"Anar. Ömür yolu.
Yaradıcılığı"
İndicə seyr etdiyim filmin - Azərbaycan musiqi mədəniyyətinin
fəxri Üzeyir Hacıbəyova həsr olunmuş bədii
televiziya filminin təsiri altında əziz Anar, sizi
böyük uğurunuza görə təbrik etməyə tələsirəm.
Böyük bəstəkarın xatirəsinə
layiq olan gözəl sənət əsəri
yaratmısınız.Bərk-bərk əlinizi sıxır,
çoxcəhətli fəaliyyətinizdə yeni nailiyyətlər
arzulayıram.
Əziz Şərif
17 noyabr 1985 - Moskva
Əziz və hörmətli Anar!
Sənin müdriklik yaşın mübarək olsun!
Ağıl və təmkin, səbir və dəyanət yollarıyla addımlayıb gəlib çatdın bu müqəddəs sərhədə. Elə bir sərhəddə ki, ondan o yana ömrün ikinci dövrü -- daha məsuliyyətli, daha yanğılı bir dövrü başlanır.İnsan nələr etdiyini, nələr edə bilmədiyini daha yaxşı görür, duyur.
Sən ömrünün birinci yarım əsrliyində doğma xalqımıza ləyaqətlə xidmət etdin.Mən inanıram ki,bundan sonra da belə olacaqdır.
Qartal iki qanadıyla uçar.
Sənin qanadların möhkəmdir. Uç, ucalara uç,əziz dost!
Qoy səni ata-ana
xeyir-duası hifz eləsin!
Ot kökü üstə bitər.
Sənin
köklərin müqəddəs torpağımızın dərinliklərindədir.
Qoy səni ulu
Dədə Qorqudun xeyir-duası saxlasın.
Qoy cansağlığı və
xoşbəxtlik bu yollarda sənin yol yoldaşın olsun!
Nəbi Xəzri
15 mart
1988
Vətənimizin
qeyrətli və qüdrətli oğlu Anar, əlli
yaşın mübarək olsun.Ədəbiyyatın çətin
yollarında sənə daha böyük uğurlar
arzulayıram, səni bağrıma basıb öpürəm.
Bəxtiyar Vahabzadə
Hörmətli, əvəzsiz
qardaşımız Anar!
Bir qələm
sahibi kimi ömrün 50 yaş adlanan zirvəsinə gətirib
çıxardığınız ədəbi sərvətlə
həm siz özünüz və həm də mənsub
olduğunuz xalq fəxr edə bilər. Sizin publisist
yazılarınız, nəsr və səhnə əsərlərinizin
səsi-sədası çoxdan respublikanın sərhədlərini
aşıb keçmişdir. Xalqın
müqəddəs ideallarının, milli ləyaqətinin,
tükənməz ata-baba irsinin elçisi olmaq hər
yaşıçı üçün ən yüksək
şərəfdir.Siz bu məhəbbəti Arazın o
tayında yaşayan milyonlarla cənublu oxucularınız
arasında da qazanmısınız. İnqilabın
yüksəliş illərində də,bu gün də onlar
sizin əsərlərinizi həvəslə nəşr
edir,ehtirasla oxuyurlar.Bu əziz gündə
üzümüzü sizə tutur,cənublu qardaş və
bacılarınız adından 50 yaşınızı təbrik
edir, nəcib və gərəkli işinizdə sizə yeni
uğurlar arzulayırıq.
Balaş Azəroğlu, Əli Tudə,
Mədinə Gülgün, Hökümə Billuri,
Söhrab Tahir, Afiyət Əmrahi, Sadıqzadə
Əzizim Anar!
Xalqımız sənin
çoxcəhətli yaradıcılığına,
duyğularına yüksək qiymət verir.Bunu sən
qazanmısan! İndi daşıdığın
çox mühüm vəzifə - ədəbiyyatımıza,
mənəviyyatımıza rəhbərlik eləmək sənin
üzərinə tarixi vəzifələr qoyur. Mənəviyyatın
bütövlükdə tərəqqisinə can yandırmaqdan
çox asılıdır. Ümid eləməyə
çoxlu əsas var ki, sən bu həlledici sahədə də
yüksək nailiyyətlərə çatacaqsan…Məhəbbətlə,
səmimi qəlblə cansağlığı,
yaradıcılığının yeni-yeni zirvələrini
diləyirm. Sənin başçılığınla
hamının göz qoyduğu,xalqımızın
böyük-böyük ümidlər bəslədiyi təşkilatımız
qüdrətli bir əlin sağlam barmaqları kimi birləşsin,
amalımız, xalqımız, irəliləyişimiz yolunda
hünər göstərsin. Bizə hər mətləbdən
birlik irəlidir, birlik vacibdir.
