"Azərbaycan ədəbiyyatının səhifələri"ni vərəqləyərkən

     

  Azərbaycan-rus ədəbi əlaqələrinin mahir tədqiqatçısı kimi tanınan, bu sahədə bir neçə monoqrafiya, dərs vəsaitinin müəllifi olan, bir sıra beynəlxalq konfranslarda milli ədəbiyyatşünaslığımızı təmsil etmiş, türk xalqlarının folkloruna aid araşdırmalarına görə Türk folklor qurumunun (Ankara) fəxri üzvü professor Aqil Cəfər Xəndan oğlu Hacıyevin yaxınlarda "Azərbaycan ədəbiyyatının səhifələri" adlı məqalələr toplusu işıq üzü görmüşdür.

Kitabın sonunda verilən orijinal "Nəticə əvəzi"ndə müəllif doğru olaraq təəssüflə kitab oxuyanların sayının get-gedə azaldığından gileylənir, milli folklorumuz və ədəbiyyatımızın ayrı-ayrı səhifələrinin yenidən oxunmasına həsr etdiyi bu yazılarının oxucunun diqqətini cəlb etməsinə və onun fikirləri ilə bölüşməsinə ümid etdiyini bildirir.

Bizöz tərəfimizdən onun bu ümidini doğrultmaq və müxtəlif illərdə mətbuat səhifələrində dərc olunmuş çoxsaylı məqalələrindən bəzilərini seçib kitab şəklində çap etdiyi bu yazıların indinin özündə öz elmi siqlətini itirmədiyi və hətta gələcək tədqiqatlar üçün bəzi istiqamətlər göstərdiyi haqda öz təəssüratımızı müəllifə və oxuculara çatdırmaq istərdik.

Kitabın mündəricatı ilə tanışlıq onun müəllifinin maraq dairəsinin çox geniş olduğunu göstərir: "Molla Nəsrəddin lətifələri rus poeziyasında", "Azərbaycan eposunun nümunələri və türk dastan ənənələri", "Aşıq Qərib" dastanının naməlum rus tərcüməsi haqqında", "Azərbaycan klassik ədəbiyyatı və şahmat oyunu", "Rus və Qərbi Avropa ədəbiyyatı Mir Cəlalın görüşlərində", "Ön sözlər", "Fazilxan Şeyda", "Üzeyir Hacıbəyov dramaturgiyasında folklor motivləri", "Rus klassikası Səməd Vurğun yaradıcılığında", "Çingiz Abdullayevin "Dronqo"su haqqında supersikl" və b.

Əlbəttə, biz bu maraqlı yazıların bir-bir məzmununun təsvirini vermək fikrindən uzağıq. Buna lüzum da yoxdur. Kitabla tanış olan oxucu burada bir çox məlum olanolmayan faktlar, bir sıra məlum olan faktların yeni oxunuşu, gələcək tədqiqatlar üçün istiqamətverici açıqlamalar və s. rastlaşsaq, elə biz də müəllifin ədəbi-tarixi prosesin gedişatına dair bəzi yeni yanaşmalarperspektiv tədqiqatlar üçün müəyyən etdiyi məqamlarda dayanmaq istərdik.

Amma bir məsələni xüsusi qeyd etmək istərdik ki, bu da Aqilin tədqiqatçılıq üslubu, yazı manerası ilə bağlıdır. Xatirimə salıram onun əsas monoqrafiyalarını: orta həcmli, lakonik, dəqiq və tutumlu. Bu yığcamlıq və az qala riyazi dəqiqlik, sistemlilik bir faktın izahında da, bütöv bir nəzəri baxışın təqdimində də özünü göstərməkdədir.

İncəliklə detallara varmaq ustalığı, arxiv materiallarına, o cümlədən inqilabaqədərki rus və Azərbaycan mətbuatına bələdlik, özünəqədərki müvafiq təcrübəni nəzərə almaq müəllifin tədqiqatçılıq üsulunun əsas xüsusiyyətləridir.

Götürək elə Molla Nəsrəddinlə bağlı yazını. Məsələn, bir lətifənin süjetinin rus şairlərinin interpretasiyalarında yozumu həm ideya adekvatlığı, həm də şeriyyət baxımından müqayisəli planda təhlilə cəlb olunurbu təhlildə hətta mətnlərdə Şərq koloriti, o cümlədən özünəməxsus milli yumor, oriyentalizmlərin işlənməsi və s. nəzərə alınır. Müəllif bu elə də böyük görünməyən məsələ ilə bağlı 16 mənbəyə müraciət edir, hətta bəzi şəxslərdə saxlanılan əlyazma nüsxələrinə.

