Ekran, efir: mülahizələr

 

Gün Səhərlə açılır

  

Səhər proqramları haqqında düşüncələr  

 

Yeni yaranan teleradiolarda hər hansı bir verilişin ad gününü qeyd etmək artıq bir ənənə şəklini alıb. Əlbəttə, hər kəsin öz verilişininin yaranma tarixini qeyd etməsi gözəl bir ənənədir. Amma Azərbaycan teleradio məkanında elə proqramlar olub ki, onlar sonrakı bu qəbil verilişlər üçün bir məktəbə çevrilib. Onlardan biri də "Səhər informasiya və musiqi proqramı"dır.

Ümumiyyətlə, Dünya teleradio jurnalistika tarixinə nəzər salsaq görərik ki, səhər proqramları ilk dəfə ötən əsrin 50-ci illərində Amerikanın En-Bi-Si teleşirkəti tərəfindən hazırlanıb. Lakin uzun bir inkişaf yolu keçib. İlk dövrlərdə əyləncə xarakteri daşıyıb. Tədricən təkmilləşərək, geniş auditoriyanın tələbini nəzərə alaraq informasiya - musiqi proqramına çevrilib.

Azərbaycanda isə səhər proqramlarının tarixi 70- ci illərdən başlayır. Azərbaycan radiosunun "Sabahınız xeyir" verilişi həmin illərdə son dərəcə geniş dinləyici auditoriyasına malik idi. Proqramın aparıcısı Əminə Yusif qızı, redaktoru Mailə Muradxanlı idi. Bu veriliş əyləncə xarakterli olsa belə, yalnız əyləndirmirdi. Həm də düşündürürdü. Dinləyici auditoriyasına təqdim olunan yumoristik səhnəciklərdə cəmiyyətdə müşahidə olunan bir sıra naqisliklər, neqativ hallar tənqid olunurdu. Bu tənqid obyektiv olduğundan kimsə bundan inciməzdi. Əksinə, bu hər kəs üçün bir ibrət dərsi olardı. Bu səhnəciklərdə dövrün bütün tanınmış komik aktyorları iştirak edərdilər. Azərbaycan televiziyasında isə belə bir veriliş 1973-cü ildə ekrana çıxan "Səhər görüşləri" oldu. Bu veriliş bir xeyli vaxt Leyla Bədirbəyli və Lütfi Məmmədbəyovun aparıcılığı ilə təqdim olundu. İlk vaxtlar çox böyük populyarlıq qazana bildi. 80-ci illərin əvvəllərinə doğru artıq verilişin forma və məzmununda yeknəsəqlik müşahidə olundu. Həm də sürətlə dəyişən zamanın özü yeni və daha dinamik bir verilişin yaranmasını tələb edirdi. Necə deyərlər, bu haqlı tələb 1983-cü ildə verilişin bağlanmasına səbəb oldu. Həmin vaxtdan başlayaraq 1995-ci ilə qədər Azərbaycan televiziyasında Səhər proqramlarının bir neçə modeli hazırlandı. Amma təkmil model hələ yox idi.

Azərbaycan radiosunda isə bu sahədəki vəziyyət daha ürək açan idi. Çünki "Sabahınız xeyir" əyləncəli proqram olaraq qaldı. Bu proqram "Ədəbiyyat incəsənət" redaksiyasında hazırlanırdı. Əlavə olaraq radionun "Xəbərlər" baş redaksiyasında "Səhər informasiya musiqi proqramı" hazırlandı. Doğrusu, bu proqramın səhər saat 7-dən efirə çıxacağını eşidəndə əvvəlcə bizə elə gəldi ki, həmin saatda auditoriya yığmaq çox çətindir. Amma düşündüklərimizin əksi oldu. Proqram çox az bir müddətdə yüksək reytinq qazandı. Bu proqram əhalinin ayrı-ayrı təbəqələri üçün deyil, hamı üçün nəzərdə tutulduğundan o, demək olar ki, həyatın bütün mühüm sahələrini əhatə edirdi. İctimai-siyasi, sosial, mədəni - bütün sahələr. Amma bir şərtlə ki, hər bir informasiya, hər bir müsahibə, hər bir reportaj birmənalı şəkildə günə bağlanmalı idi. Yəni günün hadisəsi olmalıydı. Bunun üçün yaradıcı heyət günü qabaqlamağı bacarmalıydı. Əsas istiqamət bu idi. Bu veriliş büsbütün radionun məlumatlandırma, maarifləndirmə, həmçinin əyləndirmə missiyasını yerinə yetirirdi. Verilişdə səhərin ovqatına uyğun, həmçinin hər hansı bir mövzunu tamamlayan bir-birindən qəlboxşar mahnılar səslənərdi. 90-cı illərin əvvəlləri Azərbaycan xalqı üçün olduqca ağrılı keçdi. "Səhər informasiya musiqi proqramı" da bu ağrını Azərbaycan xalqı ilə birgə yaşadı. Cəbhə bölgəsindən gələn hər bir xəbər proqramda öz əksini tapdı. O illərdə "Səhər" bəlkə yeganə veriliş idi ki, demək olar, Azərbaycanın bütün coğrafi ərazisini əhatə edirdi. Bunu verilişə gələn məktublar da aşkar göstərirdi.

