn dilində
terminologiyanın təşəkkülü və
inkişafı" (B., "Elm", 2005),
"Terminoloqiçeskiye slovosoçetaniya v Azerbaydjanskom
literaturnom yazıke" (B., "Elm", 2007), "Müasir
Azərbaycan ədəbi dilində termin
yaradıcılığı prosesi" (B., "Elm", 2010)
monoqrafiyalarının və 200-dən artıq elmi məqalənin
müəllifidir. Bu əsərlər
müəllifin uzunmüddətli gərgin
araşdırmalarının uğurlu nəticəsidir.
Elmi cəmiyyətdə
istedadlı qələm sahibi kimi tanınan Sayalı Sadıqova 1960-cı
ildə Qərbi Azərbaycanın Göyçə
mahalında ziyalı ailəsində anadan
olmuş və orta təhsilini
də orada bitirmişdir.
1977-ci ildə ADPU-nun filologiya
fakültəsinə daxil olmuş,
1981-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
Həmin il Elmi
Şuranın qərarı ilə sənədlərini təqdim
etdiyi Elmlər Akademiyasının Nəsimi
adına Dilçilik İnstitutunda
imtahanlarını uğurla verərək
aspiranturaya daxil olmuşdur. 1984-cü ildən isə Nəsimi
adına Dilçilik İnstitutunda
elmi fəaliyyətə
başlamışdır. Beləliklə, o, ömrünü elmə
bağlamış, yorulmaq bilmədən
Azərbaycan dilçiliyinin problemlərini
araşdırmağa başlamışdır. 1986-cı ildə
"Azərbaycan ədəbi dilində termin-söz
birləşmələri" mövzusunda
namizədlik dissertasiyası müdafiə etmişdir.
Gənc tədqiqatçı sonrakı illərdə
də dilçiliyin müxtəlif sahələrinə,
xüsusilə, terminologiya, leksikologiya, dil tarixi, dil nəzəriyyəsi
və dil əlaqələri ilə bağlı
araşdırmalarını davam etdirmiş, sanballı məruzələrlə
müxtəlif elmi konfranslarda
çıxış etmişdir. Terminologiya və
onun müxtəlif nəzəri məsələrinə
həsr edilən məqalələri tez-tez
elmi jurnallarda və toplularda dərc olunan
S.A.Sadıqova bu sahədəki fəaliyyətini
davam etdirmək məqsədi ilə
1994-cü ildə Nəsimi adına Dilçilik
İnstitutunda doktoranturaya
qəbul oldu. 1997-ci ildə doktorluq işi müzakirə
olunaraq müdafiəyə
buraxıldı. Sayalı xanım hazır elmi
işini müdafiə etmək üçün iki il maneələrə qarşı mübarizə
aparmalı oldu. Nəhayət,
apardığı səmərəli axtarışların nəticəsi
olaraq "Azərbaycan dilində fizika-riyaziyyat terminologiyasının
formalaşması və inkişafı" mövzusunda
doktorluq dissertasiyasını 1999-cu ildə
uğurla müdafiə etdi.
2000-ci ildən Azərbaycan Milli Elmlər
Akademiyasının Nəsimi adına Dilçilik
İnstitutunda terminologiya
şöbəsinin müdiri, 2001-ci
ildən AMEA Rəyasət Heyəti yanında terminologiya
komissiyasının sədr müavini və
elmi katibidir.
S.Sadıqovanın yaradıcılığı çoxşaxəlidir. Belə ki, o həm Azərbaycan dilinin tarixini, həm də müasir problemlərini araşdırır. Leksikologiya və terminologiyanın nəzəri problemlərini tədqiq edən Sayalı xanım həm də elmin müxtəlif sahələri ilə bağlı terminoloji lüğətlərinin tərtibi və nəşri üzərində yorulmadan çalışır. Alim həm də "Terminologiya məsələləri" seriyasından nəşr olunan toplunun redaktorudur. Bununla yanaşı terminologiya ilə bağlı respublika səviyyəsində dəfələrlə keçirilən elmi konfransların təşəbbüsçüsü və təşkilatçısı olmuşdur. Onun elmi uğurları ilə tanış olanda zəhmətkeşliyinə, məhsuldar fəaliyyətinə qibtə edilir.
