Ən böyük abidə əsərləridir
Süleyman Rəhimov
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, ədəbiyyat tariximizdə iz qoymuş
böyük yazıçıdır. Onun geniş və zəngin
yaradıcılığı, neçə-neçə
romanları, povest və hekayələri Azərbaycan həyatının
mürəkkəb dövrlərindən biri - "sovet
dövrü" ilə bağlı olub, sanbalca da həmin
dövrün yüksək bədii sənədlərini təmsil
edir. Ədibin "Şamo" roman-epopeyası,
"Saçlı" çoxcildlik romanı,
"Mehman", "Məhtaban", "Kəsilməyən
kişnərti" povestləri, "Ötən günlər
dəftərindən", "Pəri
çınqılı", "Gülən balıq"
silsilə və toplularına daxil olan hekayələri Azərbaycan
nəsrini yeni çalarlarla zənginləşdirmişdir.
Süleyman Hüseyn oğlu
Rəhimov 1900-cu il mart ayının 22-də
keçmiş Yelizavetpol quberniyası Zəngəzur qəzasının
(indiki Azərbaycan Respublikası Qubadlı rayonunun) Əyin kəndində
dünyaya gəlmişdir. Ədibin az qala
bütün əsri ehtiva edən tərcümeyi-halının
fonunda Azərbaycan həyatının müxtəlif, keşməkeşli
mənzərələrini izləmək olar. Bu
barədə yazıçının qələmə
aldığı "Həyat yolu" zəngin məlumat
verir. S.Rəhimov sosial mənşəcə
kəndli ailəsindəndir ki, bu da bir çox XX əsr
yazıçıları kimi, sonradan onun da
yaradıcılığında önəmli rol oynayır.
Lakin gələcək ədib, özünün göstərdiyi
kimi, mahalın sayılan adamlarından biri, övladı
olmadığından qardaşı oğlu Hüseyni evindən
buraxmayan, atasının əmisi Allahverdi kişinin himayəsində
böyümüş, onun qayğısı ilə, əvvəlcə
kəndlərində, Allahverdi kişinin Süleymana görə
elə öz evindəcə açdırdığı
mollaxanada, sonra isə qonşu Mac kəndində mollaxana təhsili
almış, 1912-ci ildə Qubadlıda beşillik rus məktəbində
oxumuşdur. Beləliklə, uşaqlıq həyatı
və ilkin təhsili ona həm müəyyən qədər
klassik ədəbiyyatla, Azərbaycan şifahi xalq
yaradıcılığı ilə, həm də rus ədəbiyyatıyla
yaxından tanışlıq imkanı vermiş, sonralar bu,
yazıçının fərdi yaradıcılıq
üslubunun formalaşmasında da rol oynamışdır.
Lakin yazıçı daha böyük dərslərini
həyat məktəbindən almışdır. Hələ
gəncliyində, Azərbaycana sovet hakimiyyəti gəlməzdən
əvvəl, dörd il Əyində, sonra
qaçqın düşdükləri Qubadlı, Qazıyan,
Sarıl, Ağalı və s. kəndlərdə mal-qara otaran
Süleyman yazı-pozudan tamam ayrı düşür,
anasını, iki bacısını itirir. Həmin
həyat süjetləri də yazıçı S.Rəhimovun
qələmindən yan ötməmiş, ümumiləşmiş
şəkildə yaradıcılığında əksini
tapmışdır.
