Ülviyyət aləminin poeziyası
İstər böyük ədəbiyyatı olsun, istər
uşaq ədəbiyyatı - ədəbiyyatın dəyəri
onun bədii-fəlsəfi kamilliyi ilə
ölçülür. Söhbət uşaqlar
üçün yaradılan böyük ədəbiyyatdan,
görkəmli sənətkardan getməlidir. Bu il anadan
olmasının 90 illiyi tamam olan Xanımana Əlibəyli (20
aprel 1920 - 7 may 2007) 87 sənəlik böyük bir
ömrü uşaqlar üçün gözəl əsərlər
yaratmağa həsr etmiş belə sənətkarlardan idi. Rəqəmlərdən
göründüyü kimi, Xanımana xanım Azərbaycanda
Sovet hakimiyyəti qurulanda - "Qırmızı
qaranlıqlar" (Ə. Hüseynzadə) rejimi ilə bir
vaxtda anadan olmuş, millətlərə kommunizm cənnəti
vəd edən 70 illik sovet rejimində başa-baş
yaşamış, kommunist əxlaqı ilə tərbiyə
almış və nəhayət, Azərbaycanın
istiqlalının 17 ilini yaşamış, XX əsri onunla
birlikdə II minilliyi tarixin panteonuna yola salmış, XXI əsri
və III minilliyi 80 yaşında qarşılamış
görkəmli şair və vətəndaş idi.
Onun irsi ülviyyət aləminin
poeziyasıdır. Məncə, onu çox yaşadan göydə
hər şeyə qadir Allah, yerdə uşaqlar oldu. Onun qəlbi
uşaq gözündən sevgi nuru olaraq cavanlaşdı.
Böyük rus yazıçısı A.P.Çexov deyirdi ki,
"Biz hamımız uşaqlıq adlanan ecazkar aləmdən
gəlmişik". X.Əlibəyli bax, həmin bu ecazkar aləmi
tərənnüm edib.
Vətən, Azərbaycan
haqqında çox yazılıb. Aşağıdakı misraları
ancaq uşağın dili ilə danışan şair yaza bilər:
Heyranam hər
çağına,
Bağçasına,
bağına,
Yıxılım
ayağına,
Azərbaycanım mənim.
Uşaqlar haqqında yazmaq
çətindir. Bunun üçün uşağın
gözü ilə görməli, uşağın dilində
danışmalısan. Uşaq ədəbiyyatımızın
klassiki Xanımana Əlibəyli öz istedadı və səmimiyyəti
sayəsində bunu bacardı, uşaqla bərabər Günəş
olmağın poetik yolunu tapdı:
Qışda şaxtada, buzda,
Günəş çimir
hovuzda.
Bərk istisində yayın,
Çimir suyunda
çayın.
Odur ki, par-par yanır,
Hər tərəf
işıqlanır.
Qoy gətirim ləyəni,
Su tök çimizdir məni.
Ay ana böyüyəndə
Günəş olaram mən
də.
Günəş olmaq arzusu -
min illərlə saya gələn tarixi boyu Günəşi
Tanrı hesab edən türk balası üçün bundan
böyük arzu ola bilərmi? Uşaq ədəbiyyatımızın
böyük rüknü Abdulla Şaiqin "Həpimiz bir
günəşin zərrəsiyis Həpimiz bir yuva pərvərdəniyiz"
kimi bütün yer üzünün insanlarını birliyə
səsləyən məşhur misraları yada
düşür. Azərbaycan uşaq ədəbiyyatının
kökündə Nizami kimi bir şeyx dayanır. O Şərq
didaktik ədəbiyyatının ən yaxşı nümunələrini
- ağıllı Fitnə obrazını yaratdı, az
danışmağın gözəlliyini öyrətdi, kamil
palançı olmaq yarımçıq
papaqçılıqdan yaxşıdır söylədi...