Terminologiya hal-hazırda dilçiliyin müstəqil bir sahəsinə çevrilmişdir. Azərbaycanda bu sahənin ardıcıl tədqiqində və inkişafında, nəzəri problemlərinin araşdırılmasında S.A.Sadıqovanın mühüm xidmətləri vardır. O, ümumi dilçiliyin müasir mərhələsində terminologiyanın rolu, inkişafı, yaranma mənbələri, mənşəyi və nəzəri məsələlərini özündə əks etdirən bir sıra monoqrafiyaların müəllifidir. Bu baxımdan onun monoqrafiyalarında qoyulan problemlər - terminlərin mahiyyəti, dilin leksik sistemində yeri, terminlərin yaranma prosesi, yaranma yolları, struktur-semantik xüsusiyyətləri, terminlərin terminoloji lüğətlərdə verilmə prinsipləri və s. öz aktuallığı ilə diqqəti cəlb edir. Terminologiyanın nəzəri problemlərindən bəhs edərkən müəllif müasir dilçilikdə mübahisəli olan məsələlərə öz münasibətlərini bildirərək məntiqi cəhətdən onları təhlil etmişdir. Tədqiqatçı doğru olaraq terminologiyada müxtəlif terminlərlə verilən - "terminoloji sistem", "terminologiya", "dublet terminlər", "sinonim terminlər", "paralel terminlər" anlayışlarının işlənmə səbəbləri aydınlaşdırılaraq onların semantikası dəqiqləşdirilmişdir. Onun yaradıcılığında termini ümumişlək sözlərdən fərqləndirən cəhətlər, terminin mahiyyəti, definitivləşməsi, nitq hissələrinin terminləşməsi kimi məsələlər nəzəri cəhətdən təhlil edilmişdir. Müəllifin tədqiqatlarından aydın olur ki, Azərbaycan dilində terminologiyanın təşəkkülü və inkişafı tarixi qədimdir. Çünki termin yaradıcılığı cəmiyyətin məişəti, ictimai həyatı ilə, onun elmi-iqtisadi və mədəni inkişafı ilə sıx bağlıdır. Azərbaycan dilində terminologiyanın tarixi ilə bağlı yazır: "Bütün bunlar göstərir ki, ilkin olaraq söz-terminlər xalq terminologiyası əsasında formalaşaraq inkişaf etmiş və bunların rüşeymini Azərbaycan-türk sözləri təşkil etmişdir. Beləliklə, xalq dilində və bunun əsasında Azərbaycan ədəbi dilində terminyaratma prosesi uzun və uğurlu bir inkişaf yolu keçmişdir."
Tədqiqatlarında qoyulan məsələ, yəni dildəki terminoloji sistemə daxil olan leksik vahidlərin bütövlükdə üzə çıxarılıb tədqiq olunması, onların yaranma tarixinin müəyyənləşdirilməsi, etimoloji izahının verilməsi əhəmiyyətli dilçilik problemi olduğu qədər də mürəkkəbdir. Müəllifin Azərbaycan dilçiliyinin ən aktual problemlərinə həsr olunmuş araşdırmalarında terminlərin yaranma qaynaqları, təşəkkülü, formalaşması və inkişafı problemi öz həllini tapmışdır. Xüsusilə, Azərbaycan dilçilik tarixində çoxdan gözlənilən bir problemin - elmi dilin inkişaf tarixi diaxronik səpkidə araşdırılmışdır. Azərbaycan elminin inkişaf tarixinə ümumşərq kontekstində yanaşılaraq Azərbaycan terminologiyasının təşəkkülü, formalaşması və inkişaf mərhələləri, habelə terminologiyanın zənginləşmə mənbələri, nizama salınma qaydaları, dilçilik tariximiz üçün maraq doğuran məsələlər öz elmi həllini tapmışdır.
Bu cəhətdən elmlərin inkişafında böyük rolu olan yunan və Şərq alimlərinin əsərləri təhlil edilmiş və dünya dillərində olduğu kimi, Azərbaycan dilində də elmin inkişaf tarixinin qədimliyi əsaslandırılmışdır. Dünya dillərinin əksəriyyətində olduğu kimi, Azərbaycan dilində və bütövlükdə türk dillərində terminologiyanın formalaşması tarixi çox qədim dövrlərlə bağlanılır. Bununla da cəmiyyətin tarixində baş verən bütün dəyişikliklərin tarixi hadisə və proseslərin dildə əks olunması, orada iz qoyması, xalqın dilinin onun özü qədər qədim olması əsaslandırılmışdır. Əsərlərində eyni zamanda terminologiyanın təşəkkülü və inkişafı mərhələləri dəqiqləşdirilmişdir. Müəllif doğru olaraq göstərir ki, VI-VII əsrlərdə əlverişli tarixi şərait Azərbaycan dilində elmi dilin təşəkkülünə zəmin yaratmışdır.
