Nəsrimizdə
hadisə
Ötən ilin axırına yaxın Moskva nəşriyyatlarından birinin indiki zaman üçün çox böyük tirajla nəşr etdiyi bir kitabla rastlaşdım. Keyfiyyətli kağızda, gözəl cilddə nəşr olunmuşdu. formatı və həcmi böyük olmayan, 3 epiqrafla başlayıb 3 yazım ilini göstərən rəqəmlərlə (2004-2007) bitən 144 səhifəlik həmin kitab düz 28 fəsildən ibarət idi. Hər fəsil orta hesabla 5 səhifə (1,5 jurnal səhifəsindən də az). Fəsillərin adında bir qeyri-adilik var idi: "Aydın", "Yastıqca", "Heyva ətri", "Nemes Nəbi", "Niyə Qasım bəy yox, Bəy Qasım", "Qara qıllı meymun", "Milçək", "Delfin", "Mazelin", "Sunami", "Tur Heyerdal", "Balaca - nəhəng tısbağa", "T.Starzlın klinikası" və daha 16 fəsil adı. Kitabın adı da bir az müəmmalı idi. "Qara su" - rus dilində belə yazılmışdı. Daha "Kara su" kimi yox. Qara sözünün Azərbaycan dilində 17 mənası var. Təkcə baxmaqla mənasını müəyyənləşdirmək çətindir.
Amma mənim üçün ən gözlənilməz olanı əsərin müəllifinin adı oldu: Paşa Qəlbinur.
Mən Paşanı şeirlərini məftunluqla oxuduğum görkəmli şair kimi, elmlər doktoru, professor, böyük oftalmoloq alim və cərrah kimi tanıyırdım. Amma nasir olduğunu bilmirdim.
Bütün bunlar kitabın ilk baxışdan çox şey deyən zahiri əlamətləri idi.
Romanı böyük maraqla oxumağa başladım. Amma digər gözəl şairimiz Səyavuş Məmmədzadənin çox koloritli, gözəl bir dillə ruscaya çevirdiyi bu əsəri maraqla oxuya-oxuya azərbaycancasını "Azərbaycan" jurnalında tapdım. İki günə oxuyub qurtardım. O vaxtdan artıq bir neçə ay ötsə də, aldığım təsir məni heç cür tərk etmir. Ona görə də təəssüratımı vərəqlərə köçürməli oldum.
Əsər köhnə, lap köhnə ədəbiyyat mövzusundadır: "yaxşılıq-pislik", "xeyir və şər" probleminə həsr olunub. Amma tamamilə yeni aspektdə. "Yaxşı nədir, pis nədir" sualının cavabı aspektində yox!
Müəllif epiqraflarda üç müqəddəs kitabdan nümunələr verir. Hər üçü insanlara xəbərdarlıqdır: Allah zalımları daha yaxşı tanıyır. Allahın məhkəməsindən qaçmaq mümkün deyil, yerin üstündə etdiyin pisliklərin cavabını sən yerin altında olanda verəcəksən. Amma oxucu romanda bu ilahi həqiqətlərin həllini yaşadığı dünyanın özündə tapır. Əsərin idrakı mənası, idrakı önəmi də budur.
"Qara su" romanının fabulası zahirən bir-biri ilə əlaqəsi olmayan hadisələrin güclü bədii ardıcıllığı üzərində qurulub. Cəmi iki günlük zaman kəsiyi ilə məhdudlaşan hadisələrin təsvirinə həsr olunub.
