Musanı dağlara çəkən nəydisə

Məni də qürbətə o çəkəcəkdi…

 

…Otağımda bu neçə qürbət ilində mənə yoldaşlıq və sirdaşlıq edən Allahın solunda da ətrini itirməyən gülləri… bir də kiçik masanın üzərində mənimçün dünyanın ən ülvi varlıqları - anamla bacımın şəkilləridir… Bəlkə yetim ola-ola mən ona görə ürəksiz və yetim böyümədim ki, yetimliyimi mənə hiss etdirməyəcək dünyanı dolduran ana və bacı sevgisi vardı. Anamı vaxtsız itirdikdən sonra yaxşı ki, məni bu dünyada yaşadacaq bacım və onun, dünyanın harasında olursa-olum, məni qoruya biləcək bacı sevgisi qalırdı… Hələ uşaqlıq zamanlarında bacımın yaşadığı dağ kəndinə gedəndə göyrüş, söyüd ağacları, itburnu kollarının arasıyla uzanan yolda bir də görərdim qarşıma sinəsinə döyə-döyə bacım çıxdı. Məəttəl qalardım. Gəlişimi hardan bilmişdi? Onda indiki kimi deyildi ki, hər cibdə bir telefon olaydı.

- Bıy, bacın sən gələn yollara qurban olsun, ay qardaş, belə xoş gəlirsən!

Heyrətimi gizlətməzdim:

- Azz, hardan bilirdin gələcəyimi?

- Bıy, dərdin ürəyimə, əyə, bə savaxdan bəri ağzı yanmış saxsağanlar özlərini boşunamı yiyib-tökür… Dünən, sırağagün niyə eləmirdilər bə. Gözüm aran yollarında qalmışdı, bilirdim ki, harda olsan indicə gəlib çıxacaqsan. Bıy gələn yollarına belə mən bacın qurban olsun, a kişi qırığı…

Bacımgilin evlərinə çatar-çatmaz qonum-qonşu qadın və qızları tökülüşüb gözaydınlığına gələrdilər:

- Ay qız, gözlərin aydın olsun, qoy bir baxaq görək sənin qardaşın nə matahdır ki, onun yolunda gecə-gündüz dilin duada, ayağın sudadır?

Bacımın cavabı gecikməzdi:

- Onu verən Allaha qurban olum, a qızlar, o mənim tək qardaşımdı. Allah sizin də bir qardaşınızı min bir ova eləsin, hələ qoyun bir azca qabırğası qalxsın, bir görün necə kişi olacaq… Və bulaqlar başında sular üstündə ay qaranlıq gecələrdə Allaha boşunamı dualar eliyirəm, bax, görərsiniz.

Yan otaqda olsam da, bütün bunların hamısını eşidirdim və bəlkə də sonarkı az-çox uğurlarım da elə içimə toxum səpilən bu bacı alqışlarından göyərəcəkdi…

Vəzifə pillələri ilə qalxıb-endikcə bacı alqışlarının ardı-arası kəsilmədi və harada olursam-olum, sahil dəniz dalğasını hiss edər kimi bacı dualarının mənimlə olduğunu hər zaman hiss elədim…

Doğma adamların son nəfəsinə çata bilmədiyim qürbət günlərinin birindəcə Bakıdan gələn telefon zəngi belimi qırdı: "Durma gəl, ağır xəstədir".

Və… gedib eşidəcəkdim ki, son nəfəsində başının üstündə dayanan qızının:

- Ana, nə istəyirsən, de, yerinə yetirim, sözünə:

- Məhəmmədi, - deyib adıma can veribmiş mənim dili dualı bacım.

Onda mənə elə gəldi ki, artıq bacımın ölümü ilə mənim də sanılı günlərim qalıb. Özümə bunu çoxdan inandırmışam ki, insanı əcəli öldürmür, insan onu könüldən sevənlərin bitdiyi yerdə ölür. Dünyanın sevgi ilə, özü də insan sevgisi ilə ayaqda qaldığını mən anamla, bacımın timsalında gördüm…

…Bu gün də mənim anamla bacımla, otağımdakı güllərimlə danışan günümdür. Yenə onlara baxıb fikrə dalmışdım ki, birdəncə bacımın şəkli masanın üstündən şaqqıltı ilə yerə düşdü. Elə bil içim parçalandı. Şəkli yerdən qaldırdım, qəmli-qəmli üzümə baxırdı, sanki indicə ağlayacaqdı. Sağlığında çəkilən şəkillərə insan öldükdən sonra ölüm ifadəsinin çökdüyünü ilk dəfə indi hiss elədim. Şəkli yerinə qoymuşdum, amma mən yerimdə dura bilmirdim…

 

Məni unutmazsan o dünyada da…

 

Bacım Gülyazın əziz xatirəsinə

 

Yuvası saxlayar quşu budaqda,

Boş qalan yuvanı su aldı, bacım.