Daha önəmli problem Azərbaycan eposu nümunələrinin - "Dədə Qorqud" və "Koroğlu" - türk dastan ənənələri ilə bağlılığıdır. Məlumdur ki, türk qəhrəmanlıq dastanlarının tipologiyası məsələsi müxtəlif kontekstlərdə, o cümlədən məşhur rus alimləri tərəfindən işlənmişdir. Təbii ki, bunlara bələd olan müəllif özünəxas üsulunun əsas prinsiplərindən olan sistemləşmə və dəqiq detallaşmaya riayət edərək türk dastan ənənəsində 15 xüsusiyyətə əməl olunmasını bir-bir göstərir. Əlbəttə, bu, o demək deyil ki, bu məsələnin həllində nöqtə qoyuldu. Amma hər halda tipologiya müəyyən dəqiq sistemləşmə tələb edir.

Kitabda Azərbaycan folklor nümunələrinin rus tərcümələrinə aid bir neçə məqalə həsr olunmuşdur. Bunların içində "Aşıq Qərib" dastanının naməlum tərcüməsi" adlı yazı xüsusi maraq doğurur: burada tərcüməçiliklə bağlı məsələlərlə yanaşı, "andronikovsayağı" bir axtarış üslubu oxucuya məxsusi zövq bəxş edir. Düzdür, bu məsələ də ədəbiyyatşünaslığımızda toxunulmamış qalmamışdır. Amma A.Hacıyev əsas diqqəti işıqlandırılmamış məqamlara yönəldir: Lermontovun işlətdiyi "tureükaə skazka" ifadəsinin dastanın milli mənşəyinin müəyyənləşdirilməsilə bağlı mövcud versiyaları nəzərdən keçirir. bu əsaslandırma prosesində versiyaların tanınmış müəlliflərinin tərcümeyi-halından müvafiq məlumatlar verilir: məsələn, məşhur lermontovşünas A.Manuylov, sən demə, 20-ci illərdə Azərbaycanda yaşamış, ADU-nu bitirmişdiryerli realiyaları gərək biləydi (30-cu illərin ortalarına qədər azərbaycanlılar "tyurok, tyurki" adlandırılırdı). Ümumiyyətlə, dastanla bağlı rus tərcümələrinin analitik icmalı verilirqeyd olunduğu kimi, yeri gəlmişkən, məşhur ədiblərin həyatından, əlaqələrindən maraqlı detallar gətirilir. Məsələn, Lermontovun "tatar dilini" M.F.Axundovdan öyrənməsi haqda məşhur fikir sual altına alınır və bununla bağlı kifayət qədər əsaslı dəlillər gətirilir məs., 1) əgər bu ədiblər tanış olsaydılar, Puşkinin ölümünə məşhur qəsidə yazmış Axundov Lermontovun faciəli ölümünə diqqətsiz qalmazdı; 2) "tureükaə skazka" ifadəsinə yol verilməzdi və s.

Azərbaycanla bağlı maraqlı rus ədiblərindən V.Şuf haqqında bizim ədəbiyyatşünaslıqda Şıxəli Qurbanovun monoqrafiyasında müəyyən məlumat var. A.Hacıyev mövcud olan məhdud məlumatları zənginləşdirir: bu şəxsiyyətlə bağlı axtarışları davam etdirərək onun Azərbaycana, Qafqaza olan marağının səbəblərini və ilk dəfə onun tərəfindən yaradılmış "Aşıq Qərib"in poetik variantı haqda məlumat verir.