Azərbaycan televiziyasının (AzTV) təkmil Səhər proqramı isə 1995-ci ildən ekrana çıxdı çox böyük tamaşaçı marağına səbəb oldu. Çünki veriliş məzmun baxımından tamaşaçının maraqlarını tam təmin edirdi. Səhər-səhər işə hazırlaşan tamaşaçı günün ən mühüm informasiyalarını bu proqramdan ala bilirdi. Verilişin canlı olması onun təsir dairəsini bir qədər artırırdı. Reportaj müsahibələrin yığcamlığı, informasiyaların lakonikliyi tamaşaçını yormurdu. Bir sözlə, veriliş tamaşaçını günə hazırlayırdı. Aparıcıların öz üzərlərində böyük səylə işləmələri, nəticədə günbəgün püxtələşməkləri aydınca görünürdü.

Ümumiyyətlə, Səhər proqramları üçün aparıcı seçimi çox mühüm şərtdir. Çünki bu proqramlar ölkə həyatının bütün sahələrini əhatə etdiyindən, onun aparıcısı gözəl nitq qabiliyyətinə, zəngin mütaliəyə, güclü məntiqə, iti təfəkkürə malik olmalıdır. Əks təqdirdə, o auditoriyanı öz cazibəsində saxlaya bilər, dəvət etdiyi həmsöhbətini. Çünki ekran qarşısında olan aparıcının müsahibi ilə söhbət zamanı hər hansı bir mövzunu dərəcədə kamil bilməsi dərhal hiss olunur. İstər sualların verilməsi, istər şərhin dinlənilməsi, istərsə söhbətə müdaxilə prosesində bu mütləq nəzərə çarpır. Başqa sözlə desək, "Sehrli güzgü" bunu gizlətmək heç cür mümkün deyil. Amma bu heç o demək deyil ki, aparıcı hər sahənin mütəxəssisi olmalıdır. Sadəcə olaraq əgər aparıcının heç olmasa orta məktəblərdə tədris olunan biliklərin əsasları barədə mükəmməl məlumatı varsa böyük məsuliyyət hissi ilə müzakirəyə çıxarılan mövzulara yetərincə hazırlaşmaq vərdişinə yiyələnibsə, deməli o, işinin öhdəsindən yetərincə gələ biləcək. Amma, hətta son dərəcə gözəl zahiri görünüşə malk aparıcı süni təbəssümlə kifayətlənib tamaşaçıya nəsə deyə bilmirsə, vaxtın dəyərini qiymətləndirən tamaşaçı dinləyici üçün bu "təbəssüm" heç bir mahiyyət kəsb etmir. İki saatlıq, üç saatlıq verilişi yaşamaq gərəkdir. Əlbəttə, yuxarıda saydıqlarımız daha çox informasiya musiqi proqramlarına aiddir. Bu qəbil proqramlarda musiqinin özünün bir informasiyalılığı olmalıdır. Çalışmaq gərəkdir ki, yeni yazılan, yeni alboma salınan ya hər hansı bir müsabiqədən, festivaldan qayıdan musiqi əsərləri proqramda üstünlük təşkil etsin. Proqrama məhz onların müəllifləri dəvət olunsun. Obrazlı şəkildə desək, səhər proqramlarının qəhrəmanı "Əlahəzrət Gün"ün özü olmalıdır.

Azərbaycan teleradio məkanında səhər proqramının belə bir təkmil modeli 1995-ci ildə yarandı. O vaxtdan 15 il keçir. Bu müddət ərzində Azərbaycanda teleradio fəaliyyəti çox genişləndi. Yeni teleradio şirkətləri yarandı. Hər teleradio da təbiidir ki, öz verilişlərinə məhz Səhər proqramları ilə başlayır. Hər bir kanalın geniş tamaşaçı dinləyici auditoriyası ilə ilk ünsiyyəti məhz bu proqramla yaranır. Ünsiyyət qurmağın özü fərdi xarakter daşıdığı kimi, bu gün Azərbaycan ərazisindəki teleradioların da bu proqrama yanaşma tərzi müxtəlifdir. Kimisi bunu sırf əyləncə şəklində təqdim edir, bir başqası sırf informasiya, digəri informasiya musiqi proqramı şəklində. Hansı daha düzgün modeldir? Bu barədə birmənalı fikir söyləmək əlbəttə ki, çətindir. Bu sualı tamaşaçı daha dəqiq cavablandıra bilər. Bəlkə bu ona daha dəqiq seçim etməyə şərait yaradır. Amma yaxşı ki, 15 il bundan əvvəl Azərbaycan televiziyasında dünyanın hər yerindən, həm ölkə içindən soraq verən, təqvimin hər gününü yenidən vərəqləyib olayları yada salan, həm Azərbaycan tarixinə yeni səhifələr yazan bir "Səhər" açıldı. Ayağı düşərli olan bu "Səhər" həm özündən sonra açılan neçə-neçə "Səhər"lərə yol açdı. Azərbaycan televiziyasının 15 yaşlı "Səhər"inə sonu görünməyən aydın, günəşli səhərlər arzulayırıq.

 

Təsadüfə baxın, bu gün mayın 7-dir. Faşizm üzərində Qələbənin qazanılmasında radionun böyük xidmətləri nəzərə alınaraq 1945-ci ildən ta 90-cı illərin əvvəllərinə qədər bu tarix, Radio günü kimi bayram edilərdi. İndi o vaxtdan 65 il ötür. O zaman o Qələbənin qazanılmasında Azərbaycan xalqı kimi Azərbaycan radiosunun da unudulmaz xidmətləri oldu. Gün o gün olsun ki, Azərbaycanın efir məkanındakı bütün radio-televiziyalar Azərbaycan torpaqlarının işğaldan azad olunması xəbərini yaysınlar.

 

 

Zərxanım Əhmədli

 

Ədəbiyyat qəzeti.- 2010.- 7 may.- S.6.