"Unuda bilməzsən!.."

     

Bu gün çağdaş poeziyamızda da sələflərinin yolunu layiqincə davam etdirən bir sıra istedadlı qadın şairlərimiz var. Onlardan biri də Rüzgar Əfəndiyevadır.

Onun hələ çox-çox illər qabaq qələmə aldığı bir sıra şeirləri vardı ki, bunlar dil axıcılığına, lirizminə, ən əsası isə yeni dəst-xəttinə, qafiyə üslublarına görə seçilirdi:

 

Çıxıram dağlara ay gülüm, sənsiz,

Dağ da qəribsəyər dumansız, çənsiz.

Dolan bu dünyanı, get dolan mənsiz,

Peşiman olsan da axtarma məni..

 

Hələ tələbə ikən yazdığı bu şeir o zaman oxucuların dillər əzbəri olmuşdu. Tale belə gətirdi ki, mən onunla çox-çox illər sonra - ədəbiyyatımızın müqəddəs ocağı sayılan Yazıçılar Birliyində görüşdüm. Gözlərində böyük bir niskil, kədər gördüm Rüzgar xanımın. Əslində, bu kədər, bu niskil əsl şairin, yazıçının qəlbində həmişə olur və ağır bir yük kimi bunu ömrü boyu ürəyində gəzdirmək onların alın yazısıdır. Öyrəndim ki, Rüzgar xanımın acısı daha böyükmüş; neçə il qabaq - 1994-cü ildə əziz oğlu Emin 23 yaşında dünyasını dəyişibmiş... Bunu bildikdə çox kövrəldim, bir ana kimi onun hisslərini anladım. Müqəddəs "İncil"də deyilir ki, "Şair yaza-yaza özünü xilas edir." Bəlkə də həmdəmi olduğu tənha gecələrdə yazdığı şeirləri Rüzgar xanımın ruhunu xilas etdi, həyata olan eşqini söndürə bilmədi. Rüzgar xanım yazdı, yazdı... Bütün qəlbini, ürəyini poeziyaya açdı, onunla yaşadı, onunla nəfəs aldı.

 

Dərd bağlarda barım oldu,

Ağaran saç varım oldu.

Tək qələm Rüzgarın oldu,

Açılan qapı olmazmı?

 

Rüzgar Əfəndiyevanın üzünə poeziyanın qapıları hələ çoxdan taybatay açıq idi. Çünki illər öncə - poeziyaya ilk gəldiyi gündən öz sözünü deməyi bacarmışdı. Elə o zaman hiss olunurdu ki, poeziyaya yeni səs gəlib.

"Keçdim bir cığırdan, düşdüm qürbətə, Qayıda bilmədim, gördüm payızdı.." - deyən şairə xanım həyatında çox ağrı-acılar, kədərli anlar yaşasa da, hər halda Tanrının xoşbəxt bəndələrindəndir ki, elinin-obasının ziyalısıdır, söz deyənidir. Vaxtilə Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Mirvarid Dilbazi, Vasim Məmmədəliyev və başqa qüdrətli söz ustadlarımız onun yaradıcılığını, sənətini yüksək qiymətləndirib, haqqında dəyərli fikirlər söyləyiblər. Unudulmaz şairimiz Mirvarid Dilbazi elə o zamanlar "Bizdən sonra..." məqaləsində yazırdı: "Mən həmişə dərin nigarançılıq hissi ilə yaşayırdım ki, bizdən - yaşlı nəsildən sonra biz keçən poeziya yollarına hansı istedad öz işığını salacaq? Kim analıq, qadınlıq, çətin yaradıcılıq tələblərinə, müqavimətinə tab gətirə biləcək? Rüzgardan oxuduğum şeirləri, sənətə vurğunluğu, dözümlülüyü mənə haqq verir deyim ki, artıq o istedadlardan biri Rüzgarın simasında yetişib."

Rüzgar xanım söhbətarası bunları da söylədi: "Məni ilk dəfə tanıdan "Ulduz" jurnalı oldu. 1967-ci il idi, jurnal yenicə təsis olunmuşdu. Doqquzuncu nömrədə Rüzgar Qurbanova soyadı altında cəmi altı sətirdən ibarət olan "Qaytar eşqimi" adlı şerim dərc olundu. Həmin şeir belədir:

 

Tənə də, giley də yersizdir daha,

Qaytar o alışan, yanan eşqimi.