Etiraf edək ki, bu gün uşaq şairi olmaq çox çətindir. Qloballaşan zəmanənin texnologiyaları az qalıb ki, uşağa ən lazım olan "oyuncağı" - kitabı onun əlindən alsın. Necə edəsən, nə dərəcədə maraqlı kitab yazasan, uşağı kompyuterin ecazkar ekranından qopara biləsən?! Bu işdə nəsihət ədəbiyyatı, şirin və mənalı poeziya (nağıl!) artıq xeyli gücsüz bir halətdədir. Xanımana Əlibəylinin akademik Bəkir Nəbiyevin "Uşaq ədəbiyyatımızın Xanım anası" adlı dərin məzmunlu müqəddiməsi ilə çap olunmuş iki cildlik "Əsərləri"ndə müasir uşağın qəlbini fəth, zehnini zəbt etməyə layiq çoxlu nümunələrə rast gəlirik. Məlumdur ki, tovuz quşu dünyanın ən gözəl quşudur. Lakin... yaxşısı budur gəlin şairi dinləyək
O əlvan quşa bax bir,
Bilirsənmi, adını?
Gözəlliklə fəxr
edir,
Açıb qol - qanadını.
Tovuz quşu yetənə
Göstərir camalını.
Sən isə göstər mənə,
Ağlını, kamalını.
Şerin qayəsi budur: mənasız gözəllikdənsə ağıllı - kamallı olmaq daha faydalıdır. Dörd misralıq "Kəlbətin" şerində görün bir nə qədər dolğun daxili obraz var:
fərhad, sənə sözüm var
Danışan kəlbətindir
Hər yerə vurma mismar
Çıxarmaq çox çətindir.
Şair öz balaca oxucusuna quru - ağıllı, kamallı ol, mənasız işlərlə məşğul olma demir, "Göstər ağlını" və "Kəlbətin" kimi lakonik və məzmunlu şeirlər yazır.
Düz deyiblər ki, insan yaşadığı cəmiyyətdən çox, doğulduğu təbiətə bənzəyir. Qışı sərt, yayı isti təbiətdə doğulanlar mərd olur. Əlbəttə, dağ uşağı ilə vağzal uşağı, bulaq suyu içənlə arx suyu içən bir ola bilməz. Bu mənim uydurmam deyil, təbiətin fəlsəfəsidir.
Mən ədəbiyyata da bu baxımdan yanaşıram. Poeziya, xüsusən lirika təbiət janrıdır, nəsr şəhər, cəmiyyət janrıdır. Mən bu cəhəti Xanımana xanımın şeirlərində də duydum. O, uşaq psixilogoyasını təbiət faktorunda daha yaxşı əks etdirir. Məsələn, "Günəbaxan" şerində olduğu kimi:
Qoğal kimi girdəsən,
Xaş-xaş üstündə çil-çil.
Bir isti təndirdəsən,
Bişmisən lap elə bil.
Bax, dan yenə sökülür,
Sənin dilikli, sarı
Güllərinə tökülür
Günəşin şüaları.
Otların üstə şeh var,
Yarpaqların yaşdımı?
Töküldükcə şüalar
Gözlərin qamaşdımı?
XX əsrin bənzərsiz şairi Əli Kərimin də "Günəbaxan" adlı mən deyərdim ki, dahiyanə bir şeri var: hər iki şeirdə Günəşi tutub saxlamaq, insanlara göstərmək ehtirası cilvələnir: biri böyüklər üçün, biri kiçiklər üçün!
