Kubada Azərbaycan Mədəniyyəti günləri

 

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən bildirmişlər ki, Kubada Azərbaycan Mədəniyyəti günləri Azərbaycan-Kuba hökumətlərarası komissiyasının növbəti üçüncü iclası ilə eyni vaxtda, martın 3-6-da keçirilmişdir.

Mədəniyyət günlərində Azərbaycan Mahnı Teatrı, Dövlət Rəqs Ansamblı, uşaqlardan ibarət "Şərq çırağı" yaradıcılıq qrupu, tanınmış cazmen İsfar Rzayev-Sarabskinin qatıldığı caz qrupu iştirak etmişlər.

Havananın Xose Marti adına Milli Kitabxanasında Azərbaycanı tərənnüm edən fotosərgi xalqımızın milli geyimləri təqdim olunmuşdur.

Bundan başqa, Havananın "İnfanta" kinoteatrlarında yeni Azərbaycan filmləri göstərilmiş, "Qırxıncı qapı", "Hökmdarın taleyi", "Məhkum edilmişlər" filmləri geniş tamaşaçı auditoriyası toplamışdır.

Azərbaycan Mədəniyyəti günlərinin açılış qala konserti Havananın məşhur Mella Teatrında mindən artıq tamaşaçı qarşısında böyük uğurla keçmişdir. Konsertdə Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayev, Azərbaycanın Kubadakı fövqəladə səlahiyyətli səfiri Aqşin Mehdiyev, Azərbaycan-Kuba hökumətlərarası komissiyasının azərbaycanlı nümayəndələri, Kubanın hökumət rəsmiləri, hakim Kommunist Partiyasının rəhbər şəxsləri, diplomatik korpusun üzvləri, digər rəsmilər iştirak etmişlər. Bundan əlavə, vaxtilə ölkəmizdə təhsil almış yüzlərlə kubalı da konsertə gəlmişlər.

Havanadan başqa Azərbaycan artistləri Kubanın Matansaz əyalətində geniş tamaşaçı qarşısında çıxış etmişlər.

Kuba televiziyası ölkə mətbuatı Azərbaycan mədəniyyət günlərini geniş işıqlandırmışlar.

 

 

Ədəbiyyat qəzeti.-2010.-12 mart.-S.6.