Öpürəm,
təbrik edirəm.
Bayram Bayramov
14. 03. 88
Hörmətli Anar, səni
ürəkdən təbrik edirəm. Sənin qələmin,vətəndaş qeyrətin var olsun. Vətən sənə oğul deyir.
Məmməd Araz
Hörmətli Anar!
Mənə verilən
mükafat məsələsinə özüm qəsdən bir
qədər sonra,ayıq düşüncə
ilə və soyuq başla münasibət bildirmək istəyirəm.
Bu, əvvəllər olduğu kimi,verilməyə
də bilərdi, ədəbiyyat elə bir şey itirməzdi.
Ancaq mənim üçün sizin tərəfinizdən olan
qayğı,təkid və prinsipiallıq
qiymətlidir. Bu münasibət mənim boynuma ciddi məsulliyyət
qoyur,məni bacardıqca daha çox
işləməyə,zaman qarşısında,sənət
qarşında, xalq qarşısında,öz qarşımda
hesabat verməıyə, doğru sözün qulu olmağa
çağırır.
Sizə və
mənə səs vermiş bütün sənət
yoldaşlarıma təşəkkür.
Hörmətlə,
Məmməd Araz
26 may 1988
(Anarın şərhi: Daha əvvəlki
illərdə Məmməd Araz Respublikanın Dövlət
mükafatına təqdim olunmuş və bu mükafatı
almamışdı. Mən bunu gözəl şairmizə
qarşı böyük ədalətsizlik
sayırdım.Yazıçılar Təşkilatının
rəhbəri seçilən kimi elə həmin il Məmməd
Araza yenidən bu mükafatı təqdim etdim və başqa
iddiaçılara "bu il biz yalnız Məmməd Arazı
təqdim edirik və yalnız onu dəstəkləyəcəyik"
- dedim.Mükafatlar Komitəsində də şairin namizədliyini
müdafiə etdim və o, layiq olduğu mükafatı
aldı. Məmməd Arazın mənə məktubu
isə alicənab və təvazökar insanın nəcib hərəkətidir).
Anar, salam!
Əsərini
oxudum.Sevindim.
Lap çox sevindim. Ən
yaxşı cəhəti budur ki, əsərdə mənfi tip
yoxdur. Nə mənfi, nə müsbət.
Hamısı adamdı. Yaxşı
adamdı. Düşünəndi. Ağıllı adamlardı. Cildanın,Karmenin dili,Zaurun məktubu və i.a.
hamısı yaxşıdır. Təhminə, Neymət… Adam bilmir onların hansı bizə daha çox
oxşayır. Amma Neymətin ikinci zənginə
inanmadım. Allah eləsin ki,neymətlər
mütilik torundan açıla bilsinlər.Mən
onunçün inana bilmədim ki, birinci zəngi çox
inandırıcı vermisən.
Qardaş, hər
halda böyük müvəffəqiyyətdir, qələbədir. Əsl qələbə.
Amma hərdən-birdən şairlik edirsən (bənzətmələrdən:
Məmməd Nəsir qapıdan elə bil ki,üzür
istəyirdi və i.a.).
Bu
başıpozuq məktubuma görə bağışla. Əsər haqqında məqalə
yazıram.Bəlkə də yazıb özümlə
apardım,bəlkə də göndərdim.
Qalıb bir az da işləmək,dincəlmək
istəyirəm. Heç nə işləməmişəm.
Amma onu da deyim ki,əsər haqqında pis rəylər söylənəcək,
səni qorxutmasın. Mən uzaqdayam. Bəlkə orada vəziyyət elə deyil. Allah eləsin.Amma Bakıdakı hampaların
zövqünə bələdəm.Bilirəm, bu yekə
şey o dar boğazlardan bütünlüklə keçməz,
boğazlarını cıracaq, incidəcək. Küsəcəklər. Amma əla
əsərdir. Deyəsən səni
çox təriflədim. O da lazımdır. Lap yaxşı eləyib tərifləyirəm.