S.Rəhimovun
"sovet dövrü" bioqrafiyası faktlarla zəngin və
mənalıdır. Məhz bu dövrdə o, təhsilini davam etdirə
bilir, 1921-ci ildə Şuşada pedaqoji kursları, 1928-1931-ci
illərdə Azərbaycan Dövlət Universitetinin
tarix-ictimaiyyat fakültəsini bitirir və müəllimlikdən,
məktəb müdirliyindən başlamış müxtəlif
dövləti vəzifələrdə, maarif və mədəniyyət
işlərində çalışır, o cümlədən
müxtəlif illərdə (1939-40, 1944-45, 1954-58) Azərbaycan
Yazıçılar İttifaqına rəhbərlik edir. Süleyman Rəhimov ictimai fəaliyyətinə, mədəniyyət
sahəsində xidmətlərinə görə Dövlət
orden və medalları ilə təltif olunmuş, fəxri
adlar, o sıradan xalq yazıçısı adını
(1960) almışdır. Belə ki, ilk
baxışda yazıçının həyat yolu düz,
hamar, firavan təsiri bağışlaya bilər. Lakin yaradıcılıq kredosunu cəmiyyətin irəli
sürdüyü "ictimai sifariş"də görən
sovet yazıçılarının guya rahat, xoşbəxt sənətkar
ömrü barədə illüziyalar bu gün artıq yox
olmaqdadır. Hər bir istedadlı sovet
yazıçısının özünəxas tragik həyat
yolunu təsdiqləyən sənədlər tamamilə
başqa söz söyləyir. O cümlədən yeni
tarixi sənədlərin S.Rəhimovun bioqrafiyasına əlavə
etdiyi faktlar çox şeyi anladır. Məlum olur ki, dəhşətli
1937-ci il hadisələri heç də
yazıçının həyatından yan ötməmiş
və paradoksaldır ki, məhz mətinliyi, ürəkdən
bağlandığı həqiqətə sədaqəti -
rejimin heç də sevmədiyi bu cəhətlər onun
xilasına zəmin olmuşdur. Aydındır
ki, tarixin qaranlıq məqamları tədricən
açılır, S.Rəhimovun bu gün məlum olan tərcümeyi-halı
onu deməyə əsas verir ki, "sovet
yazıçısı" mövqeyi yazıçıya təkcə
kommunist ideallarını təcəssüm etdirməmiş,
habelə bu idealları daşıyan insanın faciələrini
də göstərməyə onu sövq etmişdir.
Süleyman Rəhimov
nəsrini yazıçının ümdə əsəri
olan "Şamo"suz təsəvvür etmək
mümkün deyildir. "Şamo" çoxcildliyinin XX əsr
Azərbaycan nəsrində əlahiddə yeri var. Bu əsər
milli nəsr tariximizi bir sıra xüsusiyyətlərlə zənginləşdirmişdir.
O cümlədən ilk öncə S.Rəhimovun XX əsr
dünya və sovet nəsri nümunələrinə adekvat
roman-epopeya yaratmaq cəhdi qeyd olunmalıdır.
Qanlı-qadalı tarix səhnəsində baş verənləri
məhz nəsrin gücü, roman-epopeya əhatəsi ilə
təsvir etmək vəzifəsini qarşısına qoyan
yazıçı az qala bu işə
bütün ömrünü sərf edir (1931- 1978). Son halda beş qalın cilddən ibarət,
çoxsaylı hadisələri, surətləri, tarixi və
bədii təxəyyülün məhsulu olan lövhələri
əhatələyən bir əsər meydana gətirir. Ümumən Azərbaycan ədəbiyyatında bu həcmdə
ikinci bir əsər yoxdur.
"Şamo"nun
bədii mühiti, mətni mürəkkəbdir, təzadlıdır,
zəngindir.
Romanda bədii idrak spontan səciyyə daşıyır,
xeyli dərəcədə gerçəklik hadisələrinin
bilavasitə yazıçı təxəyyülündə
aldığı formalardan asılı olur: "Şamo"
üzərində işlədiyim zaman həyat ilə xəyalı
qarışdırdığım vaxtlar olurdu. Gülməli
də olsa, hətta bəzən ətrafdakı
adamlarınmı həqiqət olduğunu, ya
"Şamo"dakı aləminmi həqiqət olduğunu mən
dolaşdırırdım, hansı xəyaldır, hansı həqiqət?"
(S.Rəhimov, Qələbə, "Ədəbiyyat
qəzeti", 10 may 1945-ci il). Məhz buna
görə də romanda sosializm realizminin bədii prinsipləri
özümlü şəkildə yazıçı
istedadından, S.Rəhimov qələminin milli məcrada
ülgülənmiş özünəxaslığından gələn
cəhətlərlə qarışır,
çulğaşır.
S.Rəhimovun
"Şamo" romanında təsvir etdiyi kənd - xarakteri,
həyat tərzi, yaşayış ritminə görə
patriarxal, daha dəqiq deyilsə, patriarxallığı sona
varan kənddir. Kənd patriarxallığının əlamətləri
bütövlükdə romanın atmosferində - istər
baş verən hadisələrin fonunda və bu hadisələrin
xarakterində, istərsə də ayrı-ayrı surətlərin
səciyyəsində aydın duyulmaqdadır. Sultan bəylərin bəyliyi, Kərbəlayı
Hatəmxan ağaların, Molla Qafarların
"ağsaqqallığ"ı, Safo və Aloların kəsbkarlığı,
Göyərçin və Kəlbalıların macəraları,
Şamonun inqilabçılığı belə bir kəndə
- Şehli kəndinə bağlıdır, burada baş tutur.