Sözsüz ki, "Azərbaycan klassik ədəbiyyatı və şahmat oyunu" adlı yazı özünəməxsus maraq doğurmaya bilməz, heç olmasa məsələnin ilk qoyuluşu səbəbindən (yeri gəlmişkən, bu cür mövzunun qoyuluşu, olsun ki, müəllifin özünün kifayət qədər istedadlı şahmatçı olması ilə də bağlıdır). Müəllifin fikrinə görə, bu mövzunun işıqlandırılması ona müraciət edən ədibin həyat yolunun bəzi tərəflərinə və ən əsas - onun yaradıcılığına müəyyən aydınlıq gətirə bilər. Əsas məsələ belə qoyulur: nə səbəbdən yazıçılar öz əsərlərinə şahmat mövzusunu daxil edirlər? bu suala cavab vermək üçün müəllif Məhsəti xanım, Xaqani Şirvani, Nizami, Füzuli, M.F.Axundov kimi klassiklərin əsərlərinin müvafiq səhifələrinə müraciət edirşahmat mövzusunun işlənməsinin çox mahir semantikpoetik-metaforik təhlilini verir - müxtəlif müstəvilərdə: məhəbbət mövzusunun gücləndirilməsi (Məhsətinin 3 rübaisi), fəlsəfi-didaktik motivlərin ifadə imkanlarının genişləndirilməsi (Xaqaninin 2 rübaisi), həyat hadisələrinin və məhəbbət intriqalarının şahmat fiqurlarının gedişləri ilə müqayisəsi - poetik palitranın zənginləşdirilməsi (Nizaminin "XosrovŞirin", "İskəndərnamə"si), şahmat oyununun start vəziyyətinin iki düşmən qoşununun üz-üzə dayanması ilə müqayisəsi, antitezanin poetik arsenalının gücləndirilməsi (Füzulinin "Leyli və Məcnun"u), "Şahmat oyunu" adlı ilk orijinal poetik dərs vəsaitinin yaranması (M.F.Axundov) və b. Yəni təhlil yalnız fraqmentar süjet çərçivəsi ilə məhdudlaşmayıb, poetik-metaforik obrazlılıq sisteminə ünvanlanır.

Maraqlıdır ki, bəzi Azərbaycan klassiklərinin yaradıcılığı ayrı-ayrı məqalələrdə müxtəlif aspektlərdə işıqlandırılır. Bu da təbiidir. Çünki klassik irs bir çox problemləri açıqlamağa imkan verir. Məsələn, Nizaminin yaradıcılığı həm də XIX əsr rus ədəbi həyatı ilə əlaqə baxımından işıqlandırılır. Müəllif qoyduğu mövzunu F.Erdmanın "İskəndərnamə" ilə bağlı bir fraqmentar tərcüməsindən başlayaraq Küxelbekerin, Bestujev-Marlinskib. əsərlərində Nizami obrazlarından, misralarından istifadə üsulları müstəvisində izləyir. Doğrudur, sonuncu əlaqə forması bir qədər şərti xarakter daşıyır. Bu, bir qədər məxsusi axtarış tələb edən məsələnin şərhində müəllifin özünəməxsus tədqiqat manerası müşahidə olunur: bir mövzunun içində əlaqəli faktlar kontekstini yaratmaq. Məsələn, Küxelbekerin Qriboyedova həsr etdiyi əsərlərindən danışarkən A.Hacıyev Qriboyedovun adının (Qafqazla bağlı şeirlərində) Aleksandr kimi deyil, "İsander" kimi verildiyini qeyd edir. Müəllif bunun təsadüf olmadığını sübut etmək üçün Küxelbekerin predmetə bələd olmasıyla bağlı faktlar gətirir: Onun Qafqaza olan marağına dəlalət edən, məsələn, Nizami ilə bağlı apardığı qeydlərindən sitat verir.

Beləliklə də, rus yazıçı-dekabristlərinin yaradıcılığının bəzi müvafiq səhifələrinin yeni müfəssəl oxunuşu bu istiqamətdə perspektiv axtarışlarının əsaslı olduğunu göstərir.

"Mir Cəlalın yaradıcılığında Qərb və rus ədəbiyyatları" məqaləsində hələ 40-60-cı illərdə Mir Cəlalın simasında ədəbiyyatşünaslığımızda və bədii yaradıcılıqda rus və Qərb ədəbiyyatlarının yaradıcı mənimsənilməsinin konkret nümunələri gətirilir.

Söhbət Mir Cəlalın bir sıra məqalələrindən (Puşkin, Qoqol, L.Tolstoy, Çexov, Qorki haqqında) və hekayə, romanlarında rusdünya ədəbiyyatından reminiszensiya, epiqraf kimi işlədilən nümunələrdən, onların bədii funksiyasının çox dəqiqliklə açılmasından gedir. A.Hacıyev yazıçının öz romanlarının fəsillərinə rusdünya ədəbiyyatı ilə bağlı verdiyi epiqrafları açıqlayarkən sanki bu əsərlərin əsas motivlərini yenidən oxuyub işıqlandırır. Dünya ədəbiyyatı məsələsinə toxunarkən, müəllif Mir Cəlalın "Azərbaycanın ədəbi məktəbləri" mövzusunda doktorluq dissertasiyasından ədəbi əlaqələrlə bağlı maraqlı müşahidələri misal gətirir: məsələn, fransız ədəbiyyatının M.F.Axundov, Divanbəyoğluna konkret təsiri haqda.

Ümumiyyətlə, Mir Cəlalın ədəbi əlaqələr probleminə məhz bədii hadisə çərçivəsində yanaşması çox dəqiq və ardıcıl şəkildə izlənilir.

