Açıq məktub

  

Əziz Ədalət müəllim, salam!

Sizin yeni kitabınızı təbrik edirəm! "Teatr" kitabında ürək də var, iradə də. Teatr doğrudan-doğruya əqidəmiz, ruhumuzdur, insanı insan edən İlahi vergidir.

Mən sizin monoqrafiyanız mövzusunda resenziya yazmaq istəyirdim, alınmadı, neynim, peşəkar tənqidçi deyiləm. "Açıq məktub" da qəzet janrıdır, epistolyar üslubda fikri daha mehriban demək olur. Kitabda yazdığınız kimi, insan teatrın çox bənzərini axtarıb, axtaracaq da. Təsadüfi deyil ki, məşhur doqquz muzadan üçü teatra aiddir. Teatr bəlkə də Adəm ata ilə Həvva ananın Allah dərgahından götürüb ürəklərində gizlətdiyi müqəddəs nemətdir. Olsun ki, teatr "Edip dövrlərini" yaşayır, daha cavan olmaq üçün. Tarixi vərəqləyib uzağa da getsək, yaxına da, yenə bu nəticəyə gələcəyik: Teatr həmişəyaşar sənətdir. Bu, ayrı mövzudur ki, kim onu necə yaşadır? Çünki Adəm övladları arasında Habil də var, Qabil də.

"Teatr" kitabı haqqında ilk təəssüratım budur: Krallar ölsə də, teatr ölməyəcəkdir!

Siz əllinci illər haqqında araşdırmanı oxumusunuzsa, mən həmin illərdə yaşamışam. Mixail Romm "Yola bir nəzər salaq" məqaləsində yazdıqlarını 1958-ci ildə biz kursantlara demişdir. Məşhur kino rejissoru dinləyicilərini "teatrla başlayıb, kino ilə, nəhayət, televiziya ilə davam etdirən sənətkarlıq yoluna nəzər salmağa" çağırırdı. Əslində o, "Ezop dili" ilə eşitdirirdi ki, "kino yaşamaqda" "teatr isə ölməkdədir". Teatr tərəfdarı olan kursantlar ucadan etiraz etməsələr də, bir-birinə pıçıldayırdı ki, "sovet kino rejissoru üçün sənətlərdən ən mühümü teatr olmayacaqdı ki…".

Ədalət müəllim, monoqrafiyada yazıldığı kimi, teatrın yaşarlığının sirri onun canlı olmasındadır. M.Romm da bu həqiqəti dana bilməmişdi. Necə də danaydı, bir var cansız şəkilə tamaşa eləyəsən, bir də var canlı görüş!

"Teatr ölür" xəbəri çıxan vaxtlarda yüz-yüz mənalı-mənasız cərəyan meydana atılsa da, onların çoxu çoxdan unudulub, teatr isə yaşayır. Hətta Mixail Rommun "kinonun törəməsi" saydığı televiziya da əslində teatrı yox, kinonu öldürməkdədir. M.Romm canlı əlaqə olan "akın" (aşıq) sənətinin "ölməsini" misal çəkib. Akınlardan bir o qədər də xəbərim yoxdur, ancaq aşıq sənəti Azərbaycanda ildən-ilə dirçəlir, "muğamat və xalq havaları" konsertlərimizi elə təravətləndirib ki, sevilən ifaçıları görmək, eşitmək üçün stadionlar da darlıq edir. Çünki canlı görüşün özü İlahi sehrdir. Onu da deyim ki, mahnı teatrdan da qədim janrdır. Hansı ölümdən danışmaq olar?..

"Teatr" kitabında tariximizə böyük məhəbbət, hörmət vardır. Tarixi qorumaq üçün də mədəni səviyyə və milli qeyrət lazımdır. Keçmişinə istehsa edənləri heç sevmirəm. Zamanın yaxşı-pisliyinə ilk növbədə bəşəriyyətin özü cavabdehdir. Çünki yaşadığımız aylar-illər öz ömrümüzdəndir. Allahın fəsilləri də bir-birinə bənzəmir. Bənzərsiz fəsillər olmasaydı, bənzərsiz illər də yaranmazdı. Sənət əsərinin də dəyəri bənzərsizliyindədir.

