Məktəb və qəzet
Bu günlərdə 31
saylı orta məktəbdə "Ədəbiyyat qəzeti"nin
yaradıcı kollektivilə görüş keçirildi. Qəzetin 75 illik yubileyi çərçivəsində
düzənlənən mərasimi
məktəbin dil-ədəbiyyat
müəllimi Kəmalə
Abiyeva açaraq vurğuladı ki, yaradıcı insanlarla görüş əslində
bayramdı: "Belə
insanlarla canlı ünsiyyət həmişə
maraqlıdı. Ölkə
başçısının sərəncamı ilə
"Ədəbiyyat qəzeti"nin yetmiş beş illik yubileyinin geniş qeyd edilməsi milli mətbuatımıza,
söz sənətimizə,
ədəbiyyatımıza dövlət səviyyəsində
göstərilən diqqət
və qayğıdan irəli gəlir. Bu qəzet həqiqətən
yarandığı gündən
bəri Azərbaycan ədəbiyyatının inkişafına
ləyaqətlə xidmət
edib. Doğru qeyd edirlər ki, əsrin dörddə üçünü
başa vurmuş
"Ədəbiyyat qəzeti"nin səhifələrində
çağdaş ədəbi
proseslə yanaşı
həm də zəngin tarixə malik klassik irsimiz
vəhdət halında
yaşayır. Bu görüşün bir özəlliyi də qəzetin baş redaktorunun məktəbimizin
yetirmələrindən olmasıdı.
Hər bir insanın vaxtilə təhsil aldığı məktəblə
ünsiyyəti, ona qonaq gəlməsi əzizdi. Məktəbimizdə ədəbiyyata, sənətə böyük
maraq və diqqət var. Yaxşı olar ki, şair
və yazıçılarımız
yeni nəşr olunan kitablarını məktəblərimizə hədiyyə
etsinlər."
Sözügedən məktəbdə
təhsil aldığı
illəri heç zaman unutmadığını
önə çəkən
"Ədəbiyyat qəzeti"nin baş redaktoru Ayaz Vəfalı çıxışında
dedi: "Bu görüş
mənim üçün
çox əziz, xüsusi bir görüşdür. Mən
bu məktəbdə iki il təhsil almışam. O günləri heç vaxt unutmur, imkan
daxilində məktəbdən
və müəllimlərimdən
xəbər tuturam. Burada mənə dərs deyən müəllimlərdən
dünyasını dəyişənləri
də var. Onların işıqlı xatirəsi
qəlbimdə yaşayır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 18 may 2009-cu il tarixli sərəncamına
əsasən 75 illiyi qeyd olunan "Ədəbiyyat qəzeti"nin
kollektivi ilə bir sıra maraqlı
görüşlər keçirilib.
Artıq
yubiley tədbirləri
yekunlaşmaq üzrədir.
Bakı şəhər Təhsil İdarəsindən hansı
məktəbdə görüş
keçirilməsini istədiyimizi
xəbər alanda mən 31 saylı məktəbin adını
çəkdim. Bu, təbii bir istəkdi. Burada mənimlə bərabər
unudulmaz ədəbiyyatşünas
alimimiz Yaşar Qarayev də təhsil alıb. Məndən
bir sinif yuxarı idi. Onu mənimlə xatirəsini
həmişə əziz
tutduğumuz Ağahüseyn
Bağırzadə müəllim
yaxınlaşdırmışdı.
Yaşarın, mənim ilk qələm
təcrübələrimizi Bağırzadə müəllim
həvəslə dinləyir,
məktəbin divar qəzetində dərc etdirir və bizi həvəsləndirirdi.
Təhsil illərimizdən sonra da Bağırzadə
müəllimin unudulmaz
adı Yaşar Qarayevlə mənim söhbətimdən keçməmiş
olmurdu. Hələ 1952-ci ildə o, bizə
"Dədə Qorqud"
dastanından danışırdı.
Bu, o illər idi ki, görkəmli
alimimiz Həmid Araslı məhz bu dəyərli dastanı tədqiq etdiyinə görə təqiblərə məruz
qalırdı. Həmin illərdə
mənə dərs demiş unudulmaz müəllimim Əmralı
Xəlilovun, Rəfiqə
Axundovanın da adını həmişə
ehtiramla xatırlayıram.