XI-XII əsrlərdə isə bütün müsəlman Şərqində olduğu kimi, Azərbaycanda da elm və ədəbiyyat yüksək inkişaf səviyyəsinə çatmışdır. Azərbaycan xalqı da dünya mədəniyyəti xəzinəsinə elmin sonrakı inkişafında mühüm rol oynamış alimlər, şairlər töhfə etmişdir. Ayrı-ayrı elm sahələrinin inkişafı ilə bağlı terminologiya da inkişaf etmişdir. N.Gəncəvi, N.Tusi, İ.Nəsimi, Ş.İ.Xətai, M.Füzuli yaradıcılığında işlədilən terminlərin geniş təhlilindən və faktlardan aydın olur ki, termin yaradıcılığında ərəb və fars dilləri kimi Azərbaycan dilindən də mənbə kimi istifadə olunmuşdur. Zəngin faktlarla aydınlaşdırılır ki, XI-XII əsrlərdə yazılmış abidələrdə məfhumları, anlayışları ifadə etmək üçün ərəb, fars və azərbaycanca ifadələr, sözlər yanaşı surətdə işlənmişdir. Bu baxımdan müəllifin ayrı-ayrı abidələrdə və elmi əsərlərdə, lüğətlərdə işlənən terminləri toplayıb, bunları mənşə baxımından, semantik və struktur cəhətdən təhlil etməsi təqdirəlayiqdir. Bununla da, onun yaradıcılığında elmi dilimizin inkişaf tarixinin qədimliyi əsaslandırılmışdır.
Dilimizin tarixi, milli dil, ədəbi dilin üslub və normaları, elmimizin dünəni və bu günü, ana dilinin saflığının qorunması onun başlıca tədqiqat obyektləridir. Yorulmaz tədqiqatçı Azərbaycan dilinin aktual problemlərini sistemli şəkildə tədqiq etmişdir. O, ədəbi dil məsələləri ilə daha ardıcıl məşğul olur və dövri mətbuatda bununla bağlı silsilə məqalələr nəşr etdirir. Bu işi ardıcıl olaraq davam etdirən müəllif müasir Azərbaycan ədəbi dilində termin yaradıcılığı ilə bağlı tədqiqatlarını davam etdirərək yazır: "Milli termin yaradıcılığı ümumi ədəbi dilə əsaslanmalıdır. Bu, terminlərin asan başa düşülməsinə, tələffüzünə, tez yadda qalmasına, termin yaradıcılıq prosesinə müsbət təsir edir. Xüsusən, ümumxalq dili termin yaradıcılığı üçün münbit mənbə sayılmalıdır." Yenicə işıq üzü görmüş "Müasir Azərbaycan ədəbi dilində termin yaradıcılığı prosesi" (B., "Elm", 2010, redaktor akademik A.Axundov) monoqrafiyasında terminlərin yaranma yolları, üsulları, mənbələri nəzəri aspektdə araşdırılmışdır. Elmi axtarışlarını inadkarlıqla, əsl sənət yanğısı ilə davam etdirən S.Sadıqova fəaliyyətində təcrübə və nəzəriyyəni professionallıqla birləşdirməyi bacarır. Belə ki, elmi fəaliyyəti bir vəhdət halında götürən tədqiqatçı nəzəri əsərlərlə bərabər elmin müxtəlif sahələri ilə bağlı nəşr olunan 40-a yaxın lüğətin redaktoru və ön sözünün müəllifidir.
Alim bir sıra respublika və beynəlxalq səviyyəli konfrans və simpoziumlarda Azərbaycan dilinin ən aktual problemlərinə həsr olunmuş geniş məruzələrlə çıxış etmişdir. Tədqiqatlarında Azərbaycan dilində terminologiyanın inkişafı və zənginləşdirilməsi üçün ən əlverişli yolun dilin daxili imkanları hesabına terminlərin yaradılmasının əsas olması nəzərə alınaraq onun istiqamətləri müəyyənləşdirilmişdir. Müəllifin təhlillərindən aydın olur ki, dildə terminlərin yaradılması başqa dillərə, xüsusən rus və ingilis dillərinə məxsus ayrı-ayrı terminlər üçün qarşılıq müəyyənləşdirmək deyil, dilin özünəməxsus müstəqil söz yaradıcılığı prosesidir. Bu proseslə bağlı fikirlərinə dəqiqlik gətirmək üçün ümumişlək sözlərin, dialekt və şivələrdə işlənən, anlayışı dəqiq ifadə edən sözlərin seçilib terminləşməsi və dilin söz yaradıcılığı üsulları vasitəsilə terminlərin yaradılması zəngin faktlarla təhlil edilmişdir. Hazırkı dövrdə müəllifin qaldırdığı problem öz aktuallığı ilə diqqəti cəlb edir. Dilin qorunması və inkişafı istiqamətində aparılan ən ümdə addımlardan hesab olunmalıdır. Onun yaradıcılığında