Nigar Rəfibəyli
Poeziya günü
Nizami yurdunda - Gəncədə keçirilən ənənəvi Nigar Rəfibəyli Poeziya günü bu dəfə Rəsul Rzanın 100 illik yubileyi tədbirlərinə qovuşdu, ona təbii bir naxış oldu.
Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin təşkilatçılığı ilə ərsəyə gələn növbəti Nigar Rəfibəyli Poeziya günü görkəmli şairin adını daşıyan 43 nömrəli orta məktəbin həyətində ucalan abidəsi önündə başlandı. Poeziya gününü AYB Gəncə bölməsinin sədri Məmməd Alim açaraq XX əsr ədəbiyyatımızın tanınmış xanım sənətkarının həyat və yaradıcılıq yolundan, poeziyasının özünəməxsus xüsusiyyətlərindən danışdı, Nigar Rəfibəyliyə və Rəsul Rzaya həsr etdiyi "Göyçay çinarı, Gəncə qovağı…" şerini oxudu.
Tədbirdə yazıçı və şairlərdən Sədnik Paşa Pirsultanlı, Mahir Rəfizadə, Aləmzər Əlizadə, Ümbülbanu, Rəna Teymurqızı, Nadir Ovçu, Zaur Quliyev və Elvin Mütaliboğlu çıxış edərək N.Rəfibəylinin yaradıcılığı barədə ürək sözlərini söylədilər, ona həsr etdikləri şeirlərini oxudular. Şairin 7 yaşlı balaca oxucusu Hüseyn Həsənovun ifasında səslənən "Soyuq bulaq" şeri alqışlarla qarşılandı. Şagirdlərdən Səbinə Qəhrəmanova, Ofelya Bağırova, Mətləb Məmmədov, Ramin Şəfizadə və Kamran İlyasov şairin şeirlərini söylədilər. Əməkdar müəllim Əsli Süleymanova, müəllimlərdən Validə Salmanova, Şəfiqə Verdiyeva və fazil Kazımov çıxışlarında N.Rəfibəylinin şair-ana obrazını hərtərəfli səciyyələndirdilər, onun ədəbi irsinin gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynadığını qeyd etdilər.
Gəncə Dövlət Dram Teatrının aktyorlarından Kəmalə Məmmədovanın, Elşad Əhmədovun və Xoşbəxt Hüseynovanın ifasında şairin şeirləri, "Göygöl" ansamblının solistlərindən əməkdar artist Şəhadət Ömərovun və gənc müğənni Məhəmməd Mirzəyevin ifasında sözlərinə bəstələnmiş mahnılar N.Rəfibəyli Poeziya gününün proqramını daha da zənginləşdirdi. Məktəbin 4-cü sinif şagirdi Kamran İlyasovun ifa etdiyi "Azərbaycan" mahnısı musiqi proqramına yekun vurdu.
Nigar Rəfibəyli adına 43 nömrəli orta məktəbin direktoru, şair Xəzangül, şəhər Mədəniyyət və Turizm İdarəsinin böyük məsləhətçisi Bəxtiyar Muradov uzun illərdən bəri AYB Gəncə bölməsinin təşəbbüsü ilə keçirilən N.Rəfibəyli Poeziya bayramının Gəncənin ədəbi-mədəni həyatına daxil olduğunu məmnunluq hissi ilə qeyd edərək bu gözəl tədbirin təşkilatçılarına, bütün iştirakçılarına təşəkkürlərini bildirdilər. Şairin əzəmətli büstü qarşısına gül-çiçək dəstələri düzüldü.
Sonra yenidən
qurulmaqda olan Xan bağında Nigar Rəfibəylinin
heykəli önünə AYB-nin Gəncə
bölməsi adından təzə gül-çiçək
dəstələri qoyulması ilə başa
çatan Poeziya günü Gəncə torpağının
görkəmli şair qızına
hörmət və ehtiramın səmimi ifadəsinə çevrildi.
İ.Yusifova
Ədəbiyyat qəzeti.- 2010.- 25 iyun.- S.1.