Əkrəm Cəfər – 105
Onun irsi yaşayacaq
Görkəmli alim, Şərq bəşəri məfkurəsinin iftixarı, dünya şöhrətli poetika mütəxəssisi, müqayisəli əruzşünaslıq elminin və Azərbaycan Milli əruzşünaslıq məktəbinin banisi, keçmiş SSRİ EA-nın Şərq ədəbiyyatşünaslığı bölməsinin və Şərqşünaslıq Cəmiyyətinin üzvü, filologiya elmləri doktoru, professor Əkrəm Cəfər XX yüzil orentalistika tarixinin böyük avtoritet simalarından biri, yeriyən ensiklopediyası idi.
İstiqlal şairimiz Xəlil Rza Ulutürk yazırdı: "Misilsiz ictimai xadim, nəhəng pedaqoq, görkəmli ədəbiyyat nəzəriyyəçisi, gəncliyin böyük dostu, beynəlmiləl əqidəli təfəkkür sahibi olan ustad Əkrəm Cəfərin məşəl kimi yanan qəlbi - Nizami, Dante, Əbdülhəqq Hamid, Füzuli, Şekspir, Sabir, Xəyyam, Hafiz, Əbu Əli İbn Sina, Mayakovski, Nazim Hikmət, Səməd Vurğun, Hüqo, Müşfiq, Mirzə Fətəli, Vaqif, Cabbarlı, Jan Jak Russo kimi elmi-sənət korifeylərinin əbədi məskən saldıqları müqəddəs ocaqlardan biri olmuşdur. Bu cür dahi şəxsiyyətlər Əkrəm Cəfərin təfəkkür asimanında alışıb-yanan günəş təsiri bağışlayırdılar".
Görkəmli ədəbiyyatşünas alimimiz akademik Bəkir Nəbiyev özünün xatirə məqaləsində tamamilə haqlı olaraq: "Əkrəm Cəfər hələ gələcəyin alimidir" - fikrini dilə gətirirdi. Ustadın özündən sonra yadigar qoyub getdiyi, sağlığında işıq üzü görməmiş zəngin elmi-nəzəri, ədəbi-bədii və fəlsəfi irsinə nəzər saldıqda, bu fikrin danılmaz həqiqət daşıdığına əminlik əldə etmiş oluruq. Fəqət, əlbəttə ki, bununla bahəm, xüsusi və ayrıca olaraq qeyd edilməlidir ki, professor Əkrəm Cəfər Şərq və Azərbaycan ədəbiyyatşünaslığı tarixinə, dilçiliyə, türkologiyaya, poetika elminə ümumilikdə, 230-dan artıq fundamental elmi-nəzəri məqalələr, dahi mütəfəkkir klassiklərin əsərlərinə yazılmış şərhlər, lüğətlər, poetik tərcümələr və monoqrafiyalar bəxş etmişdir.
"Dilşünaslıq elementləri" (1940), "Müasir Azərbaycan dili oçerkləri" (1941), "Əruzun nəzəri əsasları və Azərbaycan əruzu (ərəb, fars, tacik, türk və özbək əruzları ilə müqayisədə)" (1977), "Mirzə Ələkbər Sabir şerinin qafiyə lüğəti" (2006) kimi monoqrafiyaları, "Füzuli şerinin vəzni" (1958), "Nəsiminin böyüklüyü nədədir?" (1973), "Hafiz Şirazi qəzəllərinin vəzni haqqında" (1963), "Böyük türk şairi Tofiq Fikrət" (1969), " Türk filologiyasında şeir vəznlərinin bəzi mübahisəli məsələlərinə dair" (1971), "Nəsimi şerində qafiyə zənginliyi" (1973), "Sabir şerində iri şəkillər" (1964), "Sabir şerində kiçik şəkillər" (1962) və s. kimi böyük elmi-nəzəri çalışmaları, "Ömər Xəyyam. Rübaiyyat" (1984) kimi poetik tərcümələri, Nizami, Xaqani, Füzuli, Hafiz Şirazi, Sədi Şirazi, Tofiq Fikrət, Hüseyn Cavid, Sabir kimi klassiklərin əsərlərinə yazdığı dərin məzmunlu fəlsəfi şərhlər, "Türk dillərinin öyrənilməsində müqayisəli-tarixi metodun tətbiqi tarixindən" (1957), "Türk dilləri sistemində Azərbaycan dilinin yeri" ( 1963), "Azərbaycan klassik ədəbi dilinin Azərbaycan dialektlərinə münasibəti" (1958) və s. kimi türkoloji məqalələri Əkrəm Cəfərin şərəfli ömrü ərzində nəşrlərinə nail ola bildiyi əsərlərindəndir.