İki həmyerli, həm də qohum olan Aydın və Bəy Qasım Bakı-Frankfurt-Mayn-Çikaqo reysi ilə uçan təyyarədə Çikaqoya T.Starzlın klinikasına gedirlər. Yaxın qohum olsalar da, bir-birinə bənzəri olmayan qohumlardan biri (Aydın) digərinə (Bəy Qasım) böyrəklərindən birini və qara ciyərinin bir parçasını verməli, əvəzində həbsxanada günahsız yatan oğlunu xilas etmək üçün çoxlu pul almalıdır. Lakin bu iki gün müddətində bu iki insanın təbii, situativ düşüncələri, xatirələri, necə deyərlər, yaddaşnamələri oxucunu zaman və məkanı sonsuz olan maraqlı bir dünyaya aparır. Zamanı və məkanı sonsuz olan bu dünyada nə desən var: dağlar, dərələr, salxım-salxım buludlar, göydələnlər, qara qıllı meymun, Gəncizədi Fərzəli kişi, Güllü müəllimə, insan gözlü balıq, Məsmə xala, Delfin, vazelinə mazelin deyən Orxan, Sunami dalğaları, Tur Heyerdal, Çimnaz xala, Çinarə, Tısbağa. Daha kimlər və nələr...
Zahirən əsərin fəsillərinin adları kimi məzmunu da müxtəlif olan bu düşüncələr, yaddaşnamələr və xatirələrin hər birinin öz vəzifəsi var və bu vəzifələr surətlərlə bilavasitə bağlanaraq, onların ömür yollarını işıqlandırmaq və göstərməkdən ibarətdir. Yazıçı yerinə yetirilməsi o qədər də asan olmayan bu vəzifənin icrası üçün nəsrimizdə yeni bədii üsul (priyom) yaratmağa, yaradıcılığın bədii texnologiyasını zənginləşdirməyə nail ola bilmişdir. Təsvir edilən, necə deyərlər, yaddaşnamələrin heç biri göydəndüşmə deyil. Hər biri müəyyən hadisə və ya detalla bağlıdır. Məsələn: "Aydın təyyarə salonunun axırındakı boş oturacaqlardan birinə əyləşdi. Öndəki sırada iki gənc qız-oğlan qucaqlaşıb mürgüləyirdilər. Oturduğu yerdən burnuna qəribə iylər gəlirdi Aydının. Diqqətini cəmlədi, güclə sezilən sual dolu nəzərlərlə ətrafa boylandı. Əslində bu ətir ona tanış, çox tanış gəlirdi. Ancaq nə illah elədisə yadına sala bilmədi adını, ilk dəfə gördüyü, duyduğu yeri, məkanı. Alnı ovuclarında başını öndəki sıranın oturacağına söykəmişdi. Nə qədər vaxt keçmişdi, heç özü də bilmədi. Beş dəqiqəmi, on dəqiqəmi, çoxmu, azmı… Yarıyuxulu, yarıayıq burnuna dəyib, ruhuna yayılan bu ətir onu öz qoynuna alıb, tələbəlik illərində, tələbə inşaat dəstəsinin tərkibində bir yay çalışdığı Tambov şəhərinə apardı. Günlərin bir günündə, uzun sözün kəsəsi, mavigözlü rus gözəli Marinagildə, ömründə ilk dəfə, gecə burnuna dəyib, ruhuna yayılan o ətri hannan-hana indi xatırladı…". Daha sonra, uşaq vaxtı boğazı gələndə, inağ olanda heyvanın çəyirdəyinin boğazına basılmasını, 18 yaşı olanda, uzaq, heyva bitməyən yerlərdə keçirdiyi günləri, tələbə inşaat dəstəsinin komandirliyini xatırlayır, beynindən, ürəyindən, vücudundan keçən bir xoş, ilıq ətri yadına salır və s.
İndi də Bəy Qasım: "Belindəki sancılar İskəndəriyyə mayakı kimi daima "mən-mən, burdayam", - deyirdi Qasımın. Yadına çoxdan, lap çoxdan - uşaq vaxtı nənəsinin əlləri belində danışdığı bir əhvalat düşdü.