Roman məhz buradan irəli gələn
ictimai konflikti cızır, qabardır: milli gerçəklər
bugünlü varlığı, XX əsr təzadları ilə
patriarxal həyat arasındakı uyuşmazlığı
yaşamaqdadır. Kənd XX əsrlə üz-üzə gəlir,
dəyişir, ictimai yaşayışda təbəddülat,
sınma əmələ gəlir, münasibətlərdəki
patriarxal örtü dağılır, kəndin icma
bütövlüyü sarsılır… Bu hələ
N.Vəzirovdan, Ə.Haqverdiyevdən, N.Nərimanovdan, C.Məmmədquluzadədən
bəri milli ədəbiyyatı məşğul edən
konfliktdir. Məhz buna görə də
romanda bu ədəbiyyatın hazırladığı bədii
təfəkkür zəmini daha uğurlu, işləkdir.
Belə ki,
"Şamo" romanında milli gerçəklərin
realistik inikası xeyli dərəcədə tənqidi realizm ənənələrindən
gəlir. Əsərdə bu xətt Alo surətində və
Mirzə Cəlilvari satirik təhkiyədə realizə olunur.
Burada elə bir sosial yüklü hadisə,
tarixi təzahür, əhvalat yoxdur ki, bir qədər
folklordan gəlmə (xalq lətifələrini, Molla Nəsrəddin
mövqeyini yada salaq), bir qədər satirik nəsr təcrübəsinə
bağlı Alo surətinin mövqeyindən istehzaya məruz
qalmasın, təşrih olunmasın. Yaxud
satirik təhkiyə tənqidi realizmin doğma qəhrəmanlarının
- pristav, məmur, xüsusən molla surətinin təsvirində
qabarıqdır.
S.Rəhimovun
Azərbaycan kəndinə dərindən bələdliyi
"Şamo"nun uğurunda əsaslı faktorlardandır. "Xəlqilik Süleyman Rəhimov
yaradıcılığının canıdır… O, xalqı
tanıyır, onun xalqla tanışlığı səthi
xarakter daşımır. O, xalqı kitablardan öyrənməmişdir"
(M.İbrahimov, "Həyat və ədəbiyyat",
Bakı, Azərnəşr, 1947, s. 209). Göyərçin,
Gülsənəm, Pası, Safo, Alo, Maro və digər kəndli
obrazlarının real təcəssümündə, etnoqrafik məqamların
- toy və yığnaqların, kənd lövhələrinin,
canlı kəndli söhbətlərinin təsvir və təqdimində,
buradan müəllif dilinin xəlqiliyi, təhkiyəsinin
dolğunluğu, əhatəliyi və tutumluğunda empirik
boyaların, bilavasitə gördüyünü, eşitdiyini,
duyduğunu əks etdirmək prinsipinin böyük rolu
vardır.
Bununla belə,
əsərin baş qəhrəmanı Şamodur. Müəllif
niyyətinin əsas ruporu da odur. Yazıçı
əsərdə "inqilabi dəyişmə" motivini
başlıca olaraq Şamoda tipikləşdirməyə
çalışır. Amma romanda
obrazın uğuru inqilabçılığından daha
çox kəndliliyindədir. Kəndli
Şamo inqilabçı Şamodan daha canlıdır. Təsadüfi
deyil ki, romanda elə hey susan,
düşüncələrə dalan, təbəddülat
keçirən Şamo fəaliyyət göstərən,
partiya tapşırıqlarını yerinə yetirən
Şamodan daha güclüdür. Bu, ümumən
Azərbaycan kəndlisinin tarixi dövrə ən dəqiq
reaksiyasıdır. Zaman tələssə
də, o tələsmir, tərəddüd və
dalğınlıq içərisindədir.
S.Rəhimov
gerçəklərin geniş panoram təsvirini digər bir həcmli
əsərində - 1939-1948-ci illər arasında qələmə
aldığı üç kitabdan ibarət
"Saçlı" romanında davam etdirir. "Saçlı"
romanının Azərbaycan ədəbiyyatı tarixində
önəmli yeri var. O, əvvəlki nəsr ənənələrinə
söykənib, ənənələr yaradan əsərdir.
Burada iki məqamı qeyd etmək gərəkdir.
Birincisi, Azərbaycan nəsrinin əsr boyu izlədiyi qadın
azadlığı mövzusudur; ikincisi romanın ilk dəfə
olaraq, geniş panoramda, az qala bütünlükdə
quruluşu bürümüş eybəcərliyi, mənfilikləri
bir yerə cəmləyib, ifşa etməsidir.