Alimin vəfatından ötən 19 il ərzində tərəfimizdən onun nəşrlərdən kənarda qalmış 80-ə qədər elmi-ədəbi yazıları, məktublaşmaları, poeziya nümunələri və "Mirzə Ələkbər Sabir şerinin qafiyə lüğəti" adlı monoqrafiyası filoloji ictimaiyyətimizə çatdırılmışdır. Lakin bunlar hələ dəryadan bir damla səviyyəsindən artıq deyildir. Böyük, iri miqyaslı nəşrlər hələ qarşıdadır.
Bu sıradan Əkrəm Cəfərin mükəmməl "Əruz" kitabının II cildi olan "XIII-XX əsrlər Azərbaycan şerində əruz və əkrəmi vəznləri" adlı əsərini xüsusilə qeyd etmək lazımdır. 450 səhifədən ibarət olan bu fundamental monoqrafiyada İzzəddin Həsənoğludan, Qazi Bürhanəddindən, İ.Nəsimidən başlayaraq, H.Cavid, M.Müşfiq, S.Vurğun, A.Səhhət, A.Şaiq, Ə.Vahid, R.Zəka, R.Əhmədzadə, R.Zəbioğlu, M.Seyidzadə, H.Mail, H.C. Pəncəli, H.Cənublu, Ə.Bakir və s. kimi XX yüzilin ən müasir şairlərinə qədər 700 il ərzində yazıb-yaratmış ədiblərin əsərləri praktik əruz baxımından (misallar gətirilən poeziya nümunələrinə əruzşünaslıq şərhləri verilərək) tədqiqatlara cəlb edilmişdir. Bu möhtəşəm əsərdə əruzda yazmış elə bir klassik və müasir şairin şeirləri yoxdur ki, təhlillərdən kənarda qalmış olsun.
"İran və türkdilli xalqlarda rübai: tarix, nəzəriyyə və praktika" monoqrafiyası. Bu əsərin giriş hissəsi kiril, digər sona qədər olan böyük və əsas hissəsi isə ərəb əlifbası ilə qələmə alınıb. Biz hələ 1993-cü ildə "Ədəbiyyat qəzeti" nin 22 yanvar tarixli sayında bu monumental monoqrafiyanın giriş hissəsini nəşr etdirmişdik. Ə.Cəfərin sözlərinə əsasən deyə bilərik ki, dünya şərqşünaslığı tarixində ilk dəfə olaraq bu əsərdə rübainin nəzəri əsasları yaradılmış və Şərq xalqlarının dillərində rübailər qələmə almış istisnasız, bütün görkəmli rübaiçilərin əsərləri elmi-nəzəri tədqiqata cəlb edilmişdir. Xəyyam, Sədi, Hafiz, Ə.Lahuti, Sənai, Bedil, Ə.Yuqnəki, Ə.Marağayi, C.Rumi, Ə.Dəhləvi, Əbdi bəy Şirazi, Y.Balasaqunlu, M.Gəncəvi, Ə.Ə.Sina, Ə.Yəsəvi, Ə.Cami və digərlərinin poeziyaları rübaişünaslıq baxımından analiz olunmuşdur.
"Təriqətlər" əsəri. Bu tədqiqat işində ədəbiyyatımızda, Şərqin tarixində və İslam fəlsəfəsində mövcud olmuş məlum və naməlum təriqətlər sistemləşdirilərək dərin nəzəri əsaslarla şərh edilmişdir. Uzun illərin məhsulu olan bu monoqrafiyada 270-ə qədər təriqət və məzhəblərdən bəhs açılmışdır.
"Məqtullar" əsəri. Kartoteka formasınada olan bu fəlsəfi traktatda Yaxın və Orta Şərqdə İslamiyyət dövründə ideyaları uğrunda mübarizədə məhv olmuş (Həllac Mənsur, Nəimi, Nəsimi və b.) dahi şəxsiyyətlər barədə danışılır. Onların mürəkkəb və keşməkeşli həyat yolu, mübarizələri əks olunur. Ümumilikdə, 100-dən artıq böyük insanları özündə ehtiva edir. İslam şərqində ictimai fikir tarixini izləyib öyrənmək baxımından, dəyərli bir tədqiqat işidir.
"Təzkirələr" əsəri. Ə.Cəfər bu monoqrafiyasının giriş hissəsində yazır: "Bu xüsusda bizdə demək olar ki, heç bir elmi iş görülməmişdir. Ədəbiyyat tarixlərinin maddi əsaslarını təşkil edən saysız təzkirələrin bizdə nə tipologiyası, nə də quruluşları öyrənilməmişdir. Məndə İranda, Hindistanda, Türkiyədə, Orta Asiyada və Azərbaycanda səkkiz əsrdən bəri yaradılmış 1000-ə qədər təzkirələrin izahlı kataloqu hazırdır".