"Teatr" monoqrafiyası aktuallıq mövzusu ilə başlayır, son nöqtəyə qədər də aktuallıq eşqi ilə irəliləyir. Nəyinsə xətrinə haqq nahaqqa qurban verilmir. Məhz bu şəkildə açıq-aşkar, istiqanlı araşdırmaların nəticəsidir ki, keçid dövründə ağır güzərana düşmüş teatrımızın sabahı kitabda işıqlı ümidlər doğurur.

"Teatr" kitabında Azərbaycan xalqının bədii istedadı ardıcıl olaraq fəxrlə yada salınır. Yaxın Şərqdə ilk peşəkar musiqini, ilk dramaturgiyanı, ilk opera və baleti, ilk teatrı, ilk konservatoriyanı, ilk akademiyanı yaratmış millət yeni siyasi-iqtisadi şəraitdə də hökmən öz sözünü deyəcəkdir. Çünki respublikamız bədii zövq üçün İlahi bağ-bağatdır. Bu bağın ən nadir meyvələrindən biri isə teatrdır. Teatr yaşayıb-yaşadan sənətdir. Teatra səxavətli və qayğıkeş qayğı lazımdır: Dövlət qayğısı da, ictimai qayğı da! Obrazlı desək, yeni dövrdə teatrlarımızın daş-divarına, dünya səviyyəli texnikasına ən səxavətli dövlət qayğısı həyata keçirilir. Şübhəsiz, canlı yaradıcı qüvvə də qayğısız qalmayacaqdır. İndi Hacı Zeynalabdin Tağıyev yönlü mesenatlar teatr sənətini qanadları altına almalıdırlar. Çünki teatr tarix boyu bütün millətin qeyrət, əzəmət, mərdlik güzgüsü olmuşdur.

Müasir qloballaşma dövrünə çatana qədər dünya çox keçilməz körpülərdən keçmişdir. Bu da faktdır ki, min illər boyu bütün Qərbə peyğəmbərlər göndərən Yaxın Şərq bu gün Qərbin "peyğəmbərliyinə" heyran qalmışdır. Mən öyrənməyin əleyhinə deyiləm, onu da öyrənək ki, nə səbəbə peyğəmbərlikdən düşmüşük? Mən yamana uymağın əleyhinəyəm. Evindəki nadir naz-neməti gözdən salaraq "küçə yeməklərini" alıb süfrə bəzəməyin əleyhinəyəm. Hər təriflənən şey tərifə layiqdirmi? Deyir, bir qarğa sinəsinə döyüb deyirmiş: "Bülbülün hünəri varsa, bir ağız da mənim kimi oxusun!.. ".

Ədalət müəllim, elə təsəvvür edin ki, bu sualı da "Teatr" kitabından oxumuşam: "Yenilik" şüarı ilə səhnəmizi azmı zibilləmişik?.. Bəlkə elə tamaşaçını da uzaqlaşdıran belə əcnəbi markalı natəmizlikdir? Sizin kimi, mənim də arzum budur ki, gəlmə əsərlərdə də milli mentalitetin paklığını gözləyək. Qarğa eşqi ilə bülbülü gözdən salmayaq.

Yeri gəlmişkən, "Teatr" monoqrafiyasında "Yuğ" teatrından söhbət gedir. Bu ən əlimyandı mövzulardan biridir. Deyir, görünən kəndə nə bələdçi?.. Şərqdə, o cümlədən qədimdən qədim türk vətənimizdə "meydan" və "ev teatrları", "el-oba oyunları" keçmiş nəsillərdən indiyə qalmış əvəzsiz yadigardır. O vaxtlar nə "romantizm" olub, nə "modernizm", nə "postmodernizm" olub, nə "freydizm"; heç "sosialist realizmi" də olmayıb. Ancaq ən kiçik kənd-obamızda da "meydan teatrları", "ev teatrları", hətta indiki tərzdə desək, "kukla teatrları" da olub. "Yuğ" teatrının yaranışı onların təbii hay-harayı deyilmi?..

"Köhnə" heç də "köhnəlmiş" demək deyil. Məsələn, Yaponiyanı, Çini, Hindistanı məşhur "Hamlet"lə, "Otello" ilə tanımırlar, bəzilərinə primitiv görünən milli oyunlar, adət-ənənələr bu ölkələrin devizinə çevrilmişdir. Aydındır ki, Azərbaycanın dönüb Çin, Hindistan, Yaponiya olması mümkün deyil, Azərbaycan kökü, milli əqidəsi, ruhu, dili, baxışı ilə əsl Azərbaycan olaraq tanınmalıdır!