M.F.Axundzadənin
"Təmsilat"ından başlayaraq, yeni dövr Azərbaycan
ədəbiyyatında elə bir epik, dramatik əsər, yaxud
elə bir şair, yazıçı tapmaq çətindir ki,
qadının milli cəmiyyətdə tutduğu yerə diqqət
ayırmasın. S.Rəhimova qədər də milli ədəbiyyatımız
Azərbaycan qadınının zəngin, həm də rəngarəng
obrazını, hətta obrazlar qalereyasını yaratmağa
müvəffəq olmuşdu. O cümlədən həmin
ənənələrə söykənərək,
yazıçının yaradıcılığında bir tərəfdən
milli qadının hünəri, fədakarlığı,
saflığını, ana və qadın mətanətini
nümayiş etdirən Qəmər, Gülsənəm, Xatun,
Məleykə müəllimə, Nənəqız, Həcər,
Qaratel kimi müsbət mündəricəli obrazlar var; hətta
bu əsnada yazıçı qadın müqəddəsliyi
adına "Ana abidəsi" romanını
yazmışdır. Digər tərəfdən,
fitnə-fəsad, hiylə, qadın ehtirası və məkrini
özündə qapsayan Göyərçin, Pası, Şəhla
xanım, Züleyxa, Zərrintac, Güleyşə kimi həssas
müşahidələrin yekunu odən personajlar da S.Rəhimov
qələminə xasdır.
Mövzusu Azərbaycan
həyatında gərgin bir dövrün - 1930-cu illərin
hadisələrindən götürülmüş
"Saçlı" romanını qadın qəhrəmanın
- Rüxsarə Əliyevanın adı ilə adlandırmaqda
yazıçının niyyəti məhz ictimai planda
aktuallanmış qadın obrazına diqqət yönəltmək
idi. Həm də
maraqlıdır ki, hüquqları uğrunda mühitlə
mübarizəyə qalxışan Sevil, Almaz, Həyat kimi
rupor-qəhrəmanlardan fərqli, yazıçı ilk
növbədə "kənddə sinfi mübarizə
dövründə" mənəvi təzyiqlərə məruz
qalıb-əzilən qadınlığa, həmin dövr Azərbaycan
həyatında diqqətdən kənar qalan daha bir məqama
işıq salır. Milli realizmin məntiqi
"Saçlı"nın birinci cildində
xüsusən aparıcı mövqeyə malikdir. Kənddə davam edən patriarxaliyanın təsvirində,
yazıçı istər-istəməz tənqidi realizmin ənənələrinə
müraciət edir və bu mənada Rüxsarənin
simasında kənddə qadına münasibət yalnız C.Məmmədquluzadənin
"Danabaş kəndi"ndəki Zeynəb obrazı ilə
analogiya təşkil edə bilər.
Tibb təhsili
alaraq kəndə işləməyə gəlmiş
Rüxsarə savadlı, yeni Azərbaycan qadınını təmsil
etsə də, qadına feodal münasibəti kənd əxlaqında
qalmaqda davam edir. Həm də təkcə əsərdə mənfi surət
kimi qabardılmış Qəşəm Sübhanverdizadənin
nümunəsində yox, Sübhanverdizadənin sadə, saf bir
qızı hiylə ilə dolaşdırıb, böhtan
toruna salması əslində gerçəkliklərin məntiqi
nəticəsi olaraq, üzə çıxır. Ucqar dağ kəndində bunun üçün
münbit şərait var, bura qədəm qoyduğu dəmdən
uzunsaçlı Rüxsarə gözəlliyinə
qarşı kişilərin alçaldıcı
duyğularını görür, sarsıntılar
keçirir. Yazıçının bir
zamanlar namus rəmzi hesab olunan saç detalında israrı
uğurlu tapıntıdır, bu həm də qəhrəmanın
daxili aləminə girməyə kömək edən vasitədir.
Böhtanlara məruz qalan Rüxsarənin etiraz əlaməti
olaraq saçlarını kəsməsi inandırıcı
olmaqla bahəm, milli ədəbiyyatda psixoloji obraz
yaradıcılığında irəliyə
atılmış bir addımdır. Bu, mühitə
qarşı heç də publisistik etiraz deyil, məhz
geriliyin, eybəcərliyin, patriarxaliyanın doğurduğu
acılar, sarsıntılar zəminidə bir iç
üsyanı oıub, adekvat olaraq oxucuda da
ağrı-acılar doğurur, səbəblər üzərində
düşündürürdü. Və bu mənada,
iç həqiqətləri ilə mühitə qarşı
duran Maya, Sərıyyə, Təhminə kimi qadın həqiqətini
aktuallaşdıran obrazların sələfi də
Saçlı sayılmalıdır.