"Şərq poetikasının izahlı terminləri lüğəti" əsəri. Kartoteka şəklində yaradılmış bu tədqiqatda qafiyə, bədi, bəyan, məani, nəqdüş-şeir, bəlağət, təşbeh, istiarə, məcaz, maddeyi-tarix, qüluvv, təlvihat, ifrat, müəmma, fəsahət, müsnəd, icaz, təbliğ və onlarca digər poetika terminlərinin nəzəri əsasları əsərdə öz şərhlərini tapmışdır.
"Qədim türk dilləri abidələrində feli sifət və feli bağlamalar" monoqrafiyası. Əkrəm Cəfər bu əsərini yazmaq üçün olduqca geniş material əhatə etmişdir. Radlovun, Kiselyovun, Malovun, Orkunun, Kononovun və başqalarının nəşr etdirmiş olduqları Yenisey, Gültəkin, Tonyukuk, Orxon abidələrini dərindən tədqiq etmiş, onların aralarında olan bir sıra ziddiyyətləri öz mövzusu sahəsində üzə çıxartmış və özünün düşündüyü əsaslarla həmin ziddiyyətləri həll etmişdir. Abidələrdə olan feli sifət və feli bağlamalar istər formaca, istərsə də məzmunca Azərbaycan dilində olan feli sifət və feli bağlamalarla müqayisə edilmiş, qədim və müasir dillərdə olan ümumi və xüsusi cəhətlər müəyyənləşdirilmişdir. Bu tədqiqat işi, türkologiya üçün ciddi əhəmiyyətə və qiymətə malikdir.
"Türk ədəbiyyatında əruzun nəzəriyyəsi və tətbiqi" əsəri. Türk ədəbiyyatşünaslığında şeir və vəzn problemlərinin elmi-nəzəri mündəricələri, onların həlli yolları, əruz vəzni ilə heca vəzninin dil materialları baxımından fərqləri məsələsi, türk şerində əruzun bəhrləri, növləri və variantları bəhsi, türk əruzunun ümuməruz kontekstindəki mövqeyi, onun ərəb və fars əruzları ilə fərqli cəhətləri, əruzun ümumiyyətcə, türk dillərinə yararlı, yaxud yararsız olması problematikası bu elmi-nəzəri traktatın əsas tədqiqat hədəflərini təşkil edir.
"Ədəbiyyat ensiklopediyası" əsəri. Üç min Azərbaycan, beş min türk, yeddi min fars-tacik şair, yazıçı və ədəbiyyatşünaslarına həsr edilmişdir. 40 illik ağır zəhmətin məhsulu olan, kartoteka formasında yaradılmış bu titanik əsərdə, adları çəkilən xalqların sənətkarlarının doğum, vəfat tarixləri, əsərləri, habelə, onlar haqqında mənbə və məxəzlərə dair konkret izahlı məlumatlar öz əksini tapmışdır.
"Qafiyənin nəzəri əsasları və Azərbaycan şerində qafiyə" əsəri. Əkrəm Cəfər bu iri həcmli monoqrafiyasında Yaxın və Orta Şərq filologiyasında qafiyənin mövqeyi və inkişaf istiqamətlərini, ərəb, fars, türk poetikalarında qafiyə haqqında mövcud olan nəzəriyyə, fikir və mülahizələri, Qərb və rus poetikasında qafiyəyə dair görüşləri sistemli şəkildə araşdırmışdır. Alim 200-dən artıq məxəz və mənbələri öz əsərində tədqiq və təsvir etmiş , nəticə etibarilə, Azərbaycan qafiyəşünaslığı elminin əsaslarını yaratmışdır. Bu kapital əsər Azərbaycan ədəbiyyatşünaslığı tarixində qafiyə haqqında ilk fundamental elmi mənbədir.
"Min şairdən bir güldəstə" əsəri. Bu tədqiqat işi XIV-XIX əsrləri əhatə edir. Araşdırmada Şeyx Feyzi, Mövlanə Nurəddin Qərari, Kami Lahicani, Məcidi, Məhəmməd Təbrizi, Sədrəddin Fəhmi Kirmanlı, Fəğani, Muradi, Midhuş Dəhli, C.Rumi, Əfzələddin Qasani, Əsədi, Baba Tahir Üryan, Bəlxi, Bəyazid Bistami, Hafiz Şirazi, Sənai və digər görkəmli sənətkarların poeziyalarından mövzular üzrə (məhəbbət, din, fəlsəfə, qocalıq, cavanlıq, sədaqət, xəyanət, ədalət və s.) nümunələr təqdim edilir və onlara ədəbi-fəlsəfi, elmi-dini şərhlər verilir.