"Yuğ" teatrı da bunu iddia edir. Çox sağ olun ki, bu elsevər təşəbbüsü müdafiə edirsiniz. Şübhəsiz, "Yuğ" teatrı arzularının uğurlu gələcəyi olacaqdır, bu teatrın da tamaşaçıları artacaqdır. Çünki o, təzədən göyərmiş keçmişimizdir. Bax, onda ən iddialı turistlər belə Azərbaycanın qədimdən qədim keçmişini təkcə muzeylərdə yox, aktyor oyunlarında da görməyə can atacaqlar.

Qarşıdan Novruz gəlir, meydan tamaşalarımızın meydanı gəlir. Çərşənbələr Novruz təbillərini çalır, Novruz tonqalları yeni ilin yoluna çıraq tutur. Millətin ən şirin məhəbbət meyvələri olan uşaqlar "kim kimdən!" bəhsinə çıxmışlar. Dörd çərşənbə oğlanlar üçün dörd igidlik, qızlar üçün dörd gözəllik deməkdir. Dörd çərşənbə Xeyrin Şər üzərində dörd qələbəsidir.

Novruz insanlara müqəddəs Zərdüşt yadigarıdır:

- Yaxşı fikir, yaxşı söz, yaxşı əməl!..

Novruz barışıq, əmin-amanlıq bayramıdır. Neçə onillərdir ki, Novruz təntənə ilə məşhur İçərişəhərdən başlayır, üstü də, altı da tarixi muzey olan İçərişəhər Respublikanın ən gur və ən canlı oyun meydanına çevrilir. Novruzun yaşı min illərlə ölçülür. Yunan teatrları da yaşca Novruz oyun-əyləncələrindən cavandır.

Səbəbsiz deyil ki, BMT-nin Baş Məclisi Novruzun gəlişi olan 21 martı Beynəlxalq bayram günü kimi təsdiq etmişdir. Azərbaycan başda olmaqla Şərqdə - Qərbdə yaşayan 300 milyondan çox insan baharı daha geniş Novruz təntənəsi və oyunları ilə qarşılayacaqdır.

İslam mədəniyyəti mərkəzi dünya mədəniyyəti mərkəzinə də çevrilməkdədir.

Tarixən qonaqpərvər tanınan Azərbaycan hər mənada mədəniyyət mərkəzi olacaqdır. Məhz bu baxımdan qədim el sənətlərini: Zərgərlik, misgərlik, dəmirçilik, xalçaçılıq, bədii tikmələr "muzeylərini" qədimlik muzeyi olan İçərişəhərə cəm etsək, daha yaxşı olmazmı?

Ulu, el-oba teatrımızın arzumanı olan "Yuğ" teatrı İçərişəhərimizə necə də yaraşır. Ürəkdən gələn sözü deməmək olmur: Qız qalası, Şirvanşahlar sarayı kimi "Yuğ" arzusunun da doğma yurd-yuvası İçərişəhərdir!

"Teatr" monoqrafiyasının rəğbətinə qahmar çıxaraq mən də qədim milli teatrlarımıza Novruz sevinci arzulayıram.

Monoqrafiyada teatr rejissoru problemi də qədərincə yer almışdır. Ciddi problemdir. Məlumdur ki, tamaşanın uğuru, uğursuzluğu quruluşçu rejissordan çox asılıdır. Kitabda göstərildiyi kimi, teatrlarımızda rejissora ehtiyac az-çox həmişə olmuşdur. İndi isə yaxşı rejissoru çıraqla axtarırlar. Əgər rol aktyor oyunu ilə bağlıdırsa, tamaşa rejissorun adı, teatr isə baş rejissorun adı - istedadı ilə bağlıdır. "Teatr" kitabında Azərbaycan teatrının "rejissorsuz" çağları da təsvir edilib, rejissorlu çağları da. Məhz görkəmli aktyorların və rejissorların sayəsində yaşlı nəslin "Azdrama" adlandırdığı sənət ocağı xalq arasında "aristokrat teatr" şöhrətini qazanmışdı. Səhnə sənətinin ecazkar gücü ilə tamaşaçılar da "aristokratlaşmışdılar". Hamı səliqəli geyinirdi. Tamaşa salonu səhnə ilə öyünürdü, səhnə də öz tamaşaçıları ilə. Yüz təəssüf, Ədil İsgəndərov, Mehdi Məmmədov Tofiq Kazımov kimi böyük rejissorlar getdikdən sonra sevimli teatrımızda nəinki səliqəsizlik, hətta zalda "marojna" yeyənlər də, "semiçka" çırtlayanlar da peyda oldu. Gəlin, deyinməyək, itirilmiş yaxşını geridə yox, irəlidə axtaraq, yaradaq. Yaxşı arzunun yolunda həmişə gözəl güllər bitir. Teatr sənəti əbədi nikbinlikdir. İstedadlı aktyorlarımız, Gülbahar ruhlu rejissorlarımız var, çalışaq daha çox olsun. Müasir rejissor ustad sənət bilicisi olmaqla yanaşı, həm də ustad psixoloq olmalı, aristokrat teatrdan yadırğamış tamaşaçını bu müqəddəs canlı ocaqla barışdırmağı bacarmalıdır. Bacaracaq da!

