Kitabxanada görüş

 

Bu günlərdə Firidun bəy Köçərli adına Mərkəzi Uşaq Kitabxanasında "Ədəbiyyat qəzeti"nin yaradıcı kollektivilə görüş keçirildi. Qəzetin 75 illik yubileyi münasibətilə düzənlənən tədbiri kitabxananın direktoru Fizurə Quliyeva açaraq bildirdi ki, ömrünü kitablar arasında keçirən kitabxana işçiləri yaradıcı insanlarla bir yerdə olanda özlərini daha güclü görürlər. Sonra o, qəzetin yarandığı gündən bəri keçib gəldiyi yola ekskurs etdi, milli-mənəvi dəyərlərimizin qorunması, ədəbiyyatımızın inkişafı naminə gördüyü işlərdən danışdı.

Tədbirdə məktəblilərin ifasında bədii kompozisiya təqdim olundu.

Qəzetin fəal oxucu-larından qələm adamları Nüşabə Məmmədli, Gülzar, "Yeni nəşrlər" jurnalının baş redaktoru Yaşar Zeynalov, kitabxananın nəzdində fəaliyyət göstərən ədəbiyyat dərnəyinin rəhbəri, şair Teyyub Qurban, M.F.Axundov adına Milli Kitabxananın əməkdaşı Natella Salayeva çıxış edərək çağdaş mətbuatımız və hazırkı qəzet bolluğunda "Ədəbiyyat qəzeti"nin ədəbi prosesdəki mü-hüm rolundan, ədəbiy-yatımızın təbliği sahəsin-dəki böyük xidmətindən söz açdılar.

Qəzetin baş redaktoru Ayaz Vəfalı görüşün təşkilatçılarına minnətdarlığını bildirərək dedi: "Ədəbiyyata yeni nəsillər gəlir. Şübhəsiz ki, "Ədəbiyyat qəzeti" bu nəsillərin yaradıcılığına diqqətlə yanaşır, uğurlu ədəbi nümunələrə öz səhifələrində yer ayırır. "Ədəbiyyat qəzeti" əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan qəzetçilik tariximizin ənənələrini həmişə qorumağa səy göstərib. Belə bir görüşün ədəbiyyatımızın cəfakeşi olmuş Firidun bəy Köçərlinin adını daşıyan kitabxanada keçirilməsi çox təbiidir. Millətin maariflənməsi yolunda həm elmi, həm də pedaqoji fəaliyyəti ilə böyük işlər görmüş Firidun bəyin "Balalara hədiyyə"si ana dilimizi övladlarımıza sevdirməkdə misilsiz əhəmiyyətə malik olmuşdur. "Ədəbiyyat qəzeti"nin 75 illik komplekti görkəmli maarifçi və tədqiqatçının xalqımızın zəngin ədəbi irsinə dair mötəbər əsərlərindəki fikir və arzularının həqiqətə çevrildiyini göstərən qiymətli bir salnamədir.

Dövlətimizin başçısının 18 may 2009-cu il tarixli Sərəncamıyla "Ədəbiyyat qəzeti" nin 75 illiyinin ölkə miqyasında qeyd olunması həmin həqiqətin yüksək səviyyədə dəyərləndirildiyini bir daha təsdiqləyir."

Mərasimdə çıxış edən "Ədəbiyyat qəzeti"nin redaksiya heyətinin üzvü, professor Qəzənfər Paşayev dedi: "Bu görüş gəncliyimi, uşaqlıq illərimi yadıma saldı. Mən kitabxananı həmişə məbəd hesab etmişəm. Kitabxanada çalışan insanlar mənəvi cəhətcə zəngin olurlar. Keçid dövrünün çətinliklərindən kitabxanalarımızın şərəflə çıxması əlamətdardı. Söz yox ki, bu, yüksək səviyyədə dövlət qayğısının nəticəsində mümkün olub. Ölkə Prezidenti cənab İlham Əliyev bu sahədə ümummilli lider Heydər Əliyevin ənənələrini ləyaqətlə davam etdirir. Bu qayğı özünü "Ədəbiyyat qəzeti"nə olan münasibətdə də göstərməkdədir".

Məsul katib Atababa İsmayıloğlu, şöbə müdirləri Sərvaz Hüseynoğlu, Müsrəddin Kövrək çıxış edib "Ədəbiyyat qəzeti"nin yubileyinə həsr olunmuş görüşün gənc nəslin ədəbiyyatımıza marağını daha da artıracağını vurğuladılar.

Tədbiri kitabxananın müdiri Fizurə Quliyeva yekunlaşdıraraq qəzetə öz işində yeni uğurlar arzuladı və mətbuata, kitaba, kitabxana işçilərinə göstərdiyi yüksək diqqətə, qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə məclis iştirakçıları adından dərin təşəkkürünü bildirdi.

 

 

S.Əsgərli

 

Ədəbiyyat qəzeti.-2010.-12 mart.-S.2.