Professor Əkrəm Cəfərin barəsində bəhs açdığımız bu dəyərli əsərlərindən əlavə, Nazim Hikmət, N.Çernışevski, V.Hüqo, N.Tusi, V.Mayakovski, Deni Didro, C.Bayron və digər dünya şöhrətli, əbədiyaşar şəxsiyyətlərin həyat və yaradıcılıqlarına həsr etdiyi ayrı-ayrı tamamlanmış məqalələri, çoxsaylı poeziya nümunələri, Stalin dövrünün amansız repressiya faciələrini əks etdirən iri həcmli "Cəlladnamə" poeması, böyük tarixi-ədəbi şəxsiyyətlərlə məktublaşmaları, rəyləri, aforizmləri, türk, fars, rus dillərindən etdiyi tərcümələri mövcuddur.
Əkrəm Cəfər çox böyük arzularla yaşayırdı. Poetika İnstitutu yaratmaq, bədi və bəyanın nəzəri əsaslarını, Ömər Xəyyam rübaiyyatının elmi-tənqidi mətnini hazırlamaq, Azərbaycan ədəbiyyatının xəritəsini qurmaq istəyirdi.
O, 80-ci illərin ortalarında Azərbaycan SSR EA-nın prezidenti Həsən Abdullayevə ünvanladığı müraciətində yazırdı: "Azərbaycan xalqının 1300 illik tarixə malik olan ədəbiyyatı və şerinin poetikası hələ bu günə qədər öyrənilməmiş, yazılmamışdır. Bu nöqsan Azərbaycan filologiyasında böyük bir boşluğu göstərir. Artıq bir vaxt gəlmişdir ki, Akademiyamızın filologiya sektoru bu nöqsanı ləğv etməklə məşğul olmalı - bizdə mütləq Poetika İnstitutu yaradılmalıdır. Bu İnstitutun vəzifə və məqsədi Yaxın və Orta Şərq poetikasını və onun ayrılmaz bir qolu olan Azərbaycan poetikasını öyrənməkdən ibarət olmalıdır. Əsrlərdən bəri yazıb-yaratmış və bu gün də yazıb-yaradan şair və yazıçılarımızın sənətkarlığını, bədii yaradıcılıqda hünərlərini, icadlarını üzə çıxarmalı, bunları elmi bir sistem şəklinə salmalıyıq".
Əkrəm Cəfər həyatının ən ülvi, ən müqəddəs, ən ali sevgisi olan şeirlə, poeziya ilə nəfəs alıb - verir, Məcnun kimi onun yolunda alışıb-yanır, ömrünün, fəxarətli taleyinin, bircə saatını belə, şeirsiz keçirə bilmirdi. Ustad bədii söz sənəti ilə bağlı düşüncələrini belə dilə gətirirdi: "Poeziya gərək insanın fikirləri ilə hisslərini birləşdirsin, öylə birləşdirsin ki, oxucu və dinləyicilərə böyük təsir eləsin. Nə qədər bu təsir güclü olsa, o qədər o poeziya, o şeir güclüdür. Bu yolda üsullar - izimlər yalnız vasitə rolunu oynamalıdırlar.
Əzəmətli adı, XX yüzil dünya şərqşünaslığı
tarixində tamamilə haqlı olaraq, nəhəng simalar - Xəlil
İbn Əhməd, Sahib bin Əbbad, Xətib Təbrizi, Nəsirəddin
Tusi, Şəmsəddin Qeys Razi, Əmir Əlişir Nəvai,
Zəhirəddin Babur, Siracəddin Səkkaki, Qiyasəddin
Rampuri kimi dahi əruzşünaslarla bir sırada
çəkilən Əkrəm Cəfərin millətimizə
yadigar qoyub getdiyi son dərəcə zəngin elmi-ədəbi,
bədii-fəlsəfi irsi, yaratdığı parlaq sənət
abidələri dünya durduqca, Azərbaycan xalqının
maariflənməsinə, əbədiyyat və mədəniyyət
tariximizin qaranlıq səhifələrinə
aydınlıq gətirilməsinə daim xidmət göstərəcək,
yeni ədəbi nəsillərə həmişəyaşar,
şərəfli bir ərməğan olacaqdır. Ruhu şad
olsun.
Sokrat CƏFƏR
Ədəbiyyat qəzeti.-2010.-7 may.-S.5.