Mənimki aranda, səninki dağda,

Niyə yurdlarımız boş qaldı, bacım?!

 

Tale üzümüzə gülmədi nəsə,

Sərsək, örkənində durmaz darımız.

Atamız getmişdi gedərgəlməzə,

Vurub ona çəkdi övladlarımız.

 

Qəhrini çəkməzdim qarlı qışların,

Neçəki dilinin duası vardı.

Bulaqlar başında yalvarışların

Vətəndən qürbətdə gəlib çatardı.

 

Ölüm mələyinin bağrı daş olub

Həsrət əlləriylə ayırdı bizi.

Nə belə sevilən bir qardaş olub,

Nə belə tükənməz bacı sevgisi…

 

Arasam, sevgini yox ki, heç yanda,

Daha bir kimsəyə çatmaz ki, ərkim.

Nə dağda qalıbdı, nə də aranda,

Başıma haranın daşını töküm?

 

Çəkilə-çəkilə dərd azalarsa,

Çəkim, qürbət adlı qərib adada…

Deyirəm kiməsə o dünya varsa,

Məni unutmazsan o dünyada da…

 

Sən getdin, əllərim qaldı əllərdə

Dərddən bir tərəfə yol yox ki, qaçım.

Məni bunnan sonra qürbət ellərdə

Kimin alqışları qorusun, bacım?

 

 

Gələcək…

 

Yollarda yorulan arxada qalar,

Amma inadından dönməz yoxuşlar.

Yumurta qabığı yuvada qalar

Çıxıb gələcəyə uçanda quşlar…

 

Bizə gün doğursa sabaha yaxın,

Eşqin anasımı deyək gecəyə.

Külü keçmişlərə qoşar ocağın,

Tüstüsü "gəl" deyən bir gələcəyə…

 

Yaz gəlib keçmişin yadına salar

Gizli sevgisini torpaqla dənin.

Salxım çiçəkləri budaqda qalar

Ətri gələcəyə uçar iydənin.

 

Gecəmi öyrənək girib yuxudan

Gündüz bu sualın cavabı yoxmu?

Buxarmı daşlanır qaynayan sudan,

Bədəndən göylərə ya da bir ruhmu?

 

Nə var deyiləcək xoş sözdən şirin

Dünəni nə idi, sabahı nədir?

Tək bircə misrası qalan şairin

Əli gələcəyin ətəyindədir…

 

Arının mənzili gələcəkdisə,

Keçmişi gözləri dolan pətəkdi.

Musanı dağlara çəkən nəydisə

Məni də qürbətə o çəkəcəkdi…

 

Sular çağlamada gələcək deyə,

Gələcək eşqiylə göyərmədə dən.

Çıxdınmı, dönməyə yol yox geriyə,

Bağışla, yumurta qabığı, vətən…

 

 

Cavablı, cavabsız suallar

 

- Bir yaşım, harda qaldın?

- Yetim qaldığın yerdə.

- Göz yaşım, harda qaldın?

- Kirpik çaldığın yerdə…

- On yaşım, harda qaldın?

- Dərdə daldığın yerdə.

 

- Bəs sən, on doqquz yaşım?

- Aşıq olduğun yerdə.

- Bəs sən, 35 yaşım?

- Yaşa dolduğun yerdə.

 

- Ümidim, harda qaldın?

- Allah dediyin yerdə.

- İnamım, harda qaldın?

- Haram yediyin yerdə…

 

- Hardasan qəbir qazan?

- Doğulmadığın yerdə…

- Hardasan, yazı yazan?

- Sən olmadığın yerdə.

 

 

Kimsə dediyinə inanmır, amma…

 

Qürbətdə "sevgili yarım", vətəndi,

Yuxumu qaçırıb, qəlbimə daman.

Vətən, Qarabağsız yarıvətəndi,

Mən də ki, vətənsiz yarımadamam.

 

Baxıram şöləsi səngiyən şama

Arzular tükənir, umudlar bitir.

Vətən, torpağına dən səpir, amma,

Yerindən ya yalan, ya şüar bitir.

 

Sorduğun sorunun uzaqlardakı

Cavabı gözünün yaşında gələr.

"Ana" yox, "vətən" yox bir diyarda ki

"Yox" sözü hər şeyin başında gələr..

 

Əyninə geydiyi şeytan köynəyi,

Gəl, belə dövranın halına yanma.

Hamı nəsə deyir, nəsə söyləyir,

Kimsə dediyinə inanmır, amma…

 

 

Gül

 

İtən gəncliyinin nəydi günahı,

Yadına düşdükcə ağlı qarışır.