Süleyman Rəhimovun
milli realizm ənənələrinə sədaqətini
göstərən əsərlərindən biri də
"Ötən günlər dəftərindən" silsiləsidir
(1946). Mövzusunu sovet hakimiyyətindən qabaqkı
dövr həyatından aldığından
yazıçının qələmi burda daha azad və sərrastdır.
S.Rəhimov C.Məmmədquluzadə əsərlərindən
öyrəndiyini yazılarında dəfələrlə bəyan
etmişdir. Bioqraflarından Yəhya Seyidov da yazıçının
"hələ Qubadlı məktəbində şagird ikən
"Molla Nəsrəddin"in əlinə düşən
nömrələrini acgözlüklə oxuduğunu",
"sonralar ədibin bütün əsərlərini dəfələrlə
mütaliə etdiyini" vurğulayır. Amma
bu bağlılığı, şəksiz ki, hamıdan
çox S.Rəhimovun əsərləri nümayiş etdirir.
Yazıçının "Ötən
günlər dəftəri"ndə birbaşa Mirzə Cəlil
ənənələrinə üz tutduğunu silsilənin
"Cəlil Məmmədquluzadə - Molla Nəsrəddinə"
ithaf olunması da təsdiq edir.
Ümumən, 1940-cı illər
ərzində S.Rəhimovun bir yandan Böyük Vətən
müharibəsinin doğurduğu şəraitin, digər tərəfdən
rəsmi sovet ədəbiyyatının tələbləri ilə
"Medalyon", "Mehman", "Qardaş qəbri"
kimi başlıca olaraq örnək ədəbiyyatı
nümunələri yaratmaqla yanaşı, "Su ərizəsi"
(1942), "Üzsüz qonaq" (1943), "Xoruzlu dəsmal"
(1942), "Küp qarısı" (1943), "Malyeməz"
(1944), "Paxıl adam" (1944), "Minnətsiz
çörək" (1945), "Gəlin qayası" (1945),
"Xahişnamə" (1945), "Mozalan kəndi" (1945),
"Ögey" kimi keçmiş günlər həyatından
bəhs edən hekayələr qələmə alması
çox mənalıdır. Yazıçının
milli gerçəklərin təsvirində sırf realizm
estetikasını yaşatmaq, inkişaf etdirmək səyləri
qabarıq görünürdü. "Səbəb
nədir ki, onlar belə yaza biliblər? Çünki
onlarda uydurmadan əlamət yoxdur. Çünki onlar qələmə
aldıqları hadisəni, tipi, surəti necədir, nə təhərdir,
mükəmməl bilirdilər..." - deyə Mirzə Cəlilin
qələmi qarşısında heyrəti
yazıçının "Ötən günlər dəftərindən"
hekayələrində müsbət təsirini
tapmışdı.
Klassik hekayəçilik ənənələri
əsasında yazılmış "Su ərizəsi"nin ideya planı böyük həqiqətləri
ehtiva edir, ümumiləşdirir. Hekayədə
C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları"
və "Poçt qutusu" əsərlərinin təsiri
aydın görünür. Lakin o yerdə ki, Məhəmmədhəsən
əmi Xudayar bəyin qarşısında susur, susmaya bilmir,
"Su ərizəsi"nin qəhrəmanı
həmin məqamlarda danışır, danışmaya bilmir. " -Sən kimsən? -Mən mirab Zülqədər.
-Mən də Əzim oğlu Qədim".
Situasiya həmindirsə də, qəhrəman ayrıdır,
ictimai və sinfi varlığını ortaya qoymağa
çalışan milli insandır, onun əvvəldən
axıra, hekayə boyu heç kəsə yox, təmiz icma fəlsəfəsinə,
dədə-baba adına güvənməsi
də buradandır: "Yaz ki, - dedi, - qibleyi-aləm, mən dəli
deyiləm. Yaz ki, mən rəiyyətəm, yaz ki, mən, Əzim
oğlu Qədim pambığıma su istəyirəm,
torpağım qovrulur..."