Sağ ol. Məndən
hamıya salam.
Fikrət Qoca
Qardaşım Anar! Məktubunu aldım. Həm
sevindim, həm kədərləndim. Məktubun çox
yaxşı,ağıllı məktub idi.
Amma sənin ruhun xoşuma gəlmədi. Darıxırsan. Axı niyə?
Nə olub? Bir az
etinasız ola bilmək müvəffəqiyyətin
başlanğıcıdır. Bütün bu
hadisələr hamısı bizi əsəbiləşdirmək,
bədbinləşdirmək üçündür. Biz onların niyyətini gözündə
qoymalıyıq. Gülməliyik.
Bacarmasaq da,çətin də olsa gülməliyik.
Bunun əhəmiyyəti çoxdur. Biz elə
bir dövrdə yaşayırıq ki, talantımız varsa,o talantın yanında böyük aktyorluq
istedadımız da olmalıdır. Gülməyi
bacarmalıyıq.Lap ürəyimiz ağrıyanda da gülə
bilməliyik (Bunlar mənim də edə bilmədiyim şeylərdir,
sənə deyə-deyə özüm üçün də
təkrar edirəm).Yazırsan ki, son vaxtlar yeni heç bir
yazın yoxdur. Bu çox təbiidir,hələ
səndə düşdüyün yeni şəraitə vərdiş
etmək prosesi gedir.Stolun da,stulun da təzədir.Hələ
yaxşı isnişməmisən. Hamısı
ondan irəli gəlir və mən inanıram ki, bu sənin
yeni yazıların üçün hazırlıq
dövrü olacaq.
Dərnəyimiz
davam edir.Mənim kitabçamın redaktoru Rəsul müəllimdir.Burada
elə bir əsaslı yenilik yoxdur. Hürənlər də
sənin qanını qaraltmasın. Onlar da
lazımdır.Həyətə təzə adamın gəldiyini
birinci onlar xəbər verir.Susmaq və sükutla
qarşılanmaq daha dəhşətli olardı.Darıxma.Bir
5-10 ildən sonranı təsəvvürünə gətir:
Mütləq biz qalib gələcəyik.Bu günlər
gülməli görünəcək. Biz Rəsul müəllimdən
birinci növbədə nikbinliyi,sarsılmaz
ruh yüksəkliyini öyrənməliyik. Düşmənə
ən ağır zərbə onu saymazlıqdır. Ona etinasızlıqdır. Deyəsən
ağıllı bir şey deməyəcəm.Odur ki,məktubu bitirməyim ağıllı görünər.
Sənə və Zemfira bacıma çoxlu
salamlar.
Məktubunu
gözləyəcəm.
Fikrət Qoca
29 noyabr 63
Hörmətli Anar!
SSRİ xalq deputatı
seçilməyin münasibətilə səni ürəklən
təbrik edərəm,qarşındakı
məsul ictimai fəaliyyətində sənə böyük
uğurlar arzulayıram.
Bildiyin kimi,bir
neçə ziyalımıza,o cümlədən sənə
mən milli ümid nəzəri ilə baxıram. Gerilikdən
çıxmalıyıq,hələ də
davam edən həyasız və alçaq hücumlardan
xalqımızı qorumağı
bacarmalıyııq.Tariximizin indiki ağır
dövründə bu cərgədə gedənlərdən
xalq çox şey gözləyir. Bu yolda sənin
yükün daha ağırdır. Odur ki,sənə
möhkəm cansağlığı arzu edirəm.Daha
güclü,daha zorlu olasan! Zemfira xanımı hər
iki xoş hadisə ilə - fəxri ad alması və sənin
"böyük deputat" olmağın münasibətilə
təbrik edirəm. Həmişə xoşbəxt olun!
Rəsulun,Nigar
xanımın ruhları şad olsun.
Sənin
Teymur Əliyevin
28 mart
1989
Əzizim Anar,
səni SSRİ xalq deputatı seçilməyin münasibətilə
təbrik edirəm. İnanıram ki,sən ən uca
kürsülərdən xalqımızın qanuni
haqqını, ədəbiyyatımızın şərəfini
ləyaqətlə tələb və müdafiə edəcəksən.
