Novruz gəlir
Novruz gəlir. Nədir novruz? Başabəla
qonşularımızdan biri bir dəfə "zarafata"
salıb dedi: "Bircə bayramınız var, onun da adı
farscadan alınıb. Əlifbanız ərəbdən,
bayramınız farsdan. Siz necə millətsiniz?". Axı
bu cənablar nədən biləydi ki, bizim bircə
bayramımız insanlığın çoxuna xas olan istilik,
hərarət, işığa, aya, günəşə
tapınmaq arzusuyla bağlıdır. Bunun izləri
bütün xalqlarda var, - demək olar. Tonqal qalama, ətrafında
yallı getmək, şam yandırmaq müxtəlif anlarda… Sadəcə,
iki yüz illik əsarət dövründə nəyimiz
unudulmayıb ki, bircə bayram olsun? Axı bizdə
qoyunçu-heyvandarlara məxsus, dekabrda keçirilən
"Döl bayramı" vardı. Kiçik çillənin
çıxması, qışın soyuğundan,
acılığından xilas olmaq münasibətilə
"Çillə çıxarmaq" bayramı vardı.
Bütün pak niyyətlərə tərcüman olan
Xızır Nəbi bayramı vardı (onu Türkiyə
türkləri indi də 5-6 may günlərində
keçirirlər). Çillə çıxarma bir növ
"provodu russkoy zimı" səciyyəliydi. Bahara can atan -
oyanan torpağı -gələn yaz günlərini
alqışlayan bayram idi. Nə isə, çox şeyi
unutdurmuşlar bizə. Qalanını yenidən
qaytarmaqçün hələ ki, yaşayan kühənsal
qocalarımızı dilləndirmək, dinləmək zəruridir.
Qaldı Novruz. O da az qala
1937-39-cu illərdə "xalq düşməni"nə
çevrilmişdi. Gizlicə keçirilirdi. Anamız bu ənənəni
unutmayaq deyə, hardasa gizli göyərtdiyi səmənini
ortaya qoyar, qapı-pəncərələri bərkidər, səməninin
ətrafında şamlar yandırar, bişirdiyi şəkərbura,
paxlava, badambura, şəkərtıxma kimi şirinə
çalan bişmişləri və quru meyvələri
xonçaya düzərdi. Anam deyərdi ki, çərşənbə
altıdır: Birinci "Xərəbçi çərşənbə".
Deyir, ey hazırlaşın, Yaz gəlir ha!.. Qadınlar əl-ayağa
düşər, ev-eşiyi qışın rütubətindən
təmizləməyə başlardılar. Divarlar
ağardılardı. İkinci "Yalançı çərşənbə"ydi.
Qulağı bayram çalan oğul-uşaq bu çərşənbədə
ananın yanına qoşur, yumurta döyüşdürmək,
təzə paltar aldırmaqçün ananı dilləndirərdi.
Ana deyərdi: "Yox, ay bala, bu hələ
"yalançı çərşənbədi". Bundan
sonra bütün kainatın, eləcə də insanın
varlığını təşkil edən dörd
ünsürlə bağlı dörd çərşənbə
başlayırdı. "Su çərşənbəsi"
birinciydi. Pak bulaqlardan qız-gəlinlər güyümdə,
sənəkdə, sovçada su gətirər, Su çərşənbəsinin
süfrəsinə bir piyalə qoyar, xonçalı meyvəcat,
qorğa kimi şeylərlə bəzərdilər.
İkinci "Od çərşənbəsi"ydi,
torpağı oyadan isti nəfəs rəmziydi. Od çərşənbəsində
tonqallar qalanar, üstündən atılıb oxuyardılar:
Atıl-batıl,
Güyüm satıl,
Oddan atıl
Halal, haram.
Axı pak su kimi, pak od da
halalla haramı ayıra bilərdi. Halal olan odda yanmazdı.
Yaxud
Ağırrığım,
uğurruğum tökülsün.
Yaxud:
Piləmbəri,
Baxtı bəri.
Baxtım
açılsın.
Üçüncü
"Torpaq çərşənbəsi"ydi. Ana torpaq
oyanırdı. Pak yerdən bir çimdik təmiz torpaq gətirib
çərşənbə xonçasına qoyar, şamlar
yandırar, qovurğa qovurar, səməni buğdasını
bu gün isladardılar. Nemət çərşənbəsiydi.