ədəbi və elmi dili inkişaf etdirmək üçün dilin zəngin lüğət ehtiyatlarından, söz yaradıcılığı üsullarından istifadə olunması əsas təhlil mərkəzində durur. Azərbaycan dilinin daxili imkanları əsasında terminlərin yaradılmasında mühüm rolu olan - semantik, morfoloji, sintaktik və kalka üsulu geniş şəkildə araşdırılır. Eyni zamanda dillərin qarşılıqlı zənginləşməsi və alınmalar, onların mənimsənilməsi prosesi, alınmaların mənbələri tədqiqata cəlb olunmuşdur. Doğru olaraq qeyd edilir ki, milli dillərin terminologiyasında terminlərin başqa dillərdən alınması fasiləsiz bir prosesdir. Bu onunla bağlıdır ki, elm, texnika dünyanın hər yerində inkişaf etdiyinə görə yeni yaranan anlayışlar və onları ifadə edən terminlər milli çərçivədən kənara çıxaraq alınmalar hesabına zəruri tələbat ödənilir. Müəllifin dilinə olan məhəbbətinin ifadəsi qoyulan problemlərin hər birinin həllində öz ifadəsini tapır. Qeyd edilir ki, Azərbaycan dili termin yaradıcılığı üçün geniş imkanlara malikdir; Ümumişlək sözlərə əlavə məna vermək, müxtəlif sözdüzəldici şəkilçilər artırmaq, iki və daha artıq sözü birləşdirmək yolu ilə dilimizdə bu və ya digər məfhumu ifadə edən terminlər yaranır. Bununla da dilimizlə bağlı öz həllini gözləyən məsələlərə müəllif çox həssaslıqla yanaşır, fikir və düşüncələrini gərgin və səmərəli axtarışlarının işığında elmi fikrin süzgəcindən keçirir.
Sayalı xanımın elmi yaraıcılığının mühüm bir qismi nəşr olunan əsərlərə resenziyalar təşkil edir. Bunları dilçilik elmimizin, Azərbaycanda linqvistik ədəbi proseslərin inkişafını əks etdirən salnamə hesab etmək olar.
Görkəmli alimin yüksək ixtisaslı kadrlarlın yetişdirilməsində də böyük xidmətləri var. Onun rəhbərliyi ilə onlarla elmlər namizədi və doktorlar müdafiə etmişdir. Elmi seminarlarda, müdafiələrdə gənc tədqiqatçılara göstərdiyi qayğı, verdiyi xeyirxah məsləhətlər onun müdrikliyindən irəli gəlir. S.Sadıqova uzun müddət Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Dilçilik üzrə Müdafiə Şurasının üzvü olmuş, hazırda Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının, Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirmə Şurasının üzvüdür. O uzun illərdir ki, mənəvi varlığımızın ayrılmaz tərkib hissəsi olan dilimizin qorunması, saflığı sahəsində yorulmadan çalışır. Onun redaktorluğu ilə nəşr olunan AMEA Rəyasət Heyəti yanında "Terminologiya məsələləri" toplusunda dilin inkişaf istiqamətləri düzgün müəyyənləşdirilir. Ana dilinə bu sonsuz sevgi onun yaradıcılığının məhsulu olan elmi əsərlərində öz parlaq əksini tapır. 30 ildir ki, dilimizin qorunması, saflığı keşiyində dayanır. İstər pedaqoji, istərsə də fəaliyyətinin bütün dövrlərində dilçiliyin aktual və mübahisəli sahələri ilə bağlı dəyərli söz deyən alimlərimizdəndir. Artıq həyatının 50-ci baharını yaşayan S.A.Sadıqovanın elmi və ictimai-pedaqoji fəaliyyətini göz önünə gətirib gördüyü işləri saf-çürük edəndə zamana sığmayan, şərəflə yaşanmış mənalı bir ömür görünür. Onlarca monoqrafiya və kitab, yüzlərcə məqalə, yetişdirdiyi gənc alimlər bu ömrün silinməz səhifələridir. Hazırda Sayalı xanım ömrünün müdrik çağlarını yaşayır və bu gün də böyük həvəs və tükənməz enerji ilə elmi axtarışlarını davam etdirir, dil problemlərinin qaranlıq səhifələrini elmi ziyası ilə işıqlandırır. Ömrünün 30 ilini doğma ana dilimizin tədqiqinə həsr etmiş, onun inkişafına xidmət göstərən Sayalı xanıma bu şərəfli yolda möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.
Türkan ƏFƏNDİYEVA,
Afina ƏLİZADƏ
Ədəbiyyat qəzeti.- 2010.- 18 iyun.- S.5.