Hörmətlə,
Tofiq Bayram
Əzizim Anar, səni, millətimizin
ləyaqətli, istedadlı, hünərli övladını
ömrünün, yaradıcılığının yetkin, bəhrəli
çağında təbrik edirəm,cansağlığı,
ailə xoşbəxtliyi, arzulayıram.Xalqımızın
milli şərəfinin,mənliyinin qorunması yolunda sənə
uğurlar. Ümid yeri olasan. Öpürəm.
Qasım Qasımzadə
Millətimizin,torpağımızın
və ədəbiyyatımızın naminə Allah sizi hər
cür bəladan hifz etsin.
Qulu Xəlilli
Azərbaycanın
başı üstündə Domokl qılıncı
asıldığı zəmanədə əlli yaşı
tamam olan əziz, sevimli Anarımız, qüdrətli
yaşıçımız,yalnız sizin kimi qadir sənətçilərin
böyük sözü bu qanlı qılıncı
sındıra bilər. Sizə yepyeni bir bahar
çələngi dilərəm.
Xəlil Rza
Anara, əsərlərində
yalan, ürəyində çirk, idrakında bədəməl
olmayan ləyaqətli ziyalımıza. Ömrün
kamillik dövrünə qədəm qoymağın münasibətilə
səni təbrik eləyirəm. Müdrik
cəsarət, cəsarətli müdriklik arzulayıram sənə
ömrün təzə yoxuşunda.
Asif Əfəndiyev
Qara saçlı
ağsaqqalımızı,böyük el şairimizin istəkli
balasını,görkəmli yazıçımızı,qeyrətli
ziyalı el oğlumuzu, doğma qələm dostumuzu, əzizim
Anarı 50 yaşı münasibətilə təbrik etməkdə
şadam. Baba dağın bahar yelindən,
Göyçay çayının daşan selindən sizə
salamlar yetirirəm. Qələminiz daha ecazkar,canınız daim sağ, kefiniz həmişə
çağ olsun. Daha yüksək zirvələrə
qardaşım.
Hörmətlə,
Musa Yaqub
Əzizim Anar!
Açığını
deyim ki,son zamanlaradək kimlərinsə
50,60…100 illiyi qeyd olunanda bu rəqəmlərin arxasında
qalan illərdən daha çox onların gördükləri
işlər barədə fikirləşirdim. Bəlkə də
yubileylərin bayram əhvalı buna mane olurdu.Deyə bilmərəm.Lakin
indi,bizim nəslin də əlli
yaşı haqladığını eşidəndə, həm
də yamanca kövrəlirəm.Deməli,sənin də
ömrünün əlli ili çatdı. Gözün
aydın, qardaş! Gözlərimiz aydın olsun ki,sən bu yarıməsrlik ömrünü
çox dolğun keçiribsən:öz zəhmətin, ədəbiyyata
və ümümən mədəniyyətmizə, el-obaya məhəbbətin,
əlbəttə, ilk növbədə istedadın sayəsində
görkəmli söz ustasına çevrilibsən.
İnsan təbiətinin
qəribəlikləri çoxdur. O qəribəliklərdən biri də
budur ki,insan öz yaşıdlarından nəyisə öyrəndiyini
çətin etiraf edir.Yazıçı Anarın xoşbəxtliyi
bir də ondadır ki,qələm
yoldaşları,dostları,yaşıdları insan Anardan təmkinli,dostlara
münasibətdə saf,mərd olmağı,öz ləyaqətini
həmişə üca tutmağı da öyrəniblər.
Bunları düşünəndə,ümumiyyətlə, yan-yörəndə mərd
adamları görəndə,üstəlik də bu
adamların sənin nəslinə mənsub olduğunu biləndə
həyat deyilən çətin yol adama asan gəlir,çünki
bu yolda təklik duymursan, əksinə, arxanda güclü dayaq
hiss edirsən!
Öz yaşıdlarında
belə inam yaratmaq hər oğulun hünəri deyil!
Sənə arzuların qədər
uzun ömür,möhkəm
cansağlığı,bol-bol yaradıcılıq sevinci arzu
edən,səni bağrına basıb öpən dostun
Sabir Azəri
14 mart
1988
Hörmətli Anar!