Sənin ki, ürəyin buz bağlayıbdır,

Qaytar o üşüyən, donan eşqimi.

Mənim ürəyimdə dünyaya gəlib,

Sənin ürəyində donan eşqimi.

 

Bu şeir dərc olunanda mən tələbə idim. Ondan sonra 1968-ci ildə xalq şairi Fikrət Qoca "Azərbaycan gəncləri" qəzetində şöbə müdiri işləyərkən "Axtarma məni" şerimi çox bəyəndi və onu 27 iyun sayında dərc etdirdi. Ümumiyyətlə, mən Fikrət Qocanı poeziyada öz müəllimim hesab edirəm. Sonra 1969-cu ildə yenə də "Ulduz" jurnalının üçüncü sayında rəhmətlik şairimiz Famil Mehdinin mənim haqqımda bir yazısı dərc olundu və o, mənim "Meşə" şerimi oxuculara təqdim etdi. Həmin şeir belədir:

 

Bulaqlar dumduru, güllər təzə-tər,

Böyürtkən yanaqda bir xala bənzər.

Dayanıb bir mahnı oxusan əgər

Səsinə səs verib oxuyar meşə.

 

Dediyim kimi, mən həmin vaxtlarda tələbə idim. Sonra 1970-ci ildə ailə qurdum və elə o vaxtdan Əfəndiyeva soyadını daşıyıram."

Burada bir maraqlı xatirə düşdü yadıma. Bu yaxınlarda çalışdığım İctimai televiziyanın rəhbərinin dediyi sözləri xatırladım. Ədəbiyyata, poeziyaya hər zaman xüsusi diqqət yetirən İsmayıl müəllim deyirdi ki, ədəbiyyatı, poeziyanı çox oxuyun. Birdən sözarası dedi ki, o zaman bir tələbə qız "Axtarma məni" şerini yazdı, dillər əzbəri oldu...

Mən özüm də qələm əhli olduğum üçün həmin anda qürur hissi keçirdim ki, Rüzgar xanım haqqında belə xoş sözlər eşitdim...

Rüzgar xanımın poeziyası düşündürücüdür, lirikdir, həzindir, kövrəkdir. Onun mövzu dairəsi də çox genişdir. Torpağa, təbiətə, insana olan səmimi sevgisi ürəyindən qələminə süzülərək gözəl misralara çevrilir. Şairin ana haqqında yazdığı şeirləri yığcam və təbiidir:

 

Tək bircə gecənin əvəzi olmaz

Yüz il keşiyində dursam, ay ana!

("Ana")

 

Rüzgar Əfəndiyevanın şeirləri təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində- Türkiyədə, Rusiyada, Əfqanıstanda, Bolqarıstanda və Özbəkistanda müxtəlif mətbu orqanlarında çap olunub, şeirlərinə bir çox mahnılar bəstələnib. Hansı birimiz "Axtarma məni", "O sənli günlərim", "Dəniz və məhəbbət", "Pıçılda", "Kimsə xoşbəxt oldu", "Niyə tələsdin", "Payız toyları" və sair mahnılara sevə -sevə qulaq asmamışıq? Bu mahnıları sevimli sənətkarlarımız Zeynəb Xanlarova, Niyaməddin Musayev, İlhamə xanım, məşhur türk müğənniləri Emel Sayın, Nəşə Qaraböcək ifa ediblər. Bu mahnılara hər dəfə qulaq asanda qəlbimiz nə qədər duyğulanır!.. Oqtay Rəcəbov, Oqtay Kazımi, Bahadur Hüseynov, Həsənağa Qurbanov kimi bəstəkarlarımız Rüzgar Əfəndiyevanın yaradıcılığına müraciət edərək sözlə mahnının vəhdətindən əsl sənət incisi yaratmışlar. Mahnını qüdrətli edən həm də onun sözləridir. Mahnı o zaman hörmət qazanır ki, onun sözləri də təsirli olsun. Rüzgar xanımın mahnı mətnlərinin olduğu kimi.

Rüzgar xanım həm də "Natəvan" operasının ariya və duet mətnlərinin müəllifidir. 1999-2002-ci illərdə görkəmli bəstəkar, respublikanın xalq artisti, professor Vasif Adıgözəlovla birlikdə bu əsər üzərində işləmişlər. 2003-cü il dekabrın 7-də bu əsər Opera və Balet Teatrında səhnəyə qoyulmuş və böyük uğur qazanmışdır.