Dördüncü
"Yel", yaxud "İlaxir çərşənbə"
adlanırdı. Yel otları, çiçəkləri,
ağacları tərpədir, təbiəti oyadırdı. Bu
gün əllərə xına yaxılar, tər-təmiz evlərdə
xonçalar bəzənər, təzə paltar geyinər,
çərşənbə plovundan kimsəsizlərə,
qocalara, tavansızlara pay aparar, qurşaq atar, müxtəlif
"fallar açardılar". Üzük falında
içi pak su dolu dəhmərdənin ətrafında dövrə
vurar, hərə niyyət edib öz üzüyünü qaba
salar, üstünü örtərdilər. Bir uşaq əyləşər
və dairədəki xanımlar həsb-hal bayatıları
dedikcə, üzüyü çıxarar, kiminsə
bayatısı ona yozulardı. Məsələn:
Ağac başında vəli,
Altında yaşıl xəli;
Allah muradın versin, -
Ya Məhəmməd, ya Əli!
Yaxud:
Güzgünü atdım
bayıra,
Şovuğu
düşdü çayıra;
Yığılın,
qohum-qardaş,
İşimiz döndü
xeyirə.
Niyyətinə belə
bayatılar çıxan qız-gəlin sevinərdi. Fallardan
biri "Qulaq falı"ydı. Qız-gəlin
qıfılı bağlayıb açarını
özüylə götürər, evdən
çıxardı. Dalınca zarafatlar oxuyardılar:
Quzum bulağa
çıxıb,
Enib bulağa
çıxıb;
Siz Allah, xoş söz deyin!
-
Yarım qulağa
çıxıb.
Niyyət sahibinin ilk
eşitdiyi söz niyyətə yozulardı. Odur ki,
böyük çərşənbə axşamları evdə
nasaza, ləyaqətsiz, pis söz deməyi qadağan edərdilər:
"Bəlkə biri qulağa çıxıb. Sonra bəd
söz eşidər, il uzunu qəmlənər ki, niyyətimə
ağır söz çıxdı".
İltəhvili
xonçasına öz türkcəmizdə 7 löyün
şey qoyulardı: su, sarıkök, sürmə, səməni,
süd, sünbül daraq və sair. Kim nə tapsa, onu. Novruz
bayramında sirkə, sarımsaq, acı şeylər, şora
baxan yeməklər süfrəyə qoyulmaz, bişirilməzdi,
hətta indi çox dəbə düşmüş
şorqoğalı belə yalnız Orucluq bayramında
bişirilərdi. Novruzda yox. Novruzda küsülülərin
barışması mütləq lazım idi. Küsülü
qalmaq qadağandı. Qanlı belə ayaqqabısını
boynuna asıb qapıdan girirdisə, onu
bağışlayır, ona toxunmurdular. On gün süfrələr
açıq, nemətlər düzülü qalardı.
Üç gün qocaların, xəstələrin,
böyüklərin görüşünə gedirdilər,
sonra qız-gəlin bir-birilə bayramlaşmağa
yollanırdı.
Novruzdan 13 gün
keçmiş səmənini götürüb seyrə
çıxır, onu axar suya, ya dənizə atırdılar.
Səməni müqəddəs nemət, çörək
olduğundan onu natəmiz yerə, zibilliyə atmaq olmaz,
günahdı. Sonra böyüklər kiçiklərə
öyrədərdi, onlar da təzə çıxmış
otlardan bir tutam burub, üstünə xırdaca kəsək
qoyar: "Mənim sarılığım sənin, sənin təzə-tərliyin
mənim" - deyərdilər.
Adətlər çox,
canlı həyatın dərin fəlsəfəsini əks
etdirən, keçmişimizin, nənə-babalarımızın
həyat, dünya, olum-ölüm haqqında düşüncələrini
əks etdirən, bu gün üçün bizə çox
azı qalmış nemətlərdi. Unutmuşuq, axtarıb
tapmaq lazımdır. Yoxsa bizə elə soysuz, əsl-köksüz,
bayramsız deyib duracaq namərd qonşularımız.
Sizə, əziz oxucular,
canımla xoş günlər, neçə-neçə
gözəl bayramlar arzulayıram. Babalar demişkən,
ömrünüz uzun, çörəyiniz isti, suyunuz sərin
olsun. Hamınıza ata-ana səadəti diləyirəm.
Bayramınız mübarək!
Əzizə CƏFƏRZADƏ
14 mart 1997-ci il
Ədəbiyyat qəzeti.-2010.-19 mart.-S.2.