"Dədə
Qorqud" motivləri əsasında çəkilmiş filmə
baxandan sonra Cəlil Məmmədquluzadəyə dair məqalənizi
oxudum.İkisindən də böyük zövq aldım. Uzaq və
yaxın keçmişimizi bu qədər müasir gözlə
oxumağınıza heyran oldum.Ssenarilə məqalənizdə
- təxəyyüllə elmi idrakın vəhdətinə
qibtə etdim. Məqaləni oxuyandan sonra ssenaridə məxəzə
sərbəst münasibətinizin səbəbləri,süjet
və epizod yerdəyişmələri,Qazanın taleyi, "Dədə
Qorqud"a bənzəməyən final mənə aydın
oldu.Bəzi lövhələri müasirləşdirmək cəhdiniz
də güman ki,mənə düzgün çatdı.Yeddi
gün-yeddi gecə ağlayan Qazanın adam üzünə
çıxmamasını da başa düşdüm. Mənə
elə gəlir ki,Qazan ona sadiq olan bir igidə,başı bəlalar
çəkmiş bir qeyrətli adama ağlamır,həm də
qohum və tayfa qanını tökən əllərin törədəcəyi
fəlakətə,qan intiqamı üçün
qılıncların qından çıxarılmaq bəlasına
ağlayır - rüsvayçılıq,pərakəndəlik,yadlaşmaq
gətirən bir bəlaya ağlayır.
Görmüşük ki,bir köksə bir nizə sancılardı.
Qazan,polad köksünə sağdan və
soldan sancılmış nizələri cəhd etsə də,
necə çıxara bilər? (Bu
Qıpçaq Məliyin toru deyil ki, Qazan onu parçalasın
və sonra köhlən belinə sıçrasın!)
Qazanın ssenaridəki şəkildə
köhləndən aşması, arxası üstə yerə
gəlməsi,onu torpağa mıxlamaq istəyənlərin
gözlərinə baxması dəhşətlidir!
Ağıllı,düşünülmüş,incə yerdəyişmələrin
hamısı gözəldir! Sizi tərifləməyə
ehtiyac duymuram,tərif gözləməyə
siz də gərək meylli olmayasınız. Sizə
üç kəlmə sözüm var: Çox sağ olun!
Pənah (P.Xəlilov)
28 yanvar 1977
Əziz Anar!
"Ağ
liman" povesti bizim nəsrimizin ən görkəmli əsərlərindəndir. Sizin
üslubunuz, poetik ifadə tərziniz vicdanlı və
savadlı oxucular tərəfindən şübhəsiz,
yüksək qiymətləndiriləcəkdir.Dilinizin
obrazlılığı məni sevindirir.Mən həqiqi nəsrdə
görmək istədiklərimin çoxusunu burda
gördüm. Cümlələr qafiyəsiz
şeir misralarıdır. "Ağ
liman" mənm üçün poemadır.
Sizə yeni cəsarətli
addımlar arzulayıram.
Səmimi salamlarla
Şəkər Aslanov
20.03.1967
Qardaşım Anar!
Biz müxtəlif
siniflərə mənsub adamlar olsaq da, mən sizi həmişə
namuslu bir ziyalı, xalqını təmsil edə biləcək
türk övladı və sinfinin ağıllı bir
nümayəndəsi kimi yüksək qiymətləndirmişəm. Siz insanları hansı
baxımdan qiymətləndirirsiniz,bilmirəm,mən
özünü olduğu kimi göstərmək
baxımından qiymətləndirirəm və belə
düşünürəm ki, siz nə
yaradıcılığınızda, nə də real həyatda
özünə xəyanət etmiş adam
olmamalısınız. Sizin esselərinizdən
məlum olur ki, son dərəcə dərdli,
başının anlamaq bəlası olan bədbəxt bir bəndəsiniz.
