Ədəbiyyat müəllimi

 

Qar deyəsən dünyanı bürümüşdü. Dünya deyilən yersə onunçün əslində elə yaşadığı evin həyəti, bir də xəstələndiyindən uşaqlarla doyunca oynamağa macal tapmadığı məhəllələri boyda idi. Amma bu dünyanı onun gözündə daha çox daraldan həkimin gəlişiydi. Anasına sığınıb, mehriban davranışına baxmayaraq, ona iynə vurmağa cəhd eləyən bu adamın gedəcəyi anı gözləyirdi…

Sonralar geri dönüşü olmayan o anı qaytarmaq arzusuyla yaşayacaq və o görüşü ömrünün ən əziz uşaqlıq xatirəsi kimi yaddaşında, ürəyində yaşadacaqdı. Çünki balaca vaxtı onu təmənnasız yaxşılığıyla xəstəliyin əlindən alan o adam böyük ziyalı Abbas Səhhət idi…

Görünür, illər uzunu Azərbaycan ədəbiyyatını şagirdlərinə öyrədərkən Abbas Səhhətə daha böyük sevgiylə yanaşması da elə bu xatirəylə bağlıydı.

Bu gün özü də doğmalarının, əzizlərinin və doğmadan doğma bildiyi şagirdlərinin xatirələrində yaşayır. Sadə olduğu qədər zəhmli, dərin olduğu qədər təvazökar Bağırzadə müəllim.

Nədənsə onu belə çağırardılar. Amma pasportda adı Ağahüseyn idi. Bağırzadə Ağahüseyn Məşədi Yusif oğlu (şəkildə sağdan birinci).

1908-ci ildə Şamaxıda doğulmuşdu. İlin hansı fəslində, hansı günündə dünyaya göz açdığı isə bəlli deyildi. Heç vaxt ad gününü qeyd eləməzdi və bütün ömrünü çox sadə və təmtəraqsız yaşadı.

Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsini bitirmişdi. Müəllim adını qazanmışdı və həyatı boyu bu uca ada sadiq qaldı.

Müəllimliyə 1929-cu ildə Şəkinin Qışlaq kəndindəki yeddiillik məktəbdən başlamışdı. 1931-ci ildə ailəsi ilə birgə Bakıya köçmüşdü. Bizim hələ də yaşadığımız Cəlil Məmmədquluzadə 48 ünvanında qeydiyyata düşüb. Bülbülə kəndindəki məktəbdə işə düzəlmişdi. Ta müharibə başlayana kimi… Müharibədən qayıdanda - 1946-cı ildə onu Bakı xalq maarif şöbəsinin fəhlə-gənclər sahəsi üzrə inspektoru, daha sonra o vaxtkı Lenin rayonu xalq maarif şöbəsinin müdiri təyin etmişdilər. 1953-cü ildən Bakıdakı 31 nömrəli məktəbdə dərs deyirdi. Onu təqaüdə də elə həmin məktəbdən yola saldılar. Amma o, ömrünün son günlərinə kimi dəftər-kitabdan ayrılmadı. Gözləri son dərəcə zəifləsə belə, yenə də hansısa kitabı vərəqləyərək özü üçün qeydlər edərdi. Ərəbcəni, farscanı, ruscanı mükəmməl bildiyindən, həmin dildə olan kitabları əslindən oxuyardı.

Üzə çıxarıb dərc elətdirməsə belə, ara-sıra şeir, qəzəllər yazardı. "Arif ol, hər gözü şəhlanı gözəl sanma, saqın" - deyərdi. Çünki əsl gözəlliyin ən uca məqamı olduğunu bilən adam idi.

Uzun yay axşamlarında bütün ailəsini - övladlarını, gəlinlərini, o vaxt o qədər də böyük olmayan nəvələrini başına yığıb klassik ədəbiyyatdan, 37-nin qurbanlarından, Müşfiqdən, Caviddən danışardı. Cavidi o qədər sevərdi ki, oğul nəvələrindən birinə onun adını vermişdi. Bu söhbətlər vaxtilə 31 nömrəli məktəbdə şagird olmuş övladlarına keçdiyi həyat dərsləriydi.

Bəzən televiziyadan, radiodan səsləndirilən "mən bir ziyalı kimi demək istəyirəm ki" sözlərinə çox mənalı bir təbəssümlə münasibətini bildirərdi. Həmişə deyərdi ki, ziyalılıq bəylik, xanımlıq kimi başqalarının, insana yaraşdırıb verdiyi titul qədər uca bir məqamdı. Öz-özünə ziyalı deyən kəs bu sözün mahiyyətini tam mənasıyla anlaya bilməyənlərdi.

50 ilə yaxın dərs demişdi. Yüzlərlə tələbəsi vardı. Bu tələbələr sırasında bu gün Azərbaycan mədəniyyətində, elmində xidmətləri olmuş nə qədər insanlar var. Respublikanın xalq artisti Azər Paşa Nemətov, əməkdar artist Sevil Xəlilova, filologiya elmləri doktoru Yaşar Qarayev…

Ailə albomunda saralmış bir foto var. Arxasında ilk müəlliminə dərin minnətdarlıq bildirən layiqli şagirdlərin - sonradan ailə quran Gülsənəm və bir vaxtlar daxili işlər naziri olmuş Məmməd Əlizadənin yadigar imzası.

Mənə bu yazını yazdıransa Ayaz müəllim oldu. Bağırzadə müəllimin keçmiş şagirdi, bu günlər "Ədəbiyyat qəzeti"nə rəhbərlik edən Ayaz Vəfalı, öz yubileyi ərəfəsində müəllimini soraqlayan Ayaz Vəfalı. Və mən düşünürəm ki, dirilərin belə unudulduğu bir zəmanədə, sağ olsaydı da, yaşı 100-ə çatmış, daha əlindən heç nə gəlməyəcək, bəlkə daha çox köməyə ehtiyacı olacaq müəllimini axtaran bir şagird varsa, deməli, ziyalı kəlməsi tam anlamıyla hələ də yaşamaqdadı. Saçına Abbas Səhhətin sığalı dəymiş Bağırzadə müəllimin zəhməti də hədər getməyib.

Bu kiçik olduğu qədər də önəmli və dəyərli olan məqam mənim yaddaşımda bir xatirəni də oyatdı.

Balaca, inadkar qız idim. Hər gün onun dərsdən gəlməyini gözləyirdim. Və günorta yeməyini son tikəsinə qədər mənimlə bölüşən babamla yeyərdim. O vaxt o, mənimçün sadəcə bir baba idi.

Mən böyüyüb universitet bitirdim. Yazı-pozuya, bir az yaxın olmağa can atdım. Və indi düşünürəm ki, əslində mən hələ də çörəyimi də, sözümü də onunla paylaşmaqdayam.

Bu il babamın 100 yaşı tamam olur. Özü cismən aramızda olmasa belə. Və nə qədər ki, yaxşılıq var, ləyaqət var, ucalardan uca müəllimlik adı, ziyalı nuru var, o, mənimçün də, onu tanıyanlar üçün də sağdı, diridi. Kasıb bir müəllim babamın bizlərə əmanət qoyub getdiyi ən böyük qazancı, sərvəti də yəqin elə budur.

 

 

Nəcibə Bağırzadə

 

Ədəbiyyat qəzeti.-2010.-12 mart.-S.2.