Rəmzi təhkiyə
qatı C.Məmmədquluzadənin son dövr hekayəçiliyinə
xasdır; o da maraqlıdır ki, C.Məmmədquluzadə-Molla
Nəsrəddinin bu zaman işlətdiyi lətifə
poetikası da S.Rəhimovun hekayələrindən yan
keçmir. Yaradıcılığında folklordan geniş bəhrələnən
yazıçı "Ötən günlər dəftərindən"
sırasında lətifə situasiyalarına, nağıl təhkiyə
tərzinə xüsusən həssasdır. Yayda gərəkən
şeyin qışda gəlib çıxması
özlüyündə məzəli görünsə də,
"Su ərizəsi"nin müəllifi
lətifəni lətifəyə qoşaraq, arxasındakı
acı faciəni ortaya qoyur. Yaxud başqa bir məqamda
"Ağa buyurdu nökərə, nökər də nökərə"
prinsipilə qurulmuş məmurluq sisteminin mahiyyətini
yazıçı istehzalı yüyrək nağıl dili ilə
açır: "Mirzə uryadniki çağırdı. Qədim
dayının ərizəsini verdi və qəbz
aldı. Uryadnik starşinanı
çağırdı. Verib qəbz
aldı. Starşina çaparı
çağırdı, ondan qəbz aldı..." (37)
"Üzsüz qonaq",
"Xoruzlu dəsmal" , "Küp
qarısı" hekayələrində S.Rəhimov kecmiş
həyat mənzərələrini mənəvi dəyərlər
prizmasından nəsrə gətirir. Birinci iki
hekayədə realistik poetika aparıcıdır. Yazıçı bir çox personajların təsvirində
Nikolay dövrü kəndini, kəndli münasibətlərini,
tacir və məmur zümrəsini təqdim edir, təhkidə
işlənən komik modus, xalq yumoru, məsxərə
ünsürləri həmin həyatın bədii təhlilinə
xidmət edir. "Küp
qarısı" isə nağıl poetikası üzərində
qurulmuşdur.
Müasirlik
duyğusu S.Rəhimovun əsərlərində həmişə
ümdə yer tutmuşdur. Ədəbiyyatımızda
ayrıca mərhələ kimi seçilən 1960-80-ci illər
epoxasına ədibin reaksiyası özünəxas oldu;
birbaşa folklor süjetləri və janrlarını nəsrləşdirməklə,
xalq yaddaşında yaşayan əfsanə və
nağılları hekayə və povestlər şəklində
təfsir etməklə yazıçı günün dəyişən
bədii-estetik zövqünə cavab verməyə
çalışdı. Sonradan 1960-80-ci illər nəsrində
geniş yer alan bu məqamın da, əslində,
pioneri məhz S.Rəhimov olmuşdur. 1959-cu ildə
çap olunmuş "Pəri çınqılı" və
1964-də çıxan "Gülən balıq"
kitabları bunun bariz nümunəsiydi. 1960-cı illərdə
qələmə alınan "Güzgügöl əfsanəsi",
"Kəsilməyən kişnərti", "Baş qartal
və alaqarğa" povestlərinin motivləri də bilavasitə
folklordan götürülmüş, yazıçı təxəyyülü
xalq əfsanəsini müasir düşüncənin
faktına çevirə bilmişdir.
"Pəri
çınqılı" hekayəsində xalq qəhrəmanı
Qaçaq Nəbinin ayağı dəyən yerlərdən
biri- Sarı baba dağının çınqıllı ətəyində
baş vermiş bir əhvalat süjetə
alınmışdır. Ümumən Qaçaq Nəbi mövzusu
S.Rəhimovun yaradıcılığı boyu sevgiylə
müraciət etdiyi mövzulardandır. Hələ
1940-cı illərdə "Aynalı" povestində
yazıçı Qaçaq Nəbinin sevgilisi Həcərin
simasında mərd, sadiq, hünərli Azərbaycan
qadınının obrazını yaradır. Povestdə həmin dövrün tələblərinə
müvafiq ictimai-sinfi münaqişə daha qabarıq verilir.
Dünyamalı bəy və oğlu Kiçik
xanın timsalında zalım, rəhmsiz, qaba və həris
ağa surətləri, Məşuqənin simasında romantik
sevgi, Bağban surətində zəhmətkeş, torpağa
bağlı, ləyaqətli xalq insanının obrazı
ümumiləşdirilib-təqdim olunur. "Pəri
çınqılı" hekayəsində isə, fərqli
olaraq, milli-mənəvi dəyərlərin təcəssümü,
müəllifin milli keçmişlə öyünc və
iftixar hissi qabarıqdır. Üç
hissədən ibarət "Qafqaz qartalı" romanı
(1971-1975) artıq mövzuya daha geniş planda müraciət
edir. 1970-ci illərin milli tarixə ciddi
maraq və tarixi romançılıq dalğasında meydana gəlmiş
əsərdə S.Rəhimov özünə sadiq qalaraq,
xalqın şərəfli keçmişini, mübarizə
tarixini əks etdirməyə çalışır.