Bunu da bilirsiz ki,uzun müddətdi
yatırılmış Azərbaycan xalqı,bizim biçarə
millətimiz artıq aylımış,öz haqqını
başa düşməyə başlamışdır. Belə olan halda mənəvi birlik və milli
özünüdərk prosesini sürətləndirmək,
xalqın mənəvi dayaqlarını hər vasitə ilə
möhkəmləndirmək bizim qarşımızda duran ən
ümdə məsələ olmalıdır. Mənə
belə gəlir ki,həmin baxımdan siz
öz imkanlarınız və dövlətin sizə verdiyi
müvəqqəti imtiyazlar daxilində elə ciddi bir iş
görmür, bununla da yaranmış tarixi şəraitdən
tam istifadə etmirsiniz. Ola bilsin k,bir də
belə fürsət ələ düşmədi. Tələsmək lazımdır. İndi biz
öz İttifaqımızı "bəli-bəli"lərdən,
"bəzi-bəzi"lərdən təmizləməsək,sonra
bu, xalqa çox baha oturacaq.Yazıçılar
İttifaqında müstəqil fikirli,yetkin adamlar azdır.Siz
buna inanın.Bizim karyerə əsirləri, yuxarıların
itaətkar qulları oyanmış xalqın arxasınca
sürünməkdədir. Yazıçılar
İttifaqı belə adamlarla doludur. Ümumi
işin xatirinə siz bu adamlarla "pis" olmağı
bacarmalısınız. Əks- təqdirdə
xalq bizi lənətləyəcək. Siz öz ətrafınızdakı
Kəbirlinskilərlə özünüzü həmişə
qüvvəsiz və tənha hiss edəcəksiniz. Ətrafınızda
sinfi cəhətdən deyil,mənəvi cəhətdən
uyğun adamları toplayın. Gənclik
haqqında. Burda sağlam qüvvələr də var.
Lakin tədricən qruppabazlığa və karyera azarına
tutulanlar da az deyil, hətta çoxdur. Səfər
Alışarlı,Tehran Vəliyev, Saday Budaqlı, Akif Əhmədov,
Azər Əbilov inanılmalı və yetişmiş
ziyalılardı, qalanlardan ağlım bir şey kəsmir.
Boşboğazlıqla məşğuldurlar, hayıf…
Nəhayət,mənə
iş axtarırsız.İnanın ki,minnətdaram.Tələsməyin,mənim
onsuz da işim çoxdur. "Qayğı"ya
qul lazımdır. Məndən də indiyə qədər
qul olmayıb,görünür mən ora
yaramayacağam. Ümumiyyətlə,mənim
fərdi "dərdim" məni o qədər də narahat
etmir. Öpürəm.
Hörmətlə,
Ağamalı Sadiq
11 yanvar 1989
Əziz Anar
müəllim, Yazıçılar Təşkilatının
rəhbəri seçilməyiniz münasibətilə sizi
ürəkdən təbrik edirəm. Ümid yarandı ki,
Azərbaycan ədəbiyyatı nəhayət, depressiyadan
qurtulacaq, Azərbaycan oxucusu ağrısız və
vicdansız yaşayıb orden və medallarıyla
zınqırovlu toy qoyunlarına bənzəyən
yalançı klassiklərdən xilas olacaq. Hamımız sevinirik, uğurlar diləyirik.
Hörmətlə,
Rafiq Tağı
Moskva
Hörmətli Anar müəllim!
Sizin istər
millət vəkili kimi, istər yazıçı kimi, istərsə
də Azərbaycan Yazıçılari Birliyinin sədri kimi
müsbət fəaliyyətiniz göz qabağındadır. Müasir Azərbaycan
yazıçılarının ən nüfüzlü
nümayəndəsi olaraq sizi həmişə öndə
görürük. Bu gün millətini,
xalqını sevən hər bir kəs sizi müasir Azərbaycan
ziyalılığının etalonu hesab edir. Mən də belə hesab edirəm.
Böyük cəsarətinizə, yüksək etika və mədəniyyətinizə,
xalqa, millətə və böyük ədəbiyyatımıza
dərindən bağlılığınıza görə,
sevginizə görə! Son illərdə ədəbiyyatımızda
əsl sənətdən və sənətkarlıqdan uzaq
olan qondarma cızmaqaraçılar peyda olub. Onlar sizin dediyiniz qara milçəklərdir ki, sizin ətrafınızda
vızıldayırlar. Onlar öz
vızıltılarına layiq olduqları çirkabda
boğulub qalacaqlar. Onlar sizin adi salamınız qədər
səmimi ola bilməzlər! Kaş Allah
imkan verəydi bu səmimiyyətin cavabında biz də bir
iş görə biləydik.
Dərin hörmət və
ehtiramla,
Müzəffər Şükür Məchul
29 iyul 2002
Salam, əziz Anar müəllim!