Körpə bir çiçəyi dərdi ki, - baxım,

Qocalan əlimə necə yaraşır…

 

Demə ruhu varmış bağça-bağın da,

Baxdı ki, əl gülə, gül ələ yaddı.

Tikan da gül idi pöhrə çağında,

Qarıyan çağında əlinə batdı…

 

Eləcə boylanıb baxırdı gendən,

Ağlını çaşdıran nə mənzərəydi…

Bilirsən nə keçir gülün içindən:

Kaş məni gül kimi əllər dərəydi…

 

Dəydi qulağına ilahi bir səs, -

İşin xeyrinəmi tək gələn səbir?

Qocalan canını torpaq götürməz,

Köhnə bir bədəni neyləyər qəbir…

 

 

Mən sənin yadına düşən deyiləm…

 

Bulud var, əlində bir bəhanə var,

Bahar buxarlanar baxdığın yerdə…

Neynim, ürək adlı bir viranə var,

Sən mənim yadımdan çıxdığın yerdə…

 

Yağmura dönəcək buludlar yəqin,

Könlümün gözündən yağıb gedərsən.

Getməyə bir ayrı yerin var yəqin,

Sən mənim yadımdan çıxıb gedərsən…

 

Ərəfə yeriyimiş qərib ürəyin,

Gözləyə-gözləyə oldu gün axşam.

Mən sənin yadından çıxırdım yəqin,

Sən mənim yadıma düşdüyün axşam…

 

Çöküb dərələrin canına nisgil,

Dağların başına duman olub qəm.

Onsuz da yaddaşın yurd yeri deyil,

Mən sənin yadına düşən deyiləm..

 

 

Arzunun bitdiyi yerdəsən yəqin…

 

Yeni bir qurbana daha yox güman,

Mən ki, ümidimi çoxdan kəsmişəm.

Ömrün qürubunda səndən yox ki, mən

Gedib barışdığın çağdan küsmüşəm…

 

Ümidə açılan yaz yarpağının

Bahardan payıza mənzili qardı.

Özündən sordunmu cavan çağının

Qocalan çağımda nə işi vardı…

 

Qanadı qırılan xəyallar ki, var,

Gedib harda olsan tapardı səni.

Mənim görüşümə tələsən yollar

Kimin görüşünə apardı səni?

 

İndi bir dodaqda yüz çeşid yalan,

Bir də ha söyləyim nə əldən gələr?

Varsa qabığını dəyişən ilan,

Rəngini dəyişən bir kərtənkələ…

 

Sən getdin, gedəli artdı qubarım,

Bir şey söyləmisən dərdə sən yəqin.

Hardasan, mən səni harda axtarım,

Arzunun bitdiyi yerdəsən yəqin!

 

 

Don

 

Dan üzü açılan qönçələrdimi,

Ya elə içindən gecə açılır?

Açardım içimdə donan dərdimi

Bilsəm yerin donu necə açılır.

 

Yenidən mən deyən bir bahar olsa

Donan arzularım sıyrılsa qəmdən.

Sinəmi göynədən dərd buxar olsa,

Tüstüsü, dumanı çıxsa təpəmdən…

 

Başqa bir günəşdi doğan günəş ki,

Çıxarsa, keçmişdən gələcək çıxar…

Qoca bədənimdə cavanlıq eşqi,

Çürüyən ağacdan göbələk çıxar.

 

 

Payızın yelləri bəhanə imiş…

 

Bəlkə qönçəsindən çıxmazdı çiçək,

Aldanıb səhərin yelinə gəldi.

"Əlvida" deməyi bacardı, demək,

Qəlbindən keçənlər dilinə gəldi…

 

Çiçəkdən-çiçəyə gedib-gələndi,

Həyat fəlsəfəsi - "bəyən, at" sözü.

Onun misalında qafiyələndi

Qadın bədəniylə "xəyanət" sözü.

 

Bilərsən qəlbindən gəlib keçəni,

Elə ki, saçının rəngi dəyişər.

Əvvəlcə bədəni dəyişər səni

Sonra da telefon zəngi dəyişər.

 

Əzəldən kül altda qalan közüydü,

Sona saxlamışdı ürək sözünü.

Əvvəl qadınlığın mələk üzüydü,

Sonra da göstərdi şeytan üzünü…

 

Təzədən bir fürsət düşsə əlinə,

Edən etdiyini daha bəd eylər.

Qoşulub payızın xəzan yelinə

Yarpaqlar bahara xəyanət eylər.

 

Arzusu oğurluq bir görüşdüsə,

Əlinə düşəcək ilk fürsət yetər.