Rüzgar xanımın şeirlərində Vətən, yurd anlamı da çox genişdir. Bu da təsadüfi deyil. Gözəl Qarabağ torpağında, vaxtilə dahi Nizaminin də böyük dəyər verdiyi Bərdədə dünyaya göz açan Rüzgar xanım o yerləri qarış-qarış gəzdiyindən, havasını udub, suyunu içdiyindəndir ki, şeirlərində bu qədər səmimidir.

 

Bilinməz gündüzü, nə də gecəsi,

Gül açar gül yaşda ömür baharı.

Asılıb çinarın budaqlarından,

Çinardan boy alar kənd uşaqları.

 

Bir anlığa gözümüzün önündə kənd həyatı, hündür ağacın budaqlarından asılıb yellənən kənd uşaqları canlanır. Bir anlığa da olsa, uşaqlıq çağlarımıza qayıdırıq.

Rüzgar Əfəndiyeva xalq artisti Arif Babayev haqqında yazdığı "Vətəndir Arifin səsi" kitabında Qarabağ həsrətini, yurd yanğısını ön plana çəkir. Bu gün hər birimizin qəlbində qanayan bir yara olan Qarabağ dərdi şairəni də için-için göynədir, yuxusunu ərşə çəkir.

Şairin gözləri hər gün o torpağı axtarır, ümid edir ki, heç bir gedən qayıtmasa da, amma torpaqlarımız qayıdacaq. Böyük şairimiz Xəli Rza Ulutürkə müraciətlə yazır:

 

Sənlə vətən qoşa idi,

Sənə ellər "yaşa" dedi.

Bu xalq ölməz, yaşarıdı,

Şair qəlbi gələcəyə

Uçub gedən Xəlil Rza!

 

Dahi Füzuliyə həsr etdiyi şerində Rüzgar xanım bu böyük söz ustadına olan sonsuz sevgisini göstərməklə Füzuli dərdini, Füzuli yanğısını qəlbinin ağrı-acılarına bükərək lirik bir nümunə yaradır:

 

Sevdim, mələklər gül oldu,

Yandım, fələklər kül oldu.

 

- deyir şairə. Diqqətimi çəkən məqamlardan biri də onun yaradıcılığında klassik ənənələrlə müasirliyin birləşməsidir. Əslində, bu, çağdaş poeziyamızda bir yenilikdir. Çünki oxucu yeni tərzlə, yeni deyimlə qarşılaşır.

 

Söz bürünüb çiçəyə,

Nola, gedib çataydı

Onu sevən ürəyə.

 

Rüzgar Əfəndiyevanın yaradıcılığı təkcə şeirlə tamamlanmır. O, həm də bir sıra nəsr əsərlərinin müəllifidir. Onun "Yol gözləyənlər" povesti əsasında radio-tamaşa hazırlanıb dinləyicilərə təqdim olunmuşdur. Bundan başqa "Uçuş", "Qorxuram ki...", "Sabah da qar yağacaq" kimi gözəl hekayələri də mətbuatda dərc olunub. Hazırda "Rüstəm - Napoleonun yavəri" adlı poman üzərində işləyir. Göründüyü kimi, Rüzgar xanım bu yetkin yaşında da çalışır, ədəbiyyata, poeziyaya xidmət edir. O, nəsr əsərlərində də elə özüdür! Onun öz bənzətmələri, öz dünyası, öz deyimləri var ki, bu da onu başqa yazarlardan yaxşı mənada fərqləndirir.

Elə bil dünəndi yeddinci sinifdə oxuyanda riyaziyyat dərsində- ilk şeir yazdığı gün və Əli müəllimin həmin şeri oxuyub: "Bala, sən şair imişsən ki!.." dediyi gün. Elə bil dünəndi universitet illərində o unudulmaz, xoş keçirdiyi tələbəlik illəri... Nə tez gəlib keçdi o illər? Bir göz qırpımında. Gedən illərdə onun gözəl, çılğın gəncliyi, acılı-şirinli xatirələrlə dolu günləri qaldı. Amma milyonlarla insan qəlbinə bəxş etdiyi dəyərli şeirləri, mahnıları, neçə-neçə kitablar da qazandı.

 

 

Südabə SƏRVİ

 

Ədəbiyyat qəzeti.- 2010.- 25 iyun.- S.5, 6.