Şəxsiyyətin bütövlüylü

 

Ötən əsrin əvvəlində Zəngəzur qəzasının Əyin kəndində bir oğlan uşağı dünyaya gəldi və günlərin birində məlum oldu ki, Əyin adında kəndi Azərbaycanda tanımayan yoxdur. Onu tanıdan, necə deyərlər, məşhuri-cahan edən qarşısına heç də məqsəd qoymamışdı ki, mən bu kəndi çox məşhur yerlərdən biri edəcəyəm. Sadəcə olaraq onun sözün həqiqi mənasında bir insan ömrünün çərçivəsinə çətinliklə sığışdırıla bilən fəaliyyəti özünü nə qədər ucaltsa, Əyin kəndini də elə bir yerə ucaltdı ki, respublikanın hər yerindən o kənd görünürdü, elə indi də görünür, işğal altında olsa belə…

Azərbaycan ədəbiyyatında, mədəniyyətində, ictimai fikrində Dədə Süleyman adlı təfəkkür, əxlaq, əzəmət sahibi elə bir iz qoydu ki, yaxın tariximizə qayıtsaq, yenə elə sözün həqiqi mənasında bu böyük insanın kimliyini bir daha yəqin edərik!..

Tariximizin belə səhifələrinə mütləq qayıtmaq ona görə lazımdır ki, bu gün əlifbasını, eləcə də düşüncə tərzini dəyişən bəziləri bir daha olanları, keçənləri görüb, tanıya bilsinlər.

Onun yaradıcılığa başladığı 30-cu illərdə Azərbaycanda nə radio, nə də televiziya vardı. Millətin, xalqın maariflənməsi, savadlanması, özünü dərk etməsi, milli əxlaqa sahib durması, yeni yaranan məktəblərlə birgə bədii yaradıcılıqdan keçirdi. Hələ 1931-ci ildə ilk nəsr əsəri "Şamo" ilə ədəbiyyata gələn Süleyman Rəhimov "Medalyon", "Torpağın səsi", "Saçlı", "Mehman", "Ağbulaq dağlarında" və digər sonradan yazdığı "Ana abidəsi", "Gülsabah", "Qafqaz qartalı" əsərləri ilə Azərbaycan ədəbiyyatında Süleyman Rəhimov zirvəsini yaratdı.

Şəxsiyyətini bir növ ədəbi əsərlərinə köçürən Süleyman Rəhimov, sovet hakimiyyətinin çox kəskin vaxtlarında yaratdığı "Mehman" obrazı ilə cəmiyyətə yeni əxlaq, düşüncə, təfəkkür tərzi gətirirdi. Qanunların çətinliklərlə həyata keçməsi, daha doğrusu, kiçik məmurlardan belə aşağıda durması xalqın ən zərif yeri olmağındandır ki, bu sahə xeyli vaxt klassiklərimizdən tutmuş, müasirlərimizə qədər ədəbiyyatımızın əsas mövzusu olmuşdu. Yüzlərlə azərbaycanlı öz övladına Mehman adını ona görə verirdi ki, Mehman kimi atlı hüquqşünasa bu xalqın qəlbində Süleyman Rəhimov heykəl qoya bilmişdi.

Bu gün milli xüsusiyyətlərin, dəyərlərin, əxlaqın yaxşı mənada mühafizə olunub qorunmasına nə qədər ehtiyacımız var.

Azərbaycan qadınının namusunu, qeyrətini "Saçlı" obrazında Süleyman Rəhimov elə canlandırdı ki, Saçlı namus mücəssəməsinə çevrildi. Çox təəssüflər olsun ki, əxlaqi dəyərlərin aşılanmasının bir ölçüsü də ondan ibarətdir ki, Saçlı adını daşıyanların kiçiyinin yaşı artıq 40-a çatmaqdadır.

Tarixən elə şəxsiyyətlər yaşamışlar ki, onlar insanlığın fövqündə dayanaraq bütün dövrlərin övladı olmuşlar. Yəqin o insanlar Tanrının sevdiyi, seçdiyi o bəndələrdi ki, zəmanələrində çoxlarının görə bilmədiklərini, bacarmadıqlarını onlar görə, bacara biliblər. Bəlkə də Tanrı onlara verdiyi iradənin sayəsində elə işlər görürlər ki, yaratdıqları adi insan ömrünə sığışmır.

Elə bil Süleyman Rəhimov kimi işıqlı adamlar hardasa öz dövründə seçilib insan cəmiyyətinə göndərilib ki, insanlığın məramını, məqsədini, qayəsini bir nümunə olaraq gələcək nəsillərə təlqin etsinlər. Və hər bir kəs də onlar kimi olmaq, yəni onlar kimi yaşamaq, yerimək, gülmək, danışmaq, geymək, gəzmək istəyərək bir növ onlara baxıb durulmaq-saflaşmaq arzusunda olublar.

Düşüncələri, təfəkkürləri duruldan Azərbaycan ədəbiyyatına isə nə qədər əxlaqlı, bütöv insan obrazları gətirən Dədə Süleyman məhz belə insanlardan idi…

 

 

Mahəddin Əsgər

 

Ədəbiyyat qəzeti.-2010.-19 mart.-S.4.