İki kitabdan
ibarət "Ağbulaq dağlarında" romanında S.Rəhimov
müasir Azərbaycan cəmiyyətinin formalaşmasında
maarif və mədəniyyət sahəsində gərgin
mübarizələrin rolu və yerindən söz
açır.
Əsərdə yazıçının
bioqrafiyası ilə bağlı hadisələr geniş yer
tutur. Böyük Vətən müharibəsindən dərhal
sonra , 1945-52-ci illərdə S.Rəhimov Azərbaycan Nazirlər
Soveti yanında Mədəni-Maarif İşləri Komitəsinin
sədri kimi mühüm postda çalışmış, nəinki
bu sahədə ölkədə baş verən dəyişmələri
yaxından izləmiş, quruculuq proseslərinin bilavasitə təşkilatçısı
da olmuşdur. Əslində, romanın tarixi qiyməti
də burada əksini tapmış həmin canlı həyat
materialları ilə bağlıdır. Bugünün
nöqteyi-nəzərindən daha maraqlı bir məqam həmin
dövrün kosmopolitizm və xəlqilik problemləri ətrafında
sənət mübahisələrinin əsərdə əksini
tapmasıdır. Roman həm də onunla
önəmlidir ki, yazıçı şair Ərəstunun
timsalında hələ sağlığında ikən Səməd
Vurğunun obrazını yaratmağa nail olmuşdur.
Süleyman Rəhimov
povest ustasıdır. Romanlarındakı empirizm və təfərrüatçılıqdan
fərqli olaraq, povestlərində S.Rəhimov daha konkret və
yığcamdır, qəhrəmanla bağlı, onun ətrafında
cərəyan edən müəyyən bir süjet şaxələnməsində
bədii ideyasını realizə edə bilir. Həm də önəmlidir ki, bu zaman
yazıçı mövzuya uyuşan üslub rəngarəngliyi
nümayiş etdirir. Müharibə
ağrılarını əks etdirən "Medalyon"
(1943), "Qardaş qəbri" (1945) kimi əsərlər
çağırış ruhlu olub, hər epizodu, hər
lövhəsində müharibəyə etiraz ovqatı
oyadır. "Qüdrət Qüdrətov"
(1942) povesti isə, əksinə, satirik üslubda olub, qara
fikirli insanları ifşa məqsədi güdür. "Xalauşağı" (1944) xatirə və gənclik
illərinin nisgilini yumorlu münasibətlə birləşdirir.
Müasirlik ritminə köklənən
"Arzu" (1947) povestində publisistik təhkiyə
aparıcıdır. S.Rəhimov nəsrinin
stilizə qabiliyyəti çox yüksəkdir, bir deyim tərzi,
üslubi əsasdan digərinə asanca keçə bilir.
"Uğundu" (1965) povestinin janrını "satirik hekayət"
kimi təyin edən yazıçı Mirzə Cəlil Məmmədquluzadənin
yüz yaşına ithaf etdiyi bu əsərdə Mirzə Cəlilin
ironik təhkiyə tərzindən bacarıqla bəhrələnir
və Mirzə Cəlilin keçmişdə kəşf etdiyi
milli tühafların bugünlü həyatına işıq
salır. Üslubi imkanları ilə seçilən
daha bir povest "Qızlar oylağında" (1972-74)
adlanır; yazıçı məişət-əxlaq
mövzusunda olan əsərdə müasirliyi nağıl təhkiyə
tərzində çözməklə nəsrimizdə sonralar
geniş yayılmış bu üslubun da ilkini qoyanlardan olur.
"Olmuş əhvalatlar dəftərindən"
sırasından yazdığı "Bəhram və Zərəfşan"
(1962), "Öz minnətinə" (1967-68), "Kəpəz"
(1969-70) povestləri isə həyatdan ibrət almaq qəsdini
təqib qıldığından birbaşalığa,
oçerkçiliyə meyl edir.
