Eşidilən söz, yaranan ümid…

 

Bakıda dini liderlərin Ümumdünya Sammiti (26-27 aprel) bir neçə gün əvvəl öz tarixi yığıncağını başa çatdırdı; lakin onun təsir gücü dövrümüzün çox mühüm hadisəsi kimi daim artacaq və bəşəriyyətin sülh, əmin-amanlıq, dostluq arzusunun həqiqətə çevrilməsi işinə etibarlı kömək olacaqdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev proqram mahiyyətli çıxışında qeyd etdi ki, bu gözəl görüşün çox gözəl nəticələri olacaq, dinlər, millətlər və ölkələr arasında daha da yaxşı anlaşmanın əldə edilməsinə xidmət göstərəcəkdir. Sosial ədalət bizim fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə ki, ədalət, sosial ədalət hər bir dində yüksək yerə malik olan bir anlayışdır. Ədalət olmadan insanlar razı ola bilməzlər. Ən böyük faciələrdən biri də məhz ədalətsizlikdir. Ədalətsizliyin aradan qaldırılması, ölkələr, xalqlar arasında daha da yaxşı münasibətlərin qurulması üçün dini liderlərin birgə fəaliyyəti çox böyük əhəmiyyətə malik olan məsələdir. Biz Azərbaycanda istəyirik ki, bölgəmizdə sülh, əməkdaşlıq təmin olunsun, heç bir qarşıdurma, heç bir ədavət olmasın. Azərbaycan dövləti regional əməkdaşlıq baxımından öz töhfəsini verir.

Dövlətimizin başçısı ümid etdiyini bildirir ki, dünya dini liderlərinin birgə fəaliyyəti, qəbul olunan qərarların icrası nəticəsində həm xalqlararası münasibətlər daha da yüksək səviyyəyə qalxacaq, eyni zamanda, bölgəmiz və dünyamız daha da əmniyyətli olacaqdır. Biz elə etməliyik ki, bütün münaqişələr tezliklə öz həllini tapsın. Elə etməliyik ki, insanlar bir-biri ilə xoş, mehriban ünsiyyətdə olsunlar. Bu işdə təkcə siyasətçilərin fəaliyyəti kifayət ola bilməz. Cəmiyyətdə yüksək hörmətə malik olan dini liderlərin sözünə böyük ehtiyac vardır. Bu söz eşidilir. Bu gün Bakıdan səslənən sözlər, verilən bəyanatlar, əlbəttə ki, dünyada da geniş əks-səda yaratmışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin çıxışında sammitdəki müzakirə mövzularından biri olan qloballaşma məsələlərinə də vacib milli dəyərlər baxımından lazımi münasibət bildirildi. Dövlətimizin başçısı qloballaşmanın dünya üçün nisbətən yeni bir mövzu olduğunu xatırladaraq göstərdi ki, ancaq bu çox sürətlə yayılan bir prosesdir. Əlbəttə ki, hər bir ölkə, hər bir xalq öz milli, mənəvi dəyərlərinin qorunması üçün tədbirlərini görməlidir. Azərbaycan müasir dünya birliyinə sürətlə qovuşan ölkədir. Baxmayaraq ki, bizim dini, milli ənənələrimiz çox güclüdür. Azərbaycan dünyəvi dövlətdir. Təbii ki, qloballaşma prosesləri bizdən də yan keçə bilməz. Sadəcə olaraq biz elə etməliyik ki, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmayaq. Biz milli dəyərlərimizə sadiq olmalıyıq. Hər bir ölkə, hər bir xalq üçün onun milli dəyərləri hər şeydən üstün olmalıdır. Bu dəyərlər, müxtəlif xalqların dəyərləri bir-birilə ziddiyyət təşkil etməməlidir. Ona görə biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, dostluğu nəzərdə tuturuq. Qloballaşma adı altında xalqlara zidd olan, milli mentalitetə xas olmayan dəyərlər aşılanmamalıdır. Hər halda biz buna hazır olmalıyıq ki, milli mənliyimizi qoruyaq. Azərbaycan xalqı böyük tarixə malik olan bir xalqdır. Ancaq müstəqillik dövrümüz o qədər də uzun deyildir. Baxmayaraq ki, əvvəlki dövrlərdə Azərbaycan müstəqil ölkə kimi yaşamırdı, biz öz milli dəyərlərimizi, ənənələrimizi qoruya bilmişik. Elə etməliyik ki, qloballaşmaya qarşı bəzi dairələrdə olan şübhələr ərisin, bu şübhələr aradan götürülsün. Bunu etmək üçün, əlbəttə, bütün dünya birliyi bu məsələ ilə bağlı yəqin ki, öz fikrini bildirməlidir. Bu anlayışa müəyyən düzəlişlər edilməlidir.

Azərbaycan Prezidenti çıxışında onu da vurğulayır ki, biz öz milli və dini dəyərlərimizə sadiqik. Biz gənc nəsli vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə etmək istəyirik və bunu edirik. Eyni zamanda, biz müasirliyə doğru uğurla addımlayırıq. Təhsil sahəsində böyük islahatlar aparılır.

Dövlətimizin başçısı çıxışının sonunda əmin olduğunu bildirdi ki, bu gözəl fürsət hər bir iştirakçıya imkan verəcək ki, öz fikirlərini səmimi, açıq şəkildə bildirsin. Bu fikir mübadiləsi bizi zənginləşdirəcəkdir. Eyni zamanda, şübhəsiz, açıq və səmimi fikir mübadiləsi mövcud olan problemlərin də müəyyən dərəcədə aradan qaldırılması üçün gözəl bir fürsət olacaqdır.

Dini liderlərin Ümumdünya Sammitində dinlənilmiş məzmunlu, maraqlı çıxışlar müasir dünyamızın, müxtəlif dinə iman gətirən milyonlarla insanın taleyinə böyük qayğı ifadə edən yüksək fikirlər ilə zəngin idi.

Bu mötəbər məclisdə səslənən ölməz bəşəri arzu və ideallar bütün dünya ədəbiyyatının, eləcə də qədim və zəngin tarixə malik Azərbaycan ədəbiyyatının əbədiyaşar mövzularından olmuşdur. Xalqın dinini və dilini onun varlığının əsas mənası bilən dahi Füzuli sitayiş etdiyi müqəddəsləri ən uca duyğularla qələmə almışdır:

 

Ya həbibullah, ya xeyrəl-

bəşər, müştaqinəm -

Öylə kim, ləbtəşnələr

yanıb dilər həmvarə su!..

 

Böyük söz və qoşun sərkərdəsi Şah İsmayıl Xətai isə bəşərə bəxş olunmuş söz nemətinin ən yüksək məsuliyyətlə işlədilməsi borcunu zərb-məsələ çevrilmiş bu sətirlərdə belə ifadə etmişdir:

 

Söz vardır

kəsdirər başı,

Söz vardır

kəsər savaşı!..

 

Dini liderlərin müstəqil Azərbaycanın paytaxtı Bakıda keçirilən mötəbər məclisi mahiyyətcə məhz elə "savaşı kəsən" Sözü, ilahi qüdrətə malik Sözü dəstəklədi. Bu müqəddəs arzunun həyata keçirilməsi üçün, şübhəsiz, heç kəs var qüvvəsini əsirgəməz.

 

Söz də bizim məsləkimiz, -

Kəlmə-kəlmə ölçək, biçək;

Ələ qələm alanda biz

Hippokrat andı içək!..

 

 

Ayaz VƏFALI

 

Ədəbiyyat qəzeti.- 2010.- 7 may.- S.5.