Azərbaycan Respublikasının Dövlət
mükafatı laureatlarını təbrik edirlər
Məlum olduğu
kimi, Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 26 may tarixli
938 nömrəli sərəncamı
ilə Bəkir Əhməd oğlu Nəbiyevə, Məhərrəm
Paşa oğlu Qasımlıya, Teymur Həşim oğlu Kərimova, Vilayət Muxtar oğlu Quliyevə, Nikpur Mirhüseyn oğlu Cabbarlıya, Nizaməddin Şəmsəddin oğlu
Şəmsizadəyə "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" kitabına
görə Azərbaycan
Respublikasının Dövlət
mükafatı verilmişdir.
Bu münasibətlə laureatlara müxtəlif ünvanlardan
təbriklər gəlməkdədir. Moskvanın məşhur
"Xudojestvennaya literatura"
nəşriyyatının direktoru,
görkəmli yazıçı, akademik Georgi Vladimiroviç Pryaxin də Bəkir Nəbiyevlə Teymur Kərimliyə təbrik teleqramı
göndərmişdir.
Qeyd edək ki, keçən il həmin nəşriyyatda "MDB ədəbiyyatları klassikası" seriyasından Azərbaycan folkloru və klassik ədəbiyyatı örnəklərini içinə alan "Ulduz salxımı" cildi (təqdim edən - Polad Bülbüloğlu, ön sözün müəllifləri Bəkir Nəbiyev, Teymur Kərimli, tərtibçi və şərhlərin müəllifi - Abuzər Bağırov) yüksək poliqrafik səviyyədə 3000 tirajla nəşr edilmişdir. Həmin seriyadan bu il işıq üzü görən "Sehirli sözlər" adlı ikinci cild (təqdimat - Mahmud Kərimov, ön söz - Bəkir Nəbiyev, Teymur Kərimli, tərtib və şərhlər - Abuzər Bağırov) isə folklor örnəklərimizi və VII-XIV əsrlər Azərbaycan ədəbiyyatından seçmələri rusdilli oxucuya təqdim edir.
Teleqramda deyilir:
"Hörmətli Bəkir Əhməd oğlu və Teymur Həşim oğlu!
"Xudojestvennaya literatura" nəşriyyatının rəhbərliyi "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" kitabına görə ədəbiyyat sahəsində Dövlət mükafatı almanız münasibətilə sizi, müəlliflər kollektivi ilə birlikdə ürəkdən təbrik edir.
Siz zəngin və dərin, sürəkli olaraq humanist ideyalar və əbədi həyati dəyərlər yükü ilə dolu olan Azərbaycan ədəbi aləminin parlaq nümayəndələrindənsiniz.
Bizi "MDB ədəbiyyatları klassikası" seriyası üzərindəki birgə işimizin xoşbəxt imkanı tanış etmiş və birləşdirmişdir. Biz sizə yaradıcılıq dolu əməkdaşlığa görə sonsuz minnətdarıq. Məhz bu əməkdaşlıq sonucunda seriyanın başqa kitabları ilə yanaşı, geniş rusdilli oxucu auditoriyasına Azərbaycan folkloru və yazılı ədəbiyyatına həsr edilmiş unikal cildin təqdim edilməsinə imkan tapmışıq.
Ümidvarıq ki, siz öz yaradıclığınızda bundan sonra da ən geniş oxucu dairələrinin ürəklərində əks-səda tapan humanist ideyaların yüksəkliyində duracaqsınız.
Sizə hələ neçə-neçə yaradıclıq uğurları, minnətdarlıq, xeyir və barış arzulayıram.
Səmimi
hörmətlə,
G.V.Pryaxin
Rusiya Bədii Söz
Akademiyasının akademiki."
Ədəbiyyat qəzeti.- 2010.- 25 iyun.- S.2.