Nənəsi danışırmış ki, Qasımın ulu babası - Qasım kişinin yetmiş beş yaşında gözləri tutulur. O vaxtlar Əbrəqunus kəndində məşhur bir el həkimi Molla Səftər varıymış (o vaxtlar həkimə dəllək də deyərlərmiş. Dəlləklər sünnət edərmişlər, boğaz basarmışlar, zəli qoyarmışlar, başdan həcəmət alarmışlar, xülasə, çox şey bacararmışlar). Bu Molla Səftər heç kimi, heç nəyi görməyən Qasım kişini əyləşdirir taxtın üstünə, oğlanlarının, qardaşlarının yanında ucadan: "Yahu!", - deyib, qəfildən yumruğuyla onun gözünün üstünə zərbə endirir. Zərbədən … xəstə qarşısında duranları görür, sevincindən hönkürür"… Nənəsi basalaxda olan Tərlan adlı atdan, onun bağışlanmasından Bəy Qasım üçün maraqlı olan bəzi şeylərdən də danışır.
"Xülasə, bu hadisə yadına düşəndə,
ürəyindən keçdi ki, kaş Molla Səftər
sağ olaydı, Qasım kişinin neçənci nəvəsi
Bəy Qasımın kürəyinə, və ya nə bilim,
belinə bir yumruq vurmaqla onu bəladan qurtaraydı. Onda ona at nədi, bir
"Cip" bağışlayardı, üstündə
də bir milyon dollar".
Bax beləcə,
hər obrazın həyat yoluna işıq salan bu hadisələrin
təsviri çeşidli fəsil adları altında davam
edir, iki günlük zaman ərzində hər iki surətin
zahiri və daxili aləmini əks etdirir. Daxili aləmi dedik, bu aləmin
təsviri iki həmyerlinin, qohumun T.Starzlın
Çikaqodakı klinikasında əməliyyat zamanı narkoz
altındakı düşüncələrində öz
apofeozuna çatır: Aydın: "Aydın cənnətdə
idi. Dünyanın ən gözəl, ilıq, məhrəm,
güclə seziləcək qədər mavi dənizin
qoynundaydı. Bu dənizin suyu bir az zəfəran
ətirliydi, bir az bənövşə qoxulu, bir az beçə
balı, bir az da Zəm-zəm dadırdı. O, dönüb
balıq olmuşdu elə bil! Üzürdü -
uçmağın, yeməyin, qaçmağın
qarışığından ibarət, heç üzməyə
də oxşamayan maneəsiz, azad, gözəl, yer
üzündə bənzəri olmayan hərəkətlərin
qəribə xəlitəsindən ibarət zamansız,
ilıq məkandaydı".
Bəs, Bəy Qasım?
"Əməliyyat
masasında Bəy Qasım burnuna gələn iyi heç
cürə tanıya bilmədi. Çünki bu iy onun
üçün yad və yeniydi, ömründə
duymadığı,
Müqayisəli verilməsi
hiss edilməyən bir müqayisəli-təsvir üsulu
romanda nəzərdə tutulan hadisələrin
hamısını bir süjet ətrafında birləşdirməyə
və beləliklə, oxucunu daim yazıçının maraq
dairəsində saxlamağa xidmət göstərir. Mənə qalırsa, bu da nəsrimiz
üçün yeni təsvir üsuludur.
Ədəbiyyatımıza,
özəlliklə, nəsrimizə Paşanın gətirdiyi
yeniliklərdən biri də təhkiyədə üslub
çarpazlaşması üsuludur. Ayrı-ayrı fəsillərdə
təsvir edilən hadisələri nəql edərkən
müəllif həm hekayə, həm oçerk, həm də
məqalə - janrlarının imkanlarından istifadə edir
və bir növ həyat həqiqəti ilə bədii həqiqət
əlaqəsini gücləndirir.
"Təyyarə
uğultulu ağlamaq səsi" adlanan VIII fəslin "Hava
limanına gedəndə…" sözləri ilə başlayan
hissəsi tamamilə oçerk janrındadır: "Aydın
yaşda olanların yadında olar, o qış Azərbaycan
tarixində dözülməz, şaxtalı, qarlı
keçdi. Nəqliyyat, demək olar ki,
dayanmışdı. Dükanlarda
görünməmiş uzun çörək növbələri
varıydı. Bakı hava limanından o
gün bir dənə də olsun təyyarə nə havaya
qalxdı, nə də qəbul olundu. Hava
limanı sərnişinlərlə, onları yola salacaq və
qarşılayacaq adamla dolu idi. Və bu
insanların sayı vaxt keçdikcə artırdı. 4-5 saatdan bir hər reysin yenə həmin müddətə
təxirə salındığı elan olunurdu. Adamlar sorğu pəncərəsinin qızlarını,
hava limanının işçilərini dəng eləmişdilər,
hamı girinc olmuşdu, artıq ikinci, üçüncü,
dördüncü gün idi ki, insanlar hələk-vələk
idilər".
