Tbilisidə xalq şairi Zəlimxan Yaqubun yubileyi keçirildi
Xalq şairi Zəlimxan Yaqubun
altmış illik yubileyi Gürcüstan Respublikasında təntənə
ilə qeyd olundu.
Borçalı
mahalının bütün rayon mərkəzlərində
keçirilən yubiley mərasimlərinə
Gürcüstanda yaşayan soydaşlarımızın ellikcə
qoşulması Zəlimxan Yaqubun
yaradıcılığına və şəxsiyyətinə
böyük məhəbbətin təzahürü kimi diqqəti
cəlb edirdi.
May ayının 3-də
yubiley tədbirinə qatılmış ictimaiyyətin
nümayəndələri ümummilli liderimiz Heydər Əliyevin
Tbilisi şəhərinin mərkəzindəki abidəsi
önünə əklillər qoydular.
Yubiley tədbirləri
elə həmin gün Tbilisi şəhərindəki
Tumanaşvili adına Teatrda keçirilən
yığıncaqla tamamlandı.
Yığıncağı giriş sözü ilə Kvemo Kartli regionunun qubernatoru cənab David Kirkitadze açdı. Zəlimxan Yaquba Azərbaycan-gürcü ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə Gürcüstanın ali mükafatı - "Şöhrət" ordeninin verilməsi barədə Gürcüstan Prezidenti M.Saakaşvilinin fərmanı oxundu. "Zəlimxan Yaqub təkcə Azərbaycanın deyil, gürcü xalqının da fəxridir" - deyən qubernator Kirkitadze ordeni xalq şairinə təqdim etdi.
Millət vəkili, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun sədri Qənirə Paşayeva, "Ədəbiyyat qəzeti"nin baş redaktor müavini Azər Turan, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşı Şövqü Mehdizadə, Azərbaycan Neft Şirkətinin Gürcüstandakı nümayəndəliyinin təmsilçisi Arif Əliyev, gürcü şairi Besik Xaqanaşvili, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri, Fazil Həsənov, Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin rəhbəri şair Rafiq Hümmət və çıxış edən digər natiqlər Zəlimxan Yaqub haqqında ürək sözlərini dedilər. "Koroğlu" dastanının tərcüməçisi Zezva Medulaşvili xalq şairi ilə yaradıcılıq əlaqələrindən danışdı, Z.Yaqubun gürcü dilinə tərcümə olunmuş şeirlərindən nümunələr söylədi.
Beynəlxalq müsabiqələr laureatı "Sarvan" folklor ansamblının ifa etdiyi gürcü və Azərbaycan rəqsləri maraqla qarşılandı.
Tədbirin sonunda göstərilən diqqət və qayğıya görə Azərbaycan və Gürcüstan dövlətlərinə minnətdarlığını bildirən Zəlimxan Yaqub çıxışını bu sözlərlə tamamladı: "Əziz eloğlularım, qırx iki il əvvəl məni Borçalıdan Bakıya yola saldınız, qürur duyuram ki, böyük etimadınızı doğrulda bildim, 60 yaşımda sizin yanınıza Azərbaycanın xalq şairi kimi qayıtdım. Hara getdimsə sizin adınızdan danışdım, qazandığım bütün uğurlar sizin adınızla bağlı oldu".
Yubiley gecəsində Gürcüstan Yazıçılar İttifaqının sədri Makvala Qonaşvili, Gürcüstan Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini İrakli Kavtavadze və başqaları iştirak edirdi.
Mehriban
Ədəbiyyat qəzeti.- 2010.- 7 may.- S.6.