Ədalət müəllim, bu sizin bir nazir müavini kimi həm də vəzifə qayğınızdır. İnanıram ki, bütün mürəkkəbliklər ötəndən sonra irili-xırdalı hər problemin həlli öz normal axarına düşəcəkdir. Monoqrafiyadan göründüyü kimi, incəsənətimizin hər sahəsində istedadlar yetişir. Vaxt olacaq ki, milli teatr sənətini öyrənmək üçün xərc töküb doğma Bakımıza da gələcəklər, hökmən gələcəklər!

Nəhayət, bir daha: "Kral öldü, yaşasın kral!.." Necə qanadlı deyim olsa da, teatr haqqında "öldü" sözünü dilə gətirmək olmur. Günahdır! Çünki teatrı qladiatorlar da öldürə bilməyib. Vaxtilə teatrın əvəzi olacaq möhtəşəm "Kolizey" də tikilib. Qladiatorlar ölüb-gediblər, "Kolizey"in isə xarabalığı qalıb.

Əzizim Ədalət müəllim, "Teatr" monoqrafiyanızda istər "Ezop" dilində olsun, istərsə təmiz Azərbaycan dilində, düz demisiniz: "Teatr ölməyəcək!" Azərbaycan teatrı "Hamlet sualı" qarşısında dəfələrlə dayanmışdır. İstər çar Rusiyası vaxtında, istər sosialist mədəniyyətinin ən ağır çağlarında teatrımız "Olum!" qərarını ucadan uca tutmuşdur. Müstəqillik dövründə isə teatrımızın ölümsüzlüyü rəsmi dövlət qanununa çevrilmişdir. Əlbəttə, teatrımız ölməyəcəkdir. Ancaq ixtiyarsız olaraq soruşmaq istəyirəm: Nə üçün "Mətbuat şurası" var, teatrın isə öz qayğıkeş müdrik bədii şurası yoxdur? Axı "məsləhətli don gen olar" misalını atalar boş yerə çəkməyib, məsləhət qayğıdan, məhəbbətdən doğan əbədi ehtiyacdır. Xüsusən bədii sənətdə. Gəlin, atalar sözündən çəkinməyək. Müdrik məsləhətə daha geniş qapılar açaq. Elə edək ki, səhnə gözəlliyimiz tamaşaçını cənnət alması kimi uzaqdan da çağırsın, behiştdən qovmasın, behiştdə yaşatsın. Məsləhət söz də olsa, tükənməz xəzinədir.

Teatr gözəllik tariximizdir, ucalıq tariximizdir, vurğunluğumuz, milli fəxrimizdir! Teatr ruhumuzdur, əqidəmizdir! Ruh ölməzlik, əqidə isə güc-qüdrətdir. Teatr Adəm övladlarına Allah əmanətidir, Yerə göndərilmiş düşündürən, sevindirən mələkdir. Teatr milli mədəniyyətimizin əbədi qibləsidir. Deyir, bir aqildən soruşurlar: "Sənə üç qızıl verim, ya üç qızıl kimi söz?" Aqil fikirləşir ki, üç qızıl üç günə xərclənib qurtarar, sözün isə hər kəlməsi bir tükənməz xəzinədir.

Eşq olsun gözəl deyilmiş təmiz sözü uca tutanlara. Teatr yaşayıb, yaşayır və yaşayacaqdır!

Bu il daha xoş gələn Novruz bayramımız mübarək!

Dərin hörmətlə,

 

 

ƏFQAN

 

Ədəbiyyat qəzeti.-2010.-12 mart.-S.6.