"Qobustan"
jurnalının 4-cü nömrəsində şeirlərimin
çap olunması xəbərini dünən eşitdim.Sizə
sonsuz təşəkkürümü bildirirəm. Şeirlərimi
"Qobustan"a çoxdan təqdim etmişdim. Amma bu haqda sizə də yazmamışdım ki, nəsə,
yaxşı düşməz. Anar müəllim, sizin
qayğınızın qarşısında özümü
bir şair kimi borclu sayıram… Və bu
qayğının nahaq yerə olunmadığını
ömrüm boyu sübut etməyə çalışacam.
Hörmətlə,
Əlisəmid (Kür)
14 aprel 1985,
Xarkov şəhəri
Əzizim Anar!
Ürəyimdən gələn
ən səmimi sözlərimi sənə çatdırmaq
istəyirəm!
Bahar ilin ən
gözəl fəslidir. Deyirlər baharda dünyaya dələn
insan xoşbəxt olur. Çünki
baharda təbiət bütün var-dövlətini, gözəlliyini
insanlara bəxş etməyə çalışır.
Hər tərəf al-əlvan çiçəklərə,
yamyaşıl otlara qərq olur. Elə bil
çöllərdəki bu yaşıllıq azmış
kimi, insanlar evlərdə də yaşıl səməni
göyərtməyə başlayırlar.
Baharın ilk müjdəçisi,tez açılıb,tez solan boynu bükük
bənövşə kimi vaxtsız gedən Cəfərimi,
Müşfiqimi, yoxsa bir ceyrana güllə atmağa
qıymayan təbiət vurğunu Səməd Vurğunumu
deyim? Qəlbləri həmişə
yazıb-yaratmaq eşqi ilə döyünən, baharın təzə-tər
çiçəkləri kimi saf qəlbli insanlar məgər
bahar oğulları deyilmi?
Doğrudan da
baharda dünyaya gələn insanların qəlbi, ürəyi
həmişə yazmaq, yaratmaq, qurmaq, öz xalqına xeyir vermək
eşqi ilə döyünür.
Əziz Anar! Bu
baharda sənin 50 yaşın tamam olur. Sən iki qəlbin
döyünən ürəyisən! Sən Rəsul
yadigarı, Nigar nişanəsisən. Kaş
elə imkan olaydı ki, sənə demək istədiyim
sözləri mənim ürəyimdən oxuya biləydin.
Axı sən mənim üçün təkcə
xalqın, elin yazıçısı kimi yox, həm də əzizlərimin
yadigarı kimi əzizsən.
Nə arzulayıram sənə,
əziz balam Anar! Uzun ömür,
cansağlığı, ailə xoşbəxtliyi… və bir də
arzu edirəm ki, keçən 50 yaşının
üstünə bir 50 bahar da gəlsin.
Mən eşidəndə ki,sənə Azərbaycan SSR fəxri fərmanı
verilib, çox sevindim. Gün o gün olsun ki,
daha yüksək fərmanlara layiq görüləsən.
Sən qiymətli yadigarsan,
Sanki ətirli
baharsan.
Arzuların qanad
çalsın,
Qızıl
gül tək ətir saçsın.
Hörmətlə,
Dilbər
(Dilbər Axundzadə-
M.Müşfiqin
həyat yoldaşı- red.)
Əziz Anar!
Şanlı
yubileyin münasibətilə səni ürəkdən təbrik
edirəm. Mədəniyyətimiz
naminə Sənə möhkəm cansağlığı,uzun ömür,böyük
yaradıcılıq uğurları arzulayıram. Ümid edirəm
ki,sənin artan nüfuzun dostun Vaqif
Mustafazadənin mənzil muzeyinin tezliklə yaranmasına
yardım edəcək. Öpürəm.
Vaqifin anası
Zivər xanım
Çox hörmətli Anar
müəllim! Salam!
Ülvi
(Ülvi Bünyadzadə nəzərdə tutulur - red)
yaradıcılığına, şəhid taleyinə
göstərdiyiniz qayğı, diqqət ailəmiz, şəxsən
mənim üçün unudulmaz təəssüratlardır. Çox sağ
olun!
Səmimiyyətlə,
Almaz Ülvi (Bünyadova)
yanvar, 2000
Ədəbiyyat qəzeti.-2010.-12 mart.-S.3.