O günlər, oxucuların,
yaşı qırxdan yuxarı olanların həqiqətən
yadındadır. Bu həyati həqiqət əsərin
ən böyük fəsillərindən olan həmin fəsildə
təsvir olunan bədii təxəyyül nəticələrinin
də həqiqiliyinə zəmin yaradır. Həm də nəinki onların, əslində
bütün əsərin.
Sonuncu, XXVIII fəsil isə
adi xronika məqaləsi kimi başlayır:
Çikaqo,
T.Starzlın məşhur klinikası.
Orqan və
toxuma transplantasiyası sahəsində dünyada ən
yüksək reytinqi olan bu klinikada çox-çox
tanınmış adamlar şəfa tapmışdılar.
Bu məşhurların
sırasında ABŞ-ın keçmiş prezidenti Bill
Klinton, Kiprin prezidenti Rauf Denktaş, İordaniya kralı birinci
uğursuz müdaxilədən sonra təkrar əməliyyat
olunmuşdular. Bəzi ağır xəstələrdən
dünyasını dəyişənləri də olmuşdu.
Bütün
bunları Bəy Qasım da, Aydın da bilirdilər. Ancaq bu klinika,
deyilənlərə, yazılanlara görə, dünyada
yaxşıların yaxşısıydı". Və
ya adı da məqalə adına
oxşayan "Niyə Qasım bəy yox, Bəy Qasım"
fəslindən bir nümunə: "Bəy sözü
Qasımın adının əvvəlində niyə gəlirdi?
Bunun qəribə bir tarixçəsi var.
Bildiyimiz kimi, bəylik nəsilliklə olur. Məsələn, Üzeyir bəy Hacıbəyov,
Mustafa bəy Topçubaşov, Əlimərdan bəy Topçubaşov,
Qasım bəy Zakir və başqaları. Qasımın nəsil şəcərəsində bəy
olmamışdı. Hal-qəziyyə belə
olmuşdu ki, Azadlıq meydanındakı mitinqlər vaxtı
Qasım çadırlarda yandırmağa maşın dizel
yanacağı gətiribmiş. İlk dəfə
uşaqlardan kimsə ona Bəy Qasım deyib".
Məncə, nəsrimizdə
bu (çarpaz üslub) da yeni hadisədir. Klassik
romanlarımızda mən bədii həqiqətin həyatiliyini
qüvvətləndirən belə bədii təhkiyə
üsuluna rast gəlməmişəm.
Romanın
dilində də yeniliklər çoxdur. Əsərdə
ədəbi dilimizin, demək olar ki, bütün üslubları,
bədii üslub da, elmi üslub da, publisistik,
işgüzarlıq-dəftərxana üslubları da öz
inikasını tapıb. Danışıq
dilinə, onun bütün təzahür formalarına (fonetik,
leksik, qrammatik) geniş yer verilib; dilimizin dialekt və şivələri
də özlərinə yer tapıb.
Bir zamanlar geniş müzakirələrə,
mübahisələrə, hətta bəzən ciddi tənqidlərə
məruz qalan bu "dil azadlığı" Paşa Qəlbinurun
əsərinə təbiilik, milli və tarixi kolorit,
şirinlik gətirib.
Üslub rəngarəngliyi
əsərin, demək olar ki, bütün fəsillərində
müşahidə olunur. Daha çox terminlərlə səciyyələnən
elmi üslub əsərdə kosmetik əməliyyat,
implantasiya etmək, göziçi mərcan, antropoloji
quruluş, qlaukoma, psevdoeksfoliativ sindrom, əməliyyat
masası kimi terminlərdə öz leksik, "… el arasında
deyildiyi kimi, "qara su" xəstəliyidir, yəni qlaukoma…
ağır xəstəlikdir. Özü də
xüsusi bir növü "psevdoeksfoliativ sindromlu qlaukoma"
kimi cümlələrdə qrammatik əksini tapır və bədii
həqiqətin real həyatla bağlılığını
göstərməyə xidmət edir.