Kitaba daxil olunmuş məqalələr sırasında "Ön söz"lər ("Predislovie") adlı çox orijinal olan yazı ilk növbədə məhz adı ilə diqqəti çəkir. Söhbət 2007-ci ildə Moskvada təşkil olunmuş sərgidə nümayiş etdirilən 6 Azərbaycan klassikinin rus dilində olan tərcümələrindən gedir. Aqil Hacıyev bu kitablardakı "Ön söz"lərin müəllifi idi. Yəni bu "Girişlər"i olduğu kimi, haqqında söhbət açdığımız kitaba daxil etməyi lazım bilib və uduzmayıb. Bu sərgidə təqdim olunan kitablara "Giriş"lərdə rus oxucusu üçün Nizami, Məhsəti, Vazeh, Sabir, Səməd Vurğun, Mir Cəlal haqqında ümumi məlumat verilir. Yəni söhbət bizə məlum olan şeylərdən gedir. Amma bunları diqqətlə oxuyanda Aqilin bu klassiklərlə bağlı ənənəvi olan yanaşmalara aidiyyətdə, özü də "Giriş" janrının etikasını pozmadan, fərqli münasibətini ifadə etdiyinin şahidi olursan. Məsələn, Mirzə Şəfi - Bodenştendt məsələsində müəllif alman tərcüməçisini birmənalı plagiatda suçlayanlarla (hətta Ə.Seyidzadə, M.Rəfili kimi ədəbiyyatşünaslarla) razılaşmır, çünki Bodenştendt olmasaydı, dünya yəqin ki, Mirzə Şəfi kimi şairin varlığı haqda xəbərsiz olardı. Yaxud Fazilxan Şeydanı bizə və dünyaya Puşkin ("Ərzuruma səyahət"), rus yazıçısı A.Apuxtin, tərcüməçi D.Xvostov, şərqşünas N.Xanikov tanıtmışlar. Başqa sözlə, söhbət ondan gedir ki, bəzi şairlərin bəxti onda gətirib ki, taleh onları qeyri-milli ədəbiyyatın nümayəndələri ilə üzləşdirib.

Müasir ədəbiyyatla bağlı məqalədən də bir neçə kəlmə deməyə dəyər. "Çingiz Abdullayevin "Dronqo"su haqqında supersikl" adlı yazıda müəllif postsovet məkanında baş verən ciddi hadisələrin bizim ədəbiyyatda gərəyincə əks olunmadığından haqlı olaraq təəssüflənir. Görünür, ədəbiyyatın gedişatının öz immanent qanunları var. Və bu ədəbi lakunanı detektiv janr tərəfindən doldurulması da, görünür, ədəbi gedişatın, bəlkə, də kortəbii (postsovet cəmiyyətinin xarakterinə uyğun) istiqamətidir. Müasir detektiv janra aid müəllifin bir sıra fikirləri ilə razılaşmaq olar, digərlərini onun bu janrla bağlı zövqünün ixtiyarına buraxmalıyıq. Yalnız bir fikrini dəqiqləşdirmək istərdik ki, Ç.Abdullayevin romanları hələ 2000-ci ildə monoqrafik tədqiqata cəlb olunmuşdur. Qafar Hüseynovun Moskvada çap olunmuş "Janrın qanunları ilə" ("Po zakonam janra") kitabında. Bu kitabda Dronqo haqqında romanlar rus detektiv janrı kontekstində təhlilə cəlb olunmuşdur.

A.Hacıyevin kitabındakı digər məqalələr də - "Mirzə Fətəli Axundov", "Abbasqulu ağa Bakıxanov", "Puşkin yaradıcılığı ilə bağlı Abbas Səhhətin iki tərcüməsinin mənbələri haqqında" və b. məlum olan faktlarla yanaşı, haqqında söhbət gedən yazıçıların yaradıcılığına aid yeni oxunuşla bağlı bəzi açıqlamalar, ehtimallar, dəqiqləşdirmələr təqdim olunur.

Əvvəldə dediyimiz fikrə qayıtmaq istərdik. Aqil Hacıyev son 20-25 ildə çap etdirdiyi çoxsaylı məqalələrindən məhz qeyd etdiyimiz yazıları seçib kitab şəklində oxuculara yetirməkdə, bizcə, yanılmamışdır, çünki hələ o vaxtlar yazdıqları müasir ouxucunu düşünməyə, tədqiqatçıları isə yeni axtarışlara sövq etmək haqqını saxlamaqdadır.

 

 

Sara OSMANLI

 

Ədəbiyyat qəzeti.- 2010.- 25 iyun.- S.5.