Yeri gəlmişkən etiraf edim ki, mən böyük ədəbiyyatı, uşaq ədəbiyyatı anlayışlarının əleyhinəyəm. Ədəbiyyat elə ədəbiyyatdır: bədii poetik söz hər yerdə eyni siqlətdə və qiymətdə olmalıdır. Çünki bir istedadlı şair var, bir də qrafoman! Birincinin əlində söz çiçəklənir, ikincisinin əlində söz didiklənir. İ.Höte deyirdi: "Biz hamımız böyük uşaqlarıq". Dünyanın başqa bir böyük yazıçısı F.M.Dostoyevski yazır ki, əgər sən uşaq obrazı yaratmaq istəyirsənsə, varlığında uşaqlığını qoruyub saxlamış böyük adamın surətini yarat. Uşaq ədəbiyyatı daima möcüzələr axtaran fantastik ədəbiyyata bənzəyir. "Möcüzələr yalnız uşaqlıqda baş verir" (J.J.Russo). Uşaq möcüzəyə həqiqətdən çox inanır. Qədim mifləri yaradanlar bəşəriyyətin ilk uşaqları idi. Bu gün də kim öz varlığında uşaqlığını qoruyub saxlayıbsa, o hələ də Koroğlunun 7 qazan plovu yeməsinə inanır... Bu yerdə dahi füzulinin məşhur sözləri yada düşür: "Aldanma ki, şair sözü əlbəttə yalandır". Yəqin bunu yazanda füzuli çox gözəl bilirdi ki, bədii ədəbiyyatın gücü elə məhz yalanda, özü də bu yalana oxucunu səmimiyyətlə inandırmasındadır. Kim yaxşı aldadırsa, o ən yaxşı yazıçıdır, kim yaxşı aldanırsa, o ən yaxşı oxucudur. Mənim fikrimcə, rahat aldanan adam ən xoşbəxt adamdır...
Xanımana Əlibəyli gözəl lirik şeirlərlə bərabər uşaq mühitinin - ülviyyət aləminin ecazkar psixologiyasını səmimiyyətlə əks etdirən "Dovşanın ad günü", "Çoxbilmiş sərçələr", "Ulduzların qucağında", "İsa və Musa", "Aman, ovçu", "Meşə həkimi", "Ləpələrin nağılı" və s. kimi mənalı lirik poemaların müəllifidir.
Müasir Azərbaycan uşaq teatrını uzun illər öz pyesləri ilə yaşadan sənətkarlarımızdan biri məhz Xanımana Əlibəylidir. Onun "Əsərləri"nin ikinci cildi ancaq pyeslərdən ibarətdir. "Dovşanın ad günü", "Aycan", "Gözəllər gözəli", "Kənd həkimi", "Cün quş", "Ləpələrin nağılı", "Nişanlı quş" pyesləri milli uşaq dramaturgiyamızın dəyərli nümunələridir.
Bu pyeslərlə bir daha tanış olandan sonra mən onları müfəssəl təhlil etmədən bu qənaətə gəldim ki, Xanımana Əlibəylinin irsi - həm lirikası, həm poemaları, həm də dramaturgiyası monoqrafik hüdudlarda müstəqil surətdə tədqiq olunmalıdır. Burada həm şairənin obrazı, həm də XX əsr uşaqlarının obrazları əbədiləşə bilər. Bu pyeslər və bunların səhnə taleyi əsasında biz həm də Azərbaycan uşaq teatrının tarixi haqqında gələcək nəsillərdə təsəvvür yarada bilərik.
Xanımana Əlibəylinin yaradıcılığı ilə tanışlıqdan sonra bir daha əmin oldum ki, həqiqətən də "Yer üzündə uşaq qığıltısından təntənəli himn yoxdur" (V.Hüqo). Uşaq olmayan böyük yoxdur, kim uşaq olmayıbsa o böyük ola bilməz.
Xanımana Əlibəyli böyük ola bilmiş uşaqların şairi idi. O, əslində öz əsərləri ilə uşaqları böyüklüyə hazırlayırdı. Onun poeziyasının gücü bunda idi. O, öz kövrək və səmimi şeirləri ilə neçə-neçə nəsilləri yetişdirmişdir.
O, hər gələn uşaqlarla yenidən doğulacaq, müstəqil Azərbaycanın yeni-yeni körpə nəsilləri, onun Dovşanının ad günündə iştirak edəcək.
Nizaməddin ŞƏMSİZADƏ
Ədəbiyyat qəzeti.- 2010.- 25 iyun.- S.2.