Ədəbi
dilimizin başqa üslubları, məsələn,
işgüzar üslubu da müəllifə buna görə gərək
olub. Bəy
Qasımın iltizam vərəqinin dilinə diqqət verək:
"Mən üzərimdə aparılacaq əməliyyat
haqqında məlumatlandırılmışam. Əməliyyat
aparılmayacağı halda, ən yaxın vaxtda həyatımın
davamı mümkünsüzdür. Əməliyyatın
gedişində və sonrakı dövrlərdə həkimlərin
fəaliyyətindən asılı olmayan səbəblərdən
müxtəlif fəsadlaşmalar baş verə bilər.
Bu ağırlaşmalar ölümlə nəticələnə
bilər. Ancaq riskin alınan nəticəyə
münasibəti riskin xeyrinə olduğu üçün mən,
bu əməliyyatın aparılmasına razılıq verirəm.
İmza: Qasım Məmmədov".
Burada bir cəhəti
də qeyd etmək gərəkdir. Ədəbi dilin işgüzar (dəftərxana)
üslubuna dair Nəsimi adına
Dilçilik İnstitutu 2004-cü ildə ayrıca kitab nəşr
etdirsə də, həmin üslubu hələ də tam
formalaşmış hesab etmək çətindir. Ölkəmizin çeşidli xəstəxanalarında
tibbi dəftərxana sənədlərində müəyyən
özbaşınalıq var. Hələ də tibbə aid sənədlərini
hər tibb müəssisəsi, hətta eyni tibb müəssisəsinin
həkimləri istədikləri kimi yazıb-pozur, tərtib
edirlər. Bu baxımdan da əsərin
dili ibrətamizdir. Ona görə də bədii
əsərlərin dilində belə nümunələrin
verilməsini yalnız alqışlamaq olar. Əsər boyu bir-birini əvəz edən bədii
və publisistik üslublar da öz əsas vəzifələrini
yerinə yetirməklə bərabər, ədəbi dilə,
onun inkişafına da yardımlarını göstərirlər.
Öncə
qeyd etdiyim kimi, əsərin əsas təhkiyə sistemi, xalq
dili üzərində qurulmuşdur. Özəlliklə
xatirə və düşüncələrin dili. İllərdir ki, kütləvi informasiya vasitələri
müstəqillik illərinin ədəbi dili problemlərinə
həsr olunmuş məqalələr dərc edir, müsahibələr
aparır. Dilimiz dövlətimizin
qayğısı ilə dövlət dili statusu almış,
ölkənin siyasi, ictimai, iqtisadi, mədəni, eləcə
də insanların şəxsi həyatında yeganə
ünsiyyət vasitəsi kimi inkişaf yoluna
çıxmışdır. Təəssüflər
olsun ki, əldə etdiyimiz müstəqillik bəzən
öz obyektiv qanunları olan dilə münasibətdə də
özünü göstərir. Bilməməkdənmi,
bilərəkdənmi (yəni müəyyən şəxsi
maraq naminə) dilə edilən müdaxilələrin güclənməsinin
tez-tez şahidi oluruq. Xüsusən ticarət
müəssisələrinin adları sahəsində bu daha
çox müşahidə olunur. Görürsən hətta
gözdənuzaq kiçik bir küçədə bir-iki
uşaq maykası, uşaq corabı
asılan kiçik satış yerinin adını "Beybi
şop" (ingiliscə "Uşaq dükanı")
qoyublar. Söz yaradıcılığı sahəsində
də ənənədən uzaqlaşma halları var. Məsələn,
həqiqətən çox gözəl, baxmalı kanal olan
ATV-nin ekranlarında kanalın özünü baxımlı
kanal adlandırması təəssüf doğurur. Axı, biz içməli suya içimli, yeməli
xörəyə yeyimli, oxumalı kitaba oxuyumlu və s. demirik.