İstər
"Məhtaban", istərsə də "Kəsilməyən
kişnərti" povestlərinin predmetini romantizmə xas bir
şəkildə ideal dəyərlərin bilavasitə təsvir
və təcəssümü təşkil edir. Ali insan duyğuları - məhəbbət,
inam, iman, bu hisslərin ilahi mənşəyi, insanın həyatında
Allaha bağlılıq, Allah ehtiyacı və s. kimi məsələlər,
həm də mənalıdır ki, din mövzusuna birbaşa
toxunulmadan diqqət hədəfinə gəlir,
düşüncənin predmetinə çevrilir. Əslən cənublu şairlər Balaş Azəroğluna
və Mədinə xanım Gülgünə ithaf etdiyi "Məhtaban"ın
mövzusunu yazıçı Cənubi Azərbaycan həyatından
götürmüşdü. Povestdə
yazıçı müxtəlif insan xarakterləri
yaradıb, onları dərin psixoloji mübarizədə təqdimləyə
bilir.
"Əfsanə-povest"
deyə janr verdiyi "Kəsilməyən kişnərti"
əsərini S.Rəhimov "Ürəyim, nəfəsim,
alim-şair oğlum Şamoya" ithafı ilə dərc
etdirmişdir.
Və əslində, povest gənc yaşında
itirdiyi oğluna əbədiyyət nəğməsi olmaqla,
yazıçının, uzun ömür yaşayıb
dünyanın hər üzünü görmüş bir
insanın dərin etiraf əsəridir. Həyatın
sirrinə vaqif olmadan, insan gəlir və gedir, özündən
sonra yalnız hünər, şücaət, ad, iz saxlayır.
Rəmzi və metaforik qata bütün
yaradıcılığı boyu müraciət etmiş S.Rəhimov
"Kəsilməyən kişnərti" povestini
tamlıqda bu üslubda qələmə almışdır.
Ulduz - qəhrəmanın
minib-çapdığı həyat atıdır, qara bir
mozalan daima görünməklə onu sancır, bu - həyatın
qara tərəfləridir, qəhrəman nə qədər cəhd
edirsə də, həmin ələgəlməz qüvvəni
məhv edə bilmir, özü bu qurnaz mozalanın hiyləsinin
qurbanı olur.
Hər bir
romantik nəsr əsərində olduğu kimi, burda da əsas
missiya daşıyıcısı dildir. Ümumən
S.Rəhimovun aydın, rəvan, sadə quruluşlu cümlələrdən
düzüm tapan nəsr dili povestdə daha da cilalı,
dürüst, mükəmməldir. Romantik
əsərlərin daimi atributu olan insan-təbiət
doğmalığı "Kəsilməyən kişnərti"də
yüksək vüsətlə təcəssüm olunmuşdur.
Uzun və zəngin
ömür və yaradıcılıq yolu keçmiş
Süleyman Rəhimov 1983-cü il
oktyabrın 11-də Bakıda vəfat etmiş, fəxri
xiyabanda dəfn olunmuşdur. Yazıçının
böyük tirajlarla çap olunan əsərləri neçə-neçə
nəsillərin milli ruhda, xalqa, torpağa bağlı vətənpərvərlər
kimi yetişməsində rol oynamış, XX əsr Azərbaycan
tarixində mənəvi iz qoymuşdur. Milli
nəsrin qabaqcıl ənənələrini davam etdirən
S.Rəhimovun çoxcəhətli
yaradıcılığı özündən sonrakı Azərbaycan
nasirlərinin formalaşmasında pozitiv təsirini göstərmişdir.
Yazıçının romanları, povestləri,
hekayələri daim ədəbi ictimaiyyət tərəfindən
rəğbətlə qarşılanmış, ədəbi tənqidin
diqqət hədəfində olmuşdur.
Süleyman Rəhimovun
ictimai fəaliyyəti də böyük Azərbaycan
maarifçilərinin işinin davamı olub, milli həyatın
ən mürəkkəb dönəmlərində
faydasını vermişdir. Bu gün milli kitab xəzinəmizin
sönməz ocağı olan M.F.Axundov adına Dövlət
Kitabxanasının layihəsi ədibin Azərbaycan Nazirlər
Soveti yanında Mədəni-Maarif İşləri Komitəsinin
sədri işlədiyi zamanlarda verilmiş və çox əlamətdardır
ki, bu gün həmin binanın eyvanında heykəlləri
ucalan ədəbiyyat korifeyləri sırasında Süleyman Rəhimova
da yer vardır. Süleyman Rəhimovun xatirəsi
xalqının yanında daim əziz tutulur, ədibin adına Bakıda küçə verilmiş,
yaşadığı binaya barelyefi vurulmuşdur. Amma yazıçının özünə
ucaltdığı ən böyük abidə ölməz əsərləridir.
Ədəbiyyat qəzeti.-2010.-19
mart.-S.4.