Çox
istərdim ki, burada dərs deyən müəllimlərin
tərcümeyi-halını, fəaliyyətini əks etdirən xüsusi guşə yaradılsın.
Bu görüş mənim üçün çox əzizdi.
"Ədəbiyyat qəzeti"ni həmişə xalqımızın ruhunun
ifadəsi kimi xarakterizə ediblər. Məhəmməd Əmin Rəsulzadə
də deyirdi ki, ədəbiyyat xalqın ruhudu. Çox istərdim ki, bugünə qədər dörd minə yaxın sayı işıq üzü görən "Ədəbiyyat
qəzeti"lə məktəblərimizin
əlaqəsi daha da geniş olsun".
Sonra məktəbin
şagirdlərindən Aysel
Xəlilova, Səbinə
Camalova, Nuray Məmmədova vətənvərvərlik
mövzusunda şeirlər
söylədilər, "Ədəbiyyatsevərlər"
dərnəyinin üzvlərindən
Kazım Kazımov, Seymur Əhmədov ilk qələm təcrübələrini
oxudular.
Qəzetin şöbə
müdiri, filologiya elmləri namizədi Adil Cəmil çıxışında vurğuladı
ki, burada xatırlananlar doğulduğum
Kəlbəcər rayonunu,
orta təhsil aldığım Mingəçevir
şəhərini, ilk müəllimlərimi
yadıma saldı:
"Mənim məktəblilərə
ən böyük arzum onların öz istəkləri, arzuları yolunda dönməz, ardıcıl
olmalarıdı. Məqsədə doğru inamla gedəndə Allah onu yetirir".
Qəzetin məsul katibi Atababa İsmayıloğlu
və şöbə
müdiri Sərvaz Hüseynoğlu tədbirdə
çıxış edərək
milli-mənəvi dəyrələrin
qorunmasında, gənc
nəslin yetişdirilməsində
müəllim əməyinin
önəmli yeri olmasından, bu sahədə söz sənətinin üzərinə
düşən vəzifələrdən
danışdılar.
Məktəbin məzunu Nəcibə Bağırzadə çıxışında
vurğuladı ki, ədəbiyyat ilğım
kimidi - adamı dəfolunmaz bir qüvvəylə özünə
çəkir; yaxınlaşdıqca
nə qədər uzaqda olduğunu görürsən. "Mən
"Ədəbiyyat qəzeti"nin
daimi oxucusuyam və bu qəzetin
milli-mənəvi dəyərlərimizin
qorunması, ədəbiyyatımızın
təbliği sahəsindəki
yerini yaxşı bilirəm. Son sayda haqqında xoş sözlər söylədiyiniz babam Ağahüseyn müəllim
barədə məqaləmin
dərc olunması bütün ailəmizə
böyük sevinc bəxş elədi.
Vəfadarlıq qəzetin başlıca
dəst-xətti olaraq
həmişə öndə
olub - söz yox ki, ədəbi
haqlara, sənətkar
şəxsiyyətinə, istedada
olan vəfadarlıq".
Azərbaycan dili və ədəbiyyatı
müəllimi Fəxriyyə
Qurbanova düzənlənən
tədbirlə bağlı
təəssüratlarını belə ifadə etdi ki, bugünkü
tədbir hər bir ədəbiyyatsevər
insanın bayramıdır:
"Biz burada məktəbimizin
məzunlarından söz
açdıq, öz müəllimlərimizi xatırladıq.
Bu, həm də
bir tərbiyə dərsidi. Yəni, çəkilən zəhmət öz bəhrəsini verir, heç kəs, heç nə yaddan çıxmır, ancaq öz sənətini
sevən və sevdirən insanlar xatırlanır".
Tədbiri məktəbin
direktoru Şükufə
Məmmədsalahova yekunlaşdıraraq
dedi: "Bugünkü
görüş həm
də Novruz bayramının astanasında
olduğumuz bir gündə keçirilir.
Bu da təsadüfi
deyil, Novruz təbiəti, ədəbiyyat
cəmiyyəti, mənəviyyatı
hərəkətə gətirir,
təzələyir. Yaxın günlərdə
məktəbimizin səksən
illiyini qeyd edəcəyik. Hesab edirəm
ki, yaradıcı insanlar da yubiley
günlərində bizimlə
bir yerdə olacaq".
S.Hüseynoğlu
Ədəbiyyat qəzeti.-2010.-19 mart.-S.7.