Dilimizin
qrammatik quruluşuna müdaxilə artıq dözülməz
vəziyyətə gəlib çatıb. Özəlliklə, malik
(dovşanın iki qulağı var əvəzinə dovşan
iki qulağa malikdir; qarpızların çəkisi 2 kilodur əvəzinə
qarpızların çəkisi iki kiloya malikdir), məxsus,
aid, tərəf və s. sözlər də eləcə. Öz qrammatik quruluşuna görə sintetik dillər
qrupuna daxil olan dilimizə analitik-sintaktik konstruksiyalar gətirən
həmin sözlər dilin deyim intonasiyasına yadlıq gətirir.
Məsələn, mahnıların mənsubluğu dilimizdə
bir qayda olaraq yiyəlik hal şəkilçisi ilə bildirilirdi:
sözləri Səməd Vurğunun, müsiqisi Üzeyir
Hacıbəyovundur. Bəs, telekanallarda bu tipli cümlələri
necə eşidirik və görürük: sözləri Cabir
Novruza, musiqisi Oqtay Kazımova məxsusdur və yaxud daha pisi
sözləri Cabir Novruza, musiqisi Oqtay Kazımova aiddir. Eləcə
də tərəf sözü bəzi hüquq işçilərimizin
dilində (deyimində və yazısında): Bu məsələyə
tərəfimizdən baxılacaqdır (bu məsələyə
baxacağıq və ya bu məsələyə baxılacaq əvəzinə).
Ədəbi
dilimizin bu vaxtında (çağında, dönəmində)
"Qara su" romanı öz dilinin milli koloriti, şirin
avazı ilə çox işıqlı, hamıya doğma
olan hisslər oyatdı. Ümumxalq danışıq dilindən gələn
çeşidli sintaktik quruluşlardan bir neçəsini
oxuculara çatdırmaq istəyirəm. Məsələn,
"Ona at nədi, bir "Cip" bağışlayardım,
üstündə də bir milyon dollar", "Mən yetimə,
tifilə axı sən özün vermisən bu var-dövləti",
"Qarmonda çalırdı, çalırdı deyəndə
qarmonu ağladırdı", "Odu-budu kənddə Nəbinin
adı qaldı Nemes Nəbi", "Ağaclarda son payız
narları təkən-seyrək sallananda, sallanıb da allananda
Mustafanın arvadını bir qəribəlik heyrətə
saldı", "Aydına çatası xeyri deyim, ya
mükafatı… " kimi cümlələr
oxucuya ana dilinin gözəlliyini gözəl
çatdırır.
Müəllifin dilində
intonasiyası yeni görünən cümlə
quruluşları da var: "Bəy Qasım dostlarına vəfasız
çıxmışdı, böyrəkləri də ona…".
Romanın
dilinin lüğət tərkibi də zəngindir. Sinonimləri,
eyni və müxtəlif söz təkrarları da müəllifin
üslubunu daha da gözəlləşdirir. Sinonim sözlər eyni bir cümlə daxilində
işləndikdə nə isə yeni bir məna
çaları ilə yüklənmiş olur. Məsələn, "Qımışdı,
qımışdı deyəndə dodağı
qaçdı" cümləsində deyilənləri
aydın görmək olar. Bilavasitə həmin cümlədə
sonra gələn cümlədə bu sözlərin daha bir
sinonimi ilə də qarşılaşırıq: "Sonra bu
təbəssümün yerini ağır bir hava aldı".
"Delfin" fəslində
işlənən daha bir cümlədaxili sinonim cərgəsi
əsərin dilinin bədii təsirini gücləndirməyə
xidmət edir: "Hikkədən, qəzəbdən,
güclü stresdən ani olaraq Aşıq Alının
gözləri tutulur". Belə üslubi
sinonimlər öz əsl leksik mənalarını da
saxlayır.