Hardansa ağlına bir şey düşdüsə

Bədəni ardınca qul olub gedər…

 

Payız hesabımı keçmiş anların

Bahar tapdığını itirmiş demək…

Önü "sədaqətlə" başlaynaların,

Sonu xəyanətlə bitirmiş demək.

 

Bilmədik, hər dərdin dərmanı vaxtmış,

Yanıb-yaxılmalar daha nə imiş…

Onsuz da o güllər soluxacaqmış,

Payızın yelləri bəhanə imiş…

 

 

Ömür misalını yelə çək daha

 

Ayrıldıq! Tükəndi ümid yeri də,

Ömür misalını yelə çək daha.

İrəli deyilən qaldı geridə

Öləcək yeridi, gələcək daha…

 

Ölüm sabahına söküləndə dan,

Vaxt sənə bir şeylər dedimi keçdi?

Aramız açıldı. Bu aralıqdan,

Şeytanmı sivişdi, kədimi keçdi?

 

Qürbətə düşənlər unudularkən

Qara günümüzə bəyaz geyən var.

Arada bu qədər məsafə varkən,

Bizə araları yoxdu deyən var…

 

Gedib özgəsindən soruşma vaxtı,

Solan çiçəkləri dolan bar bilər.

Eşqin çıxış yolu niyə çıxaqdı,

Girib aramızı vuranlar bilər…

 

Boşuna düşdüyün nə həvəs idi,

Peşinə düşdüyün nə köçdü belə?!

Bizim aramızdan su keçməz idi,

Bizim aramızdan nə keçdi belə?!

 

 

Necəsən

 

Necəsən, yaz sovuşa,

Bir də geri dönməyə.

Gəzib bir yer tapmayasan

Ölən eşqi gömməyə…

 

Yaz yerinə payızı

Gəzməyi öyrənəsən.

Könlünə daş bağlayıb

Dözməyi öyrənəsən.

fələk kəsə ruzunu,

Dil qala, damaq qala.

Sonra ömrün uzunu

Qışda yaşamaq qala…

 

 

Qalar…

 

Ruhun bir şey xatırlasa,

Səslən, səs varsa, səda var.

Gəlməyə bu dünya varsa,

Getməyə o dünya da var.

 

Əbədiyaşar qədərəm,

Neçə yol gəlib-gedərəm.

Həyatı alıb gedərəm,

Ölüm, bu dünyada qalar.

 

Çalışdım bir quru ada,

Bir kimsə salmasın yada.

Salsanız, gözüm arxada,

Əlim, bu dünyada qalar.

 

O dünya deyilən nəsə,

Yollar hər yoldan kəsə.

Gedim - xoşuma gəlməsə,

Gəlim bu dünyada qalım.

 

Çanaqqala

26.04.2010

 

 

Məni bu yaşımda atmağa nə var…

 

Məni uşaqlığım atıb gedibdir,

Gəncliyim dərdimdən batıb gedibdi.

Hər gedən başımı qatıb gedibdi,

Varsa, baxt deyilən yatıb gedibdir.

 

Daha atılmağa öyrəncəliyəm,

Ucuz satılmağa öyrəncəliyəm…

Daha atılmağa yerim qalmadı.

Ucuz satılmağa yerim qalmadı.

Məni bu yaşımda atmağa nə var,

Keçi qiymətinə satmağa nə var.

 

Sənin də atılan daşın gələcək,

Üstünə dərd adlı qoşun gələcək.

Başıma gələnlər başına gəlsə,

Baxırıq hansından xoşun gələcək…

fürsət əlindəykən unut, at məni,

Səni aldatmadım, sən aldat məni…

 

17.04.2010

 

 

Yağış səsi

 

Yağ, səsinə qurban olum,

Bu nə vaxtın yağmağı?

Mənə qalsa yatasıydım,

Oyandır mən axmağı…

 

İliyimə işləmədə

Çıxardığın nə bu səs?..

Əl uzatsan, ələ gəlməz,

Dönüb baxsan, görünməz.

 

Axşam-axşam ətrafına

Yığıb dostu, tanışı.

Göydən yerə gətirdiyin

Nağıldanmı danışdın?

Öz dilində pıçır-pıçır

Söylədiyin kəlmələr

Mənasını bilməsəm də

Qulağıma xoş gələr…

 

Pıçır-pıçır pıçıltılar

Yoxsa Tanrı sözümü?

Pəncərəmə işlədiyin

Mələklərin üzümü…

 

Yağ, səsinə qulaq asım,

Yağ, Allahı sevərsən.

Bəlkə elə yetmiş ildi

Gözlədiyim xəbərsən…

 

 

Çanaqqala

06.01.2009

 

Məmməd İsmayıl

 

Ədəbiyyat qəzeti.- 2010.- 25 iyun.- S.3.