"Azər elinin bir yaralı nisgiliyəm mən"

  

  Naxçıvan Dövlət Universitetində "Məhəmmədhüseyn Şəhriyarın sənət dünyası" adlı beynəlxalq elmi konfrans keçirildi. Konfrans İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun Mədəniyyət Mərkəzi ilə birgə təşkil olunmuşdu.

Konfransı giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli ustad Şəhriyarın nəinki XX əsr Azərbaycan poeziyasının, dövrünün Yaxın Şərq ədəbiyyatının da ən görkəmli nümayəndələrindən biri olduğunu vurğuladı. Qeyd olundu ki, bu böyük azərbaycanlı şair azadlıq ideyalarının, milli birlik vətənpərvərlik duyğularının qüdrətli tərənnümçüsüdür. Onun məşhur "Heydərbabaya salam" poeması isə müasir Azərbaycan poeziyasının şah əsərlərindən biri, poetik ricətlərlə zəngin misilsiz Vətən dastanıdır. Akademik öz çıxışında Şəhriyarın şəxsi arxivindəki tədqiqatlarına, əldə etdiyi tarixi mənbələrə əsasən şairin doğum tarixinin dəqiqləşdirilməsi məsələsinə toxunaraq onun 1905-ci ildə anadan olduğunu qeyd etdi, konfransın əhəmiyyətindən bəhs etdi.

İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun Mədəniyyət Mərkəzinin müdiri Davud Nasiri "Məhəmmədhüseyn Şəhriyarın tərcümeyi-halı ictimai görüşləri" adlı məruzəsində böyük sənətkarın sevgi, dünya, həyat, humanizmlə bağlı fəlsəfi düşüncələri haqqında danışdı.

İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Seyyid Məhəmməd Təbətəbayi belə müştərək elmi konfransların təmsil etdiyi ölkə ilə qonşu Azərbaycan arasında siyasi, elmi-ədəbi əlaqələrin inkişafındakını əhəmiyyətini qeyd etdi, görkəmli Azərbaycan-İran şairinin farsdilli poeziyada da zirvədə dayandığını söylədi. Seyyid Məhəmməd Təbətəbayi ustad sənətkarın xatirəsinin İranda daim uca tutulduğunu, bir sıra tədbirlərin keçirildiyini, şairin vəfat günü - 18 sentyabrın hər il "Milli şeir günü" kimi qeyd olunduğunu xatırlatdı.

Universitetin "Azərbaycan tarixi" kafedrasının dosenti, tarix elmləri namizədi Elçin Zamanov "Məhəmmədhüseyn Şəhriyarın dövrü nəsil şəcərəsi", "Pedaqogika psixologiya" kafedrasının professoru, pedaqoji elmlər doktoru Oruc Həsənəov "Şəhriyarın yaradıcılığında tərbiyə məsələləri", "Azərbaycan ədəbiyyatı" kafedrasının baş müəllim, filologiya elmləri namizədi Seyfəddin Eyvazov "Məhəmmədhüseyn Şəhriyarın irsinin tədqiqi məsələləri", Urmiya Universitetinin prorektoru, Azərbaycan tədqiqat mərkəzinin rəhbəri Məhbub Taleyi "Şəhriyarın yaradıcılığında Quran irfan motivləri", Ərdəbil Universitetinin təmsilçisi Əsgər Şahi "Məhəmmədhüseyn Şəhriyar füzuli" mövzularında məruzələr etdilər.

Konfransın davamı olaraq bir qrup nümayəndə şairin İranın Poldəşt şəhərində ucaldılmış abidəsini ziyarət etdilər. Böyük söz ustasının, o taylı bu taylı Azərbaycanın nicat, nisgil harayçısı, vətən həsrətli şairin ruhu dərin ehtiramla yad olundu.

 

 

Mehriban SULTAN

 

Ədəbiyyat qəzeti.-2010.-19 mart.-S.7.