Əsərin
dilinə uğur gətirən bədii dil vasitələrindən
biri də eyni və fərqli sözlərin təkrarından
ibarət olan leksik vahidlərdir. Eyni sözlərin
(qırıq-qırıq, damla-damla, dürlü-dürlü,
olar-olmaz, mənəm-mənəm, yazıq-yazıq….), özəlliklə
fərqli sözlərin (dadlı-duzlu, gecə-gündüz,
boylu-buxunlu, təkəm-seyrək, olan-qalan, dədə-ata,
var-dövlət, qat-qarışıq, vay-şivən,
yaxşılı-yamanlı, dost-tanış, hal-qəziyə,
zurna-balaban, qol-boyun, çal-sağır, odu-budu,
varrı-karrı (varlı-karlı) həlləm-qəlləm…)
təkrarı da təsvirin əyaniliyinə yardım göstərir
və bədii ifadə vasitəsi kimi əsərin
özünə və dilinə xəlqilik gətirir.
Romanın dilində yeni
sözlər də çoxdur və əksəriyyəti
dialekt və şivələrlə bağlıdır: səpələ,
qəcəmə, mayıf, dönərgə, odu-budu, basalax,
Bunlardan bəzilərinin
(çəpələ-çəpliyin bir növü, dönərgə
(dönəm, dövr); qolamazdamaq, atmaq, tullamaq,
odu-budu-odur-budur; ləpik-şüşə
qırıntısı və s.) mətnə görə mənasını
müəyyənləşdirmək imkan daxilindədir. Bəzilərini (qəcəmə-beşdaş
oyunu, basalax - kəndin müəyyən nəsil, tayfa
yaşayan hissəsi, mayıf - şikəst, barxan - qum təpəsi,
sırt - 1. ombanın başı, 2 . çiyin; məndil - cib
dəsmalı, ləçək və s.) lüğətlərin
köməyi ilə tapmaq olar. Bəzilərinin (manıs və yarbayı) tapılması
çətin olsa da, əsərlə bilavasitə
bağlı olan sözlərdir və bəziləri hətta
romana tarixi kolorit gətirir.
Əsərdə
aforizmlər ("Sevgisiz yaşamaq çox asan olur,
vicdansız yaşamaq kimi. Sevib yaşamaq gözəl
və çətindir, qardaşım!") və mənalı şeir parçaları da
var. Özü də əsərlə, surətlərin xatirə
və düşüncələri ilə birbaşa
bağlı olan şirin şeir parçaları:
Sənin duaların ruhlar
kimidi,
Tanrı dərgahına
tez çata bilər.
Və ya:
Yanmış ocaq yeri var
Ürəyimdə
sən gedəli.
Bir xəncər
sancısı var
Kürəyimdə
sən gedəli.
Bu yaxınlarda
"Ədəbiyyat qəzeti"ndə keçmiş
bakılı, tibb elmlri doktoru Miron felin İsraildən göndərdiyi
"Həyatın özü" məktub-məqaləni
oxudum. Alimin
yüksək peşəkarlıqla yazdığı səmimi
məqalədən: "Sizin bənzərsiz kitabınız
haqqında səmimi təəssüratlarımı qəbul
edin. Yeri gəlmişkən, romanı təkrar
oxudum və o mənə öz bədii dəyəri ilə
inandırıcı təhkiyəsi ilə daha çox xoş
gəldi. Təkrar oxunan kitablar nadir hallarda daha çox xoşa gəlir. Buna görə
də klassiklər adi müəlliflərdən fərqli
olaraq təkrar-təkrar oxunur".
Paşa Qəlbinurun
"Qara su" romanı həqiqətən belə
kitablardandır, nəsrimizdə çox önəmli bir hadisədir.
Məqaləni kompyuterdə
yazıb mənə təqdim edən iş yoldaşım, gənc
ədəbiyyatşünas qızdan yazı haqqındakı təəssüratını
soruşduqda sualımı belə cavablandırdı: "Mən
o əsəri mütləq oxuyacağam".
Məqaləni
yazmaqda mənim məqsədim də elə bu idi.
Ağamusa Axundov
Ədəbiyyat qəzeti.-2010.-12 mart.-S.5.